Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4477/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh 2 saylı Bakı “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 aprel 2022-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı tərəfindən cavabdeh Notariat Ofisinə qarşı irəli sürülmüş “vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiasının qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla iddia ərizəsinin iddiaçıya qaytarılmasını qərara almışdır. İddiaçının həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayəti, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) şikayəti və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsini qaytarılması barədə nəticəyə gəlmiş Rayon Məhkəməsi mövqeyini “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li qərarının 8-ci bəndi ilə əsaslandırmışdır. Rayon Məhkəməsi hesab etmişdir ki, iddia ərizəsində irəli sürülən tələb inzibati orqanın üzərinə vəzifənin qoyulması ilə bağlı olduğu üçün, həmin tələbə mülki mühakimə icraatı qaydasında baxıla bilməz, həmin məsələyə inzibati mühakimə icraatı qaydasında Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə qeyd edilən həmin mövqe ilə razılaşmır. Çünki Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 8-ci bəndi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirlmişdir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarının 6.1.8-ci bəndinə görə, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Göstərilənlər nəzərə alındıqda müəyyən edilir ki, Rayon Məhkəməsi göstərilən əsasla iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmamışdır. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, iddia ərizənin mümkünlüyü və icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 aprel 2022-ci il tarixli qərardad ləğv edilsin. İddiaçı cavabdeh 2 saylı Bakı “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə” iddiasının mümkünlüyü və icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-4477/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4477/2022
10.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver