Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4479/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “pul və kompensasiya” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Seyedazam Mirheidar, Cavabdeh1 MMC və onun direktoru Cavabdeh2 müqavilə öhdəliyinin pozulmasına görə 86.000 ABŞ dolları pulun və 44.490 ABŞ dolları kompensasiyanın tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı, həmçinin, iddianın təmini tədbiri haqqında ərizə verərək, iddiaya baxılıb qanuni qüvvəsini almış məhkəmə qətnaməsi qəbul edilənədək Cavabdeh2 mülkiyyətində olan “Hyundai Grandeur” markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan olunması üçün avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək sözügedən avtomobilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Cavabdeh1 MMC, şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslanıdırlmışdır ki, müqavilə 2019-cu ilin mart ayında iddiaçı ilə MMC arasında imzalanmışdır. Buna baxmayaraq, iddianın təmin tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, fiziki şəxsin əmlakı olan avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Ona görə də, həmin avtomobilin üzərinə qoyulmuş qadağa götürülməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi, 05 aprel 2021-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya vurğulayır ki, qərardadı şikayət verənin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Məhkəmə kollegiyası, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməli, qərardad mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula, müəyyən hərəkətləri etmək cavabdehə və ya başqa şəxslərə qadağan oluna bilər. Göründüyü kimi, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd tərəflərin əvvəlki vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarətdir. Odur ki, iddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə, qeyri-mümkün və ya əhəmiyyətsiz edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Hazırda iddiaçı, Cavabdeh1 MMC ilə aralarında bağlanmış müqavilənin pozulmasına görə ona dəymiş ziyanın ödənilməsini tələb edir və işə baxılıb qurtaranadək qeyd olunan MMC-nin direktoru Cavabdeh2 məxsus “Hyundai Grandeur” markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş edir. Kollegiya hesab edir ki, tələb haqlı sayılacağı halda qətnamənin icrasının təmin edilməsi üçün borcun sözügedən avtomobilə yönəldilməsi mümkündür. Odur ki, həmin avtomobilin vicdanlı üçüncü şəxslərə keçməsinin qarşısınının alınması üçün mənzilin özgəninkiləşdirilməsi cavabdehə qadağan olunmalıdır. Ərizənin bu həddə təmin edilməsi, iddianın təmini tədbiri institutunun mahiyyəti və məqsədi ilə də uzlaşır. Yəni bu tədbir, iddia haqlı sayılacağı halda qətnamənin icrasının çətinləşməsinin qarşısını alacaqdır. Odur ki, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2572/2021 nömrəli, 31 mart 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4479/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4479/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver