Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4488/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi barədə” iddiasına dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 fevral 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdeh vəkili (nümayəndəsi) X1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMC tərəfindən inşa edilmiş və Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 71 saylı binadakı 15 saylı mənzilə görə MMC tərəfindən ondan artıq alınmış 9.000 manat məbləğində pulun MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında 01.03.2016-cı il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı, iddia ərizəsində qeyd edilən mənzili MMC-dən almışdır. Müqaviləndə qeyd edilmişdir ki, mənzilin ümumi sahəsi 112 kv.metr, hər 1 kv.metrin qiyməti 937,5 manat, mənzilin ümumi dəyəri isə 105.000 manatdır. İddiaçı həmin müqavilə üzrə cavabdeh MMC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, 105.000 manatı MMC-yə ödəmişdir. Daha sonra, iddiaçı, mənzil üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Həmin İdarə tərəfindən mənzilə dair verilmiş “Reyestrdən çıxarışda” qeyd edilmişdir ki, mənzilin ümumi sahəsi 102,40 kv.metrdir. Göründüyü kimi, MMC iddiaçıya mənzili aralarında razılaşdırılmış ölçüdə deyil, 9,6 kv.metr az ölçüdə təhvil vermişdir, ölçüdəki fərq pul ekvivalentində 9.000 manat təşkil edir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 26.02.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. O bildirdi ki, cavabdeh MMC, iddiaçı ilə aralarında bağlanmış 01.03.2016-cı il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş ümumi sahəsi 112 kv.metr olan mənzili iddiaçıya təhvil vermişdir. Mənzilin ümumi sahəsinin ölçüsündəki fərq ondan əmələ gəlmişdir ki, iddiaçı, mənzili MMC-dən təhvil aldıqdan sonra mənzili təmir etdirmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, MMC, inşa etdiyi binalarda yerləşən mənzilləri satdığına görə vergi ödəyir. Vergi isə divarların qalınlığı daxil olan sahələrin ölçüsünə görə tutulur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini isə mənzillərin ölçüsünü müəyyən edərkən divarların qalınlığını nəzərə almır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 01.03.2016-cı il tarixli, 42 saylı müqavilədən və işdə olan digər sənədlərdən görünür ki, iddiaçı, həmin müqaviləyə əsasən iddia ərizəsində qeyd edilən mənzili MMC-dən almışdır. Mənzilin ümumi sahəsi 112 kv.metr, hər 1 kv.metrin qiyməti 937,5 manat, mənzilin ümumi dəyəri isə 105.000 manatdır. İddiaçı, mənzilin dəyərini cavabdeh MMC-yə ödəmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışdan görünür ki, mübahisəli mənzilin iddiaçının xüsusi mülkiyyətində olması 12.07.2019-cu il tarixdə reyestrdə qeydiyyata alınmışdır. Mənzilin ümumi sahəsi 102,40 kv.metrdir. İddiaçı bildirir ki, “Reyestrdən çıxarışı” aldıqdan sonra ona məlum olmuşdur ki, mənzilin ümumi sahəsinin çatışmayan hissəsi 9,6 kv.metr, pul ekvivalentində isə həmin fərq (9,6 x 937,5=) 9.000 manat təşkil edir. Buna görə də iddiaçı hesab edir ki, həmin məbləğ MMC-dən onun xeyrinə tutulmalıdır. İddia tələbinə etiraz edən cavabdeh MMC-nin mövqeyi isə ondan ibarətdir ki, o, ümumi sahəsi 112 kv.metr olan mənzili iddiaçıya təhvil vermişdir. Ölçüdəki fərq ondan əmələ gəlmişdir ki, iddiaçı, mənzili MMC-dən təhvil aldıqdan sonra mənzili təmir etdirmişdir. Bundan başqa, MMC, inşa etdiyi binalarda yerləşən mənzilləri satdığına görə vergi ödəyir. Vergi isə divarların qalınlığı daxil olan sahələrin ölçüsünə görə tutulur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini isə mənzillərin ölçüsünü müəyyən edərkən divarların qalınlığını nəzərə almır. Məhkəmə iddia tələbinin əsaslı olub-olmamasını araşdırmaq üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəylərini almışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29.10.2021-ci il tarixli, 10/4049 saylı qeyd edilir ki, cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş 15 saylı mənzilin ümumi sahəsi 97,05 kv.metrdir. Göründüyü kimi ekspertiza tərəfindən müəyyən edilmişdir ki, mənzilin sahəsi “Reyestrdən çıxarışda” qeyd edilən ölçüdən də azdır. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 448-ci maddəsinə görə, əgər Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərinin işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdeh MMC 112 kv.metr ölçülü mənzilin iddiaçıya təhvil verilməsi barədə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçıya vurduğu zərərin əvəzini ödəməlidir. İddia əsaslıdır, lakin işə baxmış Rayon Məhkəməsi əsaslı olan iddianı rədd etmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi işin hallarını səhv müəyyən etmiş və bunun nəticəsi olaraq səhv nəticəyə gəlmişdir. Qətnamə işin hallarına və iş üzrə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır. Məhkəmə ekspertiza tərəfindən verilmiş rəyi və MPM-nin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia təmin edilərək 9.000 manat məbləğində vəsait cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, göstərilənləri və MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan, MPMnin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “artıq ödənilmiş pulun qaytarılması tələbi barədə” iddiası təmin edilsin. 9.000 (doqquz min) manat məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Bu məqsədlə cəmi 45 (qırx beş) manat məbləğində pul Cavabdeh-dən tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertizanın xərci cavabdehə aid edilsin və bu məqsədlə Cavabdeh-dən 100 (yüz) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4488/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4488/2021
10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver