Məhkəmə qərarları › İş №2(103)-447/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-447/2022

19.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-447/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı Oqtay Həsənovun, Cavabdeh Elvin Ədilovun iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “yolun açılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair” 2(008)-302/2021 nömrəli mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı yolun açılması və qanunsuz tikilinin sökülməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandımışdır ki, o və qardaşları 1989-cu ildən ünvan 1 ünvanında yaşayırlar. 2014-cü ildə qonşuları Elvin Ədliov onun razılığı olmadan özünə onların evinin qarşısında, giriş qapısında bir köşk tikmişdir. Lakin daha sonra hər il həmin köşklərin sayı artmağa və ölçüləri böyüməyə başlamışdır. 2015-ci ildən başlayaraq X4 və atası köməkləşib həmin köşkləri böyüdüb yaşayış evinə çevirərək yollarını daraltmışdır. 2018-ci ildə 5 metr eni 30 metr uzunluğu olan giriş yolunu kəsərək alaqapı qoyub gedişgəliş yolunu bağlamışdır. İddiaçı öz adından və qardaşının adından Sabunçu qəsəbə nümayəndəliyinə, Sabunçu RPİ-nin 12-ci PŞ-yə və Balaxanı Əməliyyat şirkətinə müarciət etmişdir. Yerli baxış keçirilərkən tikintinin və alaqapının qanunsuz tikildiyi aşkarlanıb, sökülməsi barədə qərar qəbul olunmuşdur. Lakin tikili sökülən zaman Elvin Ədilov və atası qalmaqal salmaqla yenidən tikməyə başlamışlar. Müraciət olunan bütün orqanlar ona qanunsuz tikilinin sökülməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, evinin yolunun açılması, alaqapının və yolu bağlayan qanunsuz tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçı Oqtay Həsənov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh Elvin Ədilov apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsi və ev üzərində mülkiyyət hüququ olmadığından onun hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin həmin mövqeyi və əsaslandırması ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsində göstərilir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1, 158.1.2, 158.2-ci maddələrində göstərilir ki, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında göstərilir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyetrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir, daşınmaz əmlaka mülkiyyə hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra maddələrində fiziki və hüquqi şəxslərin hüquqlarının qorunması ilə bərabər onların qanunla qorunan mənafe və maralarının müdafiəsindən də bəhs olunur. Mülki prosessual qanunvericilikdə iddia qaldırmaq hüququnun və hüququn həyat keçirməyin şərtləri fərqləndirilmişdir. Bu məsələlər MPM-nin 152 və 153-cü maddələrində öz əksini tapmışdır. Maraqların və mənafelərin qorunmasını təsbit edən mülki prosessual qanunvericilik fiziki və hüquqi şəxslərin nəinki subyektiv hüquqlarında ifadə olunan, habelə bu hüquqlarda əhatə olunmayan maraqlarının mühafizəsini də nəzərdə tutur. Hüquqi baxımından hər cür maraq deyil, MPM-nin 2-ci maddəsinin 2.2-ci bəndinə müvafiq olaraq yalnız Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn mənafe və maraqlar məhkəmə müdafiəsinin predmeti ola bilər. Subyektiv hüquqlarla əhatə olunmayan mənafe və maraqların müdafiəsi üçün hüquq normasının olmaması məhkəmə müdafıəsində imtina olunması üçün əsas deyildir. Kollegiya həmçinin qeyd edir ki, mülki və torpaq qanunvericliyinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Hazırkı iş üzrə müəyyən edilmiş hallar ondan ibarətdir ki, tərəflər bir-biriləri ilə qonşu sahələrdə yaşayırlar, iddiaçı torpaq sahəsinin və evin mülkiyyətçisi olmasa da, həmin evdə yaşayır, belə olan halda isə şəxsin yaşadığı evin qonşuluğunda inşa edilmiş tikililərin qanuni olub-olmadığı, iddiaçının hər hansı hüququnun pozulub-pozulmadığı məhkəmə tərəfindən araşdırılmalıdır. İşdə olan Sabunçu rayonu X2 İcrayə Komitəsinin 26.08.1989-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı və onun ailə üzvləri ünvan 2 ünvanına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublkası DİN Bakı şəhər Baş Polis İdarəsinin 28.01.2020ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciətində göstərilən xüsusatlar mülki məsələlərə aid olduğu üçün, müvafiq məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan "xxxx" Dövlət Neft Şirkətinin 29.01.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı ərizəsində qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası 06.05.2011-ci il tarixli, 105-İVQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Balaxanı- Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X1” LTD Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və bu səbəbdən həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısıın Sabunçu qəsəbəsi üzrə Nümayəndəliyinin 10.02.2020-ci il tarixli, 1/21 saylı məktubundan görünür ki, yolun kəsilməsi halları aradan qaldırılmış, dəmir çərçivənin kənarlarında hörülən daşlar sökülmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12.03.2021-ci il tarixli **********38 saylı rəyindən görünür ki, elektron kadastr baza məlumatlarına əsasən iddia edilən torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində, Balaxanı Əməliyyat Şirkətinin ərazisində, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 29.09.2000-ci il tarixli, 917 saylı sərəncamı ilə Sabunçu rayonu Sabunçu qəsəbə bələdiyyəsinə ayrılması nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsidir. Mübahisələndirilən ərazidə iddiaçı və cavabdehə eləcə də başqa vətəndaşların adına torpaq sahəsinin ayrılması, hüquq və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmişdir. Mübahisə predmeti olan və İddiaçı naturada göstərdiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Z.Seyidməmmədova küçəsi 29 ünvandakı ərazi dalandır. İddiaçı istifadəsində qarşı küçədən girişi olan həyətyanı sahəsinə (evinə) qədər uzanır, dalanda cavabdehə və qeyrilərinə məxsus giriş qapısı, dalana açılan yaşayış evləri və dalanın girişində sökülmüş giriş qapısının yeri mövcuddur. Cavabdehin istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Z.Seyidməmmədova küçəsi 29 ünvanda olan tikililərin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2022-ci il tarixli, 610/5654 nömrəli rəyindən aydın olur ki, ünvan 4 ünvanda cavabdeh X4 tərəfindən inşa edilmiş əlavə tikililərə dair yuxarıda göstərilən müvafiq icazəverici sənədlər olmadığı təqdirdə, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 bəndinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilir. Tədqiq olunan mübahisəli tikilinin 15A saylı evin arxa hissəsində inşa olunmaqla, uzunluğu 6,0 metr, eni 2,5 metr, hündürlüyü 3,0 metr təşkil etdiyi müəyyən olunmuşdur. Hər hansı tikilinin digər tikilidən istifadə edilməsinə maneə və məhdudiyyət yaradıb-yaratmamasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid deyildir. Bununla yanaşı qeyd olunur ki, baxış zamanı cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikili ilə iddiaçının yaşadığı yaşayış evinin ayrı-ayrı sahələrdə yerləşdiyi və giriş-çıxış yollarının ayrı-ayrılıqda sahələrdə yerləşdiyi və giriş-çıxış yollarının ayrı-ayrılıqda olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinin tələbinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsində müəyyən edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisəli ünvanda yerləşən yaşayış sahəsindən istifadəsinə cavabdeh tərəfindən hər hansı maneə yaradılmasını təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Əksinə iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 28 fevral 2022-ci il tarixli, 610/5654 nömrəli rəyindən görünür ki, cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikili ilə iddiaçının yaşadığı yaşayış evinin ayrı-ayrı sahələrdə yerləşdiyi və giriş-çıxış yollarının ayrıayrılıqda sahələrdə yerləşdiyi və giriş-çıxış yollarının ayrı-ayrılıqda olduğu müəyyən edilmişdir. Beləliklə, qüvvədə olan qanunvericiliyə əsasən hər bir tərəf öz iddiasını təsdiq edən sübutları məhkəməyə təqdim etməklə iddiasını əsaslandırmalıdır. İddia tələbini əsaslandıran halları sübutetmə yükü iddiaçının üzərinə düşür. Hazırki iddia tələbinin əsaslılığını sübut edən hər hansı mötəbər sübut təqdim edilmədiyindən və iş üzrə keçirilmiş ekspertiza rəyi nəzərə alınaraq iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2(008)-302/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar