Məhkəmə qərarları › İş №2(103)-444/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-444/2025

17.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-444/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X5 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-444/2025 (Açar sözlər: kompensasiya ödənilməklə qanunsuz tikilinin boşaldılaraq sökülməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil Babalı oğlunun iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kompensasiya verilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3476/2024 nömrəli 02 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Bakı Şəhər icra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 №-li Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən kordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 57000 manat ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-83 ünvanda ona məxsus özbaşına tikilinin boşaldılaraq sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən kordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Bununla bağlı, sərəncamın icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililərin istifadəçilərinə müraciətlər edilmiş və həmin tikililər barədə məlumatlar əldə edilmişdir. Belə ki, əldə olunmuş məlumatlar əsasında məlum olmuşdur ki, Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililər qanunsuz tikililərdir, bəzi vətəndaşlar, eləcə də hazırki iddia üzrə cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahələridir və həmin ərazidə özlərinə heç bir norma və tikinti qaydalara uyğun olmayan yararsız, tam və yarımçıq yaşayış və qeyri-yaşayış sahələri tikmişlər, həmin tikililər qanunsuz olmaqla yanaşı, həm də istifadə üçün yararsız və qəzalı vəziyyətdədir. Bununla bağlı olaraq, Sərəncamın icrasının təmin edilməsi və yeni yaşayış kompleksinin tikilməsi məqsədilə, həmin ərazidə yerləşən və qanunsuz (özbaşına) tikilmiş yaşayış və qeyriyaşayış sahələrinin istifadəçiləri olan digər vətəndaşlarla bərabər hazırki iddia üzrə cavabdehlə dəfələrlə danışıqlar aparılmış və onlara həmin özbaşına (qanunsuz) tikililərin real dəyərinə uyğun kompensasiya ödənilməsi şərtilə sökülməsi üçün real təkliflər edilmişdir. Göstərilən sərəncamın icrası ilə bağlı, ASC tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real deyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir, hər bir vəchlə hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, böyük məbləğdə kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. Qeyd olunan faktlar və tikililərin real qiyməti və sahəsi barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzində uzun illər işləmiş və dərin bilik və təcrübəyə sahib olan, X1 ekspertlərinə müraciət edilmiş və bu barədə müvafiq ekspertiza rəyləri əldə edilmişdir. “X3” MMC tərəfindən verilmiş xx.xx.2024 cü il tarixli rəyə əsasən cavabdeh tərəfindən M-83 ünvanında inşa olunmuş tikili qanunsuz (özbaşına) tikilidir, tikinti qaydalarına uyğun inşa olunmamışdır, qəzalı və yararsız vəziyyətdədir, tikilinin ümumi dəyəri - 57000 manatdır. Ekspertiza rəyinin məzmunundan, inşa olunmuş qanunsuz tikilinin fotoşəkillərdən görünür ki, həmin tikili tam yararsız və tikinti qaydalarına uyğun inşa edilməmişdir, ümumilikdə istifadə üçün təhlükəli və bərbad vəziyyətdədir. Göründüyü kimi bu vəzifələrin həyata keçirilməsi müvafiq sərəncama əsasən ASC-yə həvalə edilmişdir. Yuxarıda qeyd olunan rəylərdən göründüyü kimi cavabdeh tərəfindən inşa edilmiş tikilinin istismara yararsız olması və eləcə də qanunsuz (özbaşına) tikili olması qeyd edilmişdir. Bununla belə ASC-nin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və cavabdehin istifadəsində olan qanunsuz (özbaşına) tikilinin sökülməsi qarşılığında ona tikilinin real dəyərində kompensasiya ödənilməsini öhdəsinə götürür. Cavabdeh isə bununla razılaşmaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin özbaşına, qanunsuz tikili olmaqla qəzalı vəziyyətdə saxlanılması, ASC ilə müqavilə bağlamış digər vətəndaşların hüquqlarını pozur və həmin ərazidə yeni yaşayış kompleksinin tikilməsinə, bununla bağlı verilmiş Sərəncamın icrasına mane olur. Göründüyü kimi, cavabdehin qanunsuz tikilisi maraqlı şəxs olaraq ASCnin hüquqlarını pozur və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaradır. Bu isə ASC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir. ASC olaraq tərəfindən sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehə kompensasiya ödənilməsi üçün real təkliflər olunmuş, lakin buna baxmayaraq o, həmin təklifdən imtina etmiş və nəticədə ASC-yə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 sentyabr 2024-cü il tarixli 2(004)-3476/2024 nömrəli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddianın təmin edilməsi, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 57000 (əlli yeddi min) manat ödənilməklə Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən özbaşına tikilinin boşaldılaraq sökülməsi, Cavabdeh kompensasiya ödənilməsi ilə özbaşına tikilinin boşaldılaraq sökülməsi eyni vaxtda icra olunması qət edilmişdir.

5. Məhkəmə mübahisə predmeti olan tikililərin qanunsuz tikili olmasına baxmayaraq mülkiyyət hüququna “gözlənti hüququ”, “faktiki dəyəri olan əmlak” kontekstindən yanaşaraq ədalətli balansın qorunmasının təmin edilməsi məqsədilə qanunsuz sahibə müvafiq məbləğdə kompensasiyanın ödənilməsini yolverilən və əsaslı hesab etmişdir.

6. X1 xx.xx.2024-cü il tarixli, 82 nömrəli qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, hazırki iddia tələbi üzrə mübahisə predmeti olan tikilinin ümumi dəyəri təxminən 57000 manat təşkil edir.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 180.1, 180.2, 180.3, 180.4, 560.1, 560.2, 560.3.5.1, Mülki Prosessual Məcəllənin 77.1, 106.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qanunsuz olduğu üçün tam ləğv olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, 20 ildən artıqdır mübahisəli evdə yaşayır və kommunal xərclər tərəfindən ödənilir. Yaşamağa onun adına başqa ev yoxdur, həmin evdə ailəsi ilə birlikdə yaşayır. Evin sahəsi 97,61 kv.m təşkil edir. Məhkəmə ancaq iddiaçı tərəfindən təqdim olunmuş qiymətləndirici rəyilə kifayətlənərək evin hər kv.mnə görə 300-350 manat hesablamışdır. Tərəfindən Qiymətləndirmə və X4 rəyi alınmışdır, xx.xx.2024-cü il tarixə bazar dəyəri 212500 manat hesablanmışdır. Məhkəmə iclasında eyni kvadratda evin ona verilməsini iddiaçıdan tələb etsə də, məhkəmə bu fakta heç bir qiymət verməmişdir. Onun istifadəsində olan torpaq sahəsinin bazar qiymətini müəyyən etmək üçün həmin ərazidə notarial qaydada təsdiq olunmuş torpağın alqı-satqısı barədə 3 müqavilə götürülməli və onların içində ən yüksək qiymət müəyyən olunmalı idi, lakin məhkəmə ancaq iddiaçı tərəfindən təqdim olunmuş rəyə əsaslanaraq qanunsuz qətnamə qəbul etmişdir. Göründüyü kimi həmin torpaq sahəsində 10 ildən artıq yaşadığına görə iddiaçı tərəfindən ona 10 faiz əlavə kompensasiya verməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. O, izahatında sökülməsi tələb edilən evin cavabdeh tərəfindən uzun illər əvvəl inşa edildiyini, bütün şəraitini həmin evdə qurduğunu və evin qanunsuz tikili olmasına baxmayaraq, bir ev kimi istismara tam yararlı olduğunu qeyd etdi. O, "xxxx" MMC tərəfindən hazırlanmış qiymətləndirmə hesabatını təqdim edərək, evin hazırda bazar qiymətinin 169701 manat təşkil etdiyini bildirdi.

12. Əvvəlki məhkəmə iclasında cavabdeh bildirmişdir ki, 1988-ci ildə Ermənistan Respublikasından qaçqın düşmüş və Bakıya gələrək mübahisəli evi inşa etmişdir. Evin bütün kommunal şəraiti var, 37 ildir bu evdə yaşayır və evin şəraiti onu tam qane edir. İddiaçı başqa sakinlərə mənzil verdiyi halda ona 1 kv.m üçün 300-350 manat təklif edir. Təklif olunan istənilən kompensasiya məbləği onu qane etmir, yeganə tələbi yeni inşa olunan binalardan birində eyni ölçüdə mənzil verilməsidir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, həqiqətən bəzi sakinlərlə əvəzləşdirməni mənzillə etmişlər, ancaq həmin sakinlərin sökülən evləri daha abad olmuşdur. Cavabdehin evi isə heç bir şəraiti olmayan evdir, həmin evə görə əvəzində mənzil verilməsinə şirkət razı deyil.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

14. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

16. Maddə 43, İİ hissə. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

19. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

20. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

21. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

22. 560.3.5.1. alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə hüquqdan sui-istifadədir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

30. İşin müəyyən edilmiş halı odur ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, M-83 ünvanda tikdiyi özbaşına tikili Bakı Şəhər icra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 №-li Sərəncamına əsasən yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin ərazisində yerləşir. Tərəflər arasında özbaşına tikilinin söküldüyü halda kompensasiya məbləğina dair razılıq əldə etmək mümkün olmadığından iddiaçı məhkəməyə müraciət etməli olmuşdur.

31. Kollegiyanın 27 noyabr 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-83 ünvanında cavabdehə məxsus özbaşına tikilinin hazırki bazar qiymətinin müəyyən edilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. MMC-nin 09 dekabr 2024-cü il tarixli QCM/D 02-046-/24 nömrəli hesabatında tikilinin bazar qiyməti 66300 manat müəyyən edilmiş, xidmət haqqı isə 250 manat göstərilmişdir.

32. Qeyd edilən qiymətlə razılaşmayan cavabdeh tərəfin vəsatəti ilə eyni məqsədlə kollegiyanın 13 dekabr 2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünalıq ekspertizası təyin edilsə də, ekspert ərazi üzrə analoji tikililər barədə məlut olmadığından tədqiqat aparmaqdan imtina etmişdir.

33. Kollegiyanın 11 mart 2025-ci il tarixli qərardadı ilə mübahisə predmetini təşkil edən əmlakın qiymətləndirilməsi eyni vaxtda məhkəmə tərəfindən cəlb olunan "xxxx" MMC-yə, iddiaçının təklifi ilə cəlb edilən "xxxx" MMC-yə və cavabdehin təklifi ilə cəlb edilən "xxxx" MMC-yə həvalə edilmişdir.

34. Qeyd edilən MMC-lərin nümayəndələrinin, iş üzrə tərəflərin və məhkəmə tərkibinin iştirakı ilə tikiliyə baxış keçirilmiş və müvafiq tədqiqat işləri aparılmışdır.

35. "xxxx" MMC-dən 01 may 2025-ci il tarixli, "xxxx" MMC-dən 07 may 2025-ci il tarixli və "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatları məhkəməyə daxil olmuşdur.

36. "xxxx" MMC tərəfindən tikilinin bazar dəyəri 74000 manat, xidmət haqqı 300 manat, "xxxx" MMC tərəfindən tikilinin bazar dəyəri 72800 manat, xidmət haqqı 500 manat, "xxxx" MMC tərəfindən tikilinin bazar dəyəri 75400 manat göstərilmiş, xidmət haqqı isə ödənilmişdir.

37. İddiaçının nümayənjəsi cavabdehə qiymətləndiricilər tərəfindən müəyyən olunmuş ən yüksək məbləğdə - 75400 manat kompensasiya verməyə razı olduqlarını bildirdi, cavabdeh isə evinin pulla kompensasiyasına razı olmadı, əvəzində həmin yerdə inşa olunan binaların birində eyni ölçülü mənzil tələb etdi. İddiaçı bu tələbi qəbul etmədi.

38. Göründüyü kimi, hər üç qimətləndirmə şirkəti təxminən eyni qiymət müəyyən etmişdir. Kollegiya həmin qiyməti ağlabatan hesab edir, internet resurslarından əldə olunmuş məlumatlardan da müəyyən olunur ki, həqiqətən də yaxın ərazidə (xüsusilə də 3 saylı Asan Xidmət Mərkəzinin arxasında) analoji sənədsiz evlərin real bazar qiyməti təmir vəziyyətindən və s. şəraitdən asılı olaraq təqribən 70-80 min manat civarındadır.

39. Normal vəziyyətdə, yəni "xxxx" ASC həmin ərazidə tikinti işləri aparmasaydı və cavabdeh evini sərbəst şəkildə satmaq istəsəydi, çətin ki, göstərilən qiymətdən baha sata bilərdi. Odur ki, ilk baxışdan iddiaçının təklifi ədalətli görünür.

40. Ancaq nəzərə almaq lazımıdr ki, sökülməsi tələb olunan ev cavabdeh və ailəsinin yeganə yaşayış yeridir və cavabdehin başqa yaşayış yerinin olması müəyyən olunmur. Cavabdeh artıq uzun illərdir (37 ildir) həmin evdə yaşayır və məhz həmin ev hesabına ailəsinin mənzil tələbatını ödəyə bilmişdir. İddiaçının nümayəndəsi həmin evi şəraitsiz mənzil hesab etsə də, cavabdeh üçün bu evin əhəmiyyəti çox böyükdür. Avropa Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından da mübahisəli ev cavabdehin yaşayış yeri hesab olunur.

41. İddiaçı tərəfindən təklif olunan 75400 manata Bakı şəhərində ümumi sahəsi 97,61 kv.m təşkil edən evin alınması real deyil.

42. Nəzərə alınmalıdır ki, sakinlərin yaşayış səviyyəsi nə qədər aşağı olsa belə, onlar illər boyu həmin ərazidə yaşamaqla öz mənzil tələbatlarını ödəyirlər.

43. Kollegiya onu da xüsusi olaraq nəzərə alır ki, qeyd olunan ərazidəki torpaq sahəsi iddiaçının icarəsinə kommersiya məqsədləri üçün verilib, yəni iddiaçının gördüyü iş (binaların inşası) dövlət ehtiyaclarını ödəmək məqsədini daşımır, iddiaçı həmin ərazidə çoxsaylı binalar inşa edərək qazanc əldə edir.

44. O da nəzərə alınmalıdır ki, sakinlərin bir qismi ilə “evləri daha yaxşıdır” deyərək yeni mənzillə əvəzləşdirmə etmək, digərlərinə isə “evləri şəraitsizdir” deyərək təxminən bir kvadrat metr üçün 772 manat kompensasiya vermək ayrı-seçkilik və hüquqdan suiistifadə hesab olunur.

45. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, evinin sökülməsi müqabilində ona ödəniləcək kompensasiyanın formasını (naturada və ya pulla) seçmək cavabdehin hüququdur.

46. İddiaçı cavabdehin uzun illər əvvəl tikilmiş evinin yerində kommersiya məqsədi ilə hündürmərtəbəli yaşayış kompleksi inşa etmək məqsədi ilə həmin evi sökmək qərarına gəlibsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın sökülən “əmlakını” onun istəyinə uyğun kompensasiya etməlidir.

47. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

48. İddia tələbi təmin edilmədiyindən qiymətləndirmə işlərinin xidmət haqqı iddiaçıdan tutulmaqla həmin təşkilatlara ödənilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3476/2024 nümrəli iş üzrə 02 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Açıq Səhmar Cəmiyyətinin Cavabdeh qarşı “kompensasiya ödənilməklə qanunsuz tikilinin boşaldılaraq sökülməsi tələbinə dair” iddiası təmin edilməsin. İş üzrə alınmış mütəxəssis rəylərinə görə xidmət haqqı olaraq iddiaçıdan müvafiq olaraq 250 manat, 300 manat və 500 manat tutularaq "xxxx" MMC-yə, "xxxx" MMC-yə və "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar