Məhkəmə qərarları › İş №2(103)-4472/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4472/2020

17.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4472/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, X10 və X2 ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı MTK-nın nümayəndəsi və vəkili X5, Cavabdeh1, Cavabdeh3 nümayəndəsi X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4072/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MTK-nın nümayəndəsi X6 iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK-nın Bakı şəhəri, Binəqədi rayonu 63 ünvanında tikdirdiyi binanın 63-cü mənzilinin cavabdehlərə verilməsi haqqında xx.xx.2010cu il tarixli, xx.xx.2012-ci il tarixli, xx.xx.2012-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 63 ünvanında tikdirdiyi binanın 63-cü mənzilinin guya cavabdehlərə pul müqabilində verilməsi haqqında müqavilələr aşkar edilmiş, müqavilələrdə və maliyyə arayışlarında İddiaçı MTK adından sədri Şahid adı yazılsa da, müqavilələrdəki imzalar ona məxsus deyil. “xxxx" MTK nə cavabdehlərlə həmin mənzilə dair müqavilə bağlamamış, nə də ki həmin müqavilələr üzrə mənzil dəyəri kimi cavabdehlər tərəfindən İddiaçı MTK- nın hesabına hər hansı vəsait mədaxil edilməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4072/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilələrin etibarsız sayılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı MTK apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilsin xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının tələblərinə uyğun olmadığına görə ləğv edilməlidir və iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki,müqavilələrdə və maliyyə arayışlarında İddiaçı MTK adından sədri Şahid adı yazılsa da, müqavilələrdəki imzalar ona məxsus deyildir. İddiaçı MTK nə cavabdehlərlə həmin mənzilə dair müqavilə bağlamamış, nə də ki, həmin müqavilələr üzrə mənzil dəyəri kimi cavabdehlər tərəfindən İddiaçı MTKnın xəzinəsinə (hesabına) hər hansı vəsait mədaxil edilməmişdir. İddianı təmin etməyən məhkəmə, bunu onunla əsaslandırmışdır ki, iddiaçı müqavilələrdəki imzaların Şahid Qürbət oğluna məxsus olmamasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, iddiaçı həmin müqavilələrdə İddiaçı MTK-nın təmsilçisi kimi sədri Şahid adından olan imzaların həqiqətən də ona məxsus olub-olmamasının, habelə möhürün qanuni təmsilçidəki möhür olub-olmamasının müəyyən edilməsi üçün müvafiq ekspertiza keçirilməsi, həmçinin MPM-nin 78.2-ci maddəsinə əsasən, məhkəmədə şahid kimi ifadə verməsi, habelə müvafiq ekspertiza üçün imza və yazı nümunələrinin alınması üçün İddiaçı MTK - nın qanuni təmsilçisi olmuş Şahid məhkəmə iclasında iştirak etməsi üçün müvafiq prossesual tədbirlər görməyi məhkəmədən xahiş edən vəsatətlər verməsinə baxmayaraq, məhkəmə vəsatətləri təmin etməmiş, bu isə məhkəmənin düzgün olmayan nətuicəyə gəlməsində əhəmiyyətli rol oynamışdır. İkincisi isə, iddiaçı tərəf Şahid sənədlərə imza etmədiyini bildirdiyi, Vergilər Nazirliyinin Vergi Auditi Departamentinə verdiyi izahatı məhkəməyə təqdim etsə də bunaqiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi və vəkili X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi X8 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər Cavabdeh2 məhkəmə kollegiyasının sonuncu iclasında iştirak etməmiş, kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4072/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində İddiaçı MTK-nın Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsində bina inşa ediləndən sonra kooperativin təmsilçilərindən (cəmi beş nəfər) birinin binada səlahiyyətli nümayəndəsi kimi çalışdığını, yeni sakinlər binaya gələndə təqdim etdikləri müqavilələrin yoxlanılması məqsədi ilə İddiaçı MTK-nın ofisi ilə telefon əlaqəsi saxlanıldığını və müsbət cavab alınandan sonra həmin şəxslərin mənzilə buraxılıb onlara təmir işlərin aparılması və yaşaması üçün icazə verilirdiyini bildirmişdir. Bununla yanaşı o, qeyd etmişdir ki, Cavabdeh2 63 nömrəli mənzili kooperativdən almasaydı, evində təmir işləri apara bilməzdi, çünki onunla yanaşı kənar şəxslərin mənzillərə daxil olmasına digər təmsilçilərin nümayəndələri də nəzarət edirdilər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində İddiaçı MTK-nın Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsində bina inşa ediləndən sonra “Nərimanov” metrosunun yaxınlığında yerləşən İddiaçı MTK-nın ofisində işlədiyini, Şahid ofisdə daimi oturmadığını, hər hansı bir mənzili alan ilk sakinin pulu kooperativə ödədiyini, sakinlərin arasında növbəti alqı- satqılarla bağlı pulların ödənilməsini aralarında həll etdiklərini, kooperativin isə sadəcə olaraq yeni sakin ilə təzə müqavilənin bağlanılmasını həyata keçirdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində İddiaçı MTK-nın Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsində inşa etdiyi binanın 63-cü nömrəli təmirsiz mənzilini təxminən 2010-cu ildə aldığını, lakin bina onun xoşuna gəlmədiyinə görə mənzili hazırda adı yadında qalmayan şəxsə satdığını, pulu alandan sonra “Nərimanov” metrosunun yaxınlığında İddiaçı MTK-nın ofisinə gedərək özünə aid olan müqaviləni təhvil verdiyini bildirmişdir. İş materiallarında olan “06” V 2010-cu tarixli müqavilənin surətindən görünür ki, kooperativ Bakı şəhəri, Binəqədi rayonu Mir Cəlal küşəsi 63 ünvanında İddiaçı MTK-nın tikilməkdə olan binasında 63 nömrəli mənzili payçı Cavabdeh2 verməyi, payçı isə mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. İş materiallarında olan “04” oktyabr 2012-ci il tarixli müqavilənin surətindən görünür ki, kooperativ ünvan 4 ünvanında İddiaçı MTK-nın tikilməkdə olan binasında 63 nömrəli mənzili payçı Cavabdeh3 verməyi, payçı isə mənzili qəbul etməyi və qabaqcadn müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. İş materiallarında olan “24” oktyabr 2012-ci tarixli müqavilənin surətindən görünür ki, kooperativ ünvan 4 ünvanında İddiaçı MTK-nıntikilməkdə olan binasında 63 nömrəli mənzili payçı Cavabdeh1 verməyi, payçı isə mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən, Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. İş materiallarından müəyyən oluxxxx ki, İddiaçı MTK-nın ofisi Nərimanov metrosunun yaxınlığında yerləşləsə də, yaşayış binası Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində inşa edilmiş və həmin vaxt İddiaçı MTK-nın sədri Şahid olmuşdur. İddiaçı öz tələbində İddiaçı MTK-nın binsında 63 nömrəli mənzilin kooperativ tərəfindən heç kimə satılmadığı və məhkəməyə təqdim olunan müqavilələrdə imzaların MTK-nın sədri Şahid məxsus olmadığına görə həmin müqavilələrin etibarsız hesab edilməsini xahiş etmişdir (halbuki iddiaçı Şahid imzalarının mübahisələndirməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir). Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tələb əsassız olduğundan rədd olunmalıdır. Belə ki, məhkəməyə təqdim olunan müqavilələrin əsli olmamış, məhkəmə iclaslarında isə müəyyən edilmişdir ki, mənzili satan əvvəlki sakin köhnə müqaviləni İddiaçı MTK-ya geri qaytarmış, kooperativ isə yeni sakin ilə təzə müqavilə bağlayırmış. Bununla yanaşı məhkəmə haqlı olaraq hesab etmişdir ki, bina kooperativ təmsilçilərinin beş nümayəndəsinin nəzarəti altında olduğuna görə kənar şəxslərin 63 nömrəli mənzildə təmir işləri aparması və yaşaması qeyri-mümkündür. Həmçinin, iş materiallarından müəyyən edilir ki, İddiaçı MTK-da mənzillərin satılması ilə bağlı lazımi qaydada kargüzarlıq işləri aparılmamış və həmin müqavilələr mövcud olan reyesterdən qeydiyyatdan keçirilməmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ardıcıl bir- birinə mübahisəli mənzili satmışlar və yeni alıcılar məhz “Nərimanov” metrosunun yaxınlığında yerləşən İddiaçı MTK-nın ofisində isə yeni müqavilə (ikisi köhnə alıcı tərəfindən ofisə təhvil verilib) almışlar. Göründüyü kimi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qanunla nəzərdə tutulmuş qaydada mülkiyyət hüquqlarını əldə etməsələr də, 63 nömrəli mənzilə mövcud dövrlərdə gözlənilən mülkiyyət hüquqları var idi (Cavabdeh1 hal-hazırda da var) və onlar vicdanlı alıcılardır. Həmçinin, İddiaçı MTK-nın ofisində Şahid əvəzində üçüncü şəxslərin imza etməklərinə görə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 cavabdehlik daşıya bilməzlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olmaqla, yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4072/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4072/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar