Məhkəmə qərarları › İş №2(103)-448/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-448/2023

10.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-448/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi-vəkili Vəkil3, Cavabdeh1 prosessual hüquqi varisi Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Mənzil Mülkiyyəçilərinin Müştərək Cəmiyyətinin cavabdehin prosessual hüquqi varisi Cavabdeh2 qarşı “özbaşına açılmış qapının bağlanması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-351/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Ağ şəhər “Yaşıl Ada” rayonu xx.xx.2013-cü il tarixli, 3d saylı müqavilənin surətindən görünür ki, alıcı Cavabdeh1 tərəfindən qeyri-yaşayış sahəsinin dəyəri tam ödənildikdən sonra "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, Xaqani Rüstamov küçəsi 6 ünavnında inşa etdiyi 7 mərtəbəli, 8 girişli binada yerləşən giriş 3, 1-ci mərtəbədə C1-D1 aşrımı və 15-17 aşrımı arası yerləşən 40 kv.m qeyri-yaşayış sahəsi alıcı Cavabdeh1 təhvil verilmişdir. İddiaçı Mənzil Mülkiyyəçilərinin Müştərək Cəmiyyətinin Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinin Başçısına və Bakı şəhəri, Ağ Şəhər Layihəsinin rəhbərliyinə ünvanladığı xx.xx.2020-ci il tarixli 02/20 saylı məktubun surətindən görünür ki, qanunsuz açılmış qapının bağlanması və tikinti layihəsinə uyğun bərpasının təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı MMMC-nin sədri Nümayəndə ünvanlanmış 1075 saylı, xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, ona payçılar və mülkiyyətçilər arasında yaranmış problemlərlə əlaqədar mövcud qanunvericiliyə uyğun məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx/xx-2185 saylı xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 3 ünvanındakı 6 mərtəbəli yaşayış binasının 1- ci mərtəbəsində yeləşən, Cavabdeh1 tərəfindən satın alınmış qeyri-yaşayış sahəsindən binanın 3-cü girişindəki ümumi istifadədə olan dəhlizə əlavə giriş təşkil edilərək qapı oyuğu açılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 rəisi Cəbrayıl Xanlarov tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Xətai rayon İcra Hakimiyyətinə və Xətai rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli telefonoqramın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən, "xxxx" MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsində yükdaşıyan divarda əlavə qapı oyuğu açıldığı mütəxəssislər tərəfindən aşkar edilmişdir. Aparılan işlərə dair icazəverici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/27 saylı ekspert və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəylərindən görünür ki, ünvan 6 ünvanda 1-ci mərtəbədə yerləşən Cavabdeh1 məxsus sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsində lift meydançasına doğru açılmış qapının yaşayış binasının layihəsində nəzərdə tutulmadığı müəyyən edilir. ünvan 6 ünvanda 1-ci mərtəbədə yerləşən Cavabdeh1 məxsus sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsində lift meydançasına doğru açılmış qapı daşıyıcı (ana) divarda (dəmir-beton diafraqamda) açılmışdır. Qeyd edilən qapının açılması texniki cəhətdən binaya hər hansı təhlükə yaratmasını təyin etmək üçün bina tam müayinə olunmalı, xüsusi proqram vasitəsilə təsirlərin hesabatını nəzərə almaqla müəyyən oluna bilər. ünvan 6 ünvanda 1-ci mərtəbədə yerləşən Cavabdeh1 məxsus sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinə birbaşa (digər şəxslərə məxsus olan sahələrdən keçmədən) alternativ giriş-çıxış qapısının açılması texniki cəhətdən mümkündür, lakin bu məsələ “Ağ şəhər” layihəsinin rəhbərliyi, binada sakinlər tərəfindən yaradılmış Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti və layihəsinin baş mühəndisi ilə razılaşdırılmalıdır. ünvan 6 ünvanda 1-ci mərtəbədə yerləşən Cavabdeh1 məxsus sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsində lift meydançasına doğru açılmış qapı liftdən istifadə olunması zamanı yarana biləcək məhdudiyyətlər Azərbaycan Respublikasının müvafiq tikinti Norma və Qaydaları ilə tənzimlənir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Mənzil Mülkiyyəçilərinin Müştərək Cəmiyyəti Cavabdeh1 qarşı – ünvan 6 ünvanında birinci mərtəbədə yerləşən Cavabdeh1 məxsus sahəsi 40 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsində yükdaşıyan divarda layihədən kənar dəyişiklik edərək lift meydançasına doğru özbaşına açılmış qapının onun hesabına mişar daşı ilə hörülərək bağlanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 1120-MM7-0169 saylı qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. ünvan 7 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş 7 mərtəbəli, 8 girişli yaşayış binasının İddiaçı MMMC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmış əmlakın təhvil-təslim aktına əsasən İddiaçı MMMC tərəfindən idarə olunmasına başlanılmışdır. Həmin binada mülkiyyətçi Cavabdeh1 şəhərsalma haqqında qanunvericiliyin tələblərini və tikinti normalarını kobud şəkildə pozaraq özünə məxsus, 1-ci mərtəbədə yerləşən və sahəsi 40 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsində yükdaşıyan divarda layihədən kənar dəyişiklik edərək lift meydançasına doğru qanunsuz əlavə qapı açmışdır. Bu hal binanın təhlükəsizliyi baxımından bina sakinlərinin haqlı narazılığına səbəb olmuşdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən tikinti normalarının pozulmasına dair müvalıq rəylər alınmışdır. İddiaçı hesab edir ki, Cavabdeh1 tərəfindən qeyri-yaşayış sahəsində yükdaşıyan divarda layihədən kənar dəyişiklik edərək lift meydançasına doğru özbaşına açılmış qapı onun hesabına mişar daşı ilə hörülərək bağlanmalıdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-351/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Mənzil Mülkiyyəçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh1 qarşı – ünvan 8 ünvanında birinci mərtəbədə yerləşən Cavabdeh1 məxsus sahəsi 40 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsində yükdaşıyan divarda layihədən kənar dəyişiklik edərək lift meydançasına doğru özbaşına açılmış qapının onun hesabına mişar daşı ilə hörülərək bağlanması barədə iddiasının təmin edilməməsi və ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin "xxxx" MMMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hər bir şəxsin öz mülkiyyətində olan əmlakdan maneəsiz istifadə etmək hüququ qanunla qorunur. Bir şərtlə ki, belə istifadə üçüncü şəxslərə maneə yaratmasın. Hazırda sözügedən ünvanda açılmış mübahisəli qapının bina sakinləri üçün hər hansı maneə yaratması, liftdən istifadəyə məhdudiyyət törətməsi, həmçinin daşıyıcı divarda açıldığı üçün binanın təhlükəsizliyini pozulması iş materialları ilə sübut olunmur. Bundan başqa, həmin qapının bağlanması isə mülkiyyətçi olan cavabdehin özünə məxsus daşınmaz əmlakdan sərbəst şəkildə istifadə etməsinə maneə yaratmaqla nəticələnə bilər. Lift meydançasına doğru açılmış qapının nə zaman və kim tərəfindən açılması müəyyən olunmur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, Mülki Məcəlləsinin 6.1.4, 152.1, 152.5-ci maddələrinə və Konstitusiya Məhkəməsinin Plenum qərarına istinadla əsaslandırmışdır. Qətnamədən İddiaçı MMMC-nin nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan yerli müayinə protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, cavabdehə məxsus olan qeyri-yaşayış sahəsinin layihəyə uyğun qapısı mövcuddur (iş vərəqə 73 - 74, fotoşəkillər). Eyni zamanda, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə arvadının adına olan ayrıca küçəyə qapısı olan digər qeyri-yaşayış sahəsi ilə bitişikdir ki, buradan da daha bir qapısı vardır. Beləliklə, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin mübahisələndirilən qanunsuz açdığı qapı ilə birlikdə 3 (üç) qapısı vardır. Bunu yerli müayinə protokolunun məzmunundan da mübahisəsiz müəyyən etmək mümkündür (iş vərəqə 69, protokol). İş materiallarında olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin xx/xx-2185 saylı xx.xx.2020ci il tarixli məktubundan və iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 rəisi Cəbrayıl Xanlarov tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Xətai rayon icra Hakimiyyətinə və Xətai rayon Polis idarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli telefonoqramın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən, "xxxx" MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsində yükdaşıyan divarda əlavə giriş və ya əlavə qapı oyuğu açıldığı mütəxəssislər tərəfindən aşkar edilmişdir. Aparılan işlərə dair icazəverici sənədlər təqdim edilməmişdir. Göründüyü kimi, məhz əlavə giriş və əlavə qapının açılmasından söhbət gedir. Məhkəmə isə sanki qeyri-yaşayış sahəsinin bu qanunsuz qapıdan başqa qapısının olmaması kimi görüntü yaratmağa çalışmışdır. Cavabdeh özünə məxsus qeyri-yaşayış sahəsini 11 aprel 2013-cü il tarixli, 3d saylı müqaviləyə əsasən əldə etmişdir. Həmin müqavilənin 2.4-cü bəndində qeyd edilmişdir ki, "...Alıcı" qeyri-yaşayış sahəsini təhvil aldıqdan sonra binanın fasadında dəyişikliklər apara bilməz..." (iş vərəqə 11 - 12, müqavilə). İş materiallarında olan eskiz layihənin surətindən görünür ki, cavabdehə məxsus olan 40 kv.m. sahəli qeyri-yaşayış sahəsinin lift meydançasına doğru qapısı nəzərdə tutulmamışdır (iş vərəqə 10, layihə). Həmin qapının açılmasına dair hər hansı icazəverici sənədlər cavabdeh tərəfindən təqdim edilməmişdir. Bu cür sənədlərin mövcudluğu barədə iş materiallarında hər hansı sübut da mövcud deyildir. Bundan başqa, iş materiallarında cavabdehə məxsus olan qeyri-yaşayış sahəsinin layihədə nəzərdə tutulan və hazırda xaricdən dəmir xətlərlə bağlanmış mövcud qapısının kim tərəfindən bağlanması və ya açılmasının qadağan edilməsi ilə bağlı hər hansı rəsmi sənəd və ya sübut mövcud deyildir. O qapıdan istifadə edilməsinin aradan qaldırılması ilə bağlı da cavabdehin harayasa müraciət etməsi müəyyən olunmur. Göründüyü kimi, cavabdehin hərəkətləri və öz mülkiyyətindən maneəsiz və sərbəst istifadə hüququnu həyata keçirməsi bu halda digər şəxslərin hüququnu və ictimai maraqları pozur. Mülkiyyət hüququ təbiəti etibarilə yalnız o halda mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) ki, həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmasın. Hazırkı halda, istinad edilən hüquq normalarının tələbləri birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Məhkəmənin guya cavabdehə məxsus olan qeyriyaşayış sahəsinə açdığı qanunsuz qapının bağlanması halında onun öz mülkiyyətindən istifadəsinə maneə yaranacağı əsası ilə iddianı rədd etməsi əsassızdır, işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun deyildir. Məhkəmə həmçinin ekspert rəylərində "...ünvan 10 ünvanda 1-ci mərtəbədə yerləşən Cavabdeh1 məxsus sahəsi 40 kv metr olan qeyri-yaşayış sahəsində lift meydançasına doğru açılmış qapı liftdən istifadə olunması zamanı yarana biləcək məhdudiyyətlər Azərbaycan Respublikasının müvafiq tikinti Norma və Qaydaları ilə tənzimlənir..." ifadəsi ilə kifayətlənmiş, həmin norma və qaydalara əsasən cavabdehin lift meydançasına doğru açılmış qapının birgəyaşayış qaydalarını pozması ilə bağlı əhəmiyyətli faktiki halları aydınlaşdırmamışdır. Məhkəmə cavabdehin qanunsuz hərəkətləri üzrə heç bir faktiki mühüm əhəmiyyətli hal müəyyən etmək üçün cəhd etməmiş, bunu təsdiq edən xüsusatların olub-olmamasını aydınlaşdırmadan formal baxış keçirməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası MPM-in 366.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Apellyasiya şikayətinin forması barədə MPM-ə 2 saylı Əlavənin 12-ci bəndinə əsasən, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. İddiaçının apellyasiya şikayəti nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, apellyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2(011)-351/2022 saylı qətnaməsinin ləğv edilməsi xahiş olunmuş, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 -ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bakı şəhəri Xətai Rayon Məhkəməsi apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Halbuki, Azərbaycan Respublikası MPM- in 364-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalı idi. Beləliklə, apellyasiya şikayətinin forma və məzmununa riayət edilmədiyinə görə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-in 366.2-ci maddəsinə görə, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin mümkün hesab edilməməsi xahiş edilmişdir. İşə apellyasiya qaydasında baxarkən İddiaçı MMMC-nin təsisçiləri-Bakı şəhəri, Xətai rayonu, “Ağ Şəhər”, Xəqani Rüstəmov küçəsində yerləşən 6 saylı binanın sakinləri E.Xəlilov və d. tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək göstərilmişdir ki, Bakı Ağ Şəhər” şəhərsalma layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab X6 ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006- 2010-cu illər üçün Kompleks Tədbirlər planı" çərçivəsində həyata keçirilməkdədir. Bakı Ağ Şəhər haqlı olaraq şəhərsalma sahəsində dünyanın ən görkəmli layihələrindən biri hesab olunur. Sakinləri olduqları Bakı şəhəri, Xətai rayonu, ‘"Ağ Şəhər”, Xəqani Rüstəmov küçəsində yerləşən 6 saylı bina 7 mərtəbəli, 8 girişli olmaqla "xxxx" MMC tərəfindən inşa edilmişdir. Bina istismara qəbul edilmişdir. Binanın idarə edilməsi üçün yeni mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq İddiaçı MMMC-ni təsis etmiş və bina 15 aprel 2020-ci il tarixdən tərəflərindən həmin MMMC vasitəsilə idarə olunmaqdadır. Həmin binanın yerləşən sahəsi 120 kv.m. və 40 kv.m. olan 2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1 şəhərsalma haqqında qanunvericiliyin tələblərini və tikinti normalarını kobud şəkildə pozaraq özünə məxsus, 1-ci mərtəbədə yerləşən və sahəsi 40 kv,metrdən ibarət olan qeyri-yaşayış sahəsində yükdaşıyan divarda layihədən kənar dəyişiklik edərək lift meydançasına doğru qanunsuz əlavə qapı açmışdır. Bu hal binanın təhlükəsizliyi baxımından və nizam-intizamsızlıq baxımından bina sakinlərinin haqlı narazılığına səbəb olmuşdur. Cavabdehin hərəkətləri və öz mülkiyyətindən maneəsiz və sərbəst istifadə hüququnu həyata keçirməsi onların və digər şəxslərin hüququnu və ictimai maraqlarını pozur. Nəzərə alınması xahiş edilir. Bakı Apellyasiya Məhkəməsində xx.xx.2022-ci il tarixdə məhkəmə kollegiyasının iclasında Cavabdeh1 prosessual hüquqi varisi Cavabdeh2 ilə əvəz edilmişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi-vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 prosessual hüquqi varisi Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil1 izahat verərək apelyasiya şikayətini qəbul etmədiyini göstərib apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəlləsi: 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mənzil Məcəlləsi: 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 43.2.4. Çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir 119.6. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti dövlət qeydiyyatından keçdiyi andan hüquqi şəxs hesab edilir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzərində öz adı həkk olunmuş möhürü, bankda hesablama və digər hesabları, həmçinin digər rekvizitləri vardır. 123.0.7. Sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən üçüncü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələrinə aiddir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş haəllara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən kifayət qədər araşdırma aparılmamış, iddia tələbinin təmin edilməməsi qənaətinə gəlinmişdir. Ona görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2013-cü il tarixli 3q və 3d saylı müqavilələrin surətindən müəyyən edilir ki, müvafiq olarq Ağ şəhər “Yaşıl ada” rayonu ərazi GH-009, GH-010, GH-011 giriş 3, A1-C1 aşırımı və 15-20 aşırımı arası 1-ci mərtəbə 120 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi X3, GH-009, GH-010, GH-011 giriş 3, C1- D1 aşırımı və 15-17 aşırımı arası 1-ci mərtəbə 40 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh1 təhvil verilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3543/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 ilə X4 arasında xx.xx.1992-ci il tarixdə bağlanmış 4 nömrəli nikah pozulmuşdur. İş materiallarında olan 01 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 658771 saylı çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 40 kv.m olan qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmış, çıxarışın əsasını xx.xx.2022-ci il tarixli Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış ünvan 5 ünvanında yerləşən 40 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağışlama müqaviləsi təşkil etmişdir. Başqa sözlə, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra cavabdeh ünvan 6 ünvanında birinci mərtəbədə yerləşən özünə məxsus sahəsi 40 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini xx.xx.2022-ci il tarixli qeyri-yaşayış sahəsinə dair bağışlama müqaviləsinə əsasən qızı Cavabdeh2 bağışlamışdır. İş materiallarından görünür ki, iddia tələbi ünvan 11 ünvanında birinci mərtəbədə yerləşən Cavabdeh1 məxsus sahəsi 40 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsindən lift meydançasına binanın daşıyıcı (ana) divarında cavabdeh tərəfindən özbaşına qapının açılması ilə əsaslandırmışdır. Cavabdeh tərəfin apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətinə və iddiaya olan mövqeyinə əsasən ünvan 5 ünvanında yerləşən 40 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh1 mövcud vəziyətdə almış və onun tərəfindən hər hansı yenidənqurma işi (qapı açılma) həyata keçirilməmiş. həmin vəziyyətdə də oranı qızına bağışlamışdır. Birinci instansiya məhkəməsi təyin etdiyi və keçirilmiş ekspertiza rəyində ünvan 12 ünvanda 1-ci mərtəbədə yerləşən Cavabdeh1 məxsus sahəsi 40 kv.metr olan qeyriyaşayış sahəsinə birbaşa (digər şəxslərə məxsus olan sahələrdən keçmədən) alternativ giriş-çıxış qapısının açılması texniki cəhətdən “Ağ şəhər” layihəsinin rəhbərliyi, binada sakinlər tərəfindən yaradılmış Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti və layihəsinin baş mühəndisi ilə razılaşdırıldığı halda mümkünlüyünün göstərilməsiə baxmayaraq bu razılığın olub-olmaması məhkəmə tərəfindən işin araşdırılmış halları müəyyən edilməmiş, yalnız iddiaçı tərəfin izahatına əsasən qeyri-yaşayış sahəsinin həyətə çıxan alternativ giriş-çıxış qapısının açılmasına “Ağ şəhər” layihəsinin rəhbərliyi tərəfindən icazə verilməməsinin müəyyən edilməsi göstərilmişdir. Halbuki, məhkəmə kollegiyası hesab edir ki, bu razılaşmanın olmaması tək iddiaçı tərəfin izahatı ilə deyil, işin araşdırılmış halları ilə olub-olmaması müəyyən edilməli idi. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən hal üzrə araşdırma aparmamaqla yanaşı iddiaçının göstərilən hal ilə bağlı izahatına da işin digər halları baxımından düzgün qiymət verməmişdir. Belə ki, işin hallarına əsasən qeyd edilən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ cavabdehin (hazırda onun qızının) adına dövlət qeydiyyatına alınmasına baxmayaraq birinci instansiya məhkəməsi ünvan 6 ünvanda 1-ci mərtəbədə yerləşən Cavabdeh1 məxsus sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsində lift meydançasına doğru açılmış qapının nə zaman və kim tərəfindən açılmasının müəyyən olunmaması kimi nəticəsinin əsaslarını göstərməmiş, iddiaçı tərəfin təqdim etdiyi və iş materiallarında olan digər sənədlərlə yerli baxış zamanı müəyyən edilmiş hallar arasında ziddiyyətlərin səbəblərini araşdırmamışdır. Halbuki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/27 saylı ekspert və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəylərindən görünür ki, ünvan 6 ünvanda 1-ci mərtəbədə yerləşən Cavabdeh1 məxsus sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsində lift meydançasına doğru açılmış qapının yaşayış binasının layihəsində nəzərdə tutulmadığı müəyyən edilmiş və qeyri-yaşayış sahəsində lift meydançasına doğru açılmış sözügedən qapı daşıyıcı (ana) divarda (dəmir-beton diafraqamda) açılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən ünvan 6 ünvanında birinci mərtəbədə yerləşən Cavabdeh1 məxsus sahəsi 40 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsində yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, ünvan 6 ünvanında birinci mərtəbədə yerləşən Cavabdeh1 məxsus sahəsi 40 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə lift meydançasına doğru açılmış qapı vasitəsilə giriş-çıxış həyata keçirilir, sözügedən qeyriyaşayış sahəsinin daxilində yerləşən ofisdə ümumi həyətə açılan qapı mövcuddur və həmin qapı xaricdən dəmir xətlərlə bağlanmışdır, ünvan 12 ünvanında birinci mərtəbədə yerləşən Cavabdeh1 məxsus sahəsi 40 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə digər şəxslərə məxsus sahələrdən keçməklə daxil olmaq mümkündür. Birinci instansiya məhkəməsi yerli baxışın nəticələrinə əsasən bu qənaətə gəlmişdir ki, göründüyü kimi cavabdeh özünə məxsus mülkiyyətində olan qeyri-yaşayış sahəsinə birbaşa giriş-çıxış məqsədilə mübahisəli qapıdan istifadə etməli olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yerində müayinəni həyata keçirsə də, müayinənin nəticələrinə və iş materiallarında olan digər subutlarla birlikdə düzgün hüquqi qiymət verməyərək səhv qənaətə gəlmişdir. Belə ki, məhkəmə kollegiyası tərəfindən 04 noyabr 2022-ci il tarixli mübahisəli sahənin yerində müayinəsi aparılmış və müəyyən edilmişdir ki, ünvan 13 ünvanında yerləşən 40 kv.m olan qeyri-yaşayış sahəsinə mağazanın içərisindən daxil olmaqla baxış keçirilirdi. Məhkəmə tərkibi mübahisəli olan 40 kv.m qeyri-yaşayış sahəsinə baxış keçirmək üçün binanın Xəqani Rüstəmov küçəsinə baxan hissəsindən dəftərxana və ofis ləvazimatı satışını həyata keçirən mağazanın içərisindən keçərək daxil olmuşdur. Mağazanın içində olan pilləkənlərlə yuxarı qalxarkən mübahisəli qeyri-yaşayış sahəsinə daxil olunur. Həmin qeyri-yaşayış sahəsi müxtəlif otaqlara bölünərək ofis təyinatı üçün istifadə edilir. Binanın həyətə baxan tərəfə mübahisəli qeyri-yaşayış sahəsinin giriş qapıları olsa belə, həmin qapılardan istifadə olunmur. Həmin qapılar dəmir xətlərlə bağlanmışdır. Tərəflər bunun səbəbi kimi həmin qapıların binanın layihəsində olmadığı səbəbindən istifadə olmadığını bildirdilər. Binanın içərisində liftə tərəf açılan qapı mövcuddur. Lakin həmin qapı nə lift tərəfdən, nə də ofislərin içərisindən açılmadı. Mübahisəli qeyri-yaşayış sahəsinin layihədə nəzərdə tutulmuş girişi ofis ləvazimatları mağazanın Xəqani Rüstəmov küçəsinə baxan hissəsindən mümkündür. Layihədə mübahisəli qeyri-yaşayış sahəsi texniki sahə kimi qeyd olunmuşdur. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Bakı Ağ şəhərin direktoru tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli Ç22-156 saylı məktubdan görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006- cı il tarixli, 1697 saylı Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində Bakı şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Xətai rayon İcra Hakimiyyəti Başçısının razılıqları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyləri nəzərə alınmaqla Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, 8 noyabr prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllələrdə və 8 Noyabr prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə Bakı Ağ Şəhər layihəsi çərçivəsində yeni yaşayış binaları və ictimai obyektlər massivinin layihələndirilməsini həyata keçirir. Bakı Ağ Şəhər layihəsi çərçivəsində tikinti işləri hər bir hüquqi və fiziki şəxs tərəfindən öz vəsaitləri hesabına həyata keçirilir və bunun "xxxx" MMC ilə heç bir əlaqəsi yoxdur. Sorğuya qoşulu müqavilədən də göründüyü kimi, müqavilə tərəfi "xxxx" MMC-dir və daşınmaz əmlakın daxilində yerləşən sahələrin "xxxx" MMC-yə aidiyyəti yoxdur. Yuxanda qeyd edilənləri nəzərə alaraq, sorğuda qeyd edilən sahələr "xxxx" MMC tərəfindən inşa edilən tikililərin daxili hissələrinə aid olduğundan, sorğunun da aidiyyəti üzrə "xxxx" MMC-yə və daşınmaz əmlakların dövlət qeydiyyatını həyata keçirən müvafiq quruma ünvanlanması məqəsəduyğun hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun cavabdehin adına dövlət qeydiyyatına alınmasına istinad etsə də həmin qeydiyyat əsasında verilmiş, cavabdeh tərəfin özünün apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi ünvan 6 ünvanda 1-ci mərtəbədə yerləşən sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinə dair texnik pasportda da həmin sahənin giriş qapısının sahənin yerləşdiyi binanın lift meydançasına doğru istiqamətdə nəzərdə tutulmadığı müəyyən edilmişdir. Həmçinin, iş materiallarında olan ünvan 7 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş 7 mərtəbəli, 8 girişli yaşayış binasının layihəsində 40 kv.metr olan qeyri-yaşayış sahəsi kimi qeyd edilmiş və orada da binanın lift meydançasına doğru istiqamətdə qapının nəzərdə tutulmadığı müəyyən edilir və bu hal iş materiallarında olan ekspert rəyi və mütəxəssis rəyləri ilə də öz təsdiqini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun direktoru Səxavət Əsədov tərəfindən İddiaçı MMMC-ya ünvanlanmış xx.xx.2022-ci il tarixli 37/36-00 saylı məktubdan görünür ki, ünvan 5 ünvanında yerləşən, Cavabdeh1 məxsus 40 kv.m olan qeyri-yaşayış sahəsində yükdaşıyan divarda layihədən kənar dəyişiklik edilərək, lift meydançasına doğru açılmış qapı qeyri-qanuni olduğu üçün bağlanması zəruri hesab olunur. Bununla bağlı Xətai Rayon Məhkəməsinin tikinti-texniki ekspertizasının eksperti qarşısına qoyulmuş suallara cavab verilməsi üçün araşdırılmalar aparılmış, müvafiq mütəxxəssis rəyi hazırlanmış və institutun xx.xx.2022-ci il tarixli xx/xx- 00200 saylı məktubu ilə Fövqaladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsində lift meydançasına doğru açılmış qapının nə zaman və kim tərəfindən açılmasının müəyyən olunmamasına dair və Cavabdeh1 özünə məxsus mülkiyyətində olan qeyri-yaşayış sahəsinə birbaşa giriş-çıxış məqsədilə mübahisəli qapıdan istifadə etməli olmasına dair nəticələri işin araşdırılmış hallarına uyğun olmamış, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halları sübut etməmişdir. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsində əks edilmişdir. Həmin normaya görə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (385.1.1-ci maddə), gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması (385.1.2-ci maddə), müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi (385.1.3-cü maddə) və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi (385.1.4-cü maddə) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Mənzil Mülkiyyəçilərinin Müştərək Cəmiyyəti Cavabdeh1 qarşı – ünvan 6 ünvanında birinci mərtəbədə yerləşən Cavabdeh1 (hazırda Cavabdeh2) məxsus sahəsi 40 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsində yükdaşıyan divarda layihədən kənar dəyişiklik edərək lift meydançasına doğru özbaşına açılmış qapının onun hesabına mişar daşı ilə hörülərək bağlanması barədə iddia ərizəsi əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf mübahisəli sahənin mövcud vəziyyətdə, yəni, binanın yükdaşıyan divarında lift meydançasına doğru açılmış qapının olduğu vəziyyətdə alınmasını izahatlarında təkidlə israr etdiyi üçün sübutetmə yükü də artıq onun üzərinə düşür. Lakin cavabdeh tərəf göstərilən halı təsdiq edən, eləcə də bu qapının iddiaçı tərəfindən layihədən kənar dəyişiklik edilib açılaraq ona satılmasını sübut edə bilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. İddia tələbi təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçı MMMC-nin nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-351/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Mənzil Mülkiyyəçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh2 qarşı “özbaşına açılmış qapının bağlanması” tələbinə dair iddiası təmin edilsin. ünvan 6 ünvanında birinci mərtəbədə yerləşən hazırda Cavabdeh2 prosessual hüquq varisi olan X5 məxsus sahəsi 40 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsində yükdaşıyan divarda layihədən kənar dəyişiklik edərək lift meydançasına doğru özbaşına açılmış qapı Cavabdeh2 tərəfindən onun öz hesabına sökülsün və onun hesabına mişar daşı ilə hörülərək bağlansın. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar