Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4484/2020 20.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X25 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi X19 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Məjməddin oğlu, İddiaçı3 və İddiaçı5 iştirakları ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-528/2020 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Məjməddin oğlu, İddiaçı3, İddiaçı4 Məcməddin oğlu və İddiaçı5 Cavabdeh Məjməddin qızına və maraqlı şəxs Bakı şəhəri 16 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X2 miras qalmış və Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən mənzildə iddiaçılar İddiaçı1, İddiaçı2 Məjməddin oğlu, İddiaçı3, İddiaçı4 Məcməddin oğlu və İddiaçı5 mirasda məcburi paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, ataları X21 anaları X20 ilə nikaha daxil olmaqla evlənmişlər. Onların birgə nikahından xx.xx.1958-ci il təvəllüdlü İddiaçı2 Məjməddin oğlu, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı3, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı4 Məcməddin oğlu, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı1, 1966-cü il təvəllüdlü X7, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh Məjməddin qızı və xx.xx.1969-cu il təvəllüdlü İddiaçı5, 1971-ci il təvəllüdlü X12 və 1973-cü il təvəllüdlü X13 dünyaya gəlmişlər. Ataları X21 ilə anaları X20 arasında nikah pozulduqdan sonra ataları X14 ilə nikaha daxil olmuşdur. Onların birgə nikahından anadangəlmə “debillik dərəcəsində oliqofreniya, nitq və davranışın pozulması” diaqnozu ilə psixi xəstə olan xx.xx.1991-ci il təvəllüdlü X8 və “yüngül kəmağıllıq (debillik) psixopata bənzər davranış pozuntuları” diaqnozu ilə psixi xəstə olan xx.xx.1994-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Ataları xx.xx.2016-cı il tarixində “arterial hipertenziya İİ st.” səbəbindən dünyasını dəyişmişdir. Ataları vəfat etdikdən sonra bəlli olmuşdur ki, özünə məxsus mənzili bacıları Cavabdeh Məjməddin qızına vəsiyyət etmişdir və onun ölümündən 8 gün sonra onlara heç bir rəsmi məlumat verilmədən, 16 saylı Notariat Kontoru tərəfindən Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 103 və 104-cü bəndinin tələbi pozularaq Cavabdeh Məjməddin qızına reyestr nümrəsi 2V-6 olan xx.xx.2016-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu azmış kimi digər vərəsələr olan “debillik dərəcəsində oliqofreniya, nitq və davranışın pozulması” diaqnozu ilə psixi xəstə olan xx.xx.1991-ci il təvəllüdlü X8 və “yüngül kəmagıllıq (debillik) psixopata bənzər davranış pozuntuları” diaqnozu ilə psixi xəstə olan xx.xx.1994-cü il təvəllüdlü X3 da Cavabdeh Məjməddin qızı tərəfindən 16 saylı Notariat Kontoruna gətirilmiş, onların anadangəlmə psixi xəstə olmalarına baxmayaraq bu hal Cavabdeh Məjməddin qızı tərəfindən gizlədilmiş və xx.xx.1991-ci il təvəllüdlü X8 və xx.xx.1994-cü il təvəllüdlü X3 onlara çatacaq vərəsəlik payından Cavabdeh Məjməddin qızının xeyrinə imtina etmişlər. Halbuki əqli xəstə olan qardaş və bacılarının bu məzmunda ərizəsi etibarsızdır. Lakin 16 saylı Notariat Kontoru bu dəfə də təlimatdan kənara çıxaraq qardaş və bacılarının psixi xəstə olub-olmamasını araşdırmamış, onların fəaliyyət qabiliyyətini yoxlamamışdır. Yəni miras paydan imtina barədə xx.xx.2016-cü il tarixli ərizələr ərizənin mahiyyətini və hüquqi nəticələrini dərk etməyən şəxslər tərəfindən imzalanmışdır. Onlardan indiyədək gizlədilən mövcud vəsiyyətnamənin və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğunu indi bilmişdilər. Vərəsəlik işi barədə məlumat almaq məqsədilə işin aparıldığı Bakı şəhəri 16 saylı Notariat Kontoruna müraciət edilmiş və Notariat Kontoru isə xx.xx.2019-cu il tarixli 702 saylı cavabla məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-528/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, X2 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən mənzilinin açıq qalmış 2/12 hissəsinə vərəsələr İddiaçı2 Məjməddin oğlu və İddiaçı3 hər birinə ayrılıqda 1/12 hissədə vərəsəlik hüququ əsasında məcburi payları müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə İddiaçı3 və İddiaçı2 Məjməddin oğlunun ünvan 2-də qeydiyyatda olmasını əsas gətirərək, onlara nisbətdə iddianı qismən təmin etmiş, digər iddiaçılara nisbətdə iddianı təmin etməmişdir. Lakin bəllidir ki, şəxsin təkcə mənzildə qeydiyyatda olması, onun mirası qəbul etməsi üçün yeganə əsas deyil. Faktiki olaraq bütün iddiaçılar mirası qəbul etmişlər. Lakin vəsiyyətnamə onlardan gizlədilmiş, sonradan bəlli olmuşdur ki, vəsiyyət üzrə vəsiyyətnamə var və onlar məcburi paylarını tələb etməyərək, deyə, bu vəsiyyətnamə onlardan gizlədilib. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti orlmayan sayılmış xx.xx.1991-ci il təvəllüdlü X8 və xx.xx.1994-cü il təvəllüdlü X1 onlara çatacaq vərəsəlik payından Cavabdeh Məjməddin qızının xeyrinə imtina etməsi ilə bağlı ərizəni sübut olaraq qiymətləndirən məhkəmənin bu cür absurd addımına aydınlıq gətirməsini məhkəməyə həvalə edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayəti təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, atası 2016-cı ildə vəfat edəndə, onlar atalarını dəfn etmişlər. O, notariat kontoruna mirasın qəbulu üçün müraciət etməmişdir. Gərək notariat kontoru onlara məlumat verəydi. Mirası faktiki qübulu ilə bağlı məhkəməyə sübut təqdim edə bilmir. Buna baxmayaraq, o, mirası şəriət qanunları ilə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 Məjməddin oğlu apellyasiya şikayətini qəbul edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayəti təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq qeyd etdi ki, onun tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 apellyasiya şikayətini qəbul edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayəti təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq qeyd etdi ki, onun tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı5 apellyasiya şikayətini qəbul edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayəti təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq qeyd etdi ki, onun tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, İddiaçı4 Məcməddin oğlu və Cavabdeh qızı məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin İddiaçı1 aid hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iş üzrə digər tərəflər apellyasiya şikayəti verməmişlər. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçıların izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-528/2020 saylı qətnaməsi İddiaçı1 aid hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən məhkəməyə göndərilmiş Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsi, 18 saylı evin, 24 saylı mənzili X9 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. xx.xx.2011-ci il tarixdə verilmiş notariat qaydada təsdiq olunmuş vəsiyyətnamənin surətindən görünür ki, X21 bütün əmlakını Cavabdeh qızına vəsiyyət etmişdir. xx xxxxxx 2017-ci il tarixli, 835/12 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 25 iyun2016-cı ildə arterial hipertenziya İİ st səbəbindən ölmüşdür. Cavabdeh Məjməddin qızının Bakı şəhəri 16 saylı Notariat Kontoruna verdiyi ərizədən görünür ki, o, atası X2 miras qalmış Bakı şəhəri Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 18 saylı evin, 24 saylı mənzilinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. xx.xx.2017-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri, 16 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.2011-ci ildə təsdiq edilmiş və 2V-19 nömrəli reyestrdə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə ölmüş X9 vərəsəsi Cavabdeh Məjməddin qızı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 miraz əmlakdan 10/12 hissədə pay almalıdır. Göstərilən miras əmlakın 2/12 hissəsi açıq qalır. xx xxxx 2016-cı il tarixli ərizənin surətindən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə vəfat etmiş atası X2 qalmış ona çatan vərəsəlik payından bacısı Cavabdeh Məjməddin qızının xeyrinə imtina etmişdir. xx xxxx 2016-cı il tarixli ərizənin surətindən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə vəfat etmiş atası X2 qalmış ona çatan vərəsəlik payından bacısı Cavabdeh Məjməddin qızının xeyrinə imtina etmişdir. xx xxxx 2016-cı il tarixli ərizənin surətindən görünür ki, X14 xx.xx.2016-cı il tarixdə vəfat etmiş həyat yoldaşı X2 qalmış ona çatan vərəsəlik payından Cavabdeh Məjməddin qızının xeyrinə imtina etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışının surətindən görünür ki, ünvan 2 ünvanındakı mənzilin 2/12 hissəsindəki payı Cavabdeh Məjməddin qızının mülkiyyətindədir. X9 2/12 payı açıq qalmışdır. Bakı şəhəri 16 saylı Notariat Kontorunun xx.xx.2019-cu il tarixli 702 saylı məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli 8İ-3531 reyestr nömrəli ərizəyə cavab olaraq bildirilmişdir ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş mərhum X2 miras qalmış əmlaklara dair açılmış vərəsəlik işi üzrə notariat ofisinə müraciət edən vərəsə Cavabdeh Məjməddin qızına reyestr 2V-6 saylı xx.xx.2016-cı il tarixli Bakı şəhəri 16 saylı notariat ofisində təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı3 Məjməddin oğlunun və İddiaçı2 vərəsəlik payları açıq qoyulmuşdur, vərəsəlik şəhadətnaməsində bu fakt qeyd edilmişdir. Digər qeydiyyat sənədində göstərilən şəxslər X14, X3 və X8 vərəsəlik paylarından imtina etmişdirlər. Vərəsəliyin qəbulu üçün qoyulmuş müddət ərzində notariat ofisinə müraciət edilmədiyindən, vərəsəliyin rəsmiləşdirilməsi zamanı onların barəsində məlumat verilməmişdir. Yuxarıda yazılanları nəzərə alaraq bildirilmişdir ki, mərhum atalarından miras qalmış əmlaklara dair miras payının alınması ilə əlaqədar məhkəməyə müraciət edə bilmələri məsləhət görülmüşdür. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, İddiaçı1 xx xxxxxx 2003-cü il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı araışından görünür ki, İddiaçı2 Məjməddin oğlu xx xxxxxx 2005-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. AZ-T seriyalı 096530 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 ilə X15 birgə nikahından xx.xx.1958-ci il tarixdə İddiaçı2 Məjməddin oğlu doğulmuşdur. AZ-T seriyalı 096542 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 ilə X4 birgə nikahından xx.xx.1960-cı il tarixdə İddiaçı3 Məjməddin oğlu doğulmuşdur. AZ-T seriyalı 096539 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 ilə X4 birgə nikahından xx.xx.1962-ci il tarixdə İddiaçı4 doğulmuşdur. AZ-T seriyalı 096529 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 ilə X4 birgə nikahından xx.xx.1964-cü il tarixdə İddiaçı1 Məjməddin oğlu doğulmuşdur. XVİİ-JQ seriyalı 371525 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 ilə X4 birgə nikahından xx.xx.1964-cü il tarixdə İddiaçı5 doğulmuşdur. AZ-T seriyalı ******* saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 ilə X4 birgə nikahından xx.xx.1968-ci il tarixdə Cavabdeh Məjməddin oğlu doğulmuşdur. Sabunçu rayon Məhkəməsinin 2(008)-3972/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X14 cavabdehlər Cavabdeh Məjməddin qızına və ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qeyd edilən qətbaməsi ilə iddia tələbi təmin edilməmişdir. Sabunçu rayon Məhkəməsinin 2(008)-8861/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş Bakı şəhəri, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi, ev 18, mənzil 24-də qeydiyyatda olan X3 və xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş Bakı şəhəri, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi, ev 18, mənzil 24-də qeydiyyatda olan X16 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, X21 ilə X4 birgə nikahından İddiaçı2 Məjməddin oğlu, İddiaçı3 Məjməddin oğlu, İddiaçı4,İddiaçı1 Məjməddin oğlu, X10,Cavabdeh Məjməddin qızı və İddiaçı5 Məjməddin oğlu, X17 və X18 9 uşaqları dünyaya gəlmişlər. Ataları X21 ilə anaları X20 arasında nikah pozulduqdan sonra ataları X14 ilə nikaha daxil olmuşdur. Onların birgə nikahından X3 və X8 dünyaya gəlmişdir. X22 əmlakları ilə bağlı xx.xx.2011-ci il tarixdə verilmiş notariat qaydada təsdiq olunmuş vəsiyyətnamə ilə bütün əmlakını Cavabdeh qızına vəsiyyət etmişdir. Miras xx xxxx 2016-cı ildə açılmış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsi, 18 saylı evin 24 saylı mənzili ilə bağlı Cavabdeh Məjməddin qızı 16 saylı Notariat Kontoruna müraciət etmiş və ona notarius tərəfindən reyestr nömrəsi 2V-6 olan xx.xx.2017-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə ilə xx.xx.2016-cı il tarixdə ölmüş X9 vərəsəsi Cavabdeh Məjməddin qızı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 miraz əmlakdan 10/12 hissədə paya hüquqları tanınmış, miras əmlakın 2/12 hissəsi payı açıq qoyulmuşdur. Təqdim edilmiş notariat icraatından görünür ki, X14, xx.xx.1991-ci il təvəllüdlü X8 və xx.xx.1994-cü il təvəllüdlü X3 xx.xx.2016-cı il tarixdə vəfat etmiş X5 qalmış onlara çatacaq vərəsəlik payından xx xxxx 2016-cı il tarixli ərizələr əsasında Cavabdeh Məjməddin qızının xeyrinə imtina etmişlər. Hazırda ünvan 2 ünvanındakı mənzilin 10/12 hissəsindəki payı Cavabdeh Məjməddin qızının mülkiyyətindədir. X11 2/12 payı açıq qalmışdır. İddiaçı1 iddia tələbinin məzmunundan görünür ki, notarius tərəfindən qeyd edilən şəhadətnamə verilərkən digər vərəsələr olan X8 və X1 anadangəlmə psixi xəstə olmalarına baxmayaraq bu hal Cavabdeh Məjməddin qızı tərəfindən gizlədilmiş və sonunculara çatacaq vərəsəlik payından Cavabdeh Məjməddin qızının xeyrinə alınmış imtina ərizələri etibarsızdır. Həmçinin, 16 saylı Notariat Kontoru təlimatdan kənara çıxaraq qardaş və bacılarının psixi xəstə olub-olmamasını araşdırmamış, onların fəaliyyət qabiliyyətini yoxlamamışdır. Yəni miras paydan imtina barədə xx.xx.2016-cü il tarixli ərizələr ərizənin mahiyyətini və hüquqi nəticələrini dərk etməyən şəxslər tərəfindən imzalanmışdır. Onlar mövcud vəsiyyətnamənin və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğunu bildikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Kollegiya qeyd edir ki, apellyator göstərilənləri iddia ərizəsində əks etdirsə də, tələbi konkret olaraq mirasda məcburi paylarının müəyyən edilməsi ilə bağlı olmuşdur. Yəni, apellyator tərəfindən nə vəsiyyətnamənin etibarsızlığına dair, nə də etibarsız kimi qiymətləndirdikləri xx.xx.1991-ci il təvəllüdlü X8 və xx.xx.1994-cü il təvəllüdlü X1 mirasdan Cavabdeh Məjməddin qızının xeyrinə imtina barədə ərizələri ilə bağlı tələb irəli sürülməmişdir. Beləliklə də, məhkəmə yalnız qaldırılmış tələb üzrə İddiaçı1 mirasda məcburi payının olub-olmamasına hüquqi qiymət vermişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. MM-nin 1243.1-ci maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. MM-nin 1194-cü maddəsinə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. MM-nin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qanunvericiliyə əsasən vəsiyyət edən vəsiyyətnamə tərtib etməklə mülkiyyət hüququ əsasında özünə məxsus olan əmlakın özünün ölümündən sonrakı taleyini həll edir. Vəsiyyət edən vəsiyyətnamə tərtib etməklə vərəsələrin bir hissəsini və ya hamısını qanun üzrə vərəsəlikdə onlara çatası payından, gözlənilən mülkiyyətlərindən məhrum edir. İşin halları ilə müəyyən olunur ki, apellyator İddiaçı1 mirası qəbul etməmişdir. O, miras açıldıqdan sonra qanunla müəyyən olunmuş müddətdə notariat kontoruna müraciət etməmiş, bundan əlavə mirası faktiki olaraq qəbul etməmişdir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir, belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarı). Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur. Məhkəmə İddiaçı1 iddia tələbinə hüquqi qiymət verərək vərəsəliklə bağlı müraciət müddətini buraxdığını və bu müddətin uzadılması ilə bağlı müraciət etməməsi səbəbindən iddiasının təmin edilməməsi nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi apellyatora münasibətdə iddianın təminindən imtina edərkən, düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyatora aid hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyatora aid hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin apellyatora aid hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)- 528/2020 saylı qətnaməsi İddiaçı1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-4484/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4484/2020
20.05.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver