Məhkəmə qərarları › İş №2(103)-4498/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4498/2020

29.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4498/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili X3 iştirakı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)-4093/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iki azyaşlı uşağı Ərzuman və Aysu ilə birlikdə 8000 (səkkiz min) manat məbləğində kompensasiya verilməklə Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsində yerləşən 25 nömrəli evin, 8 saylı mənzilindən istifadə hüququna xitam verilməklə çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh isə cavabdeh X1 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsinin “Q” yaşayış sahəsində yerləşən 25 saylı evin, 8 nömrəli mənzilindən 8000 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı, öz iddia tələbinin həcmini artıraraq, Cavabdeh iki azyaşlı uşağı Ərzuman və Aysu ilə birlikdə 10.000 manat məbləğində kompensasiya verilməklə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsində yerləşən 25 nömrəli evin, 8 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, ümumi sahəsi 67,99 kv.m olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsində yerləşən 25 saylı evin, 8 saylı mənzil Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx xxxx 1992-ci il tarixli 302 saylı sərəncamı ilə ona verilmişdir. Hazırda həmin mənzil Nərimanov rayon İcra Hakimiyyəti Xalq Deputatları Soveti tərəfindən verilmiş xx xxxx 1992-ci tarixli 011330 nömrəli order əsasında onun istifadəsindədir. 1992ci ildən həmin mənzildə pasport qeydiyyatında olmaqla ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Həmin ünvanda keçmiş həyat yoldaşı Nərminə Hüseynova, X9, qızları Vüsalə Hüseynova və Nurlanə Əhmədova, keçmiş gəlini Cavabdeh və sonuncunun azyaşlı övladları, yəni nəvələri Ərzuman Hüseynov və Aysu Hüseynova qeydiyyatdadırlar və hazırda orada yaşayırlar. X9 2004-cü ilin sentyabr ayında Cavabdeh ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların nikahı xx xxx 2005-ci il tarixdə rəsmi qaydada qeyd edilmişdir. Birgə nikahlarından xx xxxx 2005-ci il təvəllüdlü Ərzuman və xx xxxx 2008-ci il təvəllüdlü Aysu adlı iki övladları doğulmuşdur. Aralarında müəyyən mübahisə yarandığına görə xx xxxxxx 2017-ci il tarixdə məhkəmə qaydasında boşanmışlar. Lakin buna baxmayaraq cavabdeh uşaqları ilə birlikdə ona məxsus qeyd olunan mənzilin bir otağında yaşayırlar. Həmin mənzil ona əvvəllər işlədiyi müəssisə tərəfindən order əsasında verilmiş və bu günkü gündə həmin mənzili öz adına özəlləşdirmək istəsə də, həmin mənzildə qeydiyyatda olan, ailə üzvü olmayan keçmiş gəlini Cavabdeh buna razılıq vermir və bu da onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Mənzilin ümumi sahəsi 67,99 kv.metr olsa da, mənzildə hazırda 10 nəfər yaşayır. Onlar cavabdehlə bir mənzildə yaşasa da, birgə təsərrüfatı aparmırlar. Belə olan halda cavabdehin onların ailəsi ilə bir yerdə yaşaması, eyni mənzildə ayrı-ayrı təsərrüfat aparması böyük bir ailənin rahatlığının pozulmasına və ailə münasibətlərinin gərginləşməsinə gətirib çıxarır. Bundan əlavə cavabdeh 1992-ci ildən Order əsasında ona verilmiş mənzildə qeydiyyatda olduğu üçün sonuncu heç zaman ona məxsus qeyd olunan mənzili qanuni əsaslarla özəlləşdirmək və üzərində sərəncam vermək hüququnu həyata keçirmək üçün razılıq verməyəcək və o, bu hüququnu həyata keçirməkdən məhrum olacaqdır. Cavabdehlə münasibətləri tamamilə pozulduğuna görə onların bir mənzildə yaşamaları mümkün deyildir. Hətta aralarında olan münaqişə ilə əlaqədar cavabdeh barəsində Suraxanı rayon Polis İdarəsində araşdırma da aparılmışdır. Bundan başqa, mübahisəli mənzildən istifadə qaydaları ilə bağlı məhkəmə mübahisəsi olmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmış və qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilin yaşayış sahəsi 67,99 kv.m təşkil etsə də, mənzildə mənafei ayrıca yaşayış sahəsi tələb edən şəxslərin sayı otaqların sayından artıqdır. Belə ki, onun keçmiş həyat yoldaşı ilə, habelə cavabdehin boşanmış əri ilə eyni mənzildə yaşamaları ayrıca otaq tələb edir. Mənzilin yaşayış sahəsi imkan vermir ki, təcrid olunmuş iki otaq yaşamaq üçün cavabdehə ayrılsın. Mənzilin ümumi sahəsindən adambaşına 6,7 kv.m yaşayış sahəsi düşür. O, 2018- ci ildə Suraxanı rayon məhkəməsinə 5000 manat məbləğində kompensasiya verilməklə cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi ilə müraciət etmiş, xx.xx.2018-ci il tarixdə iddia tələbi təmin edilməmişdir. Məhkəmə öz qətnaməsini bununla əsaslandırmışdır ki, cavabdehə 5000 manat məbləğində kompensasiya verilməsi ağlabatan deyildir. Yəni ki, həmin məbləğ cavabdehin azyaşlı övladları ilə birlikdə davamlı surətdə müəyyən müddət daxilində başqa yerdə indiki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermir. Hazırda cavabdehlə eyni mənzildə yaşamaq və istifadə etmək həm onlar, həm də cavabdeh üçün müəyyən çətinliklər yaradır. Cavabdehin ayrıca ünvanda yaşaması həm onun üçün, həm də onlar üçün daha əlverişli olacaqdır. O, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün 10.000 manat məbləğində kompensasiya ödəməyə hazırdır. O, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, ev 25, 8 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Cavabdeh ona qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilin sahəsi 12,5 kv.m və 21 kv.m olan 2 otağın onun və uşaqlarının istifadəsinə verilməklə mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, ev 25, 8 saylı mənzildən istifadə qaydaları müəyyən edilmiş və beş otaqlı mənzilin sahəsi 12,5 kv.metr və 21 kv.m., olan iki otağı iddiaçı Cavabdeh və onun azyaşlı uşaqlarının ayrıca istifadəsinə verilməklə, mətbəx və digər yardımçı sahələr ümumi istifadədə saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2018- ci il tarixli qətnaməsi ilə həmin iş üzrə Suraxanı rayon məhkəməsinin xx.xx.2017ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilmiş, Cavabdeh ona qarşı “mənzildən istifadə qaydalarının müəyyən olunması” tələbinə dair qarşılıqlı iddiası təmin olunmamışdır. Həmin məhkəmə qarşılıqlı iddianı rədd edərkən müəyyən etdiyi hallar ondan ibarət olmuşdur ki, mənzil 16.6 kv.m, 13 kv.m, 14.4 kv.m, 13.01. kv.m, 10.9 kv.m olan otaqlardan ibarətdir. Mənzilin sahəsi 13.01 kv.m olan otaqda cavabdeh uşaqları ilə, sahəsi 16.6 kv.m olan otaqda İddiaçı, sahəsi 13 kv.m olan otaqda Arzuman Hüseyonvun keçmiş arvadı Nərminə Hüseynova, sahəsi 14.4. kv.m olan otaqda iddiaçının qızı Nurlanə iki uşağı ilə, sahəsi 10.9 kv.m olan otaqda digər qızı Vüsalə Əhmədova yaşayırlar. Mübahisəli mənzilin yaşayış sahəsi 67.91 kv.m təşkil edir. Mənzilin yaşayış sahəsi imkan vermir ki, təcrid olunmuş iki otaq yaşamaq üçün cavabdehə uşaqları ilə ayrılsın. Ona görə ki, mənzilin ümumi yaşayış sahəsini ailə üzvlərinin sayına böləndə adam başına (67.91:10=6.7) cəmi 6.7 kv.m yaşayış sahəsi düşür. Odur ki, ilk iddiaçı öz iddiasının təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mənzil xüsusi mülkiyyətdə olmadığından və hazırda dövlət mənzil fonduna aid olduğundan iddiaçının iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Əgər qanuni olarsa Cavabdeh da eyni hüquqa malik olmuş olardı. Tərəflər arasında nikah 2005-ci ildə yarandığından və mənzil xüsusi mülkiyyət hüququ ilə hər hansı bir şəxsə məxsus olmadığından və dövlət mənzil fondu hesab olunduğundan, maddi hüquq normaları da bu hallar nəzərə alınmaqla tətbiq edilməlidir. Odur ki, məhkəmədən cavabdeh İddiaçı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsinin Q yaşayış sahəsində yerləşən 25 saylı evin 8 nömrəli mənzilindən 8000 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)-4093/2019 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddianın rədd edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)-4093/2019 saylı qətnaməsinin ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, məhkəmə onun iddiasını o əsasla rədd etmişdir ki, mübahisəli mənzil onun adına özəlləşdirilmədiyi üçün onun MM-nin 228-ci maddəsinə əsasən kompensasiya təklif etməyə subyektiv hüququ yoxdur. Qeyd olunan qanunun normalarından göründüyü kimi məhz adına mənzil kirayə müqaviləsi bağlanmış İddiaçı yaşadığı mənzili əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ var və onun özəlləşmənin prinsiplərinə uyğun olaraq müəyyən edilmiş şərtlər və qaydalarla mənzilin mülkiyyətinə verilməsini tələb etmək hüququ var. Mənzilin icarədarı onun və onunla bağlanmış mənzil kirayə müqaviləsində cavabdehin adı olmamış, mənzilə son vaxtlar köçmüşdür. Akimovanın Azərbaycana qarşı işində (Akimova Azərbaycana qarşı, xx xxxxxxxx 2007-ci il) X7 Məhkəməsi dövlət fondunda olan və icarədarı Akimova olan mənzilin əsassız olaraq tutulması ilə onun mülkiyyət hüququnun pozulması qənaətinə gəlmiş və mövcud münasibətləri 1 saylı protokolun 1- ci maddəsinin əhatəsinə düşən münasibətlər kimi qiymətləndirmişdir. Həmin işdə Məhkəmə qeyd edir ki, x xxxx 1993-cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdı. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında “sosial kirayə müqaviləsi” deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və Mənzil fondunun Özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən “mülkiyyət” hesab etmək üçün kifayət qədər əsaslar var. Qeyd olunanlara əsasən hazırkı işdə mənzilin onun mülkiyyətində olmaması əsası ilə iddianın təmin olunmaması tamamilə əsassızdır və mübahisəyə formal yanaşmanın nəticəsidir. Analoji vəziyyətdə iddiaların təmin olunması ilə bağlı məhkəmə qərarları var. Hətta özbaşına tikilidə istifadə hüququna kompensasiya verilməsi ilə bağlı məhkəmə qərarları var və onlar Ali Məhkəmə tərəfindən yoxlanılaraq qanuni və əsaslı hesab olunmuşdur. İşə baxan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan “mülkiyyətçi” anlayışını formal olaraq şərh etmişdir. Həmin normada nəzərdə tutulan mülkiyyətçi anlayışı ona şamil olunur. Onunla son vaxtlar mənzilə yaşamağa gəlmiş gəlinin hüquqları eyni deyil. Bu mənzil onun gözlənilən mülkiyyət hüququdur. Ona görə hazırkı işdə Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsi baxımından o, mülkiyyətçi olaraq kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməsini tələb etməkdə tam səlahiyyətlidir. Məhkəmə bu məsələ ilə bağlı heç bir araşdırma aprmamışdır. Çünki məhkəmə bilir ki, həmin məbləğ mənzilin yerləşdiyi yerə və şəraitə uyğun olaraq təklif olunan ən yaxşı məbləğdir. Belə ki, onun keçmiş gəlini ilə aralarında başqa məhkəmə mübahisəsi olmuş və həmin iş üzrə kassasiya məhkəməsinin qərarı qanuni qüvvəsini almışdır. O, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, ev 25, 8 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Cavabdeh ona qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilin sahəsi 12,5 kv.m və 21 kv.m olan 2 otağın onun və uşaqlarının istifadəsinə verilməklə mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, ev 25, 8 saylı mənzildən istifadə qaydaları müəyyən edilmiş və beş otaqlı mənzilin sahəsi 12,5 kv.metr və 21 kv.m., olan iki otağı iddiaçı Cavabdeh və onun azyaşlı uşaqlarının ayrıca istifadəsinə verilməklə, mətbəx və digər yardımçı sahələr ümumi istifadədə saxlanılması qət edilmişdir. O, həmin qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti ilə müraciət etmişdi. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə həmin iş üzrə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilmiş, Cavabdeh ona qarşı “mənzildən istifadə qaydalarının müəyyən olunması” tələbinə dair qarşılıqlı iddiası təmin olunmamışdır. Həmin məhkəmə qarşılıqlı iddianı rədd edərkən müəyyən etdiyi hallar ondan ibarət olmuşdur ki, mənzil 16.6 kv.m, 13 kv.m, 14.4 kv.m, 13.01. kv.m, 10.9 kv.m olan otaqlardan ibarətdir. Mənzilin sahəsi 13.01 kv.m olan otaqda cavabdeh uşaqları ilə, sahəsi 16.6 kv.m olan otaqda İddiaçı, sahəsi 13 kv.m olan otaqda Arzuman Hüseyonvun keçmiş arvadı Nərminə Hüseynova, sahəsi 14.4. kv.m olan otaqda iddiaçının qızı Nurlanə iki uşağı ilə, sahəsi 10,9 kv.m olan otaqda digər qızı Vüsalə Əhmədova yaşayırlar. Mübahisəli mənzilin yaşayış sahəsi 67.91 kv.m təşkil edir. Mənzilin yaşayış sahəsi imkan vermir ki, təcrid olunmuş iki otaq yaşamaq üçün cavabdehə uşaqları ilə ayrılsın. Ona görə ki, mənzilin ümumi yaşayış sahəsini ailə üzvlərinin sayma böləndə adam başına (67.91:10=6.7) cəmi 6.7 kv.m yaşayış sahəsi düşür. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi qarşı tərəfin şikayəti əsasında kassasiya məhkəməsində yoxlanmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə qətnamə elə həmin əsaslarla da (həmin faktlar əsas götürülərək) dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi qüvvədə olan məhkəmə qətnaməsi ilə mübahisəli mənzildə mövcud olan yaşayış şəraiti tam aydınlaşdırılmış və bu halın yenidən sübuta ehtiyacı yoxdur. Bu şəraitdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən mənzildə yaşayan keçmiş gəlinə nə qədər kompensasiya təklif olunmalıdır ki, iddiası təmin olunsun. Suraxanı rayonunda onun təklif etdiyi kompensasiya hesabına oxşar şəraitdən yaxşı şəraitdə 3 ildən artıq kirayədə yaşamaq olar. Qarşı tərəf indi on nəfərlə yaşayır, amma Suraxanı rayonunda bir otaqlı mənzildə uşaqları ilə daha yaxşı şəraitdə yaşaya bilər. On nəfərin yaşadığı bu mənzildəki şəraitin oxşarının dəyəri nə qədər ola bilər. O, bu məbləğin müəyyən edilməsini apellyasiya məhkəməsinin özünün mülahizəsinə buraxardı. Ona təklif etsin ki, keçmiş gəlinin, keçmiş arvadın, boşanmış qızının ailəsi, boşanmış oğlu ilə birlikdə on nəfərin yaşadığı mənzildə hər kəsin yaşayış şəraitinin oxşar dəyəri nə qədərdir. Bütün günü bir-biri ilə mübahisədə olan bu insanların birlikdə yaşaması onların heç birinin mənafeyinə uyğun deyil. Suraxanı rayon məhkəməsində onun cavabdeh tərəfindən döyülməyi barədə, yəni cavabdehin CMnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi var. Həmin işdə sübuta yetirilmişdir ki, cavabdeh gəlini onu döymüşdür (ittiham aktının surəti əlavə olunur). Bundan başqa, Suraxanı rayon məhkəməsində baxılmış başqa işdə sübuta yetirilmişdir ki, cavabdeh onun şərəf və ləyaqətimi alçatmış, onu ağır cinayət törətməkdə ittiham edərək bu barədə polis orqanlarına yalan məlumatlar vermişdir. Müvafiq polis orqanlarının qərarı ilə həmin məlumatların yalan olması sübuta yetirilmiş və cinayət işinin başlanması rədd edilmişdir (qərarın surəti əlavə olunur). Həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin onun barəsində polis orqanlarına verdiyi şikayətlərin yalan olması tanınmış və həmin məlumatların təkzib edilməsi vəzifəsi onun üzərinə qoyulmuşdur (həmin qətnamənin surəti əlavə olunur). Məhkəmənin yeganə əsas kimi istinad etdiyi həmin hal tamamilə əsasız və qanunsuz olmaqla mənim mülkiyyət hüquqlarını pozur. O, illər uzunu fəhləlik edərək növbədə duraraq mənzil əldə etmişdir. Dişi və dırnağı ilə mənzil şəraiti yaratmışdır. Mənzil fondunun özəlləşdirilməsi haqqında qanuna əsasən həmin mənzili pulsuz olaraq öz mülkiyətinə keçirmək hüququ var. Dövlətin iradəsi ilə həmin mənzil dəyəri ödənilmədən ona bağışlanıb. Eyni zamanda qeyd etməyi zəruri bilirəm ki, o, bir neçə xəstəlikdən əziyyət çəkir. Bu barədə sənədlərin surətlərini də şikayətinə əlavə edir. Onun öz mənzilində rahat yaşamaq hüququ pozulmuşdur (xətsləliklə bağlı sənədlər əlavə olunur). Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verdi, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh məhkəməyə gəlməmişlər, onların iştirakları olmadan işə baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni yalnız həmin hissədə mübahisələndirmiş, cavabdeh qarşılıqlı iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)-4093/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Nərimanov rayon İH-nin 011330 saylı xx.xx.1992-ci il tarixli orderindən görünür ki, Suraxanı rayonu, 4041 kvartal, ev 25, mənzil 8 X2 (özü, arvadı, oğlu, 2 qızı ailə tərkibi göstərilməklə) verilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)- 9489/2017 saylı qətnaməsindən görünür ki, ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 25, 8 saylı mənzildən istifadə qaydaları müəyyən edilmiş və beşotaqlı mənzilin sahəsi 12,5kv.m. və 21 kv.m. olan iki otağı iddiaçı Cavabdeh və onun azyaşlı uşaqlarının ayrıca istifadəsinə verilməklə mətbəx və digər yardımçı sahələr ümumi istifadədə saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)- 2388/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilmiş, həmin iş üzrə Suraxanı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilmiş, Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə qaylarının müəyyən olunması” tələbinə dair qarşılıqlı iddiası təmin olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali məhkəməsinin MK-nın 2(102)- 4479/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsi MK-nın bu iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)- 5633/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)- 2051/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı rayon Məhkəməsinin hazırki iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali məhkəməsi MK-nın 2(102)- 3871/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə olan xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kollegiya qeyd edir ki, məhkəmə iclasında işin araşdırılmış faktiki halları ilə müəyyən edilmişdir ki, Nərimanov rayon İH-nin 011330 saylı xx.xx.1992-ci il tarixli orderi ilə Suraxanı rayonu, 4041 kvartal, ev 25, mənzil 8 X2 (özü, arvadı, oğlu, 2 qızı ailə tərkibi göstərilməklə) verilmişdir. İddiaçının oğlu ilə cavabdeh arasında faktiki nikah bağlandıqdan sonra 2004-cü ildə sentyabr ayında İddiaçı, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, ev 25, 8 saylı mənzilə gəlin köçürülməsinə razı olmuş və cavabdeh özünə məxsus cehiz əşyalarını həmin mənzilə gətirərək, orada yaşamağa başlamış və həmin ünvana pasport qeydiyyatına alınmışdır. Daha sonra xx xxx 2005-ci il tarixində həmin nikah rəsmiləşdirilmiş və həmin nikahdan iki uşaq dünyaya gəlmişdir. Beləliklə də iddiaçı və onun ailə üzvləri ilə birgə Cavabdeh da birgə təsərrüfat aparmışlar. Cavabdehlə iddiaçının oğlu arasında nikah 2017-ci ildə məhkəmə qətnaməsinə əsasən ləğv olunmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Kollegiya qeyd edir ki, İddiaçı Cavabdeh qarşı vaxtı ilə təklif etdiyi 5.000 (beş min) manat kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməsinə dair iddiası Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-5633/2018 saylı qətnaməsinə əsasən təmin edilməmiş, həmin mübahisənin araşdırılması Ali Məhkəməyə qədər davam etdirilmiş və nəticədə həmin mübahisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-3871/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, yuxarıda qeyd olunmuş qanun normalarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar preyudisial xarakterə malik olmaqla yenidən sübut edilmir. Bununla əlaqədar olaraq, həmin faktlara onları müəyyən etmiş məhkəmə qətnaməsi ləğv olunmayanadək yenidən baxılmır. Beləliklə preyudisial faktlar həqiqi hesab olunmaqla, yeni baxılan işdə müəyyən halları təsdiq edən sübut kimi istifadə olunurlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-3871/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “MM-nin maddəsinin qüvvəsi xüsusi mülkiyyət hüququnun obyekti olan yaşayış sahələrinə münasibətdə tətbiq olunduğundan, kollegiya kassasiya şikayətinin mübahisənin MM-nin 228-ci maddəsinin tələbləri baxımından düzgün həll edilməməsinə dair dəlilini əsassız sayır. Belə ki, mübahisəli ev iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmamışdır”. Kollegiya həmin qərarda qeyd olunan hallarla bağlı bildirir ki, mübahisəli mənzil dövlət mənzil fondunda olmaqla, tərəflərin mülkiyyətində deyildir. Buna görə də, iddiaçı mülkiyyətçi olmadığından, dövlət mənzil fonduna aid mənzildə onunla bərabər hüquq və vəzifələr daşıyan cavabdehə qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini tələb edə bilməz. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinin tələbinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayan onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Göründüyü kimi, cavabdeh 2004-cü ildən icarədar olan iddiaçının ailə üzvü kimi mübahisəli mənzildə yaşamaqla, həmin mənzildən istifadə ilə bağlı digər şəxslərlə bərabər hüquq və vəzifələrə malikdir. Qeyd olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır. Kollegiya qeyd edir ki, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)- 4093/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar