Məhkəmə qərarları › İş №2(103)-4474/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4474/2024

09.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4474/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (3-cü şəxs qismində "xxxx" MTK işə cəlb olunmaqla) cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsi, Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ipoteka müqaviləsinin etibarsızlığı) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-461/2024 nömrəli, 13 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları

1. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2492/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, X5, maraqlı şəxslər Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin və çıxarışın ləğvi, torpaq sahəsinin qeyri-qanuni sahiblikdən götürülməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh2 adına verilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* saylı çıxarışın ləğv olunması qət edilmişdir.

2. İş materiallarında olan Xəzər rayon İcra şöbəsinin icra məmurunun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2492/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin geri qaytarılması haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh2 mülkiyyətində olan Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 976 saylı bağ sahəsi "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli 393-İZG/1 nömrəli ipoteka müqaviləsi əsasında yüklü edildiyindən icra vərəqəsinin icrası mümkün olmamışdır.

3. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyovun cinayət işi başlanılmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında 11 aprel 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı şikayət ərizəsi ilə Nərimanov RPİ-nə müravciət edərək, Xəzər rayonu, Şüvələn qəsəbəsində yerləşən bağ sahəsinin tanımadığı X6 və Cavabdeh2 tərəfindən sənədlərin saxtalışdırılması yolu ilə ələ keçirildiyini bildirmişdir. İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə Nərimanov RPİ İŞ-nin sabiq müstəntiqi Mehman Ələsgərov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarının əsassız və qanunsuz olduğuna görə ləğv edilməsi və material üzrə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə fakta görə cinayət işi başlanması, ibtidai istintaqın aparılması üçün Nərimanov RPİ İŞ-nə göndərilməsi qərara alınmışdır.

4. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3287/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh2 kassasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2492/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2219/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzərl rayonu, Şüvələn qəsəbəsi, sahəsi 0,25 ha olan 976 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.

6. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 393-ƏKM saylı, 22 fevral 2022-ci il tarixli Əsas kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinə 60 ay müddətində (xx.xx.2027- ci il tarixədək) 350.000 (üşyüz əlli min) manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açmağı öhdəsinə götürür. Müqavilənin 7.1 bəndinə görə bu Müqavilə, o cümlədən bu Müqavilə çərçivəsində bağlanan Əlavə kredit müqavilələri üzrə borc alanın borc verən qarşısında öhdəliklərinin təminatı qismində xx.xx.2022-ci il tarixli, 393-İZG/1 saylı İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak çıxış edir.

7. İş materiallarında olan ipoteka saxlayan-"xxxx" ASC, ipoteka qoyan- Cavabdeh2 və borc alan-"xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2022ci il tarixli, 393-İZG/1 saylı İpoteka müqaviləsindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* saylı çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan ünvan ünvanında mülkiyyətdə olan 0.26 ha torpaq sahəsi borc alanla ipoteka saxlayan arasında bağlanmış 393-ƏKM saylı, 22 fevral 2022-ci il tarixli Əsas kredit müqaviləsinə, o cümlədən bu Müqavilə çərçivəsində bağlanan Əlavə kredit müqavilələrinə əsasən borc alanın ipoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin təminatı məqsədi ilə ipoteka ilə yüklü edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (3-cü şəxs qismində "xxxx" MTK işə cəlb olunmaqla) cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsi, Cavabdeh2 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 22 fevral 2022-il tarixli 393-İZG/1 saylı ipoteka müqaviləsinin etibarsız sayılmasına və ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki,Bakı şəhəri İcra hakimiyyəti başçısı aparatının Bağlar təsərrüfatı və inkişafı və istismarı birliyinin Şüvəlan ərazisindəki 976 saylı bağ sahəsi 30 iyun 20016-ci il tarixli seriya RX № ******* saylı çıxarışa əsasən onun mülkiyyətinə verilmişdir. Sonradan onun xəbəri olmadan, cavabeh Cavabdeh2 etibarnamə vermədən, dələdüzluq yolu ilə saxtakarlıq edərək ona məxsus torpaq sahəsini bağışlama müqaviləsi ilə rəsmiləşdirmiş və bunun əsasında da ona məxsus torpaq sahəsinə çıxarış verilmişdir. Bağışlama müqaviləsini qeydə almış 38 saylı notariat kontoruna müraciət edildikdə məlum oldu ki, 05 iyul 2016-ci il tarixdə bağlanmış bağışlama müqaviəsində göstərilən X4 adına guya onun tərəfindən verilmiş etibarnamə saxtadır və belə bir etibarnamə notariat ofisində qeydiyyatdan keçməmiş və bu şəxsin adına verilməmişdir. Bağışlma müqaviləsinin mövcudluğu ilə əlaqədar 22 saylı notariat kontoruna müraciət etdikdə ona verilən cavabda 05 iyul 2016-ci ildə bu müqavilənin qeydiyyatı aparılmadığı müəyyən edilmişdir. Beləlkilə ona məlum oldu ki, cavabdeh saxta sənədlər əsasında ona məxsus torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Etibarnamələr saxta olduğu üçün onların etibarsızlığı ilə əlaqədar mübahisə qaldırmır. Xəzər rayon məhkəməsi əməliyyatların saxta sənədlərlə aparıldığını və Cavabdeh2 adına verilmiş çıxarışın ləğv olunması barədə 23 dekabr 2022-ci il tarixdə qətnamə çıxardı. Qətnamədən qarşı tərəf şikayət verməsinə baxmayaraq qanuni qüvvəsini aldı və 03 noyabr 2023-cü il tarixdə icra olunması üçün Əmlak komtəsinə göndərildi. Əmlak komitəsinin 06 dekabr 2023-cü il tarixli məktubu ilə bildirildi ki, Nərimanov rayon polis idarəsinin əməkdaşlarının himayədarlıq etdiyi, saxta sənədlərlə ona məxsus torpağını öz adına rəsmiləşdirən Cavabdeh2 onun torpağını ABB-yə 22 fevral 2022-ci il tarixdə 393-İZG/1 saylı ipoteka müqaviləsi ilə yüklü etmişdir. Bu səbəbdən qətnamə icra olunmur. Cavabdeh2 çıxarışının saxta olmasını bilərəkdən bu torpağı ipoteka yüklü etmişdir. Hazırda Xəzər rayon məhkməsinin 23 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən çıxarış ləğv olunmuşdur. Bu səbəbdən də o, məhkəməyə 22 fevral 2022-ci il tarixdə 393-İZG/1 saylı ipoteka müqaviləsinin etibarsız sayılmasına və ləğv olunmasına dair qətnamə çıxarılması barədə iddia ilə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-461/2024 nömrəli, 13 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 393-İZG/1 saylı, 22 fevral 2022-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 271.1, 324.1, 324.4, 337.1, 337.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 22 fevral 2022-il tarixli 393-İZG/1saylı ipoteka müqaviləsi bağlanılarkən İddiaçı mübahisəli torpaqdan nə məlumatı nə də hansı ərazidə yerləşməyindən məlumatı olmamışdır. Eyni zamanda bu torpağın mübahisəli torpaq olmasından mənim məlumatım olmamışdır. Belə ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar təsərrüfatı və inkişafı və istismarı birliyinin Şüvəlan ərazisindəki 976 saylı bağ sahəsi ilə birlikdə digər ərazidəki bağ sahələrini mənim babam dəyərini ödəməklə almışdır. Qeyd edilən bağ sahəsi İddiaçı atasının adına olmuşdur. İddiaçı atası rəhmətə gedəndən sonra vərəsəlik qaydasında həmin bağ sahəsi hal-hazırki iddiaçının mülkiyyətinə keçmişdir. 976 saylı bağ sahəsinin sənədləri (Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar təsərrüfatı və inkişafı və istismarı birliyi tərəfindən verilmiş) bizdə olmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar təsərrüfatı və inkişafı və istismarı birliyinin Şüvəlan ərazisindəki 976 saylı bağ sahəsinin harda yerləşməsindən hal-hazırki iddiaçının məlumatı olmamışdır. Həmin bağ sahəsinin özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət etdikdə özünü Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin əməkdaşı kimi təqdim edən X9 bizə bildirmişdir ki, qeyd edilən torpağın sənədlərini təqdim edin qalan məsələləri özüm həll edəcəyəm. X3 inandığımdan Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar təsərrüfatı və inkişafı və istismarı birliyinin Şüvəlan ərazisindəki 976 saylı bağ sahəsinin sənədlərini ona təqdim etmişdim. Özünü Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin əməkdaşı kimi təqdim edən X1 işləri apardıqdan sonra mənim adıma çıxarış alaraq mənə təhvil vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh tərəf və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 yazılı ərizə ilə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə cavabdeh tərəf və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

17. 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

19. 269-cu maddəsinə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.

20. 271.1-ci maddəsinə görə əşyanı ipoteka qoyan yalnız onun mülkiyyətçisi ola bilər və o adətən əsas öhdəlik üzrə borclu şəxs qismində çıxış edir.

21. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

22. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

23. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

24. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022- ci il tarixli Qərarında göstərmişdir ki, “Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.”

27. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Hazırki halda qətnamə Cavabdeh2 tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-461/2024 nömrəli, 13 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3287/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2492/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamış Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023cü il tarixli 2(103)-2219/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 976 nömrəli bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. Qeyd olunan bağ sahəsinin Cavabdeh2 bağışlanması barədə xx.xx.2016-cı il tarixli müqaviləni mülkiyyətçinin adından xx.xx.2006cı ildə Bakı 38 nömrəli Notariat Kontorunda rəsmiləşdirilmiş 7e-11797 reyestr nömrəli etibarnamə ilə X7 imzalamış, lakin tədqiq olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı, onu üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə etibarnamə verməmiş, X7 tərəfindən İddiaçı məxsus ünvan Cavabdeh2 bağışlanarkən, X4 İddiaçı təmsil etmək və onun adından bağışlanmaya razılıq barədə ərizə vermək səlahiyyəti olmamışdır. Həmçinin məhkəmə tərəfindən edilmiş sorğular nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri 22 saylı Notariat Kontorunda 4Ə indeksli reyestrlərdə xx.xx.2016-cı il tarixdə rəsmiləşdirilmiş notariat hərəkəti müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdeh X4 iddiaçını təmsil etmək və onun adından bağışlanmaya razılıq barədə ərizə vermək səlahiyyəti olmamış, iddiaçı tərəfindən Bakı şəhəri 38 saylı notariat ofisində xx.xx.2016-cı il tarixdə 7E-11797 reyestrdə rəsmiləşmiş etibarnamə mövcud deyil. Məhkəməyə təqdim olunmuş mübahisəli əqd onu bağlamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Bununla belə, xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinin qeydiyyatı ümumiyyətlə müvafiq notariusun reyestrində mövcud deyildir. Göstərilənlərə əsasən mübahisəli torpaq sahəsinin bağışlanmasına dair müqavilənin etibarsız olduğu müəyyən edildiyindən həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydə alınmış xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, PX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

39. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı iştirakı olmadan və onun tərəfindən buna dair hər hansı səlahiyyət verilmədən ona məxsus daşınmaz əmlaka dair cavabdehlər Cavabdeh2 ilə "xxxx" ASC arasında 22 fevral 2022-il tarixli 393-İZG/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

40. Məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçı cavabdehlər arasında bağlanmış ipoteka müqaviləsinin etibarsızlığını tələb etməkdə halıdır.

41. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

42. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətində qeyd etdiklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələbi baxımından hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair qənaəti qanuni və əsaslı olmuşdur.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

45. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-461/2024 nömrəli, 13 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar