Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-450/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)- 2585/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azəriqaz İB-in əməkdaşları tərəfindən tərtib olunan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 oktyabr 2016-cı il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, Xəzər rayonu S.Vurğun küçəsi 59 saylı evə (**********00000 saylı abonent kodu olan) baxış keçirilən zaman abonentin təbii qazdan sayğacsız istifadə etməsi aşkar edilərək itirilmiş qazın bərpası üçün hesabat aparılması qərara alınmışdır. Azəriqaz İB-in əməkdaşları tərəfindən tərtib olunan dəymiş ziyanın bərpasına dair 31 oktyabr 2016-cı il tarixli tələbnaməyə əsasən, 28 oktyabr 2016-cı il tarixli, ******* akta əsasən, dəymiş ziyanın həcmi 1881 m3 hesablanmışdır. Azəriqaz İB-in əməkdaşları tərəfindən tərtib olunan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, Xəzər rayonu S.Vurğun küçəsi 59 saylı evə (**********00000 saylı abonent kodu olan) baxış keçirilən zaman abonentin təbii qazdan sayğacsız istifadə etməsi aşkar edilərək itirilmiş qazın bərpası üçün hesabat aparılması qərara alınmışdır. Azəriqaz İB-in əməkdaşları tərəfindən tərtib olunan dəymiş ziyanın bərpasına dair 31 yanvar 2023-cü il tarixli tələbnaməyə əsasən, 31 yanvar 2023-cü il tarixli, ******* akta əsasən, dəymiş ziyanın həcmi 12960 m3 hesablanmışdır. Azəriqaz İB-in tərəfindən tərtib olunan abonent saldosundan görünür ki, 2012-ci il üzrə ayın sonuna olan borc 28.80 manat, birinci akt tərtib edilən 2016-cı ilin oktyabr ayı üzrə 188.10 manat borc olmaqla həmin il üçün ümumilikdə 188.10 manat borc, 2023-cü ilin birinci ayı üzrə 8812.80 manat borc, 2024-cü ilin aprel ayı üzrə isə ayın sonuna olan 9124.60 manat olması qeyd edilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin Bakı filialı tərəfindən verilmiş 15 iyul 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki: Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində (abonent kodu **********00000) 2016-ci ilin oktyabr və 2023-cü ilin yanvar aylarında sayğacdan kənar qazdan istifadəyə görə 9000,9 manat əlavə borc hesablanaraq onun abonent hesabına daxil edilmişdir. 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydaları"na dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu **********00000) ilə bağlı hesablanan 9000,9 manat əlavə borc məbləğinin, yaxud ümumiyyətlə itirilmiş qazın dəyərinin düzgün hesablandığını müəyyən etmək mümkün deyil; "Qazdan istifadə Qaydaları'nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bu baxımdan iddiaçının sayğacdan kənar qazdan istifadə etməsini nəzərə alaraq. analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-3-cü bəndlərinə əsaslanaraq, iddiaçının fərdi yaşayış evində istifadə olunan 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 m³, 1 ədəd İran sobasının maksimal qaz sərfinin 1,5 m³, 1 ədəd qənaətli su qızdırıcısının maksimal qaz sərfiyyatının 2,2 m² olduğunu və istifadə dövrünü nəzərə almaqla qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1 x 1,2 m x 12 saat x 30 gün = 432 m3; 1 ədəd İran sobası üçün 1 x 1,5 m³ x 12 saat x 30 gün= 3 540 m3; 1 ədəd qənaətli su qızdırıcı üçün - 1 x 2,2 m³ x 12 saat x 30 gün= 792 m³; cəmi 432 + 540 + 792 = 1764m3 təşkil edə bilər. Yay ayları üzrə aylıq qaz sərfiyyatı: yay aylarında İran sobasından istifadə edilmədiyini nəzərə alınsa, aylıq qaz sərfiyyatı 432m3 + 792m3 = 1224m3 təşkil edə bilər. Bu qayda ilə hər bir akt üzrə qazın miqdarı aşağıdakı kimi ola bilər: 2016-ci il üzrə 3ay x 1224m3 = 3672m3 və 2023-cü il üzrə - 7ay x 1224m3 + 5 ay x 1764m3 = 17388m3. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" göstərilən illər üzrə müvafiq Qərarını nəzərə alınaraq qaz xəttinə qeyri- qanuni qoşulma halında hesablanan zərərin məbləği aşağıda göstərildiyi kimi hesablana bilər: 2016-ci il üzrə hər 1 m³-i 0,10 manat qiymət nəzərə alınmaqla 3672m3 x 0,10 manat = 367,2 manat; 2023-cü il üzrə 1200 m³ - 0,12 manat, 1200 m²-dən 2500 m³-dək hissəsi üçün hər 1 m³-i 0,20 manat, 2500 m³-dən çox olan hissəsi üçün hər 1 m³-i isə 0,25 manat qiymət nəzərə alınaraq, 1200 m³ x 0,12 manat + 1300 m³ x 0,20 manat + 14888 m³ x 0,25 manat = 4126 manat, cəmi 367,2 manat + 4126 manat = 4493,2 manat təşkil edə bilər. Qeyd edilən ünvanda qazdan istifadəyə görə abonent tərəfindən ödənilən məbləğdən 522,8 manat borca görə tutulma olduğunu nəzərə alınsa, sayğacdan kənar qoşulma halında ondan 4493,2 manat - 522,8 manat = 3970,4 manat borc tələb edilə bilər. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin Bakı filialı tərəfindən verilmiş 07 yanvar 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki: ... Analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-3-cü bəndlərinə əsaslanaraq, iddiaçının fərdi yaşayış evində istifadə olunan 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 m³, 1 ədəd İran sobasının maksimal qaz sərfinin 1,5 m³, 1 ədəd qənaətli su qızdırıcısının maksimal qaz sərfiyyatının 2,2 m² olduğunu və istifadə dövrünü nəzərə almaqla qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1 x 1,2 m3 x 6 saat x 30 gün = 216 m3; 1 ədəd İran sobası üçün 1 x 1,5 m³ x 12 saat x 30 gün= 540 m3; 1 ədəd qənaətli su qızdırıcı üçün - 1 x 2,2 m³ x 6 saat x 30 gün= 396 m³; cəmi 216 + 540 + 396 = 1152 m3 təşkil edə bilər. Yay ayları üzrə aylıq qaz sərfiyyatı: Yay aylarında İran sobasından istifadə edilmədiyini nəzərə alınsa, aylıq qaz sərfiyyatı 216m3 + 396m3 = 612m3 təşkil edə bilər. Bu qayda ilə illər üzrə sərf edilə biləcək qazın miqdarı aşağıdakı kimi ola bilər: 2016-ci il üzrə -3ay x 612m3 = 1836m3 2023-cü il üzrə - 7ay x 612m3 + 5 ay x 1152m3 = 10044m3. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" göstərilən illər üzrə müvafiq Qərarını nəzərə alınaraq qaz xəttinə qeyri- qanuni qoşulma halında hesablanan zərərin məbləği aşağıda göstərildiyi kimi hesablana bilər: 2016-ci il üzrə hər 1 m³-i 0,10 manat qiymət nəzərə alınmaqla 1836m3 x 0,10 manat = 183,6 manat; 2023-cü il üzrə 1200 m³ - 0,12 manat, 1200 m²-dən 2500 m³-dək hissəsi üçün hər 1 m³-i 0,20 manat, 2500 m³-dən çox olan hissəsi üçün hər 1 m³-i isə 0,25 manat qiymət nəzərə alınaraq, 1200 m³ x 0,12 manat + 1300 m³ x 0,20 manat + 7544 m³ x 0,25 manat = 2290 manat, cəmi 183,6 manat + 2290 manat = 2473,6 manat təşkil edə bilər. Qeyd edilən ünvanda qazdan istifadəyə görə abonent tərəfindən ödənilən məbləğdən 522,8 manat borca görə tutulma olduğunu nəzərə alınsa, sayğacdan kənar qoşulma halında ondan 2473,6 manat - 522,8 manat = 1950,8 manat borc tələb edilə bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvana dair hesablanmış (**********00000 saylı abonent) 9124.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, "Azəriqaz” İB tərəfindən həmin ünvanında qaz itkisinin yarandığı müəyyən edilmiş və 9124,60 manat məbləğində borc hesablanmışdır. Belə ki, ödənişlər edərkən məlum olmuşdur ki, etdiyi ödəmələrdən tutmalar aparılır. "Azəriqaz” İB-yə müraciət etmiş və ona bildirilmişdir ki, 9124,60 manat məbləğində borc hesablanmışdır. "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən xəbəri olmadan qaz sayğacına 9124,60 manat cərimə yazılmışdır. "Azəriqaz” İB-yə tərəfindən tərtib edilmiş aktdan heç vaxt xəbəri olmayıb, heç vaxt məlumat verməyiblər ki, borcu yaranıb, çünki hər ay vaxtında ödənişlər etmişdir. Yaşadığı ünvanda “4 gözlü qaz plitəsindən” “İran sobasından” və “Aristondan” istifadə edir. İstifadə etdiyi təbii qazın dəyərini vaxtaşırı ödənişlər etsə də, ödəmələrdən tutmalar olmuşdur. Həmçinin bildirir ki, təbii qazdan sayğacdan kənar cəmi bir həftə 2023-cü ilin qış ayında istifadə etmiş, bununla belə hazırda akta əsasən hesablanmış borc reallığı əks etdirmir. Göstərilənlərə əsasən iddiaçı tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 iddia ərizəsinə etiraz etməklə izahatında əlavə olaraq bildirdi ki, İddiaçı uzun müddət təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsi ilə istifadə etməklə Cavabdehnə 9124,60 manat həcmində borcu yaranmışdır. Təqdim edilmiş mütəxəssis rəyi isə düzgün olmamışdır. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-2585/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək ünvan 3 ünvana dair (fərdi yaşayış evi) İddiaçı hesablanmış (**********00000 saylı abonent) 8556 (səkkiz min beş yüz əlli altı) manat borc silinməsi, Cavabdehndən 105 (yüz beş) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-2585/2024 saylı qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Kamal qızının cavabdeh X1rşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, onun ünvanında hesablanmış 9124,60 manat məbləğində borcun Azəriqaz İB-i tərəfindən silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2585/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Aşağıdakılara əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Azəriqaz İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 9124,60 manat məbləğində Azəriqaz İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, İddiaçı və cavabdeh Azəriqaz İB-in nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh Azəriqaz İB-in nümayəndəsi R.V.Əliyev ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq şikayətin təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin Bakı filialının mütəxəssisi X5 izahatında göstərmişdir ki, apardığı hesablama zamanı abonentin əvvəlki dövr üzrə təbii qazdan istifadə qaydasını, 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin eyni anda 4 gözünündə yandırılaraq istifadə edilmədiyini, evdə olan qaz cihazlarının eyni zamanda 12 saat istifadə edilməsinin mümkün olmamasını, yay fəslində İran sobasından istifadə edilmədiyini nəzərə almışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Maddə 13 (8-ci bənd). Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən Qazdan istifadə qaydaları Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Maddə 4.2 Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Maddə 4.6 Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Maddə 4.7 Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Maddə 4.9 İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh qətnaməni bütövlükdə mübahisələndirsə də, qətnamənin əsaslılığı faktiki olaraq iddianın təmin olunan hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mütəxəssisin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi silinməli olan borcun məbləği hissəsində dəyişdirilməli, həmin məbləğ 6 527,3 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktlara əsasən, iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar istifadə aşkar edildiyindən, cavabdehə dəymiş ziyan hesablanmış və iddiaçıdan abonent saldosuna əsasən qalıq və aktlar üzrə borc tələb edilmişdir. İşdən daha sonra müəyyən olunur ki, birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçı təbii qazdan sayğacdan kənar cəmi bir həftə 2023-cü ilin qış ayında istifadə etməsini etiraf etmiş, bununla belə hazırda akta əsasən hesablanmış borcun reallığı əks etdirməməsini bildirmişdir. İşdən eyni zamanda müəyyən olunur ki, iddiaçıya məxsus ünvana baxış keçirilərək müxtəlif vaxtlarda tərtib olunan iki akta görə abonentin saldosunda 188.10 manat və 8812.8 manat borc hesablanması qeyd edilmiş, 2024-cü ilin aprel ayının sonuna isə iddiaçının 9124.60 manat borcunun olması müəyyən edilmişdir. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin Bakı filialının 07 yanvar 2025-ci il tarixli mütəxəssis rəyi ilə iddiaçıya məxsus ünvanda qazdan istifadəyə görə abonent tərəfindən ödənilən məbləğdən 522,8 manat borca görə tutulma olduğu nəzərə alınsa, sayğacdan kənar qoşulma halında ondan 2473,6 manat - 522,8 manat = 1950,8 manat borcun tələb edilməsinin mümkün olması müəyyən edilmişdir. Kollegiya sonuncu mütəxəsis rəyi ilə aparılan hesabatla razılaşaraq qeyd edir ki, bir evdə olan bütün qaz cihazlarından, bütün fəsillərdə, bütün gün ərzində istifadə edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, təbii qazdan iddiaçı tərəfindən sayğacdan kənar istifadə edilməsi faktı etiraf olunduğundan, mütəxəssis rəyi ilə sayğacdan kənar qoşulma halında iddiaçıdan (2473,6 manat - 522,8 manat = 1950,8 manat) 1950,8 manat borcun tələb edilməsinin mümkün olması müəyyən edildiyindən, (9124.60 manat - 2473,6 manat -123,7 manat = 6527,3 manat) İddiaçı (abonent kodu **********00000) hesablanmış 6527,3 manat məbləğində borc Cavabdeh İB tərəfindən silinməlidir. Lakin birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, iddiaçıya hesablanmış borcun silinməsi barədə düzgün nəticəyə gəlsə də, silinməli olan borc məbləğini düzgün müəyyən etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-2585/2024 nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçı (abonent kodu **********00000) hesablanmış 6 527,3 manat məbləğində borc Cavabdeh İB tərəfindən silinsin. Cavabdehndən dövlət rüsumuna görə 85,27 manat dövlət nəfinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-450/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-450/2025
04.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver