Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4452/2020 20.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-501/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər “xxxx” MMC-yə, Bakı şəhəri Cavabdeh2nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx" MMC tərəfindən mənə məxsus Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsi 84 saylı evin, 12 saylı mənzilinin və X3 məxsus olan digər ipoteka predmeti Bakı şəhəri Binəqədi rayonu Goradil bağ massivi 1626 c saylı bağ evi satışı ilə əlaqədar keçirilmiş hərracın nəticələri haqında yekun protokolların qanunsuz hesab edilərək ləğv edilməsi, həmin əmlakların alqı satqısı ilə bağlı tələbkar bankla bağlanmış alqı-satqı müqavilələrinin ləğv edilərək, həmin əmlakların qanunamüvafiq qaydada iştirakı təmin olunmaqla yenidən hərrac yolu ilə satışının təşkil edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-501/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməmədi səbəbindən ləğv edilməlidir. Qeyd olunan qətnamədən görünür ki, məhkəmə tərəfindən işin halları tam şəkildə öyrənilmədən, təəm tələsik qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-501/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx” MMC tərəfindən tərtib olunmuş xx xxxxxxx 2017-ci il tarixli 68/01-1 nömrəli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 84 saylı evin 12 saylı mənzili Bakı Apellvasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)- 1706/2016 saylı icra vərəqəsinin və Xətai rayon icra şöbəsinin xx/xx-26925/10 saylı xx.xx.2016-cı il tarixli sifariş məktubunun, Xətai rayon icra şöbəsinin xx/xx-21650/9 saylı, xx.xx.2017-ci il tarixli məktubunun və “xxxx” ASC-nin müvafiq məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 85.000 manat, təkrar hərracdakı ilkin satış qiyməti-15 faiz endirimlə 72.250 manat olmuşdur. Tələbkar ipoteka predmetini 25 faiz aşağı olan 54187.50 manat qiymətlə əldə etmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetlərinin surətindən görünür ki, Xətai rayonu, Gen.Mehmandarov küçəsi, 84 saylı evin 12 saylı mənzili ilə bağlı hərracın keçirilməsi barədə elanlar verilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən X4, İddiaçı, X1, Cavabdeh2nə, “xxxx” ASC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli № 01 nömrəli, xx.xx.2016-cı il tarixli, № 01/2 nömrəli, xx.xx.2016-cı il tarixli, № 02 nömrəli, xx.xx.2016-cı il tarixli, № 02/2 nömrəli bildirişlərin surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Apellvasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)- 1706/2016 saylı icra vərəqəsinin icrasına əsasən ipoteka qoyulan İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 84 saylı evin 12 saylı mənzilinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracınmüvafiq olaraq xx.xx.2016cı il saat 11:00-da və xx.xx.2016-cı il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi, 84 saylı evin 12 saylı mənzili Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-1706/2016 saylı icra vərəqəsinin və Xətai rayon icra şöbəsinin, “xxxx” ASC-nin müvafiq məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Tələbkar ipoteka predmetini bu barədə "xxxx” MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə protokola əsasən balansına keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələblərinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1 və 34.1.1 maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarından biridir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. İpoteka predmeti hərracda satışa çıxarılmazdan əvvəl onun dəyəri qiymətləndirilməli və bu zaman mövcud qanunvericiliyin tələblərinə riayət olunmalıdır. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Göstərilən Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçı, və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.8-cü maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə görə icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. İş materiallarında olan sübutlardan məlum olur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, Birja Yenilikləri qəzetində elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar “xxxx” ASC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi, 84 saylı evin 12 saylı mənzili “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya hesab edir ki, şikayətdə göstərilənlər hallar iş materialları və maddi hüquq normaları ilə təkzib olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-501/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-501/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4452/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4452/2020
20.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver