Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4481/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi-vəkili X2, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər 13 saylı Dövlət Notariat Kontoru və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və s. tələblərinə dair” ilkin, Cavabdeh2 İddiaçı qarşı “müqavilə şərtlərinə əməl edilməsi və s. tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli 2(006)-3505/2019 saylı qətnaməsindən İddiaçı apelyasiya şikayətində əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər 13 saylı Dövlət Notariat Kontoru və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 fevral 2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu 13 saylı Dövlət Notariat Kontorunda onunla Cavabdeh2 arasında 80.000 manat məbləğində pulun verilməsi ilə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Nəsimi rayonu 13 saylı Dövlət Notariat Kontorunun 06 dekabr 2018-ci il tarixli, 8i-2242 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncu tərəfindən müqavilə şərtlərinə əməl edilməsi, ona ödənilməli olan 80.000 manat borc, gecikdirməyə görə bir illik gecikdirilmiş vaxt üçün 4.000 manat faiz, dövlət rüsumu və bank xərci olaraq 31 manat, hüquqi yardım üçün nümayəndəyə çəkilmiş xərc olaraq 110 manat olmaqla, cəmi 84.141 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 26 fevral 2018-ci il tarixdə etibarsız, real olmayan, formal olaraq uydurma və yalan əqd olmaqla Bakı şəhəri, Nəsimi rayonu 13 saylı Dövlət Notariat Kontorunda onunla Cavabdeh2 arasında 80.000 manat pul məbləğinin verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. Əslində bu görünüş üçün bağlanmış, real olmayan bir müqavilə olmuş və gerçəkliyi əks etdirməmişdir. Yəni əslində Cavabdeh2 ona heç bir məbləğdə pul verməmişdir. Cavabdeh2 qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə aralarında notarial qaydada bağlanmış 26 fevral 2018-ci il tarixli 3M-99 nömrə ilə qeydiyyata alınmış kredit müqaviləsinə əsasən cavabdeh ondan 80.000 manat manat məbləğində borc almışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh ödəməli olduğu borcu vaxtında ödəmədiyi üçün o, 06 dekabr 2018-ci il tarixli icra qeydinə əsasən 13 saylı Dövlət Notariat Kontoru vasitəsilə icra qeydini icra olunması üçün verilmiş müddət bitdikdən sonra Yasamal rayon İcra şöbəsinə yönəltmişdir. 08 yanvar 2019-cu il tarixdə icra qeydi üzrə cavabdeh barəsində icra icraatına başlanmışdır. Bundan sonra cavabdeh borcunu ödəmək əvəzinə ona və 13 saylı Dövlət Notariat Kontoruna qarşı cavabdeh olaraq “müqavilənin ləğvi” tələbi irəli sürmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli 2(006)- 3505/2019 saylı qətnaməsi ilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək, borc üzrə 80.000 manat borc, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 4.000 manat, göstərilən hüquqi xidmətə görə 110 manat, dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 31 manat olmaqla, cəmi 84.141 manat məbləğində pulun ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tutularaq ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozaraq, işin hallarını düzgün müəyyən etməmişdir. Əgər cavabdeh 80000 manatı ona vermiş olsa idi, bu barədə ondan müvafiq qəbz alardı və ya notariusun depozit hesabına ödəyərdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3505/2019 saylı iş üzrə 06 avqust 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilmiş – 80000 manat məbləğində borcun iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tutularaq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə işin icraatına xitam verilmişdir. İlkin iddia tələbi və qarşılıqlı iddia tələbinin qalan hissəsi ilə bağlı məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından aşağıdakı hallar müəyyən edilir. Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 26 fevral 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, “Borc verən” Cavabdeh2 “Borc alan” İddiaçı 80.000 manat məbləğində pulu borc verməyi, “Borc alan” isə krediti 26.03.2018-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7-ci və 8-ci bəndlərinə əsasən ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərilməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Tərəflər kredit müqaviləsini imzaları ilə təsdiq etmişlər. Bakı şəhəri 13 saylı dövlət notariat kontoru tərəfindən İddiaçı ünvanlanmış 29.10.2018-ci il tarixli məktubdan görünür ki, 26 fevral 2018-ci il tarixdə Bakı şəhəri 13 saylı Dövlət notariat kontorunda Cavabdeh2 ilə İddiaçı arasında 3M-99 nömrə ilə qeydiyyatdan keçmiş kredit müqaviləsinə əsasən İddiaçı borclu olduğu 80.000 manat pul məbləğinin qaytarılması xahiş olunmuş, əks halda icra qeydinin aparılacağı barədə o, həmin məktubla xəbərdar olunmuşdur. 06.12.2018-ci il tarixli, 8İ-2242 saylı icra qeydindən görünür ki, Bakı şəhəri 13 saylı dövlət notariat ofisinin dövlət notariusu X1 tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Cavabdeh2 xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 80.000 manat pulun tutulması, tələbkar tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 80.000,10 manat pul tutulması təklif edilmişdir. Həmin icra qeydi 06.12.2018-ci il tarixdə aparılmışdır. Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 08.01.2019-cu il tarixli qərar və bildirişinin surətlərindən görünür ki, Bakı şəhəri 13 saylı Notariat Kontorunun 8İ-2242 nömrəli, 06.12.2018-ci il tarixli icra sənədi üzrə icraat başlanmış, ona icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir. İlkin iddia üzrə iddiaçı hazırda 26 fevral 2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Həmin müqavilənin görünüş üçün bağlandığını, həmin məbləğdə pulun ona verilmədiyini qeyd edir. Birinci instansiya məhkəməsi ilkin iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı kredit müqaviləsinin yalnız görünüş üçün bağlandığını iddia etsə də, əqdin əslində hansı niyyətlə bağlandığını, hazırki əqdin real olmadığını, kredit müqaviləsinin predmeti olan pulun borcverən tərəfindən borcalanın mülkiyyətinə verilməsinin baş vermədiyini əsaslandırmamış, əqdin etibarsız olmasını təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (Mülki Məcəllənin 337.1, 337.3, 340.1-ci maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Yalnız göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Göründüyü kimi, uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla hüquqi görünüş yaradaraq tamam başqa məqsəd güdürlər, özü də bu məqsəd, adətən, hüquqazidd xarakter daşıyır. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. İlkin iddia üzrə iddiaçı kredit müqaviləsinin görünüş üçün bağlanıldığını, ona pul verilmədiyini iddia edir. Belə olan halda iddia tələbində istinad etdiyi halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı qeyd etdiyi halları təsdiq edən hər hansı sübut təqdim edə bilməmiş, iş materialları ilə də bu hal təkzib olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, sözügedən kredit müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilələrin etibarsız hesab edilməsi üçün hər hansı əsasın olması müəyyən edilmir. Qarşılıqlı iddia tələbinin qalan hissəsi (gecikdirməyə görə bir illik gecikdirilmiş vaxt üçün 4.000 manat faiz, dövlət rüsumu və bank xərci olaraq 31 manat, hüquqi yardım üçün nümayəndəyə çəkilmiş xərc olaraq 110 manat) ilə bağlı Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən İddiaçı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş, yəni borclu tərəfindən pul məbləğinin ödənilməsi gecikdirilmişdir, belə olan halda, o, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, qarşılıqlı iddiaçı bir illik gecikdirilmiş vaxt üçün ödənilməli olan faiz borcunu (4000 manat) tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. GİG/4 seriyalı 009513 nömrəli 13 may 2019-cu il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh2 hüquqi xidmət haqqı olaraq 110 manat məbləğində ödəniş etmişdir. Odur ki, məhkəmə iddiaçının vəkilə göstərdiyi hüquqi yardıma görə ödəmiş olduğu 110 manat məbləğində pulun cavabdehdən tutulması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. İlkin iddia üzrə iddiaçının iddia tələbinin və apelyasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3505/2019 saylı iş üzrə 06 avqust 2019-cu il tarixli qətnaməsi ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilmiş gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 4.000 manat, göstərilən hüquqi xidmətə görə 110 manat, dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 31 manatın İddiaçı tutularaq Cavabdeh2 ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4481/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4481/2021
17.05.2021 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver