Məhkəmə qərarları › İş №2(103)-4493/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4493/2021

05.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4493/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “əqdlərin etibarsızlığı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh “xxxx” KB ASC ilə aralarında bağlanmış 01.08.2014cü il tarixli, 42/14 SU saylı kredit müqaviləsinin, həmin müqavilə çərçivəsində bağlanmış 05.08.2014-cü il tarixli, 42/1/14SU saylı əlavə kredit müqaviləsinin və 01.08.2014-cü il tarixli, 42Sİ/14SU saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. İddiaçı, 09.02.2021-ci il tarixdə ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, qətnamədən apelyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin üzürlü hesab edilərək bərpa olunmasını və işin apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə, 14.12.2020-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək ölkə ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiq olunması və sms icazə sistemində məhkəmə aktlarından şikayət verilməsinin nəzərdə tutulmaması, buna görə də apellyasiya şikayəti vermək imkanı olmaması ilə əsaslandırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.02.2021-ci il tarxli qərardadı ilə ərizənin təmin edilməməsi və apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı, şikayət verərək, həmin qərardadın ləğv, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizə ilə eyni məzmunda əsaslandırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi, 15 mart 2021-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunverici müddətin buraxılma səbəbinin üzürlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmə, ilk növbədə iddiaçı tərəfindən qətnamədən şikayət verilməsi müddətinin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsi məsələsini araşdırmağı vacib hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmasın. İş materiallarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi həmin tarixli məktubla tərəflərə, o cümlədən iddiaçıya ünvan üzrə göndərilmişdir. İşdə olan SS702287274AZ nömrəli poçt xəbərnaməsindən (səh.60) görünür ki, sözügedən qətnamə iddiaçı tərəfindən 07.12.2020-ci il tarixdə şəxsən imza edilməklə rəsmi qaydada alınmışdır. Həmin qətnamədən apelyasiya şikayəti və onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə isə 09.02.2021-ci il tarixdə verilmişdir. İddiaçı qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının səbəbi kimi ölkədə tətbiq edilən karantin rejimini göstərmişdir. Qeyd olunmalıdır ki, ölkə ərazisində Koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə sərtləşdirilmiş tədbirlər tətbiq olunsa da, xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduqları yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsilə tərk etmək imkanı yaradılmışdır. Habelə, həmin dövrdə poçt rabitəsi xidmət göstərmişdir. Həmin imkanlarla icazə verilən vaxt çərçivəsində iddiaçının qətnamədən apelyasiya şikayəti verilməsi üçün lazımi prosessual hərəkətləri yerinə yetirməsi mümkün idi. Odur ki, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5109/2020 nömrəli, 18 fevral 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar