Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4496/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı “kredit və s. müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs (iddiaçı tərəfdən) X2 cavabdeh «xxxx» ASC-yə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-508/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.01.2015-ci ildə onunla Cavabdeh İKB ASC Sumqayıt filialı arasında bağlanmış № 4-m2-0-9-158 saylı kredit, girov və zaminlik müqavilələrinin etibarsız hesab edilərək hesablanmış borcun ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh İKB ASC-nin Sumqayıt filialı arasında 23.09.2013-cü ildə 4-m-l-0-964-13 saylı kredit müqaviləsi bağlanmış, oğlu Həsənli Təbrizə avtomobil alınması üçün mənə 7500 ABŞ dolları kredit verilmişdir. 31.07.2018-ci ildə Cavabdeh İKB ASC Abşeron rayon Məhkəməsində iddia qaldıraraq ondan və oğlu Həsənli Təbrizdən müştərək qaydada“ Cavabdeh” İKB ASC-nin xeyrinə 23.09.2013-cü il tarixli kredit müqaviləsi üzrə 1089,57 ABŞ dolları faiz borcu və 14,14 ABŞ dolları cərimə borcu olmaqla cəmi 1103,71 ABŞ dolları borcun tutulması barədə qətnamə çıxarılmasım xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 13.02.2019-cu il tarixli qətnaməsi ilə məndən 1089,57 ABŞ dolları fazi borcu və 14,14 ABŞ dolları cərimə, cəmi 1103,71 ABŞ dolları və 30 manat dövlət rüsumu tutulmasını qət edilmişdir. O, Abşeron Rayon Məhkəməsinin 13.02.2019 cu il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsində araşdırma aparılarkən aydın olmuşdur ki, 07.01.2015-ci ildə onunla Cavabdeh İKB ASC-nin Sumqayıt filialı arasında 4-m — 2 — 09- 15 saylı kredit müqaviləsi, girov müqaviləsi və X5 və X6 ilə zaminlik müqavilələri imzalanmış, bankdan 5480 ABŞ dolları kredit götürmüş, 1673 ABŞ dolları faizlə birlikdə 7117 ABŞ dolları kredit borcu yaranmışdır. Ancaq nədənsə cavabdeh onu 31.07.2018-ci ildə məhkəməyə verərkən ikinci müqavilə haqqında, yəni saxta müqavilənin olması barədə susmuş, yalnız ondan 1103,71ABŞ dolları və faizini tələb etmişdir. AR Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı fərmanına uyğun olaraq maliyyə bazarlarına nəzarət palatası tərəfindən yaradılan elektron portalında problemli kreditlərin kompensiyasiyası ona aid hissədə manat ekvivalentində 6936 manat hesablanmış, 3803 manat azaldılmış, 3133 manat qalıq borcunu 5 il müddətinə ödəməlidir, yəni götürmədiyi kreditə görə cavabdehin verdiyi düzgün olmayan məlumata əsasən borclu qalmışdır. Cavabdeh İKB ASC-nin Sumqayıt filialına 23.06.2019-cu ildə ərizə ilə müraciət edərək 07.01.2015- ci il tarixində bağlanan kredit müqaviləsini və ona əlavə edilmiş sənədlərin ksero surətlərini almışdır. Həmin sənədlərdən açıq-aydın görünür ki, kredit, girov və zaminlik müqavilələri filialın öz işçiləri tərəfindən, imzalar saxtalaşdırılmaqla tərtib edilmiş və imzalanmışdır. O, həmin müqaviləni görməmiş, müqaviləni imzalamamış, bankdan 1 sent də olsun pul götürməmişdir. Zaminləri tanımır, onlarla heç bir əlaqə və münasibəti yoxdur, onlar da bu saxtakarlıqdan xəbərsizdirlər. Bundan başqa girov müqaviləsi ilə, nə daşınar nə də daşınmaz əmlakını girov qoymamışdır. Ümumiyyətlə cavabdehin Sumqayıt filialının keçmiş rəhbərliyinə qarşı AR Baş Prokrorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılmış, istintaq gedir. Cavabdeh İKB ASC-nin Sumqayıt filialının onunla bağladığı 07.01.2015-ci il tarixli kredit müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-340 maddələrinin tələblərinə ziddir və yuxarıda göstərdiyi səbəblərdən etibarsız sayılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, 07.01.2015-ci ildə onunla Cavabdeh İKB ASC Sumqayıt filialı arasında bağlanmış № 4-m-2-0-9-158 saylı kredit müqaviləsinin, girov müqaviləsi və zaminlik müqavilələrinin etibarsız hesab edilərək hesablanmış borcun ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb eilmiş (iddiaçı tərəfdən) Hüseynova (Şamilova) Günel Vaqif qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.01.2015-ci il tarixli, 4-M-2-0-9-15 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 07.01.2015-ci il tarixli, 4-M-2-0-9-15 saylı kredit müqaviləsindən görünür ki, bank borcalan İddiaçı 36 ay müddətinə illik 18% dərəcəsi ilə 5480 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 07.01.2015-ci il tarixli, 4-M-2-0-9-15 saylı zaminlik müqaviləsinə əsasən güya o, cavabdeh qarşısında İddiaçı öhdəliyi icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin o, iddiaçını ümumiyyətlə tanımır, 07.01.2015-ci il tarixli zaminlik müqaviləsinin tərtibatında iştirak etməyib. Zaminlik müqaviləsi onun tərəfindən imzalanmamış, və beləliklə də o, həmin müqavilə əsasında yaranmış öhdəliklər üçün məsuliyyət daşımır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-508/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, İddiaçı tərəf olduğu 07.01.2015-ci il tarixli 4-M- 2-0-9-15 saylı kredit müqaviləsinin və onun əsasında bağlanmış 07.01.2015-ci il tarixli 4- M-2-0-9-15 saylı zaminlik və girov müqavilələrinin etibarsız hesab olunması və həmin müqavilələrinin hüquqi nəticələrinin ləğv edilməsi, iddiaçı tərəfindən 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh “xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi, Hüseynova (Şamilova) Günel Vaqif qızının tərəf olduğu 07.01.2015-ci il tarixli 4-M-2-0-9- 15 saylı zaminlik müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs (iddiaçı) Hüseynova (Şamilova) Günel Vaqif qızı tərəfindən 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh “xxxx" ASC-dən tutularaq Hüseynova (Şamilova) Günel Vaqif qızına ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 293 manat məbləğində pulun cavabdeh “xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv olunması xahiş edilmiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə İddiaçı və Hüseynova (Şamilova) Günel Vaqif qızının məhkəmə baxışı zamanı verdiyi izahatların inandırıcı olduğunu qeyd etməsinə baxmayaraq, əslində işin materiallarındakı digər izahatlar və sənədlərə əsasən, əksinə olaraq, onların məhkəmədə dedikləri inandırıcı görünmür. Belə ki, İddiaçı özünün verdiyi izahatdan göründüyü kimi, o, 23 sentyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasında “xxxx” ASC-dən kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrədə məlikəmə mübahisəsi olan zaman İddiaçı iddia etmişdir ki, 2013-cü il tarixli kredit müqaviləsini imzalamışdır. Lakin məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, 23 sentyabr 2013-cü il tarixli kredit müqaviləsi İddiaçı tərəfindən imzalanmışdır. Göründüyü kimi hər iki kredit müqaviləsində olan imzalar İddiaçı tərəfindən mübahisələndirilmişdir. Bu da, öz növbəsində İddiaçı məhkəmə iclasında dediklərinin yalan olmasını göstərir. Digər tərəfdən, kredit rəsmiləşdirildikdən sonra, İddiaçı müqavilə üzrə öhdəlikləri qəbul etmiş, kredit müqaviləsinin, o cümlədən etibarsızlığını vaxtında mübahisələndirməmiş, əksinə, öhdəlikləri qismən də olsa icra edərək ödənişlər aparmışdır. Sonradan isə tərəfimizdən kredit müqavilələri üzrə məhkəməyə müraciət etdiyimizi görən S.Həsənova məhkəməyə müraciət edərək, müqavilələrin e:ibarsız olmasını iddia etmişdir. Bütün bu qeyd olunanlar isə Məhkəmə Ekspertizası Mərkəzinin 09.01.2020-ci il və 01.07.2020-ci il tarixli ekspert rəylərini şübhə altına almaq üçün xeyli əsaslar verir. Bu səbəbdən ekspert rəyləri inandırıcı deyil və bununla bağlı təkrar ekspertiza təyin olunmalıdır. Bundan başqa, İddiaçı və Hüseynova (Şamilova) Günel Vaqif qızı iddia tələbilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdılar. Belə ki, kredit və zaminlik müqaviləsi 07 yanvar 2015-ci il tarixdə bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə gecikmələr yarandığından tərəfimizdə 06 oktyabr 2017-ci il tarixdə Abşeron rayon məhkəməsinə kredit borcunun tutulması tələbi barədə iddia ərizəsi ilə müraciət olunmuşdur. Həmin məhkəmə mübahisəsi barədə cavabdeh olan İddiaçı və Hüseynova (Şamilova) Günel Vaqif qızının məlumatı olmuşdur. Bu da onunla öz təsdiqini lapır ki, məhkəmə bildirişləri və tərəfimizdən cavabdchlərə xəbərdarlıq göndərilmişdir. Odur ki, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Hüseynova (Şamilova) Günel Vaqif qızı 2015-ci il tarixdən aparılmış bütün hərkət və hərkətsizlikdən məlumatları olmuş lakin kredit və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və digər tələbləri ilə bağlı iddia tələbi ilə bağlı məhkəməyə vaxtında müraciət etməmişdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh bankın nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs səbələri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından aydın olur ki, Cavabdeh İKB ASC Sumqayıt filialı ilə İddiaçı arasında bağlanmış 07.01.2015-ci il tarixli № 4-m-2-0-9-15 saylı kredit müqaviləsi və ona edilmiş 1 saylı əlavədən görünür ki, bank borcalan İddiaçı 36 ay müddətinə illik 18% dərəcəsi ilə 5480 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredit və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olanCavabdeh İKB ASC Sumqayıt filialı ilə zamin Hüseynova (Şamilova) Günel Vaqif qızı arasında bağlanmış 07.01.2015-ci il tarixli 4-m-2-0-9-15 saylı zaminlik müqaviləsindən görünür ki, Hüseynova (Şamilova) Günel Vaqif qızı 07.01.2015-ci il tarixli 4-m-2-0-9-15 saylı kredit müqaviləsi üzrə borcalan İddiaçı kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. İş materiallarında olan Cavabdeh İKB ASC Sumqayıt filialı ilə zamin X6 arasında bağlanmış 07.01.2015-ci il tarixli 4-m-2-0-9-15 saylı zaminlik müqaviləsindən görünür ki, X6 07.01.2015-ci il tarixli 4-m-2-0-9-15 saylı kredit müqaviləsi üzrə borcalan İddiaçı kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. İş materiallarında olan Cavabdeh İKB ASC Sumqayıt filialı ilə İddiaçı arasında bağlanmış 07.01.2015-ci il tarixli 4-m-2-0-9-15 saylı saylı girov müqaviləsindən göründüyü kimi, 07.01.2015-ci il tarixli 4-m-2-0-9-15 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklər girova qoyulan əmlakla təmin olunmuşdur. Belə ki, həmin müqaviləyə əsasən kreditin və ona hesablanmış faizlərin, dəbbə pulunun qaytarılmasının təminatı kimi girov qoyana (iddiaçıya) məxsus olan, 3100 manat məbləğində daşınar əmlak girov ilə yüklü edilmişdir. 10.04.2019-cu il tarixli problemli kreditlərin kompensasiyasına dair əsas məlumatlardan görünür ki, İddiaçı cəmi hesablanmış kompensasiya 3133,16 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-195/2019 saylı, 13 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İKB ASC-nin cavabdehlər İddiaçı və X3 qarşı borcun tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı 1 089.57 ABŞ dolları faiz borcu və 14,14 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 1103,71 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 30 manat dövlət rüsumunun tutulması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.01.2020-ci il tarixli 29109 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 68-ci vərəqəsində olan “xxxx” İKB ASC-nin Sumqayıt filialı ilə X1 arasında bağlanmış 7 yanvar 2015-ci il tarixli 4-M-2-Q-9-15 nömrəli zaminlik müqaviləsinin “Zamin” qrafasında “X7 Qizi” yazıların aşağı hissəsində yerləşən imza – Şamilova (Hüseynova) Günel Vaqif qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.07.2020- ci il tarixli 4/277 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 65-ci vərəqəsində “xxxx” İKB ASC və İddiaçı adlarından olan 7 yanvar 2015-ci il tarixli 4-M-2-0-9-15 saylı kredit müqaviləsində 2 ədəd “Borcalan” qrafalarındakı imzalar - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə iş materiallarından müəyyən edildiyi kimi Abşeron Rayon Məhkəməsinin 13.02.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı 1089,57 ABŞ dolları fazi borcu və 14,14 ABŞ dolları cərimə, cəmi 1103,71 ABŞ dolları və 30 manat dövlət rüsumu tutulması qət edilmişdir. O, Abşeron Rayon Məhkəməsinin həmin qətnaməsindən apelyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsində aparılan araşdırma zamanı ona Cavabdeh İKB ASC-nin Sumqayıt filialı ilə onun arasında bağlanmış 07.01.2015-ci il tarixli 4-m-2-0-9- 15 saylı kredit müqaviləsi və tərəf olduğu kredit müqaviləsindən yaranmış öhdəliklər üçün girov və zaminlik müqavilələrinin imzalandığı və bunun nəticəsində cavabdehə 7117 ABŞ dolları məbləğində borcun yarandığı məlum olunmuşdur. Hazırda İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb edilmiş Hüseynova (Şamilova) Günel Vaqif qızı kredit, zaminlik və girov müqavilələrini imzalamadığı, mübahisə predmeti olan müqavilələrin mövcudluğundan məlumatlarının olmadığına istinad edərək 07.01.2015-ci il tarixli, 4-M-2-0-9-15 saylı kredit, zaminlik və girov müqavilələrinin etibarsız hesab edilməsinə dair iddiaların təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi olmaqla, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən kredit müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Birinci instansiya məhkəməsi müqavilələrin etibarsız hesab edilməsi üçün istinad etdikləri halların movcud olubolmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.01.2020-ci il tarixli 29109 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.07.2020-ci il tarixli 4/277 nömrəli ekspert rəyləri əsasında “xxxx” İKB ASC və İddiaçı adlarından olan 7 yanvar 2015-ci il tarixli 4-M-2-0-9-15 saylı kredit müqaviləsində 2 ədəd “Borcalan” qrafalarındakı imzalar - İddiaçı, “xxxx” İKB ASC-nin Sumqayıt filialı ilə X1 arasında bağlanmış 7 yanvar 2015-ci il tarixli 4-M-2-Q-9-15 nömrəli zaminlik müqaviləsinin isə “Zamin” qrafasında “X7 Qizi” yazıların aşağı hissəsində yerləşən imza – Şamilova (Hüseynova) Günel Vaqif qızı icra edilmədiyi müəyyən edilmişdir. Apellyasiya şikayətində cavabdeh təkrar ekspertiza keçirilməsini xahiş etsə də, kollegiya qeyd edir ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş rəylərdə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir Göründüyü kimi, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin mübahisələndirdikləri müqavilələrin saxtalaşdırılmış olduğu iş üzrə verilmiş ekspert rəyləri ilə təsbit edilmişdir; bu isə o deməkdir ki, onların irəli sürdüyü faktiki hallar iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqla bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət mövcud deyildir. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyatorların davranışı hüquqdan sui-istifadə olmaqla iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin qanunla qorunan mənafeyinə xələl gətirməkdədir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Apellyasiya şikayətinin iddia müddətinin ötürülmüş olması ilə bağlı dəlillərinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülübötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən də, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Həmin Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd edilən maddələrin mənasından aydın olur ki, müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. İşin hallarından göründüyü kimi, mübahisələndirilən müqavilələr 07.01.2015-ci il tarixdə bağlansa da, sözügedən müqavilələrdən bank onlara qarşı 31.07.2018-ci il tarixdə məhkəməyə müraciət etdikdən sonra xəbər tutduqlarını iddia irəli sürmüşlər. Konstitusiya Məhkəməsi E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının öz hüquqlarının pozulduğunu mübahisələndirilən müqavilənin bağlandığı tarixdə bilmiş olduqları qənaətinə gəlmək işin hallarına uyğun olmamaqla ağlabatan mühakimə əsasında məntiqli də deyildir. Əksinə, onların öz hüquqlarının pozulduğunu məhz bankın Abşeron Rayon Məhkəməsində qaldırdığı iddia tələbindən sonra bildikləri qənaətinə gəlmək daha ağlabatandır. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətlərində irəli sürülənlər yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-508/2020 saylı, 14 sentyabr 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu «xxxx» ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4496/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4496/2021
05.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver