Məhkəmə qərarları › İş №2(103)-4463/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4463/2022

28.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4463/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(006)- 5830/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız olaraq hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 237, 34 saylı mənzil iddiaçının mülkiyyətindədir. Həmin mənzil iddiaçının mülkiyyətində olsa da, əvvəllər orada yaşamamışdır. Lakin mənzili xx.xx.2021-ci il tarixli icarə müqaviləsi əsasında "xxxx" MMC-yə 6 ay müddətinə icarə vermişdir. Cavabdeh təşkilatın nümayəndələri xx.xx.2021-ci il tarixdə mənzilin elektrik enerjisi xəttinə baxış keçirərkən mənzilə gələn elektrik enerjisi xəttinin sayğacdan kənar gəlməsini müəyyən etmişlər. Həmin xəttin kim tərəfindən çəkilməsi iddiaçıya məlum deyil. Bununla bağlı akt tərtib etmişlər və iddiaçıya (abonent kodu: **********70034) qanunsuz olaraq 5802 manat məbləğində borc hesablamışlar. Həmin borc məbləğinin necə və hansı əsaslarla hesablanması iddiaçıya məlum deyil və bunu qəbul etmir. Ona görə də iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 237, 34 saylı mənzilə dair 5802 manat məbləğində hesablanmış borc məbləği silinməlidir. Göstərilənlərə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 237, 34 saylı mənzilə dair (abonent kodu: **********70034) 5802 manat məbləğində hesablanmış borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, 024059 saylı akt üzrə 5802,34 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(006)- 5830/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(006)- 5830/2021 saylı qərardadı ilə qətnamədəki yanlışlıq aradan qaldırılmış və qətnamənin «əsaslandırıcı» hissəsində “127,68” və digər abzasda “127,68 (bir yüz iyirmi yeddi manat, altmış səkkiz qəpik) manat” əvəzinə “5720,16 AZN və 5720,16 (beş min yeddi yüz iyirmi manat, on altı qəpik) və «qət etdi» hissəsində “127,68 (bir yüz iyirmi yeddi manat, altmış səkkiz qəpik) manat” əvəzinə “5720,16 AZN (beş min yeddi yüz iyirmi manat, on altı qəpik) manat” kimi oxunması qərara alnmışdır. Həmin qətnamədən narazı qalan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən apelyasiya şikayəti verilmiş və apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.16-cı bəndini hazırki mübahisəyə düzgün tətbiq etməmiş, həmin Qaydaların 8.32-ci bəndini hazırki mübahisəyə tətbiq etməli olduğu halda tətbiq etməmiş, həmçinin iddiaçı ilə elektrik enerjisindən istifadə barədə müqavilə olmadığı üçün, hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmamasını nəzərə almadığından, qətnamə qanuni və əsaslı olmadığı üçün ləğv edilib, iddia tələbi rədd edilməlidir. Apelyasiya məhkəməsinin iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 apelyasiya şikayətini müdafiə edərək, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, fiziki şəxslərin elektrik sayğaclarına baxış mütəmadi olaraq idarənin əməkdaşları tərəfindən keçirilsə də, həmin baxışın keçirilməsinin qeydiyyatı aparılmır, bu səbəbdən də akt tərtib edilməmişdən əvvəl iddiaçının sayğacına axırıncı dəfə nə vaxt baxış keçirilməsi barədə məlumat yoxdur, həmçinin bildirdi ki, sayğaca qanunsuz qoşulma faktını bu sahədə ixtisaslaşmış mütəxəssislər yoxlayır. Apelyasiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətinə etiraz edərək, iddia tələbinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, mülkiyyətlərində olan evi mərhum atası 2006-cı ildə alsa da, orada yaşamamışlar, lakin atası mütəmadi olaraq mənzilə quraşdırılmış sayğaca görə onlara verilmiş bildirişdə göstərilən məbləği vaxtlı-vaxtında cavabdeh təşkilata ödəmiş, cavabdeh təşkilat tərəfindən onlara heç vaxt hər hansı bir irad bildirilməmiş, evin müqaviləsinin əvvəlki mülkiyyətçinin adına qalması yalnız akt tərtib olunandan sonra onlara məlum olmuş, lakin sayğacdan kənar xəttin nə vaxt, kimin tərəfindən çəkilməsi barədə məlumatları olmamış, Akt tərtib olunarkən o, şəxsən iştirak etmiş və cavabdehin nümayəndələri ona qanunsuz xətt olduğunu bildirməmiş, elektrik enerjisinə görə borcu olması barədə bildirdikləri üçün akta imza atmışdır. Bu səbəbdən apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda cavabdeh "xxxx" ASC tərəfindən qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilməklə, qətnamə tam mübahisələndirilmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarından aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, MH seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 237 saylı evi 4 otaqlı 34 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan «İcarəyə verən» qismində İddiaçı ilə «İcarəçi» qismində "xxxx" MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 237, mənzil 34 ünanında yerləşən, ümumi sahəsi 94,13 kv.m. yaşayış sahəsini icarəyə götürənə 6 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixədək qüvvədədir) icarəyə vermişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli NDM № 024059 saylı aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə iddiaçıya məxsus ünvanında olmuş, lakin abunəçi Qennadiy Osopovun adına (abonent kodu **********70034) qeydə alınmış elektrik sayğaca baxış keçirilərkən müəyyən edilmişdir ki, mənzilə sayğac sxemindən kənar xətt daxil olmuşdur. Həmin kənar xətt sayğaclar quraşdırılan panonun içərisindəki qidalandıran xətdə quraşdırılmış qoruyucu avtomatdan birbaşa çəkilmişdir. Həmin aktdan görünür ki, yoxlama zamanı iddiaçının nümayəndəsi iştirak etmişdir. İş üzrə NDM 024059 saylı xx.xx.2021-ci il tarixli akta əsasən Aktlar üzrə Komissiyanın xx.xx.2021-ci il tarixli qərarına əsasən abonent Qennadiy Osopova (abonent kodu **********70034) əlavə olaraq 56544 (3,8 kvt x 16 saat x 930 gün) kvts əlavə sərfiyyət, yəni 5847,84 manat borc hesablanmışdır. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş **********70034 saylı abonentin «Abunə Haqqında» kompyüterdən çıxarışdan görünür ki, abonentə xx.xx.2021-ci ildə NDM 024059 saylı akt əsasında cəmi 5847,84 manat əlavə ödəniş hesablanmışdır. Birinci instansiya məhkəməsi işin materialları əsasında müəyyən etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 237 saylı evin 34 saylı mənzili Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Həmin ünvana aid aid elektrik sayğacının abonent kodu isə Qennadiy Osopovun adına qalmışdır. Məhkəmə həmçinin müəyyən etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 237 saylı evin 34 saylı mənzilin abunə kodu Qennadiy Osopovun adına olsa da, iddiaçı mülkiyyətçi kimi həmin evi enerji ilə təchiz etməyə davam etmiş və enerjidən istifadə etməklə əlaqədar ödənişlər aparmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halları əsasında iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasını qiymətləndirərək, qeyd etmişdir ki, iddiaçı Qennadiy Osopovun adına olan abunə kodunun aid olduğu ünvanın 2006-cı il tarixdən mülkiyyətçisi olduğundan, mübahisəli aktın isə onun mülkiyyətinin əldə etdiyi dövr ərzində tərtib olunduğundan, iddiaçının həmin mənzil üzrə elektrik enerjisindən istifadə ilə əlaqədar yaranmış borcun mübahisələndirilməsi ilə bağlı məhkəmədə iddia qaldırmağa tam subyektiv hüququ vardır. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin abunə kodu Qennadiy Osopovun adında qalsa da, mənzil elektrik enerjisi ilə təchiz edildiyindən və cavabdeh həmin təchizata görə məhz iddiaçıdan ödəniş almaqla faktiki olaraq onunla müqavilə münasibətlərinə daxil olduğundan, bu münasibətlərin hal-hazırki vaxtadək rəsmiləşdirilməməsi iddiaçının subyektiv hüququnun aradan qalxması ilə nəticələnə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia qaldırmağa iddiaçının subyektiv hüququ olması barədə gəldiyi nəticə ilə razılaşır və apelyatorun iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olması barədə apelyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olması qənaətinə gəldikdən sonra iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etmişdir: «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Göstərilən Qaydaların 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd olunan Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 237 saylı evin 34 saylı mənzilinə aid olan elektrik sayğacına cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə baxış keçirilərkən mənzilə sayğac sxemindən kənar xəttin daxil olması, həmin kənar xəttin sayğaclar quraşdırılan panonun içərisindəki qidalandıran xətdə quraşdırılmış qoruyucu avtomatdan birbaşa çəkilməsi aşkar olunmuş və bu barədə nəzarətçilər tərəfindən NDM 024059 saylı akt tərtib edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərtib edilmiş akt əsasında cavabdeh təşkilatın akt komisiyyası tərəfindən ona 56544 (3,8 kvt x 16 saat x 930 gün) kvts əlavə sərfiyyat, yəni 5847,84 manat borc hesablanmışdır. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim olunmuş videodiskə baxış keçirərək iclasında müəyyən edilmişdir ki, qeyd olunan mənzilin elektrik sayğacına qanunsuz müdaxilə olmuş, lakin müdaxilənin nə zamandan bəri davam etdiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin cavabdeh tərəfindəndə bu davamiyyətin edilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, elektrik enerjisinin orta gündəlik sərfinə görə hesabat dövrü kimi 930 gün əsas götürülmüşdür. Lakin göründüyü kimi hesabat dövrünün 930 gün götürülməsi qanunun tələblərinə cavab vermir. Bu səbəbdən məhkəmə hesab edir ki, hesabat dövrü kimi 930 gün deyil, bir ay müddətini ağlabatan müddət kimi əsas götürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" ASC tərəfindən iddiaçıya hesablanmış 127,68 (3,8kvt x 16 saat x 30 gün = 1824 kvt x 0,07 man = 127,68) manat məbləğində borc silinməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia qismən təmin olunaraq, "xxxx" ASC tərəfindən iddiaçıya hesablanmış 127,68 (bir yüz iyirmi yeddi manat, altmış səkkiz qəpik) manat məbləğində borc iddiaçının abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı gəldiyi nəticə ilə də razılaşır. Məhkəmə kollegiyası apelyatorun məhkəmə tərəfindən «Elektrik enerjisindən istifadə Qaydaları»nın düzgün tətbiq edilməməsi barədə dəlillərini qiymətləndirərək, aşağıdakıları qeyd edir: Apelyator hesab edir ki, iddiaçı elektrik sayğacına qanunsuz qoşulmaqla, sayğacdan kənar elektrik enerjisindən istifadə etmiş, elektrik sayğacına qanunsuz qoşulmanın hansı vaxtdan edildiyini müəyyən etmək mümkün olmadığından, Qaydaların 8.32-ci bəndi ilə müəyyən edilmiş qaydada zərər hesablanaraq, istifadəçidən tutulmalıdır. Lakin, birinci instansiya məhkəməsi Qaydaların 8.16-cı bəndinə əsasən dəymiş zərəri bir aylıq hesablamaqla, səhv nəticəyə gəlmişdir. Kollegiya apelyatorun həmin dəlili ilə razılaşmır. Əvvəla kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən «Elektrik enerjisindən istifadə Qaydaları»nın bir sıra normaları ilə yanaşı, həmçinin «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə istinad etmişdir. Yəni, həm Qaydalar, Həm də Qanunun normaları qarşılıqlı təhlil edilərək, qiymətləndirilmişdir. Həmçinin qeyd edilməlidir ki, «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd edilən normanın təhlilindən aydın olur ki, enerji təchizatı müəssisəsinin vəzifələrindən biri kimi, ayda bir dəfədən az olmayaraq elektrik sayğacına baxış keçirilməli, istehlak olunmuş elektrik enerjisinin pulunun ödənilməsi üçün istehlakçıya bildiriş verilməlidir. Yəni, enerji təchizatı müəssisəsi elektrik sayğacına ayda bir dəfədən az olmayaraq sayğaca baxış keçirilməsi vəzifəsinin müəyyən edilməsinə baxmayaraq, cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış evinə akt tərtib olunmamışdan əvvəl hansı vaxtlarda baxış keçirilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda, enerji təchizatı müəssisəsinin səlahiyyətli şəxslərinin qanunla üzərlərinə qoyulmuş vəzifələri lazımınca yerinə yetirməməsi, yəni, elektrik sayğacına vaxtında, lazımi qaydada baxış keçirərək, qanunsuz müdaxiləni aşkar etməməsi iddiaçının ziyanına şərh oluna bilməz. Çünki bu, yuxarıda da qeyd edilən «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olardı. Bu səbəbdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı gəldiyi nəticə əsaslı hesab olunur və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsaslı hesab olunmur. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(006)-5830/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar