Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4464/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı Şəhəri 33 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payların yenidən müəyyən edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X5 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 may 2025-ci il tarixli qətnamədən cavabdehlərdən biri olan Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün və vəkili Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Pirallahı Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi, Elsəvər Hüseynov küçəsində yerləşən 27 saylı fərdi yaşayış evinə dair 33 saylı Notariat Ofisi tərəfindən cavabdehlər Minara Maksimovanın və Cavabdeh3 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2021-ci il tarixli 2V-50 nömrəli şəhadətnamənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, həmin ev “Texniki pasporta” uyğun olaraq X14 adına olmuş və o, vəfat etdikdən sonra orada cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qardaşı X7 yaşamışdır. Həmin dövrdə Aslan Mirzoyev iddiaçının anası X1 ilə faktiki nikahda olmuş və iddiaçı, uşaqlıqdan həmin evdə yaşamışdır. Aslan Mirzəyev iddiaçıya ata olmuş, daim onun qayğısına qalmışdır. İddiaçının anası ilə Aslan Mirzoyev faktiki olaraq 30 il nikah münasibətlərində olmuş və onların nikahı xx.xx.2021-ci il tarixdə Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsimiləşdirilmişdir. Aslan Mirzəyev xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçının anası Svetlana Mitrofanova isə xx.xx.2022-ci il tarixdə vərəsəliyin qəbul edilməsi barədə ərizə ilə Bakı Şəhəri 7 saylı Notariat Ofisinə müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Müəyyən müddət keçdikdən sonra iddiaçıya Pirallahı Rayon Məhkəməsindən bildiriş gəlmış və iddiaçıya məlum olmuşdur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ona qarşı “evdən çıxarılma tələbi barədə” iddia ilə həmin məhkəməyə müraciət etmişlər. İddiaçı bildirir ki, o, 30 ildən artıqdır ki həmin evdə, əvvəlcə valideynləri ilə onların ölümündən sonra isə tək yaşayır. Bir gündə olsun orada yaşamasalarda heç bir xəbər vermədən və 33 saylı Notariat Ofisi öz üzərinə düşən vəzifəni icra etmədən yəni vərəsələrin dairəsini müəyyən etmədən cavabdehlərin adına 1/2 hissədə pay müəyyən edilməsinə dair xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Bununla da iddiaçının anasının, anasının isə ölümündən sonra onun vərəsəlik hüququnu pozulmuşdur. Bütün bu müddət ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bilərəkdən bunu iddiaçıdan gizlətmiş və iddiaçının anası vəfat etdikdən sonra iddiaçını həmin evdən çıxarılmağına dair iddia ilə məhkəməyə müraciət etmişlər. İddiaçının başqa yaşayış yeri yoxdur və o, anasına münasibətdə vərəsədir. b) birinci instansiya məhkəməsində iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
3. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını Rayon Məhkəməsindən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsindən iddianın rədd edilməsini xahiş etmişdir.
5. Cavabdeh3 və cavabdeh 33 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Buna görə də, Rayon Məhkəməsi işə onların iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci, 1145-ci və 1243-cü maddələrinin tələblərinə əsasən iddiaçı hazırkı iddia tələbində haqlıdır. Eyni zamanda, iddiaçı, ölənə qədər vərəsəliyi qəbul etmiş anasının - Svetlana Mitrofonovanın vərəsədir. d) apellyasiya şikayəti barədə məlumat
8. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslanddırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarının pozulması ilə iddianın rədd edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. Belə ki, hazırki mübahisə üzrə miras açılan zaman qüvvədə olan qanunvericiliyə əsasən mirasın qəbul edilməsi üçün ilk əvvəl vərəsənin həmin mirası qanunla nəzərdə tutulan müddət ərzində rəsmi və ya faktiki qəbul etməsi əsas şərtlərdən biri olmuşdur. xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, həmin şəhadətnamə xx.xx.1965-ci il tarixdə vəfat etmiş X9 miras qalan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84.4 kv/m olan fərdi yaşayış evindən və 0.088310 ha torpaq sahəsindən ibarətdir. X4 ölümü ilə, yəni xx.xx.1965-ci il tarixdə açılmışdır. Yəni Rayon Məhkəmə bu iddiaya yalnız mirasın açıldığı dövrdə qüvvədə olan Mülki Məcəllənin normalarını tətbiq etməklə baxa bilərdi. Məhkəmə isə hazırkı iddiaya 2000-ci ildə qüvvəyə minmiş Mülki Məcəllənin normalarını tətbiq etməklə baxmaqla maddi hüquq normalarını düzgün tətbiq etmədiyi qətnamə qəbul etmişdir. Digər tərəfdən isə məhkəmə iddiaçını Aslan Mirzoyevin vərəsəsi hesab edirsə bu zaman Aslan Mirzoyevin də atası X9 miras qalan əmlakı rəsmi və ya faktiki qəbul edibetməməsini aydınlaşdırmalı idi. Nəzərə alınmalıdır ki, X17 apellyatorun atasıdır və o vəfat edən zaman onun arvadı və 6 övladı olmaqla 7 vərəsəsi olmuşdur. Aslan Mirzoyev atası vəfat edən zaman həmin evdə yaşamırdı, artıq köçüb başqa yerdə yaşayırdı. Asalan Mirzoyev heç vaxt ailə qurmamışdı, amma Svetlana Mitrofonova ilə münasibətləri var idi. Asalan Mirzoyev son zamanlar qocalığı ilə əlaqədar psixi sarsıntılar keçirmiş, əqli vəziyyəti yaxşı olmamış, öz hərəkətlərinin mənasını başa düşməmişdir. İddiaçı isə bundan istifadə edərək xx.xx.2021-ci il tarixdə Aslan Mirzoyevi məcburi olaraq Xəzər Rayon Qeydiyyat Şöbəsinə aparmış, orada anası Svetlana Mitrofanova ilə nikahlarını rəsmiləşdirmişdir. Nikaha daxil olan zaman Aslan Mirzoyevin 83 yaşı olmuş, nikahdan qısa müddət sonra vəfat etmişdir. Göründüyü kimi Aslan Mirzoyev mirası nə rəsmi nə də ki faktiki qəbul etməmiş və həmin evə mirası qəbul etmək üçün qanunla nəzərdə tutulan müddəti ötürdükdən uzun illər sonra, yəni sağ qalan bacı-qardaşları ona həmin evə köçüb yaşamağa icazə verdikdən sonra gəlib həmin evdə yaşamışdır. Yəni iddiaçı qeyd edilən miras əmlakda miras payının yaranması üçün ilk əvvəl Mirzoyev Aslan həmin əmlakda miras payını 6 ay müddətində qəbul etməli idi, ondan sonra Aslan Mirzoyevin miras payı irsi transmissiya ilə onun ölüm qabağı nikaha daxil olduğu arvadına, arvadı öldükdən sonra isə iddiaçıya keçə bilərdi. X20 mirası qanunla nəzərdə tutulan müddətdə qəbul etmədiyinə görə, iddiaçının da belə bir hüququ yaranmamışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
10. İş üzrə apellyatorun özü və vəkili apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdilər və Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdilər.
11. İş üzrə digər prosessual şəxslər, o cümlədən cavabdeh 33 saylı Notariat Ofisinin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
12. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, Bakı Şəhər İcraiyə Komitəsinin Texniki İnventarizasiya Bürosu tərəfindən verilmiş və 1967-ci ildə tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirməsinə aid pasportdan” görünür ki, həmin “Texniki pasporta” Bakı şəhəri, Orconikidze küçəsində yerləşən 27 saylı evin (Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi, Elsəvər Hüseynov küçəsi, ev 27) sahib kimi (cavabdehlər Cavabdeh2, Cavabdeh3 və mərhum Aslan Mirzoyevin atası) X19 qeyd edilmişdir.
15. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.1965-ci il tarixdə ölmüşdür.
16. “Nikah haqqında şəhadətnamədən” görünür ki, iddiaçının anası Svetlana Mitrofanova ilə Aslan Mirzoyev xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşlar.
17. “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Aslan Mirzoyev xx.xx.2021-ci il tarixdə ölmüşdür.
18. ünvan 2 ünvanladığı 21 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Aslan Mirzoyevdən miras qalmış yuxarıda qeyd edilən fərdi yaşayış evinə və torpaq sahəsinə dair Notariat Ofisi tərəfindən mərhumun vərəsəsi arvadı Svetlana Mitrofanovanın xx.xx.2022-ci il tarixli vərəsəliyin qəbulu haqqında ərizəsi əsasında (N-1-348-2022) vərəsəlik işi açılmışdır. Sonradan məlum olmuşdur ki, Svetlana Mitrofanova xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Svetlana Mitrofanova vəfat etdiyinə görə ona “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməmişdir.
19. Miras qalmış evin qonşuluğunda yerləşən evlərin sakinləri X6, X8, X15 notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli birgə ərizələrindən görünür ki, onlar həmin ərizədə qeyd etmişlər ki, Svetlana Mitrofanova və onun övladı olan iddiaçı 20 ildir ki, onlarla qonşudur və Svetlana Mitrofanova mərhum əri Aslan Mirzoyevlə birlikdə ünvan 3 ünvanda yaşayıb. Aslan Mirzoyev vəfat etdikdən sonra da Svetlana Mitrofanova və iddiaçı həmin evdə yaşamaqda davam etmişlər. Həmin evdə onlardan başqa heç kim yaşamayıb.
20. Göstərilənlərə əsasən müəyyən edilir ki, Cavabdeh2 və Cavabdeh3 vəfat etmiş X12 vərəsələridir. Onların hər biri miras əmlakdan 1/2 irs almışdır. Daha sonra xx.xx.2021ci il tarixdə vəfat etmiş Aslan Mirzoyevdən miras qalmış fərdi yaşayış evinə və torpaq sahəsinə dair notariat ofisi tərəfindən mərhumun vərəsəsi olan arvadı Svetlana Mitrofanovanın xx.xx.2022-ci il tarixli vərəsəliyin qəbulu haqqında ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Lakin o, xx.xx.2022-ci il tarixdə vəfat etdiyinə görə ona “Qanun üzrə vərəsəlik Hüququ haqqında şəhadətnamə” verilməmişdir. Svetlana Mitrofanova mərhum Aslan Mirzoyevin arvadı olaraq sonuncunun vərəsəsi, iddiaçı isə öz növbəsində Svetlana Mitrofanovanın övladı olaraq öz anasının vərəsəsidir.
21. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə görə, dövlət vərəsəlik hüququna təminat verir.
22. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir (maddə 57.). Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır (maddə 58.). Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır (maddə 59.).
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1.). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (maddə 1133.2.). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1.). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (maddə 1243.). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2.).
24. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş və hazırkı qətnamənin 20-ci bəndində qeyd edilmiş hallara yanaşdıqda müəyyən edilir ki, iddia əsaslıdır və Rayon Məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
25. Apellyasiya şikayətində apellyator qeyd edir ki, X17 xx.xx.1965-ci il tarixdə vəfat etmişdir. Buna görə də, Rayon Məhkəməsi mirasın açıldığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin normalarını tətbiq etməklə işə baxa bilərdi. Lakin Rayon Məhkəmə isə hazırkı iddiaya 2000-ci ildə qüvvəyə minmiş Mülki Məcəllənin normalarını tətbiq etməklə baxmışdır.
26. Məhkəmə bildirir ki, Aslan Mirzoyev xx.xx.2021-ci il tarixdə, onun arvadı – iddiaçının anası Svetlana Mitrofanova isə xx.xx.2022-ci il tarixdə vəfat etdikləri üçün Rayon Məhkəməsi hazırkı iddiaya 2000-ci ildə qüvvəyə minmiş Mülki Məcəllənin normalarını tətbiq etməklə baxmaqda haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi
27. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə mahiyyətcə və faktlar nöqteyi-nəzərindən düzgündür. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.
28. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.
30. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 may 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh2 hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.