Məhkəmə qərarları › İş №2(103)-4492/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4492/2020

04.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4492/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Emil Qanbayevin, Cavabdeh1 nümayəndəsi və vəkili Venera Əskərovanın iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 3 saylı “Asan xidmət” Mərkəzinin notariat ofisinə qarşı (üçüncü şəxslər “xxxxxxxxxx” MMC və Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi) “vərəsəlik paylarının müəyyən edilərək, mülkiyyət hüquqlarının tanınması tələbinə” dair 2(004)-6678/2019 nömrəli mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 3 saylı “Asan xidmət” Mərkəzinin notariat ofisinə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, mərhum qaynatası X1 və mərhum qaynanası X3 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 4a, 12 nömrəli mənzilin 2/3 hissəsi üzərində və «xxxxxxxxxx» MMC tərəfindən inşa edilmiş ünvan 1-ci məhəllə, Emerald Palace yaşayış binası 2 ünvanda yerləşən 98 saylı mənzilin 2/3 hissəsi üzərində övladları Bəxtiyar və Sevincin vərəsəlik paylarının müəyyən edilərək, mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində qeyd edilir ki, məhkəmə qətnaməni əsaslandırmamışdır. Əvvəla, cavabdehə verilmiş vəsiyyətinamənin özünə şübhə ilə yanaşır, belə bir vəsiyyətnamənin dəfələrlə əməliyyat olunduqdan sonra, yüzlərlə dava-dərmanı qəbul etdiyi, iynələrin vurulduğu vaxtda qaynatasının verməsi inandırıcı deyildir. Digər tərəfdən isə məhkəmə mirasda məcburi pay ifadəsini işlətməklə, Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2014-cü il tarixli qərarına istinad etməklə qarışıqlıq yaratmağa çalışmışdır. Övladlarının birinci növbəli vərəsə olması hüququ Mülki Məcəllənin 159.1.3-cü maddəsində təsbit edilmişdir. Məcburi miras almaq hüquqi isə tamamilə başqa bir anlayış, başqa hüquqdur. Məhkəmə qarışıqlıq yaratmaqla, birinci mirasqoyanı da ikinci mirasqoyanın “gözünə qatmaqla” çaşqınlıq yaratmağa, işin mahiyyətini tamamilə başqa istiqamətə aparmağa çalışmışdır. İddiaçının vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh1 vəkili şikayətə etiraz edərək, təmin olunmamasını xahiş etdi. O, həmçinin bildirdi ki, cavabdehin anası X4 adına ünvan 1 ünvanında yerləşən yaşayış evində 1 otaqlı mənzilə dair "xxxxxxxxxx" MMC ilə müqavilə bağlansa da dəyərini ödəyə bilmədikləri üçün hələ Zərifə Hüseynovanın sağlığında həmin müqavilə ləğv edilmiş və sonradan «xxxxxxxxxx» MMC tərəfindən başqa vətəndaşa satılmışdır. Ona görədə həmin mənzil ümumiyyətlə vərəsəliyin predmeti ola bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh və üçüncü şəxslər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini iddianın təmin olunması barədə qətnamənin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı mərhum qaynanası X4 xx.xx.2018-ci il tarixdə vəfat etməsi ilə sonuncudan qalan Bakı şəhəri, Bəsti Bağırova küçəsi, 592-ci məhəllə, Emerald Palace yaşayış binası 2 ünvanda yerləşən 98 saylı mənzilə miras açılmışdır. İddiaçının mərhum qaynatası X2 xx.xx.2019-cu il tarixdə vəfat etməsi ilə onun adına olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 4a, 12 nömrəli mənzilə miras açılmışdır. xx.xx.2019-cu il tarixli vəsiyyətnamə ilə X5 ölən günədək özünə məxsus olan bütün daşınar və daşınmaz əmlakı qızı Cavabdeh1 vəsiyyət etmiş, habelə, qanun üzrə digər vərəsələri vərəsəlik hüququndan və məcburi paydan məhrum etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1145, 1159.1, 1166 və 1194-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 4a, 12 nömrəli mənzil xx.xx.2011-ci il tarixdə X2 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X5 xx xxxxxx 2019-cu il tarixli vəsiyyətnamə ilə bütün daşınar və daşınmaz əmlakını qızı, iş üzrə Cavabdeh1 vəsiyyət etmişdir. Miras qoyanın oğlu və iddiaçının əri olan Polad Hüseynov valideynlərindən əvvəl (xx.xx.2017-ci il tarixdə) vəfat etdiyindən və məcburi pay üzrə tələb hüququ onun övladlarına keçmədiyindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 4a, 12 nömrəli mənzilə vərəsəlik payının müəyyən edilməsi barədə iddianın təmin edilməsi üçün qanuni əsas müəyyən edilməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin “bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan "xxxxxxxxxx" MMC ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli yaşayış evinin tikintisinin sərmayələşdirilməsi barədə müqaviləyə əsasən sərmayəçi Zərifə Hüseynova «xxxxxxxxxx» MMC tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış evinin tikintisinin sərmayələşdirilməsində iştirak etməyi, "xxxxxxxxxx" MMC isə yaşayış evi istifadəyə verildikdən sonra ümumi sahəsi 47,9 kv.m olan 1 otaqlı, 98 saylı mənzili sərmayəçiyə verməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı tərəf həmin mənzilin dəyərinin X6 tərəfindən MMC-yə ödənilməsini və mənzilin ona məxsus olmasını təsdiq edən sübut təqdim edə bilməmişdir. Əksinə cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi "xxxxxxxxxx" MMC ilə Adığözəlova Püstə Nadir qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli yaşayış evinin tikintisinin sərmayələşdirilməsi barədə müqavilənin və "xxxxxxxxxx" MMC-nin xx.xx.2020ci il tarixli maliyyə arayışının surətindən görünür ki, həmin mənzilə dair Adığözəlova Püstə Nadir qızı adlı başqa şəxslə müqavilə bağlanmış, onun "xxxxxxxxxx" MMC-yə borcu yoxdur. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********56 nömrəli məktubunda da qeyd edilmişdir ki, Bakı şəhəri, B.Bağırova küçəsi, məhəllə 592, ev 2, 98 saylı mənzilin X4 adına qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. Beləliklə, iddiaçı tərəf məhkəməyə həmin mənzilin miras əmlaka daxil olmasını təsdiq edən sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 6678/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi olaraq verildiyi vaxtdan 2 ay müddətində kassasiya şikayəti verilmədiyi halda qanuni qüvvəyə minir və ondan Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar