Məhkəmə qərarları › İş №2(103)-446/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-446/2024

21.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-446/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-446/2024 (Açar sözlər: vərəsəlik hüququnun tanınması və vərəsəlik paylarının müəyyən edilməsı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X26 və X15 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh4 iştirakları ilə, İddiaçı 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisi 3-cü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “vərəsəlik hüququnun tanınması və vərəsəlik paylarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 21 fevral 2024-cü il tarixində Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil mərhum X20 məxsusdur. X29 ilə X4 birgə nikahlarından dörd övladları olmuşdur. Onlar xx.xx.1961-ci il təvəllüdlü Mehdiyev Mehdi, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1974-cü il təvəllüdlü Mehdiyev Fərmandır. X32 xx.xx.1986-cı ildə, Mehdiyev Mehdi xx.xx.2010-cu ildə və Mehdiyev Fərman xx.xx.2016-cı il tarixdə vəfat etmişlər. Digər vərəsələrdən İddiaçı xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisinə müraciət edərək, anasından qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin qardaşı Cavabdeh1 ilə arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etmək niyyətində olduğunu bildirmiş və notarius ona vərəsəlik hüququnu haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Cavabdeh1 isə xx.xx.2021-ci ildə anasından miras qalmış əmlakı qəbul etməsi ilə bağlı notariat ofisinə ərizə ilə müaciət etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh1 qarşı “vərəsəlik hüququnun tanınması və vərəsəlik paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri 3 saylı Asan Xidmət Mərkəzinin Notariat Kontoruna müraciət edərək, 08 noyabr 2020-ci il tarixdə vəfat etmiş anası X8 miras qalmış əmlakı qəbul etməyini bəyan etmişdir. Mirasın ona məlum olan hissəsi ünvan 5dən ibarətdir. Buna əsasən də 3 saylı Asan Xidmət mərkəzində yerləşən Notariat Ofisinə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişdir. Qeyd olunan müraciətə isə Notariat ofisi tərəfindən Notariat hərəkətini imtina edilməsi barədə qərarla vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Bunun əsasında da hazırda bu iddia ərizəsi ilə məhkəməyə tərəfindən müraciət edilir. Belə ki, əlavə etdiyi **********432 saylı notariat ofisinə tərərfindən ünvanlanmış ərizədən də göründüyü kimi 08 may 2021-ci ildə miras əmlakı qəbul etməyi ilə bağlı müraciət edilmişdir. Lakin buna baxmayaraq yuxarıda qeyd olunan formada vərəsəliklə bağlı şəhadətnamə verilməsindən imtina edilmişdir. Qeyd edilənlərə əsasən 08 noyabr 2020-ci il tarixdə vəfat etmiş anası X20 məxsus ünvan 5ə dair vərəsəlik hüququnun tanınaraq, vərəsəlik paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə araşdırması zamanı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızı cavabdeh kimi işə cəlb edilmişlər. Onların hər biri yaxın qohumları X9 miras qalmış Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 79 saylı evin 208 nömrəli mənzilindən ibarət əmlakını qəbul edib açıq qalan hissədə digər Cavabdeh1 xeyrinə imtina etdikləri barədə məhkəməyə ərizə təqdim etmişlər.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, X8 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzil üzərində İddiaçı və Cavabdeh1 vərəsəlik hüquqlarının tanınması, həmin miras əmlakının ½ hissəsi üzərində İddiaçı və ½ hissəsinə üzərində Cavabdeh1 qızının miras paylarının müəyyən edilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1, 1151.1, 1159.1, 1159.1.1, 1243.2, 1243.3, 1246, 1252, 1255-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh1 Məzahi oğlu həmin qətnamədən apellyasiya şikayəti və ona əlavə verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.1986-ci il tarixində atası X10 ölmüşdür. Atası öldükdən sonra ona məxsus olan Bəhruz Nuriyev küçəsində yerləşən 55 saylı evin 78 saylı mənzil miras qalmışdır. Həmin mənzil dörd qardaş (Mehdi Mehdiyev, İddiaçı, Fərman Mehdiyev, Cavabdeh1) və anasının (Nazlı Mehdiyeva) arasında bərabər paylara bölünməklə miras payları müəyyən edilmişdir. Həmin əmlak 1997-ci il tarixində satılaraq qardaşı İddiaçı payı onun özünə verilmiş və qalan payları üç qardaş və anası (Mehdi Mehdiyev, Fərman Mehdiyev, Cavabdeh1 və Nazlı Mehdiyeva) öz payları hesabına Nizami rayonu, C.ünvan 3 ünvanında yerləşən 94 B saylı evin 32 saylı mənzilini almışlar. Bu mənzili aldıqdan sonra qardaşı İddiaçı özü üçün aldığı mənzilə qeydiyyata düşə bilməməsi ilə əlaqədar olaraq onların aldığı mənzilə pasport qeydiyyatına düşmüşdür. Müəyyən müddətdən sonra həmin mənzili satmaq istəyən zaman qardaşları Əfqan yenidən həmin mənzildən pay istəmiş və mənzili satmaq üçün onun razılığı tələb olunduğu üçün məcburi olaraq bu mənzildən də ona pay verməli olmuşlar. ünvan 3 ünvanında yerləşən 94 B saylı evin 32 saylı mənzili satıldıqdan sonra ünvan 4 ünvanında yerləşən mənzil anası Nazlı Mehdiyevanın adına alınmışdır. Məhkəmə Kollegiyasının nəzərinə çatdırır ki, bu mənzil atalarından miras qalan və 2 qardaşı, apellyatorun və anasının payları hesabına alınan mülkün satılması ilə əldə edilmişdir. Odur ki, İddiaçı bu əmlakdan miras pay düşə bilməz. Düşdüyü halda isə anaları Nazlı Mehdiyevaya çatası 1 payın müəyyən hissəsi verilməlidir. Göstərilənlərdən başqa məhkəmənin nəzərinə çatdırır ki, məhkəmə Mülki Məcəllənin müvafiq maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsində deyilir: “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir”. Qardaşı İddiaçı anası Nazlı Mehdiyevanın öldüyünü ilk gündən bilirdi. Lakin Məcəllənin müəyyən etdiyi 3 ay müddətində mirası qəbul etməmişdir. Buna dair notariusa müvafiq ərizə ilə müraciət etməmişdir. Miras əmlak apellyator tərəfindən qəbul edilmiş və bugünə kimi də onun idarəçiliyindədir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Apellyasiya baxışı zamanı (və öncəki məhkəmə iclasında) Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

11. Apellyasiya baxışı zamanı (və öncəki məhkəmə iclasında) Cavabdeh1 nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

12. Apellyasiya baxışı zamanı (və öncəki məhkəmə iclasında) iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir.

13. Apellyasiya baxışı zamanı Cavabdeh4 övladı, eyni zamanda mərhum X5 övladı və birinci dərəcəli vərəsəsi, 2008-ci il təvəllüdlü X6 qanuni nümayəndəsi kimi çıxış edərək sonuncunun yaxın qohumu X9 miras qalmış Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 79 saylı evin 208 nömrəli mənzilindən ibarət əmlakını qəbul edib açıq qalan hissədə digər Cavabdeh1 xeyrinə imtina etdiyini bildirmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

15. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

16. Maddə 1159.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlərdir (övladlığa götürənlər).

17. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

18. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin toplusu daxildir.

19. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

20. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

21. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

22. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o, mirası tamamilə qəbul etmişdir.

23. Maddə 1244. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər.

24. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər.

25. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.

26. Maddə 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir.

27. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qətnamə payların müəyyən edildiyi hissədə dəyişirilməlidir.

35. Birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi hüquq normalarının tətbiq olunmasında yanlışlığa yol vermiş, payların nisbətinə düzgün qiymət verməmişdir.

36. Belə ki, iş materiallarındakı AZ-İİ Seriyalı 187744 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 08 noyabr 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 noyabr 2020-ci il tarixdə 930 nömrə ilə qeyd edilmişdir.

37. AZ-İİ Seriyalı 187745 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 21 mart 1986-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 mart 1986-cı il tarixdə 288 nömrə ilə qeyd edilmişdir.

38. AZ-İ Seriyalı 846965 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 02 dekabr 2016-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 19 dekabr 2016-cı il tarixdə 1668 nömrə ilə qeyd edilmişdir.

39. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli 05- Q-516/69 saylı məlumatından görünür ki, X11 ilə X22 nikahı haqqında 05 fevral 1960cı il tarixdə 32 nömərli akt qeydi tərtib olunmuşdur. Nikah Xaçmaz rayon qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra ərə Mehtiyev, aravada Mehtiyeva soyadı verilmişdir.

40. 1 saylı Bakı Ərazi İdarəsinin **********93 saylı xx.xx.2021-ci il tarixli məlumatından görünür ki, xx.xx.1942-ci il təvəllüdlü X16 adına Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 49, giriş 2, 221 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda adınadır.

41. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 118 saylı “Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı Məzahir oğlu 08 may 2021-ci il tarixində notariat ofisinə müraciət edərək 08 noyabr 2020-ci ildə vəfat etmiş anası mərhum X8 qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Ə.Mehtiyev 25 yanvar 2022-ci ildə notariat ofisinə ərizə təqdim edərək digər vərəsə qardaşı-X23 arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etmək niyyətində olduğunu bildirmişdir. Qeyd olunanları nəzərə alıb, “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 40-cı maddəsinin 1- ci bəndini rəhbər tutaraq, X17 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi qərara alınmışdır.

42. İddiaçı tərəfindən 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim edilmiş ərizənin surətindən görünür ki, o, ünvan 5ünvanında yaşamış 08 noyabr 2020-ci il tarixdə vəfat etmiş anası X8 qalmış miras əmlakı qəbul edir. Miras əmlak: ünvan 6 ünvanında yerləşən mənzildən ibarətdir. Miras qoyanın Azərbaycan Respublikası Mülki məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, ondan başqa aşağıdakı vərəsələri vardır: oğlu İddiaçı (Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 49, mənzil 208), nəvəsi X24 (Bakı şəhəri, Nizami rayonu, E Süleymanov küçəsi, ev 49, mənzil 208), nəvəsi Cavabdeh5 qızı (Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 49, mənzil 208).

43. Cavabdeh1 tərəfindən 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim edilmiş ərizədən görünür ki, o, ünvan 5ünvanında yaşamış 08 noyabr 2020-ci il tarixdə vəfat etmiş anası X8 qalmış miras əmlakı qəbul edir. Miras əmlak: ünvan 6 ünvanında yerləşən mənzildən ibarətdir. Miras qoyanın Azərbaycan Respublikası Mülki məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, ondan başqa aşağıdakı vərəsələri vardır: oğlu İddiaçı (Bakı şəhəri, 3-cü Xrebtovı küçəsi, ev 54/60), nəvəsi X25 (Bakı şəhəri, Nizami rayonu, E Süleymanov küçəsi, ev 49, mənzil 208), nəvəsi Cavabdeh5 qızı (Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 49, mənzil 208).

44. Cavabdeh5 və X24 tərəfindən 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim edilmiş ərizənin surətindən görünür ki, onlar ünvan 5 ünvanında yaşamış 08 noyabr 2020-ci il tarixdə vəfat etmiş nənələri X8 qalmış miras əmlakı qəbul edir. Miras əmlak: ünvan 6ünvanında yerləşən mənzildən ibarətdir. Miras qoyanın Azərbaycan Respublikası Mülki məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, ondan başqa aşağıdakı vərəsələri vardır: oğlu İddiaçı (Bakı şəhəri, 3cü Xrebtovı küçəsi, ev 54/60), oğlu Cavabdeh1 (Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 49).

45. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən 30 avqust 2022-ci il tarixdə verilmiş 403 saylı arayışdan görünür ki, Cavabdeh1 həyat yoldaşı X12 və oğlu X30 ilə ünvan 2-də (mənzilin əvvəlki nömrəsi 208- dir).

46. ASAN 6 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, Cavabdeh1, X12, Cavabdeh5, xx.xx.2013-cü il təvəllüdlü X30 və xx.xx.2008-ci il təvəllüdlü X24 ünvan 7 ünvanında qeydiyyatdadırlar.

47. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 05/2-7088/13 saylı məlumatından görünür ki, N.Mehdiyevanın (Cavadovanın) xx.xx.1960-cı ildə Xaçmaz rayon qeydiyyat şöbəsində 1935-ci il təvəllüdlü X10 ilə bağlanmış nikahına xx.xx.1986-cı sonuncunun ölümü ilə xitam verilmişdir. Onların birgə nikahından xx.xx.1961-ci ildə Mehdi Mehdiyev (ölüm tarixi xx.xx.2010-cu il), xx.xx.1964-cü ildə İddiaçı, xx.xx.1972-ci ildə Cavabdeh1, xx.xx.1974-cü ildə isə Fərman Mehdiyev (ölüm tarixi xx.xx.2016-cı il) doğulmuşdur. N.Mehdiyevanın (Cavadovanın) ölümü isə xx.xx.2020-ci ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Həmçinin bildirirlər ki, “Vətəndaşlıq vəziyyəti aktları’’ avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən N.Mehdiyevanın (Cavadovanın) doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır.

48. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 05/2-9513/13 saylı məlumatından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X13 xx.xx.1971-ci il təvəllüdlü Rzayeva (Mehdiyevə) Sevda Hacağa qızı ilə nikahının xx.xx.1989-cu ildə, həmin nikahdan doğulmuş övladı xx.xx.1990-cı il təvəllüdlü X18 doğumunun xx.xx.1990-cı ildə, habelə X5 xx.xx.1982-ci il təvəllüdlü Abasova (Mehdiyevə) Rəvanə Vahid qızı ilə nikahının xx.xx.2003-cü ildə, bu nikahdan doğulmuş övladları xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh5 doğumunun xx.xx.2004-cü ildə, xx.xx.2008-ci il təvəllüdlü X7 doğumunun isə xx.xx.2008-ci ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir.

49. Kollegiya ilk növbədə cavabdehin Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən iddiaçının 3 ay ərzində vərəsəliyi qəbul etməməsi barədə dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

50. Hazırki işə baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” sorğu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunmuş və həmin müraciət üzrə qəbul ediləcək qərar mübahisənin həlli üçün əhəmiyyətli hesab edildiyi üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6402/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmış, Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı dərc olunduqdan sonra icraat təzələnmişdir.

51. Konstitusiya Məhkəməsi həmin Qərarında hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.

52. Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

53. Məhkəmə kollegiyası hesab edir ki, Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qeyd olunan Qərarı ilə apellyasiya məhkəməsinin hazırki işdə tətbiq etdiyi mirasın qəbulu müddətləri ilə bağlı Mülki Məcəllənin 1246-cı maddəsi qüvvədən düşmüş hesab edildiyindən və həmin qərarın məhkəmələrin icraatında olan mübahisələrə şamil olunduğundan, iş materialları iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə, Mülki Məcəllənin 1159-cu maddələrinə uyğun olaraq vərəsəlik hüququnun mövcudluğu, mövcud olduğu halda, miras əmlakda payının müəyyən edilməsi baxımından araşdırılmalı və buna uyğun qanuni qərar qəbul edilməlidir.

54. Qanunvericliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.

55. Kollegiya qeyd edir ki, İddiaçı anadan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmiş, digər vərəsə Cavabdeh1 isə mirası rəsmi qaydada qanunla müəyyən edilmiş vaxtda qəbul etməsə də, o və onun ailə üzvləri mübahisəli ünvanda yaşayırlar. Yəni cavabdeh anadan qalan miras mülkünü qəbul etməklə həmin əmlaka sahiblik etmiş və əmlakı idarə etmiş, beləliklə, mirası faktiki olaraq qəbul etmişdir. Nəticədə, kollegiya hesab edir ki, iddiaçı və cavabdeh İddiaçı analarından qalmış miras əmlakını qəbul etmişlər və birinci instansiya məhkəməsinin onlarının vərəsəlik huquqları tanınması, o cümlədən mübahisəli əmlak üzərində paylarının müəyyən edilməsi ilə bağlı mövqeyi haqlı olmuşdur.

56. Daha sonra iddiaçı tərəfindən təqdim edilmiş ərizədən müəyyən edilmişdir ki, iddiaçı miras əmlakının qəbulu ilə bağlı notariat ofisinə müraciət edərkən, həmçinin digər vərələsər kimi, mərhumun nəvələri haqqında da məlumat vermişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X3 (Mehdiyeva) Sevda Hacağa qızı ilə nikahından Cavabdeh3 doğulmuşdur. Həmçinin, X5 Abasova (Mehdiyeva) Rəvanə Vahid qızı ilə nikahından Cavabdeh5 qızı və X24 (yetkinlik yaşına çatmamışdır) doğulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən X13 və X5 arvadı və uşaqları cavabdeh kimi işə cəlb edilmiş və onlar məhkəməyə miras əmlakını qəbul edib digər Cavabdeh1 xeyrinə imtina etmələrinə dair ərizə vermişlər.

57. Lakin birinci instansiya məhkəməsi mübahisənin qeyd edilən mərhələsində bir sıra yanlışlıqlara yol vermişdir.

58. Belə ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1134.1 və 1252-ci maddələrinə istinadən bildirmişdir ki, X27 və X1 Nazlı İzzət qızından əvvəl vəfat etdiklərindən onlar X19 vərəsələri hesab edilə bilməz və onların vərəsələrinin, yəni məhkəmə araşdırması zamanı işə cəlb edilmiş cavabdehlərin mirasdan pay almaq hüquqları yoxdur.

59. Halbuki birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1159.1.3-cü maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, həmin maddəyə görə bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

60. İşin faktiki hallarından da göründüyü kimi, X13 Mehdiyeva) Sevda Hacağa qızı ilə nikahından Cavabdeh3, X5 isə Abasova (Mehdiyeva) Rəvanə Vahid qızı ilə nikahından Cavabdeh5 qızı və X24 (yetkinlik yaşına çatmamışdır) doğulmuşdur. İşin mübahisəsiz halıdır ki, qeyd edilən şəxslər miras qoyan X16 nəvələridir və miras açılan zaman, yəni Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən şəxsin öldüyü xx.xx.2020-ci il tarixində onların valideynləri (miras qoyanın vərəsələri) artıq vəfat etmişdilər. Bu da o deməkdir ki, onlar da qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideynlərinə çatası paydan bərabər miras almaq hüququna malikdirlər.

61. Beləliklə, qanunvericiliyin tələbləri və işin faktiki halları ilə müəyyən olunur ki, 08 noyabr 2020-ci il tarixdə vəfat etmiş anası X16 miras əmlakı üzrə vərəsələrin dairəsi İddiaçı Məzahir oğlu, Cavabdeh1, X27 və X5 birinci dərəcəli vərəsələrindən ibarətdir.

62. Artıq mübahisənin həlli ilə bağlı növbəti mərhələ digər cavabdehlərin, yəni yuxarıda adları çəkilən şəxslərin də miras əmlakın qəbulu ilə bağlı fikirlərinin öyrənilməsi ilə bağlıdır.

63. Birinci instansiya məhkəməsində işin araşdırılması zamanı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızı cavabdeh kimi işə cəlb edilmişlər. Onların hər biri yaxın qohumları X9 miras qalmış Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 79 saylı evin 208 nömrəli mənzilindən ibarət əmlakını qəbul edib açıq qalan hissədə digər Cavabdeh1 xeyrinə imtina etdikləri barədə məhkəməyə ərizə təqdim etmişlər.

64. Lakin bu zaman məhkəmə mərhum X2 övladı və eyni zamanda vərəsəsi, 2008ci il təvəllüdlü X6 da miras əmlakda payının olmasını nəzərdən qaçıraraq, birbaşa və ya dolayı yolla onun da fikirlərinin alınmasını təmin etməmişdir.

65. Mülki Məcəllənin 1244-cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. 66 Həmin Məcəllənin 128.2-ci maddəsininə əsasən əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir.

67. Qanunvericiliyin qeyd edilən normalarına əsasən apellyasiya baxışı zamanı Cavabdeh4 övladı, eyni zamanda mərhum X5 övladı və birinci dərəcəli vərəsəsi, 2008-ci il təvəllüdlü X6 qanuni nümayəndəsi kimi çıxış edərək sonuncunun yaxın qohumu X9 miras qalmış Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 79 saylı evin 208 nömrəli mənzilindən ibarət əmlakını qəbul edib açıq qalan hissədə digər Cavabdeh1 xeyrinə imtina etdiyini bildirmişdir.

68. Bununla da məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, 08 noyabr 2020-ci il tarixdə vəfat etmiş X16 ümumilikdə 4 övladı olmuş, 2 övladı vəfat etmiş, onun vərəsələri onlara düşən paylarından üçüncü oğlu və eyni zamanda Cavabdeh1 xeyrinə imtina etmişlər. Bu da o deməkdir ki, tərəflər arasında olan mübahisənin həlli baxımından miras əmlakın ¼ hissəsi üzərində İddiaçı və ¾ hissəsi üzərində isə Cavabdeh1 miras payları müəyyən edilməlidir.

69. Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər.

70. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.

71. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.

72. Beləliklə, kollegiyanın mövqeyinə əsasən birinci instansiya məhkəməsi miras əmlak üzərində həm iddiaçı, həm də cavabdehin paylarının müəyyənləşdirilməli olduğu qənaətinə gəlməkdə haqlı olsa da, payların bölgüsündə İddiaçı Məzahir oğlu və Cavabdeh1 miras əmlak üzərində hərəsinin ½ hissədə payını müəyyənləşdirməklə yanlışlığa yol vermişdir.

73. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

74. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

75. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

76. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

77. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi payların bölgüsü nisbəti hissəsində dəyişdirilməli, miras əmlakın ¼ hissəsi üzərində İddiaçı və ¾ hissəsi üzərində Cavabdeh1 miras payları müəyyənləşdirilməlidir.

78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-113/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi payların müəyyən edilməsi hissəsində dəyişdirilsin. X8 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin ¼ hissəsi üzərində İddiaçı və ¾ hissəsi üzərində Cavabdeh1 miras payları müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar