Məhkəmə qərarları › İş №2(103)-4474/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4474/2023

19.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4474/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(001)- 2735/23 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanında o, ailəsi ilə yaşayır abonent kodu **********10100). Cavabdeh tərəfindən qaz sayğacı dəyişdirilmiş və yeni qaz sayğacı quraşdırılmışdır. Həmin abonent koduna sayğacın çıxış plastmas borusu deşilib, hesablama mexanizmi normal sayğacdan keçən qaz həcmini qeyd etmir səbəbi ilə akt tərtib edilməklə cərimə hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq ünvan 1 ünvanına (abonent kodu **********10100) hesablanmış 1555,20 manat məbləğində cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azəriqaz İB-nin işçiləri özləri plombu qırıb qaz sayğacını dəyişiblər. Sonradan akt tərtib olunub ki, sayğacın çıxış plastmas borusu deşilib, hesablama mexanizmi normal sayğacdan keçən qaz həcmini qeyd etmir. Qaz sayğacı bayırda quraşdırılıb. O, sayğacı yad müdaxilələrdən necə qoruya bilər. Sayğacın plombunu özləri qırıb sayğacı dəyişiblər amma ona sonradan müdaxiləyə görə akt tərtib edib 1555,20 manat cərimə borcu yazıblar. Qərara gəlmişdir ki, məhkəməyə müraciət edib öz haqqını müdafiə etsin.

4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 may 2023-cü il tarixli, 2(001)-2735/23 saylı qətnaməsi ilə (hakimHətəmzadə Fərid) iddia tələbi təmin edilmiş, İddiaçı (Abonent kodu: **********10100) hesablanmış 1555,20 (min beş yüz əlli beş manat 20 qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar Birliyə vurulmuş zərəri sübut edir. Belə olan halda Cavabdeh İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz sayğacına müdaxilə etməsinə dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. 9.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.2-ci bəndinə əsasən,

10. 4.2-ci bənd. Qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

11. 4.6-cı bənd. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

12. 4.7-ci bənd. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

13. 4.8-ci bənd. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

14. 4.9-cu bənd. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

15. Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları

16. .Bənd 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla iddiaçının təbii qazdan qeyri-qanuni istifadə halının aşkar olunması əsası ilə akt tərtib olunmuş və müvafiq olaraq itirilmiş qazın bərpası üçün hesabat aparılaraq borc tələb edilmişdir.

26. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əsasən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

27. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktın olmasını və həmin aktların tərtib edilməsinə əsaslar iddiaçı tərəfindən təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

28. Məhkəmə kollegiyası hesab edir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməli və bir nüsxəsi abonentə verilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Belə olan halda hesablanmış zərərdə abonentdən tələb edilə bilməz. Hazırki halda isə cavabdehi qurum tərəfindən qeyd edilənlərə riayət edilməmişdir.

29. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə dügün nəticəyə gəldiyindən apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(001)- 2735/23 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar