Məhkəmə qərarları › İş №2(103)-447/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-447/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-447/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina, apellyasiya icraatına xitam) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. İddiaçı MMC (lizinq verən), Cavabdeh (lizinq alan) və X2 (satıcı) arasında xx.xx.2018-ci il tarixdə 1801/0523 saylı “Daxili lizinq müqaviləsi” bağlanmış, müqavilənin predmetini lizinq verənin öz mülkiyyətinə satıcıdan alınmış, lizinq alan tərəfindən bəyənilib seçilmiş, fərdi əlamətləri 1 saylı Əlavədə göstərilən nəqliyyat vasitəsini (lizinq obyekti) təqdim etməsi, lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməsi, lizinq alanın isə lizinq obyektini müqavilənin şərtləri əsasında lizinqə qəbul etməsi təşkil etmişdir.

2. Həmin müqavilənin 2.2-ci bəndində göstərilmişdir ki, əldə olunan lizinq obyektinin qiyməti 16 000 manatdır.

3. Müqavilənin 5.3-cü bəndinə görə, ümumi lizinq müddəti 36 ay, 1 (bir) illik faiz dərəcəsi 24% təşkil edir, lizinq müddəti lizinq obyektinin təhvil-təslim aktı imzalandığı tarixdən hesablanır.

4. Müqavilənin 7.1-ci bəndində razılaşdırılmışdır ki, lizinq alan hər ayın 14-də bərabər miqdarda olmaqla 14 dekabr 2021-ci il tarixinədək hər ay cədvəl üzrə ödənişi etməyi öhdəsinə götürür.

5. Müqavilənin 14.1.3-cü bəndində göstərilmişdir ki, lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə bir dəfə ödəmədikdə və ya iki dəfə ödənişi gecikdirdikdə, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər.

6. Müqavilənin 2 saylı Əlavəsi olan ödəniş cədvəlinə görə, lizinq alan ilk ödəniş xx.xx.2019-cu il, sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə olmaqla, hər ay 440 manat (sonuncu ay 410 manat) ödəniş etməyi öhdəsinə götürmüşdür.

7. Müqavilənin 1 saylı Əlavəsi kimi tərtib olunmuş təhvil-təslim aktına görə, dəyəri 16 000 manat olan “CHEVROLET” markalı, “CRUZE” modelli **-PZ-*** qeydiyyat nömrəli minik avtomobili Cavabdeh təhvil verilmişdir.

8. İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixdə aşağıdakı məzmunda pretenziya məktubu ünvanlanmışdır: “CHEVROLET CRUZE” markalı minik avtomobilinin alınması üçün 11 200 manat pul vəsaiti ayrılmışdır. Nəzərinizə çatdırırıq ki, müqavilənin şərtləri tərəfinizdən pozulur və dəfələrlə şifahi müraciət, xəbərdarlıq etməyimizə baxmayaraq pozulmaqda davam edir, öhdəliklərin icrası təmin edilmir. 09 iyul 2021-ci il tarixə olan hesablamalara əsasən, sizin qrafikə düşmək üçün 25 830 manat borcunuz ödənilməmiş qalmaqdadır. Qeyd edilənlərlə yanaşı, 09 iyul 2021-ci il tarixə olan hesablamalara əsasən, sizin İddiaçı MMC qarşısında olan ümumi yerinə yetirilməmiş öhdəlik üzrə borc 28 300 manat təşkil edir. Müqavilə üzrə öhdəliklərin tərəfinizdən yerinə yetirilməməsi, müqavilə müddəti ərzində ödənişin dəfələrlə gecikdirilməsi halı baş verdiyi nəzərə alınaraq, **-PZ-*** qeydiyyat nömrəli minik avtomobili tərəfinizdən faktiki olaraq qanunsuz saxlanmaqdadır. ...Yaranmış 28 300 manat əsas və ona hesablanmış faiz borcunuzu 10 gün müddətində ödəməyinizi təklif edirk. Əks təqdirdə İddiaçı MMC 14 dekabr 2018-ci il tarixli daxili lizinq müqaviləsinin 14.1-ci bəndinin tələblərinə əsasən lizinq müqaviləsinə birtərəfli qaydada xitam verəcək və həmin bənddə nəzərdə tutulmuş qaydada lizinq obyektini geri qalacaq...”.

9. Həmin pretenziya məktubu 16 iyul 2021-ci il tarixdə Cavabdeh çatdırılmışdır.

10. “CHEVROLET” markalı, “CRUZE” modelli **-PZ-*** qeydiyyat nömrəli minik avtomobili xx.xx.2019-cu il tarixdə qəzaya uğramış, bununla bağlı "xxxx" ASC-nə sığorta ödənişinin edilməsi üçün müraciət olunmuşdur.

11. İddiaçı MMC-nin məhkəməyə təqdim etdiyi maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh tərəfindən son lizinq ödənişi xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir (950 manat) və onun xx.xx.2023-cü il tarixinə 10 089 manat əsas, 8460 manat vaxtı keçmiş faiz, 39 901 manat cərimə borcu olmaqla, cəmi 58 450 manat borcu vardır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

12. İddiaçı MMC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, MMC-nin mülkiyyətində olan “CHEVROLET” markalı “CRUZE” modelli **-PZ-*** qeydiyyat nömrəli minik avtomobilinin cavabdehin qanunsuz istifadəsindən alınaraq MMC-yə qaytarılması, cavabdehdən MMC-nin xeyrinə 10 089 manat əsas lizinq borcu, 8460 manat vaxtı keçmiş faiz borcu, 39 901 manat hesablanmış penya olmaqla cəmi 58 450 manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 266 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, MMC ilə cavabdeh arasında bağlanmış 14 dekabr 2018-ci il tarixli 1801/0523 saylı daxili lizinq müqaviləsinə əsasən, MMC ümumi dəyəri 16 000 manat olan “CHEVROLET” markalı “CRUZE” modelli **-PZ- *** qeydiyyat nömrəli minik avtomobilini öz mülkiyyətinə keçirərək cavabdehə müvəqqəti sahiblik və istifadəyə vermiş, cavabdeh isə 11 200 manat məbləğində borcu illik 24% faiz hesablanmaqla 36 ay müddətində iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh daxili lizinq müqaviləsi üzrə 36 ay müddətinə illik 24% faiz olmaqla, mütəmadi olaraq hər ay 440 manat ödəniş etməli olduğu halda ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmişdir. Eyni zamanda lizinq borcunu da ödəmir. Hazırda öhdəliklərini tam icra etməyən cavabdehin iddia qaldırılan günə 10 089 manat əsas lizinq borcu, 8460 manat vaxtı keçmiş faiz borcu, 39 901 manat hesablanmış penya, yəni cəmi 58 450 manat məbləğində borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir.

14. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

15. Birinci instansiya məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı MMC-nin mülkiyyətində olan 1 ədəd “CHEVROLET” markalı “CRUZE” modelli **-PZ-*** qeydiyyat nömrəli minik avtomobilinin Cavabdeh qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 10 089 (on min səksən doqquz) manat əsas lizinq borcu, 8460 (səkkiz min dörd yüz altmış) manat vaxtı keçmiş faiz borcu, 1000 (min) manat hesablanmış cərimə olmaqla cəmi 19 549 (on doqquz min beş yüz qırx doqquz) manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 148 (yüz qırx səkkiz) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

16. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən, cavabdeh həmin müqavilə üzrə lizinq obyektindən istifadə hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında müəyyən edilmiş lizinq ödənişlərinin ödənilməsi vəzifəsinin daşıyıcısı olmuşdur. Cavabdeh lizinq obyektindən istifadə hüququndan istifadə etmiş, lakin ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu lizinq ödənişlərini vaxtında və lazımi qaydada icra etməmişdir. Buna görə də, cavabdeh göstərilən ödənişləri iddiaçının xeyrinə ödəməyə borcludur.

17. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir, buna görə də dəbbə pulu 39 901 manat məbləğində deyil, 1000 manat məbləğində müəyyən edilməlidir.

18. Məhkəmə həmçinin vurğulamışdır ki, iddiaçı lizinq obyektinin ona qaytarılmasını tələb etməkdə haqlıdır.

19. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 462.1-ci, 467-ci, 747.1-ci, 748-10.1-ci, 748-2.1-ci, 748-2.3-cü, 748-1.11-ci və 748-1.12.4cü maddələrinə istinad etmişdir.

20. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun dəyişdirilməsini, mühasibatlıq ekspertizası təyin olunaraq əsas və faiz borcunun düzgün hesablanması və dəbbə pulunun tutulması hissəsində iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarına düzgün qiymət vermədiyi, faktiki olaraq heç bir araşdırma aparmadığı, ekspertiza təyin edib borcun məbləğini dəqiqləşdirməli olduğu halda bunu etmədiyi, etdiyi ödənişləri nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Şikayətdə həmçinin aşağıdakılar göstərilmişdir: “Mülki Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər alınır. İddiaçı MMC ilə bağlanmış 14 dekabr 2018-ci il tarixli 1801/0523 saylı daxili Lizinq müqaviləsinə əsasən ümumi dəyəri 16 000 manat olan 1 ədəd “CHEVROLET" markalı “CRUZE" modelli **-PZ-*** qeydiyyat nömrəli minik avtomobili lizinqə verilmiş və ilkin ödəniş etdikdən sonra 11200 manat məbləğində borcu illik 24% hesablanmaqla, 36 ay müddətinə MMC-yə ödəməyi öhdəmə götürmüşəm. Müqavilə bağlandığı tarixdən hər ay 440 manat ödəniş etmişəm, avtomobil alındıqdan bir müddət sonra qəzaya uğramış və mən həmin avtomobili “Ekolizinq" MMCyə geri qaytarmışam. 2019-cu ildən avtomobil "xxxx" MMC-nə təhvil verilsə də, həmin vaxtdan 4 ildən artıq müddət ərzində iddiaçı məhkəməyə müraciət etməmiş, faiz borcunun və əlavə olaraq dəbbə pulunun süni surətdə artırılmasına nail olmuşdur. Məhkəmə mənim ödədiyim ödənişləri nəzərə almamış, iddiaçı isə ödənilmiş məbləği tamamilə faiz borcunun ödənilməsinə hesablamışdır. Məhkəmə faktiki olaraq heç bir araşdırma aparmamış, lizinq şirkəti tərəfindən hesablanmış əsas və faiz borcunun məbləği ilə bağlı məhkəmə-mühasibatlıq ekpertizasınm keçirilməsini təmin etməmiş, əsassız olaraq hesablanmış faiz və dəbbə pulunun tutulması barədə qətnamə qəbul etmişdir. Mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunaraq, ödənilmiş əsas, faiz borcunun düzgün hesablanması və hesablama aparıldıqdan sonra borcun tutulması barədə obyektiv qətnamə qəbul edilməlidir. Hesab edirəm ki, 1000 manat dəbbə pulu tənasübsüz surətdə yüksəkdir”.

Apellyasiya şikayətinə qarşı etiraz

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

22. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh ilkin məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi üçün mühasibatlıq ekspertizası təyin etmiş, lakin espertiza tədqiqatının aparılması, zəruri sənədlərin təqdim olunmaması səbəbindən baş tutmamışdır.

24. İşin icraatı təzələndikdən sonra keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh qalıq borcunu ödədiyini və iddiaçı təşkilatla razılıq əldə etdiyini bildirdiyi üçün məhkəmə iclası müvafiq barışıq sazişinin məhkəməyə təqdim olunmasına şərait yaradılması məqsədilə təxirə salınmış, lakin məhkəməyə barışıq sazişi deyil, cavabdehin apellyasiya şikayətindən imtina etməsi ilə bağlı ünvanladığı teleqramı daxil olmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

26. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

27. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh öz apellyasiya şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2423/2023 saylı iş üzrə 14 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtinası qəbul edilsin və Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar