Məhkəmə qərarları › İş №2(103)-4502/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4502/2021

31.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4502/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı X3 nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5020/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X6 cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Buzovna Bağları adlanan ünvana dair hesablanmış 4279 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5020/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh “xxxx” açıq səhmdar cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkərrəsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, təqdim edilmiş sənədlərdə göstərilənlərin təhrif edilməsi "xxxx" ASC-nin qanuni mənafeyinin pozulmasına səbəb olan sözügedən qətnamənin qəbul edilməsi ilə müşayət olunmuşdur. Belə ki, 26.08.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent X4 məxsus ünvanda quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı "sayğac faktiki olaraq sxemdən keçən yükü düzgün qeyd etmir, sayğac xəta ilə işləyir" qüsurunun aşkar olunması səbəbilə NDM № 019041 nömrəli akt tərtib edilmiş, sonradan "xxxx" ASC-nin Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər barədə qərarla itirilmiş elektrik enerjinin əvəzi olaraq 41381 kvts olmaqla 4279 manat məbləğində borc iddiaçının nömrəli 03060260B200001 abunə koduna daxil edilməklə ödənilməsi barədə bildiriş göndərilməsi ilə müəyyən olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 bildirdi ki, hazırki iddia tələbinin predmeti aktda yazılan borcdur. İddiaçı qısa qapanma ilə bağlı “xxxx” ASC-yə müraciət edib. Cavabdeh ASC-nin əməkdaşları gəlib sayğacı dəyişdirib, amma bundan sonra da hazırki əsassız borc yazılıb. Qısa qapanma yaranırsa,vətəndaş buna nə edə bilər? Sayğac küçədə yerləşdiyindən iddiaçının ona müdaxilə etməsi də mümkünsüzdür. Birdəki, sayğacda hansısa qüsur yaransa belə, buna cavabdehliyi iddiaçı daşıya bilməz. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini onunla əsaslandırmışdır ki, 26.08.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu03060260B200001) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, fərdi yaşayış evinə sayğacdan kənar xəttin daxil olması aşkar edilmiş, bununla əlaqədar 26.08.2020-ci il tarixli NDM 019041 saylı akt tərtib edilmiş və akta əsasən iddiaçıya 3.801,60+477,47=4279,07 manat əlavə ödəniş hesablanmışdır. Təqdim edilmiş aktın surətinə əsasən görünür ki, sayğac yoxlanılarkən iddiaçının iştirakı təmin edilməmişdir. Eyni zamanda iddiaçının Aktı imza etməkdən imtina etməsi barədə qeydin aparılması, hal-şahidlərinin iştirakı da aktdan müəyyən edilmir. Ümumiyyətlə sayğacın yoxlanılması, yenisi ilə əvəz edilməsi, başqa yerə daşınması və quraşdırılması zamanı iddiaçının iştirakını sübut edə biləcək hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Qaydaların tələblərinə riayət edilmədən tərtib edilmiş akt etibarlı deyil və beləliklə də onun əsasında hesablanmış borc silinməlidir. Eyni zamanda iş materialları ilə sayğacın iddiaçının evin hasarında quraşdırılması müəyyən edilmişdir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə məsuliyyət abonent deyil enerjitəchizatı müəssisəsi, yəni cavabdeh “xxxx” ASC daşımalıdır. Cavabdeh tərəfindən iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun iddiaçı X3 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə iddiaçının təqsiri müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, borcun hesablanmasına əsas olan akt qüsurlu olduğundan etibarsız hesab edilməli, onun əsasında hesablanmış borc, 4279 manat iddiaçı X4 məxsus 03060260B200001 saylı abunə kodundan silinməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin ləğvi və iddianın rədd olunması üçün əsas ola bilməz. Əvvəla ona görə ki, maddi zərər vurulması üçün iddiaçı cavabdehə qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və cavabdeh bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçının işıq sayğacına qanunsuz müdaxilə etməsi, sayğacın zədələnməsində təqsirli olması yaxud hər hansı bir qanunsuz əməl nəticəsində cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Ona görə də, iddiaçı törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. İkincisi, cavabdeh elektrik enerjisinin satışına dair müqaviləni iddiaçı ilə bağlamış və istehlak olunan elektrik enerjisinə görə iddiaçının hər hansı bir məbləğdə borcu olmasına və elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyinə dair iddia tələbinə etirazının əsası kimi məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, bu halları sübut etmək yükü artıq cavabdeh tərəfin üzərinə düşürdü. Üçüncüsü, cavabdehin apellyasiya şikayətində yeganə dəlili 26.08.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşlarının abonent X4 məxsus ünvanda quraşdırılmış elektrik sayğacına baxış keçirməsi, baxış zamanı "sayğac faktiki olaraq sxemdən keçən yükü düzgün qeyd etmir, sayğac xəta ilə işləyir" qüsurunun aşkar olunması səbəbilə 26.08.2020-ci il tarixli NDM 019041 saylı akt tərtib edilməsi və akta əsasən iddiaçının 3.801,60+477,47=4279,07 manat ödəməli olduğu ilə bağlıdır. Lakin bu dəlil açıq-aşkar əsassızdır. Çünki, sayğacın faktiki olaraq sxemdən keçən yükü düzgün qeyd etməməsi və xəta ilə işləməsi iddiaçının təqsiri deyil yaxud bu halın baş verməsində onun təqsiri müəyyən edilməlidir. İddiaçının təqsiri isə müəyyən edilməmişdir. Əksinə iddiaçının bəyan etdiyi iş materialları ilə təsdiq olunur. Belə ki, işdə olan(bax.i.v.9) 24.08.2020-ci il tarixli 196078 nömrəli aktdan da görünür ki, iddiaçının müraciəti əsasında cavabdehin əməkdaşları ünvanda olmuş, qısa qapanma nəticəsində sayğacın əriməsi nəticəsində yaranmış qüsurları aradan qaldırmış və möhürlənmişdir. Bundan iki gün sonra yeni bir aktın tərtib edilərək sayğacın faktiki olaraq sxemdən keçən yükü düzgün qeyd etməməsi və xəta ilə işləməsinin müəyyən edilməsi həqiqi olsa belə bu hala görə iddiaçı mülki hüquqi məsuliyyətə cəlb edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh “xxxx” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh “xxxx” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti üzrə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə t e t d i: Cavabdeh “xxxx” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5020/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar