Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4502/2024 26.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “alğı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyun 2024-cü il tarixli qərardaddan cavabdehin MTK-nın verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 127,6 kv.m sahəsi olan 45 saylı mənzildən istifadəsinə yaranmış maneənin aradan qaldırılması və mənzilin onun mülkiyyətimə verilməsinə dair öhdəliyin həmin MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş Rayon Məhkəməsinin icraatında olarkən cavabdeh MTK-nın nümayəndəsi vəsatətlər Rayon Məhkəməsinə müraciət edərək, MTK-nın hüquqi ünvanının Nərimanov rayona aid olmasına baxmayaraq, mübahisəli daşınmaz əmlakın – mənzilin Bakı şəhəri, Nəsimi rayonunda yerləşdiyini bildirmiş və buna görə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 39.1-ci maddəsinə əsasən iş müstəsna aidiyyət üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Vəsatətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə vəsatətin təmin edilməməsini qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi müstəsna aidiyyət qaydalarını tənzimləyən MPM-nin 39.1-ci maddəsinin təsir dairəsinə düşmür. Belə ki, həmin maddə daşınmaz əşyalarla bağlı bütün mübahisələrə deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddialara şamil olunur və müddəanın geniş təfsir edilməsi diskresion səlahiyyətlərdən (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Cavabdeh MTK həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli mənzilə dair mülkiyyət hüququnun tanınmasını tələb edir. Belə olan halda, iddiaçı müstəsna aidiyyət üzrə iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə, yəni mənzilin yerləşdiyi ərazi üzrə müraciət etməli idi. Lakin vəsatət Rayon Məhkəməsi tərəfindən əsassız olaraq rədd edilmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardada əsasən şikayəti təmin etməmiş və baxılması üçün şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardad ləğv olunmalı və mülki iş aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in tələblərinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1.). Tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir (maddə 39.1.). Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir (maddə 40.1.). İş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir (maddə 44.2.2.). Məhkəmə eyni zamanda qeyd edir ki, “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ” və “şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasının yolverilməzliyi” konstitusion prinsiplərdir (Azərbaycan Respublikasının Konstitusiyanın 62-ci maddəsi) və bu kontekstdə qeyd olunmalıdır ki, aidiyyat qaydalarına əməl edilmədən aparılan istənilən prosessual addım qanunsuz olmaqla məhkəmə aktının ləğvi üçün əsasdır. Azərbaycan Respublikasının qanunvericiliyi aidiyyətin pozulmasına qadağa qoyur. Hazırki iş üzrə iddiaçının tələbi mənzildən istifadəsinə yaranmış maneənin aradan qaldırılması və əmlakın onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Göründüyü kimi iddiaçının tələbi mahiyyət etibarilə MPM-in 39.1-ci maddəsinin təsir dairəsinə düşür. Cavabdeh MTK-nın vəsatəti əsaslı olsa da, Rayon Məhkəməsi tərəfindən rədd edilmişdir. Hazırki mülki iş üzrə müstəsna aidiyyət qaydaları tətbiq edilməlidir. Mülki iş üzrə mübahisə predmeti olan əmlakın yerləşdiyi yer Nəsimi rayonu ərazisinə aiddir və mülki işə Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə vəsatəti rədd etməklə MPM-in 35.9-cu maddəsinin tələbini pozduğu üçün həmin qərardad ləğv edilməli və mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alan və 398, 400, 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyun 2024-cü il tarixli qərardad ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “alğı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməsi tələbi barədə” iddiasına dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-4502/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4502/2024
26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver