Məhkəmə qərarları › İş №2(103)-449/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-449/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-449/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı beh müqavilələri üzrə pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinın 30 yanvar 2020-ci il tarixli 2(006)-622/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanmış 24 sentyabr 2016-cı il tarixli beh müqavilələri üzrə cavabdehin ondan aldığı cəmi 150000 manat məbləğində behin ikiqat mislinin, yəni 300000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aralarında olan sövdələşməyə görə cavabdeh Bakı şəhəri Nəsimi rayonu Ənvər Qasımzadə küçəsi ev 72-də yerləşən 101 saylı mənzilin sənədlərini beh müqaviləsi bağladığı tarixdən, yəni 24 sentyabr 2016-cı il tarixdən 25 fevral 2017-ci il tarixədək hüquqi baxımdan hazır edərək iddiaçı ilə alqı-satqı müqaviləsi bağlamalı idi. Lakin cavabdeh müqavilədə göstərilən vaxt tamam olanda alqısatqıya getmələri üçün nə əlaqə saxlamış, nə də telefon zənglərinə cavab vermişdir. Sonradan məlum olmuşdur ki, cavabdehin ailə üzvləri mənzilin satılmasına etiraz edirlər. Belə olduğu halda, iddiaçı cavabdehdən beh müqaviləsi üzrə verdiyi pulları geri tələb etmişdir. Cavabdeh isə pulunun olmadığını, iddiaçıdan aldığı pul hesabına başqa şəxsə olan borcunu bağladığını bildirmişdir. Cavabdehlə öhdəliklərinə əməl edilməsi üçün əlavə 1 ay vaxt vermiş, buna baxmayaraq cavabdeh nə ailə üzvlərinin razılığını almış, nə də ondan aldığı pulu qaytarmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli 2(006)- 622/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehdən behin iki misli olan 300000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən beh müqaviləsində göstərilən məbləğin 150000 manat olmaqla külli miqdarda olmasına, müqavilənin etibarsız olmasına diqqət yetirməmiş, müqavilədəki imzanın həqiqətən cavabdehə məxsus olub-olmamasını araşdırmaq məqsədilə məhkəmə xətşünaslıq ekspertizası təyin etməmişdir. Halbuki, cavabdeh notariat kontoruna getməmiş və müqavilələri imzalamamışdır. Bundan əlavə, cavabdehin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. İşə baxan məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən cavabdeh kassasiya şikayəti vermiş və şikayətdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2021ci il tarixli qərarında qeyd olunan yazılı göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinın 30 yanvar 2020-ci il tarixli 2(006)-622/2020 saylı ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı (beh verən) ilə cavabdeh (beh alan) arasında bağlanmış və Bakı şəhəri 38 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 24 sentyabr 2016-cı tarixli beh müqavilələrinə əsasən Cavabdeh özünə məxsus olan Bakı şəhəri Nəsimi rayonu Ənvər Qasımzadə küçəsi ev 72-də yerləşən 101 saylı mənzilin satışına görə İddiaçı bir müqavilə üzrə 100000 manat, digər müqavilə üzrə 50000 manat olmaqla, cəmi 150000 manat məbləğində beh almışdır. Beh müqavilələrində qeyd olunan mənzilin ümumi qiyməti 200000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddanı təmin edərkən belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıdan öz mənzilini 200000 manata satışına görə iki dəfəyə 150000 manat beh almış, beləliklə də iddiaçı qarşısında beh müqavilələri üzrə öhdəlik götürmüş, lakin mənzili iddiaçıya satmayaraq öhdəliklərini icra etməmişdir. Cavabdeh müqavilənin icra edilməməsində məhz iddiaçının məsuliyyət daşımasına dair sübutları məhkəməyə təqdim etməmiş, əksinə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatətlə müraciət edərək göstərmişdir ki, təqdim edilmiş 24 sentyabr 2016-cı il tarixli beh müqavilələri üzrə onun adının yanında atılmış imza onun deyil və bu beh müqavilələrinin bağlanması üçün 38 saylı Notariat Kontoruna getməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi iddiaçı 24 sentyabr 2016-cı il tarixli beh müqavilələrinə istinad edərək cavabdehdən mübahisəli mənzilin alqı-satqısı ilə bağlı ödədiyi beh məbləğinin iki qatını cavabdehdən tələb edərək müqavilənin cavabdehin təqsiri üzündən icra edilməməsini iddia edir. Cavabdeh isə ümumiyyətlə tərəflər arasında beh müqaviləsinin bağlanmadığını, onun notariat orqanına getmədiyini, behin məbləğinin külli miqdarda olduğunu, mübahisəli mənzilin satışı ilə bağlı bir gündə iki beh müqaviləsinin bağlanmasını göstərərək həmin müqavilələrin etibarsız olduğunu bildirir və iddia tələbinə etiraz edir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş beh müqavilələrində mübahisəli mənzilin dəyərinin 200000 manat müəyyən edilməsi, bir müqavilə üzrə 50000 manat, digər müqavilə üzrə isə 100000 manat, ümumilikdə 150000 manat behin ödənilməsi göstərilmişdir. Beh müqavilələrində olan imzaların Cavabdeh məxsus olmaması barədə apellyasiya şikayətinin dəlilinin araşdırılması məqsədilə təkrar apellyasiya icraatı zamanı məhkəmə xətşünaslıq ekspertizası keçirilmişdir. Məhkəmə xətşünaslıq ekspertizasının 4 mart 2022-ci il tarixli 4/1867 saylı rəyinə görə, Cavabdeh ilə İddiaçı arasında bağlanmış və 24 sentyabr 2016-cı tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda təsdiq olunmuş 2 ədəd beh müqaviləsində Cavabdeh aid hissədə olan imza və imzadan sonra əlyazma ilə yazılmış “Гулиев Сеймур.” sözləri Cavabdeh tərəfindən icra edilmişdir. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlili ilə əlaqədar kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində cavabdehin iştirakı təmin olunmuş, o, məhkəmə qərardadından şikayət vermiş və məhkəmə xətşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət qaldırmışdır. Buna görə də apellyasiya şikayətinin bu dəlili əsassızdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakı maddi hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 491.3-cü maddəsinə görə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin Məcəllənin 492-ci maddəsinə görə öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, 200000 manat dəyərində mənzilin alqı-satqısına görə 150000 manat, yəni dəyərinin dörddə üçü məbləğində pul ödənilməsi, həmin məbləğin birdəfəlik deyil, eyni gündə iki saat fərqi ilə verilməsi, bu barədə iki müqavilə bağlanması əsas verir ki, ödənilmiş məbləğin beh olması kifayət qədər şübhə yaradır. Cavabdehin etirazının əsas dəlilləri də bağlanmış müqavilələrin beh ilə bağlı olmaması ilə əlaqədardır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə beh münasibətlərindən irəli gəlməmiş, buna görə də mənzilin alqı-satqısına görə ödənilmiş 150000 manat pul avans kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını tam, obyektiv və hərtərəfli yoxlamamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinın 30 yanvar 2020-ci il tarixli 2(006)- 622/2020 saylı qətnaməsi ləğv edilsin, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilsin. Cavabdeh 150000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xərci qismində 127 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar