Məhkəmə qərarları › İş №2(103)-4503/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4503/2022

30.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4503/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-325/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh "xxxx" ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini elektrik enerjisi ilə təchiz edən qırılmış elektirik veriliş xəttinin cavabdeh "xxxx" ASC tərəfindən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-325/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini elektrik enerjisi ilə təchiz edən qırılmış elektirik veriliş xəttinin cavabdeh "xxxx" ASC tərəfindən bərpa edilməsi qərara alınmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsi mülki işi natamam araşdırmışdır, qətnamə əsassızdır, belə ki, abonentin məlumatlarından məlum olur ki, hadisə baş verən xx.xx.2021-ci il tarixdən sonra da iddiaçı tərəfindən elektrikdən istifadəyə görə müvafiq ödənişlər edilmişdir, bu da onu təsdiq edir ki, iddiaçının evində elektrik təchizatında heç bir problem yaranmamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin apelyasiya şikayətinin yeganə dəlili olan-baş vermiş hadisədən sonra elektrik sərfiyyatına görə ödənişlər etməsi, onun evinin elektrik təchizatı ilə bağlı problem yaranmaması barədə dəlilinə münasibətdə bildirdi ki, onun evi üç fazalı elektrik xətti ilə təmin olmuşdur, 26 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində baş vermiş güclü leysan nəticəsində həmin xətlərin biri qırılıb, qalan xətlər işlək olduğundan, iki faza ilə təmin olunan bütün avadanlıqlar işlək olmuşdur, o da sərfiyyata görə müvafiq ödənişləri etmişdir, hazırkı iddianın verməsinə əsas isə qırılan üçüncü xəttin bərpası ilə bağlıdır, bununla bağlı dəfələrlə cavabdehə, digər qurumlara, ASAN xidmətə müraciətlər etmiş, lakin bir nəticə hasil olmamışdır, cavabdeh təşkilatdan ona xəttin bərpasının ödənişli əsaslarla ediləcəyi bildirilmiş, o isə bununla razılaşmamış, çünki həmin xəttin bərpası cavabdehin vəzifəsidir, hesab edir ki, cavabdehin şikayəti vaxtı uzatmaq məqsədi güdür, formal xarakterlidir, işə baxılarkən rayon məhkəməsinə, eləcə də şikayət vermələrinə baxmayaraq apellyasiya icraatına gəlməmələri də bunu göstərir, cavabdeh müqaviləyə görə onu fasiləsiz elektirik enerjisi ilə təmin etməyə borclu olsa da, o müqavilə öhdəliklərinə əməl etməmişdir, rayon məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan foto şəkildən müəyyən olunur ki, üç elektrik xəttindən birinin zədələnərək qırıldığı görünür (i/v 8). İddiaçı tərəfindən yaranmış problemlə bağlı "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixdə müraciət olunmuş, həmin müraciət MESZ**********8979 nömrəsi ilə qeydiyyata alınmışdır (i/v 9). İddiaçı tərəfindən yaranmış problemlə bağlı 4 saylı Bakı “Asan xidmət” mərkəzinə xx.xx.2021-ci il tarixdə müraciət olunmuşdur (i/v 10). Hüquqi dəyərləndirmə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda apellyasiya şikayəti qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsinə yönəldiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən qətnaməni cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəliləri ilə bağlı izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Elekrtik enerjisində istifadə Qayadaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarın 3.4-cü bəndinə əsasən elektrik qurğularının istismara buraxılışı, xüsusi yaşayış evlərinin elektrik xətləri və elektrik avadanlıqları istisna olmaqla, yalnız sifarişçidə müvafiq elektrotexniki heyətin və elektrik təsərrüfatına cavabdeh şəxsin olduğu halda mümkündür. Xüsusi yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə və düzgün istismarına görə cavabdehlik onun mülkiyyətçisinin üzərinə düşür. “Elekrtik enerjisində istifadə Qayadaları”nın 9.20.1-ci bəndinə əsasən fors-major hadisə ilə əlaqədar istehlakçı dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır. Kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin yegnə dəlili kimi iddiaçıya məxsus evi elektriklə təchiz edən xəttin qırılmadığı qeyd olunmuş və bunun təsdiqi kimi isə iddiaçı tərəfindən hadisə baş verən xx.xx.2021-ci il tarixdən sonra da elektrik sərfiyyatına görə ödənişlərin edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı bu dəlil barədə ağılabatan izah vermiş, bildirmişdir ki, onun üç fazalı elektrik xətti olmuşdur, tufan vaxtı biri qırılıb, qalan xətlər işlək olduğundan, o da sərfiyyata görə ödənişləri etmişdir, hazırkı iddia tələbini verməsinə əsas isə qırılan üçüncü xəttin bərpası ilə bağlıdır, bununla bağlı dəfələrlə müvafiq qurumlara, asan xidmətə müraciətlər etmiş, lakin bir nəticə alınmamış, ona xəttin yalnız ödənişlə bərpa olunacağı bildirilmişdir. Kollegiya qeyd edir ki, iddiaçıya məxsus evi elektrik enerjisi ilə təsdiq edən xətlərdən birinin qırılması aparılmış araşdırmalar zamanı hazırkı işin mübahisəsiz halı kimi müəyyən edildiyindən, rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Beləliklə, rayon məhkəməsi tərəfindən iş üzrə faktiki hallara uyğun olaraq maddi və prosessual hüquq normaları düzgün tətbiq edildiyindən və nəticədə iş üzrə düzgün qənaətə gəlindiyindən, apellyasiya şikayətinin yeganə dəlili isə əsassız olduğundan, şikayət təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xəzər Rayon Məhkəməsinin 2(003)-325/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Emin Mehdiyev Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar