Məhkəmə qərarları › İş №2(103)-4443/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4443/2023

12.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4443/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4443/2023 (Açar sözlər: əsassız hesablanmış borc məbləğinin silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı və Cavabdehi nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-905/2023 saylı 11 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə 12 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı məxsus Masazır kəndi Füzuli küçəsində yerləşən İddiaçı məxsus evdə qaz sızması faktı aşkar edilmiş, Abşeron qaz idarəsinin əməkdaşları tərəfindən onun evinə gedən qaz xəttinin betonun alt hissəsindən keçəndən yerində sızma yoxlanaraq abonentə təhvil verilmişdir. Qeyd olunmalıdır ki, abonent ünvan 1 ünvanında qeydiyyatdadır və orada yaşayır. Abonent tərəfindən bununla bağlı qaz sayğacının smart kart tipli sayğacla əvəz olunmasına dair xx.xx.2022-ci il tarixdə müraciət olunmasına baxmayaraq, qaz sayğacı sızma faktı aşkar edildikdən sonra xx.xx.2023-cü il tarixli aktla əvəzlənmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İmanverdi oğlu Cavabdehnə qarşı «əsassız hesablanmış borc məbləğinin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun istifadəsində olan **********31160 saylı abonent koduna yazılmış 397 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. Masazırda da evi var. Qışda heç getmir. Yayda da ayda bir-iki dəfə gedir. Qazdan ümumiyyətlə istifadə etmir. İstifadə çox cüzi olmuşdur. Əvvəl sayğac smart kart tipli olmuşdur. Sonra onlardan xəbərsiz qışda sayğacı mexaniki sayğacla əvəz etmişlər. Sayğac quraşdırılan zaman xəttlərin düzgün olub-olmamasına baxmalı idilər. Əgər xətt düzgün çəkilməyibsə, standartlara uyğun deyildisə, Abşeron rayon Qaz İdarəsinin işçiləri xəttləri bərpa etməli və sonradan sayğac quraşdırmalı idilər. Bu birbaşa Qaz İstismar İdarəsinin vəzifəsi olmalıdır. Yayda o, Masazıra evə gedəndə qapıda qəbz görmüşdür. Borc təxminən 40 manata yaxın idi. Elə bilmişdir ki, köhnə borcdur. Qaz İdarəsinə gedərək borcla maraqlanmışdır. İdarədən baxacaqlarını bildirmişlər. Bundan başqa, sayğacı smart tipli sayğacla əvəz etmələrini tələb etmişdir. Heç kim qeyd olunanlarla maraqlanmamışdır. Oktyabr ayında Masazıra evə gedəndə nəzarətçi onlara qəbz vermişdir. Həmin qəbzi görəndə şoka düşmüşlər. 400 manata yaxın borc yazılmışdır. Həmin günədək nəzarətçi heç vaxt onlara qəbz verməmişdir. Qaz yandırmaya-yandırmaya bu qədər borc qətiyyən yarana bilməzdi. X7 İdarəsinin işçilərini dəvət etmişdir. Məlum olmuşdur ki, xətt deşilmişdir, sızma var. Sayğac mənzilindən kənarda yerləşir. Ona pislik etmək niyyəti olan və ya pislik etmək istəyən istənilən şəxs bunu rahat şəkildə həyata keçirilə bilər. Sızma qaz idarəsinin işçilərinin iştirakı ilə onun tərəfindən bərpa olunmuşdur. X7 İdarəsinə məlumat vermişdir. Yuxarıda qeyd olunanlar ancaq məhkəmədə baxılıb həll olunmalıdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(006)- 905/2023 saylı qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddianın təmin edilməsi, İddiaçı aid **********31160 saylı abonent kodu üzrə hesablanmış 397 manat borc əsassız hesab olunaraq silinməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 6, 9-cu maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.2.1, 5.2, 6.1.2, 6.3-cü bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin tamamilə ləğv edilməsinə əsasdır. Belə ki, **********31160 saylı abonent kodu verilmiş Abşeron rayonu, Masazır kəndində quraşdırılmış smart itron tipli, G-4 markalı qaz sayğacı xx.xx.2021-ci il tarixində “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqinda” ******* saylı Akt tərtib edilərək yeni qaz Zenner G4 (mexaniki) markalı **********8 nömralı sayğacı ilə əvəzlənmişdir. İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, iddiaçının ödənilməmiş 2021-ci ilin üzrə 4,70 manat sərfiyyat borcu, 2022-ci ilin yanvardekabr ayları üzrə 515,26 manat sərfiyyat borcu və limitdən əlavə 20,99 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfinin bərpası 20,30 manat sərfiyyat borcu, cəmi 561,25 manat sərfiyyat borcu qalmışdır. 2022-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayına qədər iddiaçı 100 manat məbləğində ödəniş etmişdir. İddiaçının Cavabdeh İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu Abonentin saldosu üzrə ümumi 461,25 manat təşkil etməkdədir. Belə ki, iddiaçının mübahisələndirdiyi borc debitor borcdur. Bu danılmaz faktdır. İddiaçının mübahisələndirdiyi borc “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında hesablanmış dəymiş maddi zərər olsa idi, bu hal mütləq abonentə dair Saldoda müqaviq olaraq “Aktlar və qalıqlar” qrafasında öz əksini tapmış olardı. Digər tərəfdən iş materiallarına əlavə edilmiş Saldoya nəzər yetirdikdə görünər ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında hər hansı Akt belə mövcud deyildir. Göründüyü kimi iş materiallarında yer alan, mübahisələndirilən qətnamədə də öz əksini tapan və 1-ci instansiya məhkəməsinin istinad etdiyi sübutlar iddia tələbinin borcun silinməsi hissəsində təmin edilməsinə yox, iddia tələbinin həmin hissəsində rədd edilmesinə əsasdır.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu

11. Maddə 6. Təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda Qaz paylayıcısı qazın verilməsini dayandırır.

12. Maddə 9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»

13. Bənd 3.2.1. İstehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir.

14. Bənd 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

15. Bənd 6.1.2. Təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda Qaz paylayıcısı qazın verilməsini dayandırır.

16. Bənd 6.3. İstehlakçıya qazın verilməsi həmin qərarın qəbul edildiyi gündə dayandırılmalıdır və istehlakçı sonuncu günə qədər istifadə etdiyi qazın dəyərini ödəməlidir

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

26. Belə ki, iş materiallarında olan İddiaçı İmanverdi oğlunun cavabdehə ünvanladığı 02 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, abonent Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evinin mexaniki qaz sayğacının smart tipli sayğacla əvəz edilməsinə göstəriş verilməsini xahiş etmişdir.

27. Abonentin saldosundan, xx.xx.2022-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, iddiaçının abunə koduna 397 manat 70 qəpik borc məbləği yazılmışdır.

28. İddiaçı İmanverdi oğlunun cavabdehə ünvanladığı 18 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh Bakı X5 Departamentinə iddia ərizəsində bildirdikləri barədə məlumat verərək, sərf etmədiyi təbii qazın dəyərinin hesabından silinməsinə köməklik göstərilməsini xahiş etmişdir.

29. Cavabdeh Bakı X5 Departamentinin 23 noyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının müraciəti araşdırılmışdır. Bildirilmişdir ki, iddiaçının istifadəsində olan **********8 nömrəli sayğac quraşdırılaraq xx.xx.2021-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin qaz sayğacının göstəricisi 02456 m3 olmaqla istehlakçı hesabında 418 manat borc mövcuddur.

30. 30 yanvar 2023-cü il tarixli ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, sayğac və tənzimləyici əvəzlənmişdir.

31. 28 mart 2023-cü il tarixli aktdan görünür ki, BRQSD-nin rəis müavini Natiq Qənbərov, Qazın Balansı və Satışı şöbəsinin rəis müavini Kamran Qədirov, qrup rəhbəri Vüsal Davudov şifahi sorğuya cavab olaraq həmin aktı tərtib etmişlər. Bidirilmişdir ki, Masazır kəndi Füzuli küçəsində yerləşən İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacını və qaz xəttinə baxış keçirilən zaman abonent qaz təsərrüfatının təhlükəsizlik qaydalarının pozaraq qaz sayğacından çıxıb evinə gedən qaz sayğacından çıxıb evinə gedən qaz xəttini betonun alt hissəsinə keçərək aparmışdır. Evinə gedən qaz xəttinin betonun alt hissəsindən keçəndən yerində sızma yoxlanaraq abonentə təhvil verilmişdir. Həmçinin qeyd olunmuşdur ki, Abşeron xidmət sahəsi qaz sayğacında çıxıb evə gedən xəttə məsuliyyət daşımır. Sayğacdan çıxıb evə gedən xəttə abonent özü məsuliyyət daşıyır.

32. Eyni zamanda birinci instansiya məhkəməsi iddiaçının abonent hesabına borcun hesablanmasını əsassız hesab edərək qeyd etmişdir ki, qaz paylayıcısı tərəfindən sızma faktı daha tez aşkar olunaraq aradan qaldırılmalı və ya 2022-ci il iyuloktyabr aylarına olan qazdan istifadə mübahisəli olduğundan hesablanmamalı idi.

33. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

34. Apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

35. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-905/2023 saylı iş üzrə 11 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar