Məhkəmə qərarları › İş №2(103)-4473/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4473/2023

24.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4473/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: «aktın etibarsız hesab edilməsi və borcun silinməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1999/2023 saylı, 12 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Paylayıcı Cavabdeh ilə istehlakçı İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli № AKX-05135xx/xx-2023 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu barədə xx.xx.2022-ci il tarixli akta əsasən İddiaçı istifadəsində olan 1705AZ**********96 zavod nömrəli sayğaca baxış zamanı sayğacın menyularının tam qarışdığı aşkar edilmişdir.

3. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* №-li akta görə ünvan 1 ünvanında sayğaca ümumi baxış keçirilmiş və Lcd ekranı əsas çap vərəqi və elementi ilə əvəz olunduğu aşkar edilmişdir.

4. X1 yoxlanılması barədə xx.xx.2022-ci il tarixli MSK 29/1710-02572-1 saylı aktdan müəyyən olunur ki, 1705AZ**********96 zavod nömrəli sayğaca ümumi baxış keçirilmiş, məlum olmuşdur ki, sayğacın Lcd ekranı, əsas çap vərəqi və elementi 2010-cu ilə məxsus Lcd ekranı, əsas çap vərəqi və element ilə dəyişdirilmiş, impuls ötürən lentin simləri zədələnmiş, sayğacın yaddaş arxivi oxunmuş, sayğacda xx.xx.2019-cu il tarixdə Alarm-1 rejimi aşkar olunmuş, sayğacın istismara yararasız olması müəyyən olunmuşdur.

5. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilir ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli 29/1710-02572-1 №-li aktına əsasən G-6 markalı 1705AZ**********96 №-li sayğacın impuls ötürən lentinin simləri zədəlidir, Alarm-1 rejimi aşkar olunmuş, xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texiki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz ediməsi qərara alınmış, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan 12960 m3 müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022ci il tarixli aktın etibarsız hesab edilməsini və 1555 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Tələbdə göstərilir ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında qaz sayğacı quraşdırılmışdır. Bir müddət bundan əvvəl əraziyə xidmət göstərən cavabdehin əməkdaşları tərəfindən qeyd olunan evdə quraşdırılmış sayğaca baxış keçirilmiş və guya müəyyən edilmişdir ki, mənzilə quraşdırılmış mövcud sayğac işlədicilərin saatlıq qaz sərfinə uyğun deyil və sayğacda dəyişiklik edilmişdir. Nəticədə cavabdeh təşkilat tərəfindən 12960 m3 itirilmiş qaz hesablanmışdır. Cavabdeh təşkilat tərəfindən hesablanmış borc tamamilə əsassızdır. Mövcud sayğac məhz cavabdeh təşkilat tərəfindən qoyulmuşdur. Sonradan mənzildə iddiaçı tərəfindən əlavə heç bir qaz cihazı quraşdırılmamışdır. Belə olduğu təqdirdə hətta sayğac uyğun olmasa belə buna görə məsuliyyəti istehlakçı deyil, Cavabdeh İB daşımalıdır. Laboratoriya yoxlamasının nəticəsi kimi qeyd olunmuşdur ki, guya qaz sayğacına kənar müdaxilə olunmuş və bunun nəticəsində əlavə qaz istifadə olunmuşdur. Cavabdeh təşkilat tərəfindən bu günədək sayğacın sərfiyyata uyğun olmaması barədə iddiaçıya heç bir bildiriş göndərilməmişdir. Bu günədək qazın pulu iddiaçı tərəfindən kart vasitəsi ilə ödənilmişdir. Karta yüklənən vəsaitə uyğun olaraq qaz sərf olunur və hesabdakı məbləğ bitdikdə qazın verilməsi də dərhal dayanır. Cavabdeh təşkilatın qeyd etdiyi kimi əlavə qaz sərfiyyatının baş verməsi mümkün deyildir. Cavabdeh tərəfindən hazırlanmış xx.xx.2022-ci il tarixli tələbnamə və xx.xx.2022ci il tarixli ******* №-li akt barədə istehlakçıya heç bir yazılı məlumat verilməmiş eyni zamanda istehlakçının imzası alınmamış, əgər imtina olmuşsa imtina aktı tərtib olunmamışdır. Qaz cihazlarına heç bir baxış keçirilməmiş, qaz cihazları barədə məlumatlar qeyri-dəqiq və yetərsiz olmaqla cavabdehin nümayəndələrinin qeyri-peşəkarlığı, məsuliyyətsizliyi, səhlənkarlığı və qərəzli olmalarını göstərir. Cavabdeh AKX-05135xx/xx- 2023 №-li müqavilənin 2.1.2; 2.1.4; 2.1.8; 2.1.10 bəndlərini eləcə də qazdan istifadə qaydalarının tələblərini pozmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt qeyri-dəqiq, qərəzli və əsassızdır. Belə ki, aktın tərtib edildiyi yer və abonentin ünvanı dəqiq göstərilməmişdir. Aktda sayğacın göstəriciləri eləcə də qaz işlədici avadanlıqlar və onların parametrləri haqqında heç bir məlumat yoxdur. Abonentin iştirakı və imzası olmadan akt tərtib edilmişdir. Bu səbəblərə görə xx.xx.2022-ci il tarixli ******* №-li akt qanuna uyğun olmamaqla heç bir hüquqi əsası yoxdur, ona görə həmin akt ləğv edilməlidir. Aktın qəbul olunmasında heç bir normativ hüquqi sənədə uyğunluğu göstərilməmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə smart karta 500 manat ödənilmiş, lakin bir müddət sonra qaz sərfiyyatı dayandırıldığından həmin məbləğ istifadə olunmamış, daha sonra isə qaz sayğacı cavabdeh tərəfindən dəyişdirilmiş və həmin məbləğ yeni karta köçürülməmişdir.

8. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh tərəf iddia ərizəsinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının istifadəsində olan qaz sayğacı cavabdehin əməkdaşları tərəfindən dəyişdirilərkən sayğaca müdaxilə faktı aşkar edilmiş və sayğac çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Bu barədə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunmuş və aşkar olunan nöqsanlar iddiaçının diqqətinə çatdırımışdır. Dövlət yoxlamasının rəyinə əsasən sayğacın Lcd ekranının, əsas çap vərəqinin və elementinin 2010-cu ilə məxsus Lcd ekranı, əsas çap vərəqi və elementi ilə əvəz olunduğu aşkar edilmişdir. Bunun nəticəsində birlik tərəfindən itirilmiş qazın dəyərinin hesablanması üçün dəymiş ziyanın hesablanmasına dair tələbnamə tərtib edilərək 1555,20 manat (12960 m3x 0,12 manat) dəymiş ziyan hesablanmışdır. İstehlakçı 2022-ci ilin avqust ayında 500 manat ödəniş etmiş, 500 manat tam həcmdə istehlakçının kart hesabına keçirilmiş, həmin məbləğdən borca görə hər hansı bir tutma aparılmamışdır.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1999/2023 saylı, 12 aprel 2023cü il tarixli qətnaməsi (hakim Səadət Səlimova) ilə iddia ərizəsinin təmin edilməsi, X5 xx.xx.2022-ci il tarixli ******* №-li aktının etibarsız hesab edilməsi, Cavabdeh İddiaçı maddi ziyana görə tələb etdiyi 1555 manatın silinməsi və Cavabdehndən dövlət rüsumuna görə 35,55 manatın dövlət nəfinə tutulması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən, onun barəsində xx.xx.2022-ci il tarixli ******* tarixli akt tərtib edərək həmin akta əsasən fiziki şəxs olan istehlakçıya qaz sərfiyyatına görə 1555,20 manat ziyan hesablamışdır. İddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçı barədə xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib etməklə həmin akta əsasən istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 1555,20 manat ziyan hesablamışdır. Ona görə də məhkəmə istehlakçının iddia ərizəsini əsaslı hesab edib təmin etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş eddərək şikayətində göstərir ki, Cavabdeh İB-in əməkdaşları tərəfindən istehlakçı İddiaçı istifadəsində olan qaz sayğacı xx.xx.2022-ci il tarixində dəyişdirilərkən sayğaca müdaxilə faktı aşkar edilmiş və sayğac çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Bu barədə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" AKT tərtib olunmuş və aşkar olunan nöqsanlar iddiaçının diqqətinə çatdırımışdır. Dövlət yoxlamasının rəyinə əsasən sayğacın LCD ekranının, əsas çap vərəqinin və elementinin 2010-cu ilə məxsus LCD ekranı, əsas çap vərəqi və elementi ilə əvəz olunduğu aşkar edilmişdir. Bunun nəticəsində Birlik tərəfindən İtirilmiş qazın dəyərinin hesablanması üçün dəymiş ziyanın hesablanmasına dair tələbnamə tərtib edilərək faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş qaz sərfi müəyyən edilmişdir. Göründüyü kimi istehlakçı İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni sayğaca müdaxilə edərək təbii qazın dəyərini ödəmədən istifadə etmiş və cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar Birliyə vurulmuş zərəri sübut edir. Belə olan halda Cavabdeh İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz sayğacına müdaxilə etməsinə dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdeh məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktda qeyd etmişdir. Belə ki, dəymiş ziyanın həcminin hesablanmasında Birliyin mütəxəssisləri tərəfindən abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında İddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xpahiş etdi.

13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

16. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

17. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:

Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bənd 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

24. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

25. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılırdı.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, Qaydaların tələbinə görə fiziki şəxs olan istehlakçı-iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyəti cavabdeh daşıyır.Lakin cavabdeh sayğacın “yararsız” vəziyyətə salınmasında özünün cavabdehliyini istisna edir.

27. Maddi zərər vurulması üçün təqsirli olaraq mülki hüquq pozuntusu törədilməli zərərçəkən şəxs bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçının sayğaca müdaxilə edərək onu yarasız vəziyyətə salması sübuta yetirilməlidir. Əgər cavabdeh iddiaçının belə bir pozuntuya yol verdiyini israr edirsə, bu halı sübut etmək yükü onun üzərinə düşür. Ancaq cavabdeh bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etmir. Demək ki, iddiaçı törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb edilə bilməz. Ona görə də əsassız hesablanmış borcun silinməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur.

28. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın xx.xx.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması, hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Çünki, həmin sənədin normativ hüquqi akt kimi qeydə alınmasına dair də sübut təqdim edilməmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1999/2023 saylı, 12 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1999/2023 saylı, 12 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar