Məhkəmə qərarları › İş №2(103)-4492/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4492/2021

28.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4492/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2010/2021 saylı, 28 yanvar 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X1, Hacıyev Cavabdeh5, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh4 qarşı «alqı-satqı müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzil barəsində saxta alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında DƏDRX tərəfindən 28.04.2017-ci il tarixdə Hacıyev Cavabdeh5 adına verilmiş RX ******* saylı çıxarışın ləğv olunması, Hacıyev Cavabdeh5 ilə Cavabdeh4 arasında bağlanmış 4Ə/587 saylı reyestrlə qeydə alınmış 29.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanmış 4Ə/238 saylı reyestrlə qeydə alınmış 21.02.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı “iddianın təmini tədbiri” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ünvan 2 ünvanında yerləşən mənzilinə dair icra prosesinin dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2010/2021 saylı, 28 yanvar 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 158-ci maddəsinə əsasən, məhkəmə iddianı təmin etmək üçün cavabdehə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. İddiaçı “iddianın təmini tədbiri” barədə ərizədə cavabdehlər X1, Hacıyev Cavabdeh5, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh4 qarşı «alqı-satqı müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə qətnamənin gələcəkdə icrasının təmin edilməsi üçün ərizədə sadalanan əşyaların üzərinə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının ərizədə göstərdiyi xahiş iddia ərizəsində göstərilən iddia tələblərinə zidd və ona heç bir aidiyyəti olmayan, ünvan 2 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulması ilə bağlı olduğundan təmin edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən, Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi ərizəni rədd etməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2010/2021 saylı, 28 yanvar 2021-ci il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar