Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4482/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayənədəsi və vəkili Vəkil1, Cavabdeh S.E.T.A” MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-dan 15.990 manat, 30 manat dövlət rüsumu və 110 manat vəkil üçün ödənilmiş məbləğ olmaqla, cəmi 16.130 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmiş və məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manatın Cavabdeh MTK-dan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh MTK, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, tərəflər arasında bağlanmış 06.09.2013-cü il tarixli, 34 saylı müqavilənin heç bir bəndi pozulmayıb. Müqavilənin şərtləri MTK tərəfindən yerinə yetirilib və iddiaçıya heç bir maddi zərər vurulmayıb. Yaşayış binasının tərtib olunmuş ümumi layihəsinin ayrıca səhifəsində mənzillə bağlı bütün göstəricilər qeyd olunmuş, iddiaçı ilə bu qaydada könüllü razılaşma əsasında 06.09.2013-cü il tarixli müqavilə bağlanmış və müqaviləyə uyğun olaraq MTK tərəfindən mənzil vaxtında ona təqdim edilmişdir. Müqavilənin mübahisəli mənzilin sahəsi ilə bağlı 1.1-ci və 3.1-ci bəndlərində mənzilin ümumi sahəsindən yox, sadəcə olaraq sahəsindən söhbət gedir. İddiaçı MTK-ya müraciət edərəkən mənzilin layihədə qeyd olunmuş bütün faktiki sahəsinə müvafiq olaraq qiyməti bildirilmiş və razılıq yolu ilə müqavilə bağlanmışdır. Çıxarışda və texniki pasportda mənzilin ümumi sahəsinin 128.7 kv.m. göstərilməsi, yaxud qətnamədə qeyd olunan ekspertiza rəyinin də bunu təsdiq etməsi heç nəyi dəyişmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apelyasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apelyasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etdi. Kollegiya, iddiaçı və cavabdehin nümayəndəsini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə, tərəflər arasında bağlanmış 06 sentyabr 2013-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh MTK Bakı Ağşəhər, Yaşıl Ada rayonunda inşa edilmiş 7 mərtəbəli binanın, 6-cı giriş, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 141 kv.m. olan 3 otaqlı mənzili İddiaçı təhvil verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş 183.3000 manat mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər qarşılıqlı surətdə öz öhdəliklərini yerinə yetirmişlər. Sonradan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (bundan sonra DƏDRX) 1 saylı Bakı Ərazi İdraəsi tərəfindən 27.08.2019-cu il tarixdə verilmiş texniki pasportda mənzilin ümumi sahəsi, 128,7 m2, yaşayış sahəsi isə 79,3 m2 və otaqların təyinatı – dəhliz 23,3 m2, sanitar qovşaqları 3,9 m2 və 5,3 m2, mətbəx 13,7 m2, yaşayış olaraqları 36,4 m2, 25,4 m2 və 17,5 m2, balkonlar 1.7 m2 və 1,0 m2 (Qeyd: 3,4x0.3=1,0; 5,7x0.3=1,7) və anbar 0,5 m2 kimi göstərilmişdir. Qeyd olunan texniki pasport əsasında DƏDRX tərəfindən 28.08.2019-cu il tarixdə mənzilə dair verilmiş çıxarışda da mənzilin ümumi sahəsi 128,7 m2 göstərilmişdir. iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki eksöertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 oktyabr 2020-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 06 sentyabr 2013-cü il tarixli müqavilədə göstərilən mənzilin faktiki ümumi sahəsi “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na uyğun hesablandıqda 128.7 m2 təşkil edir və müqavilədə mənzilin ümumi sahəsi kimi göstərilən 141 m2 sahə həmin mənzildə mövcud deyildir. Hazırda iddiaçı, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə yerinə yetirilmədiyini bildirərək, mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdakı faktiki sahəsi ilə müqavilədə göstərilmiş sahə arasındakı ölçü fərqinə görə artıq ödədiyi məbləğin geri qaytarılmasını tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, iddiaçıya faktiki təhvil verilmiş sahə ilə müqavilədəki sahələrin eyni olmasını, çıxarışda və texniki pasporta qeyd olunmuş fərqin isə faktiki vəziyyəti dəyişdirmədiyini bildirir. Məhkəmə kollegiyası, tələbin hüquqi əsaslarını nəzərdən keçirib mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Hazırkı işdə tərəflər arasında mübahisə predmeti olan mənzilə dair 06 sentyabr 2013-cü il tarixli müqavilə bağlandığı üçün iddia tələbinə həmin əqdlərdən irəli gələn öhdəliklər çərçivəsində hüquqi qiymət verilməlidir. Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən, Cavabdeh MTK sözügedən yaşayış binasının 6-cı girişinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 141 m2 olan 3 otaqlı mənzili İddiaçı təhvil verməyi, sonuncu isə həmin mənzili mülkiyyətə qəbul etməyi və dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi, iddianı təmin edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az, yəni ümumi sahə 141 m2 olmalı olduğu halda 128.7 m2 sahədən ibarət tikinti tikməklə iddiaçıya təhvil vermiş və nəticədə iddiaçı tərəfindən cavabdehə mənzilin dəyərindən artıq məbləğ ödənilmişdir. Məhkəmə kollegiyası, rayon məhkməsinin mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şəhərsalma və Tikinti Məcəllsinin 59.2-ci və 59.3-cü maddələrinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Nəzərə alınmalıdır ki, istinad olunan bu maddələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normalardır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən, mənzillərin ümumi sahəsi yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan normaların tələbləri nəzərə alınmaqla cavabdehin apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin olunaraq, ekspert qarşısında mənzilin faktiki ümumi sahəsi ilə çıxarışda əks olunmuş ümumi sahəsi arasında fərqin olub-olmaması barədə (eyvanların, arakəsmələrin alt hissələrin sahəsi nəzərə alınmaqla) sual qoyulmuşdur. Ekspert tərəfindən mənzilə baxış keçirilərək, müvafiq ölçmə işləri aparılmış və tədqiqatın nəticəsində verilmiş 10 senytabr 2021-ci il tarixli, 10/2934 saylı rəyə əsasən müəyyən edilmişdir ki, mənzilin faktiki ümumi sahəsi “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na uyğun hesablandıqda 128,7 m2 təşkil edir və müqavilədə mənzilin ümumi sahəsi kimi göstərilən 141 m2 sahə həmin mənzildə mövcud deyildir. MTK tərəfindən 141 m2 sahəsi olan mənzillər üçün nəzərdə tutulmuş plan layihəsində göstərilən ölçülərlə mənzilin texniki pasportunda olan ölçülər arasında fərq tikintialtı sahələrin (arakəsmələrin) hesablanması ilə əlaqədardır. Kollegiya vurğulayır ki, ekspertiza rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göründüyü kimi, iş üzrə keçirilmiş hər iki ekspertiza üzrə bu sahədə ixtisaslı şəxslərin rəyi ilə mübahisə predmeti olan mənzilin iddiaçıya təhvil verilmiş faktiki ümüumi sahəsinin tərəflər arasında bağlanmış 06.09.2013-cü il tarixli müqavilədə ümumi sahəsi kimi göstərilən 141 m2 sahədən az olması və bu fərqin cavabdeh tərəfindən qanunvericiliyin mənzilin ümumi sahəsinin hesablanması ilə bağlı yuxarıda qeyd olunan tələblərinə zidd olaraq, arakəsmələrin sahəsinin hesablanması ilə bağlı yarandığı müəyyən edilmişdir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Cavabdeh sözügedən rəylərlə razılaşmasa da, məhkəməyə etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmiş, eyni zamanda mövqeyini kifayət qədər əsaslı dəlillərlə dəstəkləyə bilməmişdir. Baxmayaraq ki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.2-ci və 384.0.3-cü maddələrinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər, habelə qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh MTK-nın apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(007)- 923/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat Cavabdeh MTKdan alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4482/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4482/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver