Məhkəmə qərarları › İş №2(103)-4504/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4504/2021

25.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4504/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «aktın etibarsız sayılması, borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(006)-5684/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «aktın etibarsız sayılması, borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, «xxxx» ASC tərəfindən tərtib edilmiş NDQ 008163 nömərli, 10 oktyabr 2020-ci il tarixli aktın etibarsız hesab edilərək, 24.10.2020-ci il tarixli ********* nömrəli, hesab ödəniş vərəqəsinə (abunə 10/52-28) əsasən hesablanmış 1948,41 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, «xxxx» ASC-nin əməkdaşı tərəfindən 10 oktyabr 2020-ci il tarixdə ünvan 1 ünvanında qeyri-yaşayış sahəsinin işıq sayğacına baxaraq sayğacda alt örtük qapağının möhürünün olmaması barədə NDQ 008163 nömərli akt tərtib edilmiş və bundan sonra yəni, 24 oktyabr 2020-ci il tarixinə aid ********* nömrəli hesab ödəniş vərəqəsi (abunə 10/52-28) tərtib edərək 1948,41 manat, cəmi 2485,03 manat borc hesablanmışdır. Hesab edir ki, tərtib olunmuş akt və hesablanmış borc qanunsuzdur. Əvvəla, qeyri-yaşayış sahəsinin işıq sayğacı mağazadan təxminən 200 metr kənarda yerləşir və akt tərtib olunan zaman iştirakı təmin olunmamışdır. Onun nəzarətindən kənarda olan sayğacada baş verən hər hansı dəyişikliyə gərə cavabdeh olmalı deyildir. Cavabdeh sübut etməlidir ki, ona vurulan ziyan hüquqa zidd əməli nəticəsində baş vermişdir. Hər ay mütəmadi olaraq «xxxx» ASC-nin əməkdaşı tərəfindən sayğaca baxış keçirilərək hesablanmış enerji sərfıyyatınınm dəyərini vaxtı-vaxtmda ödəyir. Həmin ərazidə eyni səbəblə bir neçə digər abonentə də borc yazılmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(006)- 5684/2020 saylı qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia təmin edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, aktın qanuni olması, akta əsasən sərfiyyatın düzgün hesablanması, iddianın rədd edilməli olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, ev 9 tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. İşdə olan 10.10.2020-ci il tarixli, NDQ 008163 saylı aktdan görünür ki, həmin tarixdə «xxxx» ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********03237) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacın alt örtük qapağının möhürünün olmadığı - qırıldığı aşkar edilmişdir. İşdə olan Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 218290 saylı, 22.10.2020-ci il tarixli aktdan görünür ki, 10.10.2020-ci il tarixli NDQ 008163 saylı akta əsasən sayğac yoxlanılmış və alt qapaq yenidən möhürlənmiş, abonent iştirak etməmişdir. İşdə olan 24.10.2020-ci il tarixli icra vərəqindən görünür ki, 10.10.2020-ci il tarixli, NDQ 008163 saylı akta əsasən aşkar edilmiş qüsur üzrə 21649 kvts x 0,09 = 1948,41 manat hesablanmış və alt qapaq möhürlənmişdir. İşdə olan «xxxx» ASC tərəfindən İddiaçı ünvanlanmış 24.10.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı NDQ 008163 saylı akta əsasən 1948,41 manat borc, 2485,03 manat isə qalıq borc hesablanmış və həmin borcun ödənilməyəcəyi təqdirdə elektrik enerjisinin xəbərdarlıq edilmədən dayandırılacağı qeyd edilmişdir. İşdə olan abunə kodu **********03237 olan abunə haqqında sənəddən görünür ki, İddiaçı NDQ 008163 saylı akta əsasən 1948,41 manat əlavə ödəniş hesablanmışdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallara əsasən – 10.10.2020-ci il tarixdə «xxxx» ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********03237) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacın alt örtük qapağının möhürünün qırıldığı aşkar edilmişdir. Bununla əlaqədar 10.10.2020-ci il tarixli NDQ 008163 saylı akt tərtib edilmiş və akta əsasən iddiaçıya 1948,41 manat əlavə ödəniş hesablanmışdır. Təqdim edilmiş aktın surətinə əsasən görünür ki, sayğac yoxlanılarkən iddiaçının və hal-şahidlərinin iştirakı təmin edilməmişdir. İddiaçının Aktı imza etməkdən imtina etməsi barədə qeydin aparılması müəyyən edilməmişdir. Ümumiyyətlə sayğacın yoxlanılması, yenisi ilə əvəz edilməsi, başqa yerə daşınması və quraşdırılması zamanı iddiaçının iştirakını sübut edə biləcək hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Belə olan halda, Qaydaların tələblərinə riayət edilmədən tərtib edilmiş akt etibarlı deyildir və beləliklə də onun əsasında hesablanmış borc silinməlidir. Eyni zamanda iş materialları ilə sayğacın iddiaçıya məxsus həyət evinin çöl divarında quraşdırılması müəyyən edilmişdir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Bundan başqa iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçıdan borc kimi yazılmış 1948,41 manat məbləğində əlavə ödənişin tələb edilməsi sayğacdakı qüsurlara görə cavabdehlik daşımadığı üçün qanunvericiliyə ziddir. Məhkəmə kollegiyası iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektrik və istilik enerjisi ilə təchizatın subyektləri dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və enerji istehlakçıları sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın (bundan sonra Qaydalar) 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı – müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Qaydaların 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Həmin Qaydaların 8.17-ci bəndində göstərilir ki, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.) uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yuxarıda qeyd edilən normanın pozulması üçün istehlakçının təqsirindən hesablaşma uçot cihazının zədələnməsi, uçot cihazlarının qoşulma sxemlərinin pozulması, uçot cihazlarından kənar özbaşına yükun qoşulması faktı aşkar olunmalıdır. Həmçinin, hüquq norması elektrik enerjisi istehlakçısının elektrik enerjisindən istifadə qaydalarının pozulmasında məsuliyyətini, aşkar olunmuş pozuntularda istehlakçının təqsiri olması ilə şərtləndirmişdir. Yəni baş vermiş pozuntuya görə o halda istehlakçı məsuliyyət daşıyır ki, pozuntu istehlakçının təqsirli hərəkətlərinin nəticəsi olaraq əmələ gəlsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İstehlakçının təqsirinin olmaması isə onun belə məsuliyyətə cəlb olunmasını istisna edir. Qaydaların 8.16 və 8.17-ci bəndlərinin tələblərindən göründüyü kimi, qüsurların yaranmasında istehlakçının təqsirli olub-olmamasının müəyyənləşdirilməsi yenidən hesablaşma aparılması üçün mühüm əhəmiyyət kəsb edir. Qaydaların 9.20-ci bəndində fors-major hadisələri, kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik verilişi xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və kabel verilişi xətlərinin mexaniki zədələnməsi və s. nəticəsində) baş vermiş qəzalarla əlaqədar istehlakçı dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır. Qaydaların 7.6-cı bəndinə əsasən hesablaşma elektrik sayğıcının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Qanunvericiliyin qeyd edilən normalarında göstərilən halların araşdırılması bilavasitə enejitəchizatı müəssisənin üzərinə düşür. Lakin, cavabdeh sübutetmə yükünü həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Göründüyü kimi delikt məsuliyyətini müəyyən edən normalar mülki hüquq pozuntusu üçün məsuliyyətin əsası kimi ziyanvuranın hüquqa və ya qanuna zidd hərəkəti və ziyanvuranan təqsirli olmasını əsas şərt kimi müəyyən etmişdir. Belə ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur və ilkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Cavabdeh məhz iddaçı tərəfindən ona aktda göstərilən miqdarda ziyan vurulduğunu sübut etməyə borcludur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf aktda qeyd olunmuş pozuntunun iddiaçının təqsirli hərəkəti nəticəsində yaranmasını, bu sahədə sonununun hüquqa zidd davranışını və həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqənin olması sübut edə bilməmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «aktın etibarsız sayılması, borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(006)-5684/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(006)- 5684/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar