Məhkəmə qərarları › İş №2(103)-443/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-443/2025

30.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-443/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, bazar dəyərinə uyğun kompensasiyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil Babalı oğlunun iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 3480/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçilər) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə əsasən qarşılıqlı razılıq əsasında "xxxx" ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. ASC-yə həmin ərazidə yaşayış kompleksinin inşasına icazə verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən Cavabdeh 15.000 manat ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-83 ünvanda ona məxsus özbaşına tikilinin boşaldılaraq sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 340 №-li Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən kordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. Sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və sərəncamda qeyd olunan ərazidə yerləşən tikililərin istifadəçilərinə müraciətlər edilmiş və həmin tikililər barədə məlumatlar əldə edilmişdir. Belə ki, əldə olunmuş məlumatlar əsasında məlum olmuşdur ki, sərəncamda qeyd olunan ərazidə yerləşən tikililər qanunsuz tikililərdir, bəzi vətəndaşlar, eləcə də hazırki iddia üzrə cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahələridir və həmin ərazidə özlərinə heç bir norma və tikinti qaydalara uyğun olmayan yararsız, tam və yarımçıq yaşayış və qeyri-yaşayış sahələri tikmişlər, həmin tikililər qanunsuz olmaqla yanaşı, həm də istifadə üçün yararsız və qəzalı vəziyyətdədir. Bununla bağlı olaraq, sərəncamın icrasının təmin edilməsi və yeni yaşayış kompleksinin tikilməsi məqsədilə, həmin ərazidə yerləşən və qanunsuz (özbaşına) tikilmiş yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçiləri olan digər vətəndaşlarla bərabər hazırki iddia üzrə cavabdehlə dəfələrlə tərəfimizdən danışıqlar aparılmış və onlara həmin özbaşına (qanunsuz) tikililərin real dəyərinə uyğun kompensasiya ödənilməsi şərtilə sökülməsi üçün real təkliflər edilmişdir. Göstərilən sərəncamın icrası ilə bağlı, ASC tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir, hər bir vəchlə hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, böyük məbləğdə kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. Qeyd olunan faktlar və tikililərin real qiyməti və sahəsi barədə tərəfimizdən, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzində uzun illər işləmiş və dərin bilik və təcrübəyə sahib olan, X1 ekspertlərinə müraciət edilmiş və bu barədə müvafiq ekspertiza rəyləri əldə edilmişdir. “X2” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 86 №-li rəyə əsasən Cavabdeh tərəfindən M-83 ünvanında inşa olunmuş tikili qanunsuz (özbaşına) tikilidir, tikinti qaydalarına uyğun inşa olunmamışdır, qəzalı və yararsız vəziyyətdədir, tikilinin ümumi dəyəri – 15.000 manatdır. Ekspertiza rəyinin məzmunundan, inşa olunmuş qanunsuz tikilinin fotoşəkillərdən görünür ki, həmin tikili tam yararsız və tikinti qaydalarına uyğun inşa edilməmişdir, ümumilikdə istifadə üçün təhlükəli və bərbad vəziyyətdədir. Göründüyü kimi, bu vəzifələrin həyata keçirilməsi müvafiq sərəncama əsasən "xxxx" ASCyə həvalə edilmişdir. Yuxarıda qeyd olunan rəylərdən göründüyü kimi cavabdeh tərəfindən inşa edilmiş tikilinin istismara yararsız olması və eləcə də qanunsuz (özbaşına) tikili olması qeyd edilmişdir. Bununla belə, ASC-nin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və cavabdehin istifadəsində olan qanunsuz (özbaşına) tikilinin sökülməsi qarşılığında ona tikilinin real dəyərində kompensasiya ödənilməsini öhdəsinə götürür. Cavabdeh isə bununla razılaşmaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh tərəindən inşa edilmiş tikilinin özbaşına, qanunsuz tikili olmaqla qəzalı vəziyyətdə saxlanılması, ASC ilə müqavilə bağlamış digər vətəndaşların hüquqlarını pozur və həmin ərazidə yeni yaşayış kompleksinin tikilməsinə, bununla bağlı verilmiş Sərəncamın icrasına mane olur. Göründüyü kimi, cavabdehin qanunsuz tikilisi maraqlı şəxs olaraq "xxxx" ASC-nin hüquqlarını pozur və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaradır. Bu isə "xxxx" ASC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir. ASC olaraq tərəfindən sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehə kompensasiya ödənilməsi üçün real təkliflər olunmuş, lakin buna baxmayaraq o, həmin təklifdən imtina etmiş və nəticədə ASC-yə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadır. Qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidəki qəzalı və istifadəyə yararsız olan qanunsuz tikilinin dəyəri cavabdehə ödənilməklə, həmin qanunsuz (özbaşına) tikili boşaldılaraq sökülməlidir.

4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 3480/2024 nömrəli qətnaməsi ilə (hakim T.B.Axundov) iddia tələbi təmin edilmişdir.

5. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlmişdir ki, mübahisə predmeti olan tikililərin qanunsuz tikili olması mülki işin mübahisəsiz halıdır. Cavabdehin həmin tikilini uzun illərdi qanunsuz əsaslarla istifadə etməsi bundan sonra da sahibliyin qanunsuz əsaslarla davam etdirilməsinə əsas ola bilməz. Tikili qanunsuz tikili olduğundan və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən 30 illik müddətin Mülki Məcəllənin qüvvəyə mindiyi gündən tətbiq edilməsinin hüquqiliyi nəzərə alınmaqla hazırki mübahisəyə Mülki Məcəllənin 178-ci maddələrinin dispozitiv şərtləri tətbiq edilə bilməz. Mübahisə predmeti olan tikililərin qanunsuz tikili olmasına baxmayaraq məhkəmə mülkiyyət hüququna “gözlənti hüququ”, “faktiki dəyəri olan əmlak” kontekstindən yanaşaraq ədalətli balansın qorunmasının təmin edilməsi məqsədilə qanunsuz sahibə müvafiq məbləğdə kompensasiyanın ödənilməsini yolverilən və əsaslı hesab etmişdir. Məhkəmə iş materiallarında olan fotoşəkillərə baxaraq, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyini ədalətli, ağlabatan, mötəbər və əsaslı hesab etmişdir. Məhkəmə “prosessual qənaət” prinsipinin tələblərini əsas götürərək məhkəmə ekspertizasının təyin edilməsini zəruri hesab etməmiş, əsassız yerə əlavə məhkəmə xərclərinin yaranacağı, mülki iş üzrə araşdırmanın operativliyinə mane olacağı kimi həmin xüsusata hüquqi qiymət vermişdir.

6. Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 15.000 manat ödənilməklə Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-83 ünvanda ona məxsus özbaşına tikili boşaldılaraq sökülməli, Cavabdeh kompensasiya ödənilməsi ilə özbaşına tikilinin boşaldılaraq sökülməsi eyni vaxtda icra olunmalıdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 180.1, 180.2, 180.3, 180.4, 560.1, 560.2, 560.3.5.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Ermənistan Respublikasından qaçqın kimi 35 ildir 1994-cü il tarixdən bu günə qədər mübahisəli evdə yaşayır və kommunal xərclər onun tərəfindən ödənilir. Yaşamağa onun adına başqa ev yoxdur, həmin evdə ailəsi ilə birlikdə yaşayır. Məhkəmə ancaq iddiaçı tərəfindən təqdim olunmuş qiymətləndirici rəylə kifayətlənərək evin hər kv.m-inə görə 300-350 manat hesablamışdır. Tərəfindən Qiymətləndirmə və X3 rəyi alınmışdır, Cavabdeh Bakı şəhəri, Yasamal r-nu, Xarici dairəvi avtomobil yolunun kənarında (qanlı gölün şimal-şərq hissəsində) yerləşən ərazidə M-83 ünvanda yerləşən xx.xx.2024-cü il tarixli bazar dəyəri 116.600 manat hesablanmışdır (mütəxəssis rəyi işə əlavə olunur). Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları aydınlaşdırmamış, ancaq iddiaçının təqdim etdiyi sənədlərə əsaslanaraq qanunsuz qətnamə çıxarmışdır. Bununla da Azərbaycan Respublikası MPM-nin 388-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh məhkəmə iclasında evinə görə eyni kvadratda evin ona verilməsini iddiaçıdan tələb etsə də, məhkəmə bu fakta heç bir qiymət verməmişdir. Məhkəmə cavabdehin istifadəsində olan torpaq sahəsinin bazar qiymətini müəyyən etmək üçün həmin ərazidə notarial qaydada təsdiq olunmuş torpağın alqı-satqısı barədə 3 müqavilə götürməli və onların içində ən yüksək qiymət müəyyən olunmalı idi, lakin məhkəmə ancaq iddiaçı tərəfindən təqdim olunmuş rəyə əsaslanaraq qanunsuz qətnamə qəbul etmişdir. Cavabdeh həmin torpaq sahəsində 10 ildən artıq yaşadığına görə iddiaçı tərəfindən ona 10 faiz əlavə kompensasiya verməli idi. Lakin məhkəmə tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması” haqqında Qanunun tələbləri kobud surətdə pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh ümumiyyətlə orada yaşamır. Ora bərbad vəziyyətdədir. Oranı fəhlələrə bəzən gecələmək üçün kirayəyə verir. İş materiallarına əlavə edilməsi üçün təqdim edilən rəydən də görünür ki, cavabdehin istifadəsində olan tikili sanitar qovşaqla birlikdə təxmini 53 kv.m-dir. Cavabdehin başqa yerdə evi var. Digər tikili də özbaşına tikilidir, cavabdeh istifadə etmək üçün tikib. Bu tikili ilə bağlı ekspertizanın fotoşəkillərindən də məlum olur ki, tikili ev sayılmır, əgər bu tikili qiymətəndirilsə belə, on min manata belə satmaq mümkün deyildir. Həmin tikili bərbad vəziyyətdədir.

12. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili əlavə olaraq bildirdi ki, iddiaçı evin 1 kv.m-ini 300 manatdan hesablayır. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanuna əsasən kimlərə kompensasiyanın ödənilməli olduğu qeyd edilmişdir. Belə ki, şəxsin heç bir sənədi olmadığı halda belə orada yaşayırsa dövlət tərəfindən kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdur. Kompensasiyanın ödənilməsi üçün isə bazar dəyəri müəyyən olunmalıdır. Həmin ərazidə qanuni evlər var, bununla bağlı sübutlar təqdim etmişdir. Qarşı tərəfin digər şəxslərin evinin yaxşı olmasına görə ev verilməsi və cavabdehin evinin yaxşı vəzyyətdə olmamasına görə evin verilməməsi kimi yanaşması doğru deyildir.

13. Cavabdeh izahatında və ona verilmiş suallara cavabında bildirdi ki, iddiaçı şirkət tərəfindən evinin sahəsinə uyğun evlə təmin edilməsini istəyir. Başqa yaşayış yeri yoxdur.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırki işdə iddia tələbi təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul etməklə iddia tələbi təmin edilməlidir.

20. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normalarının tədbiqində səhvə yol verilmiş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Mülki-prosessual qanunvericiliyin tələbləri baxımından bu hal qətnamənin ləğv edilməsi üçün əsasdır.

21. İşin müəyyən edilmiş hallarına görə, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli Sərəncamı ilə sözügedən ərazi yeni yaşayış kompleksinin tikintisi məqsədilə iddiaçıya icarə əsasında istifadəsinə verilmiş və iddiaçıya orada yaşayış kompleksinin inşasına icazə verilmişdir. Sözügedən ərazidə M-83 ünvanında cavabdehə məxsus 53 kv. metr sahəsi olan özbaşına tikili mövcuddur.

22. İşdən göründüyü kimi, həmin tikili uzun illərdir ki, cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur və kommunal xidmətlərlə təchiz edilmişdir.

23. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin həmin tikilini uzun illərdi qanunsuz əsaslarla istifadə etməsi sahibliyin bundan sonra da sahibliyin qanunsuz əsaslarla davam etdirilməsinə əsas ola bilməz. Hüquqdan sui-istifadə yolverilməzdir.

24. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, özbaşına tikili də olsa şəxslərin yaşadıqları fərdi yaşayış evlərinin sökülməsi ilə əlaqədar kompensasiya məbləği hesablanarkən nəzərə alınmalıdır ki, həmin fərdi yaşayış evi orada yaşayan şəxslər (fərdi yaşayış evinin məxsus olduğu şəxslər) üçün “fərdi yaşayış evi” kimi iqtisadi dəyərə malikdir. Həmçinin, belə iqtisadi dəyərə malik, uzun müddət mübahisəsiz yaşadığı evdən məhrum olan şəxslərin başqa yaşayış sahəsi əldə etmək ehtiyacı da nəzərə alınmalıdır.

25. Məhkəmə kollegiyası tərəflərin təqdim etdikləri mütəxəssis rəylərində göstərilən qiymətlərdə kəskin fərqin olduğunu nəzərə alaraq özünün xx.xx.2024-cü il tarixli, 2(103)-6062/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10424 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, müvafiq müqayisə metodu ilə tədqiqat apararkən, ekspertiza tədqiqatına təqdim edilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (qanlı gölün şimal-şərq hissəsində), M-83 ünvanında yerləşən, yuxarıda qeyd edilən analoji xüsusiyyətlərə malik fərdi-yaşayış evinin satışına və qiymətinə dair məlumat olmadığı müəyyən edildi. Bu səbəbdən də ekspertiza qarşısında qoyulmuş suallara cavab vermək mümkün olmadı.

26. Kollegiyanın xx.xx.2025-ci il tarixli, 2(103)-443/2025 nömrəli qərardadı ilə məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsi "xxxx" MMC-nin ekspertlərinə həvalə edilmiş, ekspertlərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş, MMC-nin xx.xx.2025-ci il tarixli, MEB-138-0525 nömrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə hesabata əsasən, aparılmış hesablamalar və təhlillər nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (qanlı gölün şimal-şərq hissəsində) yerləşən ərazidə M-83 ünvanda cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin bazar dəyərinin 28.700 manat təşkil etdiyi müəyyən edilmişdir.

27. İddiaçı elektron kabinet vasitəsilə ərizə təqdim edərək, işə baxılmasının uzadılmaması, mübahisənin daha tez başa çatması, obyektiv ədalətin bərqərar olması və humanistlik naminə, qanunsuz tikilinin sökülməsi qarşılığında cavabdehə ödəniləcək kompensasiya məbləğini ekspert rəyində qeyd olunan məbləğdən 5.800 manat daha artıq, yəni 34.500 manat məbləğində ödəməyə razı olduqlarını bildirmişdir.

28. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad olunan qərarındakı mövqeyinə əsasən kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür.

29. Məhkəmə kollegiyası iş üzrə alınmış rəyi, iddiaçının təklif etdiyi kompensasiya məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, hazırda iddiaçı tərəfindən təklif edilən 34.500 manat (ekspert rəyində qeyd olunan məbləğdən 20% əlavə) kompensasiya məbləği ədalətlidir.

30. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, kompensasiya olaraq cavabdehə 34.500 manat vəsaitin ödənilməsi ilə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M- 83 ünvanda ona məxsus 53 kv.m sahəsi olan özbaşına tikilinin boşaldılaraq sökülməsi eyni vaxtda icra edilməlidir.

31. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh apellyasiya şikayətində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununa istinad etsə də, həmin Qanun torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimlədiyindən hazırki mübahisəyə tətbiq edilə bilməz.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 3480/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 34.500 manat ödənilməklə, Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-83 ünvanda yerləşən 53 kv.m sahəsi olan özbaşına tikili boşaldılaraq sökülsün. Cavabdeh kompensasiya ödənilməsi ilə özbaşına tikilinin boşaldılaraq sökülməsi eyni vaxtda icra olunsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait iddiaçı "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar