Məhkəmə qərarları › İş №2(103)-4504/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4504/2025

16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4504/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X7rşı mülki iş üzrə (Açar sözlər: icbari sığorta ilə bağlı tətbiq edilən güzəştlərin bərpa edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X18 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı X9 nümayəndəsi-vəkili Vəkil, cavabdeh “İcbari Sığorta Bürosu” X8 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X7rşı “icbari sığorta ilə bağlı tətbiq edilən güzəştlərin bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1718/2025 saylı, 5 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Binəqədi rayon DYPŞ tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə toqquşma növündə yol nəqliyyat hadisəsi zamanı X6 tərəfindən idarə olunan “Volkswagen Jetta” markalı, **-ZS-*** nömrəli avtomobili ilə “Chevrolet Lacetti” markalı avtomobilin sol yan hissəsinə zərər vurulmuşdur.

2. Bakı şəhər DYPİ tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə toqquşma növündə yol nəqliyyat hadisəsi zamanı X6 tərəfindən idarə olunan “Volkswagen Jetta” markalı, **-ZS-*** nömrəli avtomobili ilə “Kia Forte” markalı avtomobilin arxa hissəsinə zərər vurulmuşdur.

3. PDS********** nömrəli nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icrabi sığorta şəhadətnaməsindən görünür ki, sığortalı İddiaçı məxsus “Volkvagen Jetta minik” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır. Baza sığorta haqqı 50, bonus-malus əmsalı 0,5 olmaqla sığorta haqqı 66,41 manat təşkil etmişdir.

4. “İcbari Sığorta Bürosu” X14 tərəfindən İddiaçı göndərilmiş məktubdan görünür ki, Büronun inforasiya sistemində axtarış zamanı ərizəçinin adına rəsmiləşdirilmiş PDS********** nömrəli icbari sığorta müqaviləsi üzrə (DQN: 99ZS823) xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərdə sığorta hadisələri qeydə alındığı və bu səbəbdən malus tətbiq edildiyi aşkar edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 51.3-cü maddəsinə əsasən, həmin Qanuna uyğun olaraq bağlanmış AVSMMİS müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ var. Göründüyü kimi, müqaviləyə xitam vermək hüququndan istifadə edilmədiyinə, həmçinin sığortaçının həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə tələbi irəli sürülmədiyinə görə yol-nəqliyyat hadisəsi zamanı ərizəçinin mülki məsuliyyətinin icbari sığortası üzrə müqavilə qüvvədə olmuşdur. Hadisədə məsuliyyətə cəlb edilmiş avtonəqliyyat vasitəsinin sahibi törətmiş olduğu hadisə üzrə öz mülki məsuliyyətini ərizəçinin bağladığı və sığortalı qismində çıxış etdiyi AVSMMİS müqaviləsi üzərindən sığortalamışdır (qanuni əsaslarla) və nəticədə sözügedən sığorta hadisəsi ərizəçinin bonus-malus əmsalına təsir göstərmişdir. Bununla yanaşı son bir il ərzində ərizəçinin adına bütün BM qrupları üzrə 428 gündən çox müddətdə icbari sığortalanmış BM subyekti kimi qeydə alınmışdır və bonus-malus əmsalı 3 olaraq hesablanmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli, 25/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nın 1.2.4-cü bəndinə əsasən məsuliyyəti son bir il ərzində bütün BM qrupları üzrə 428 gündən çox müddətdə icbari sığortalanmış BM subyekti avtopark olan BM subyekti kimi qeydə alınır.

5. İşin apellyasiya baxışı zamanı alınmış Azərbaycan Respublikası Mərkəzi Bankının 6-1-23/2-18937/2025 nömrəli xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Mərkəzi Bankın 29 iyun 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nın (Qayda) 1.2.1-ci bəndinə əsasən Bonus-Malus sistemi əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. Qaydanın 1.2.2-ci bəndinə əsasən Bonus-Malus subyekti – barəsində BonusMalus sistemi ilə müəyyənləşdirilən güzəşt və ya əlavələrin tətbiq edildiyi şəxsdir. Buna uyğun olaraq, Bonus-Malus sinifinə əsasən müəyyən olunan əmsallar yeni sığorta müqaviləsi bağlanılarkən sığortalıya münasibətdə sığorta haqqına tətbiq edilir. Beləliklə, avtonəqliyyat vasitəsinin sığorta müddəti ərzində sığorta hadisəsi olmadan idarə edilib-edilməməsindən asılı olaraq, sığortalı növbəti dövr üçün sığorta müqaviləsi bağlayarkən sığorta haqqına endirim (bonus) və ya əlavə (malus) əldə edir. Həmçinin Qaydanın 7.2-ci bəndinə uyğun olaraq avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxslərin sayının 1-dən çox olması risk artırıcı amil olduğundan bu hal fərqli əmsal tətbiqinə və buna müvafiq olaraq sığorta haqqının dəyişməsinə səbəb olur. Qaydada müəyyən edilən meyarlar, o cümlədən nəqliyyat vasitəsinin idarə olunması hüququnun digər şəxslərə ötürülməsi ilə bağlı müddəalar qabaqcıl beynəlxalq təcrübələrə əsaslanmaqla, ölkəmizdə də sığortalının əmlakın idarə edilməsi üzrə davranışının nəzərə alınmasını təmin edir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X7rşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona münasibətdə icbari sığorta ilə bağlı tətbiq edilən güzəştlərin (bonusmalus) bərpa edilməsi və ödənilmiş 100 manat məbləğdə dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, “Volkswagen Jetta minik” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Avtonəqliyyat vasitəsi sığortalanmışdır. X1 avtonəqliyyat vasitəsinə dair etibarnamə verilmişdir. Sürücülük hüququ əldə etdiyi vaxtdan X3 avtonəqliyyat vasitəsinə dair etibarnamə verilən tarixədək heç bir sığorta hadisəsi törədilməmişdir. Nəticəsidir ki, nümunəvi sürücü olduğu və avtonəqliyyat vasitəsini idarə etdiyi dövrdə heç bir sığorta hadisəsi törətmədiyindən sığorta müqaviləsi üzrə sığorta haqqı azaldılmış, maşının icbari sığortası üçün müqavilə üzrə ödənilən məbləğ 50 manata qədər düşürülmüşdür. Eyni zamanda bildirir ki, etibarnamə əsasında istifadəsində olan və avtonəqliyyat vasitəsini idarə edən zaman X4 xx.xx.2024-cü il tarixində Bakı şəhərində, xx.xx.2023-cü il tarixində Binəqədi-Balaxanı yolunda yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı inzibati icraata başlanmış və X4 hər iki hadisədə təqsirli hesab edilmişdir. Hazırda ona məxsus olan “BMW 320D minik” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sığorta edən zaman bəlli olmuşdur ki, X4 tərəfindən törədilmiş yolnəqliyyat hadisəsi səbəbindən tətbiq edilən bonuslar silinmiş və sığorta müqaviləsi üzrə ödəniş 225 manata qaldırılmışdır. Halbuki, arayışlardan da görünür ki, yol-nəqliyyat hadisəsi onun tərəfindən deyil, etibarnamə əsasında avtomobili istifadəsinə qəbul etmiş və idarə etmiş X4 tərəfindən törədilmişdir.

8. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, bonus-malus sisteminin mahiyyəti əvvəlki sığorta müqavilələri üzrə avtomobilin sürücüsünün təqsirinin olub-olmamasından asılı olaraq sığortalıya - yəni sığorta müqaviləsinin tərəfinə (İSH Qanunun 53.3-cü maddəsi) münasibətdə sığorta haqqı artması və ya azalmasından ibarətdir. “İcbari sığortalar haqqında” Qanunun 8.3-cü maddəsinə əsasən müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya ifadəçisinə şamil edilir. Qanunun 8.5-ci maddəsinə əsasən Bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta müqaviləsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-921-ci maddələrində nəzərdə tutulmuş müvafiq hallarda və qaydada xitam verilir. İcbari sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığortalı müvafiq sığorta növü üzrə yeni icbari sığorta müqaviləsi bağlamalıdır. Yəni, müqavilənin qüvvədə olduğu müddət ərzində əmlak icarəyə, etibarnamə ilə digər şəxsə verildikdə, həmçinin özgəninkiləşdirildikdə yeni icbari sığorta müqaviləsinin bağlanmasına zərurət yoxdur. Buna səbəb, Qanunun 53.4-cü maddəsidir. Belə ki, icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin (icbari sığorta qanunvericiliyinə görə sahib anlayışı 53.1-ci maddədə qeyd edilmişdir) mülki məsuliyyəti bu fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Qeyd olunan qanunvericilik normalarının mənası ondan ibarətdir ki, əmlaka dair mülkiyyət və ya istifadə hüququnun digər şəxsə verilməsi zamanı, zərərçəkənlər üçün sığorta təminatının fasiləsizliyi təmin edilsin. Eyni zamanda nəqliyyat vasitəsi özgəninkiləşdirildiyi halda, sığortalının sığorta marağı itdiyinə görə, ona seçim şəklində müqaviləni davam etdirmək və ya ümumi xitam əsaslarından əlavə olaraq, müqaviləyə dərhal xitam vermək hüququ verir. Əgər qanun sığortalının təşəbbüsü ilə qeyd edilmiş halda müqaviləyə xitam verilməsinin mümkünlüyünü nəzərdə tutursa, bu o deməkdir ki, sığortalı bu hüquqdan istifadə edə bilər, lakin eyni zamanda, bu hüquqdan istifadə ilə bağlı sığortalının hər hansı bir məcburiyyəti və ya öhdəliyi yoxdur. Sığortalı müqaviləyə xitam verməmək qərarına gəlirsə, bu, sığortalının şüurlu iradə ifadəsidir ki, onun tərəfindən sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxsin üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış hesab edilsin. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi barədə sığortaçıya məlumat verilmədikdə, sığortaçı bu dəyişiklikdən məlumatlı olmadığından, sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmək hüququndan məhrum olur, razı olacağı təqdirdə isə müqaviləyə birtərəfli dəyişikliyin edilməsi onun imkanı xaricində olur. Nəticədə sığorta müqaviləsi üzrə sığortaçı əvvəlki şərtlərlə, yəni əvvəlki sığortalı ilə hüquqi müsibətləri davam etdirmiş sayılır. Sığortalı tərəfindən öhdəliyin, yerinə yetirilməməsi halında sığortaçı müqaviləyə birtərəfli qaydada dəyişiklik edə bilmir və ya nəqliyyat vasitəsinin yeni mülkiyyətçisini/sahibini sığortalı kimi tanıya bilmir. Sığortaçının özgəninkiləşdirmənin baş verməsi barədə məlumat almaq üçün texniki imkanı və hüquqi vasitələri yoxdur ki, özgəninkiləşdirilmənin baş verib-vermədiyini müəyyən etsin. Bu halda, nəinki yeni mülkiyyətçini müqavilənin tərəfi kimi tanımaq, hətta yeni mülkiyyətçinin etibarnamə/icarə müqaviləsi əsasında nəqliyyat vasitəsini idarə etmək üçün təyin etdiyi digər şəxsi belə sığorta müqaviləsinə daxil etmək mümkün olmur. Çünki, sığortalı müqavilə üzərindən nəinki özünün, həm də həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olan istədilən şəxsin məsuliyyətini sığortalayır, həmin şəxsin yarada biləcək risklərini, məsuliyyəti üzərinə götürür. Məhz buna görə nəqliyyat vasitəsi özgəninkiləşdirildiyi halda sığortalının sığorta marağı itdiyinə görə, ona seçim şəklində müqaviləni davam etdirmək və va ümumi xitam əsaslarından əlavə olaraq müqaviləyə dərhal xitam vermək hüququ verilir. Mövcud qüvvədə olan sığorta müqaviləsinə əsasən (nə müqavilənin xitamı, nə də etibarsız hesab edilməsi ilə bağlı tərəflər iradə ifadəsini bildirməyib) sözügedən nəqliyyat vasitəsini idarə edən şəxsin mülki məsuliyyəti müqavilə tərəfi olan İddiaçı tərəfindən sığortalandığından baş vermiş hadisələrə görə məhz onun sığorta tarixçəsinə malus tətbiq edilmişdir. Mövcud və qüvvədə olan müqavilə üzrə məsuliyyəti sığortalanmış X3 malusun tətbiqi edilməsi sığorta qanunvericiliyinin prinsiplərinə uyğun deyil və qanunla nəzərdə tutulmamışdır. Sığorta müqaviləsi bağlanarkən bonusun və ya malusun hesablanmasının inzibati tənbehin ödənilibödənilməməsi ilə hər hansı bir əlaqəsi yoxdur, İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibatı tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Sığorta müqaviləsi və ondan irəli gələn münasibətlər mülki hüququn predmetinə, qəza törədənin təqsiri və məsuliyyəti isə inzibati xəta haqqında qanunvericiliyin predmetinə aiddir. Hər hansı bir şəxsin inzibati məsuliyyətə cəlb edilməsi müqavilə tərəfi olan digər şəxsi mülki müqavilə münasibətlərindən irəli gələn hüquq və öhdəliklərdən azad etmir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1718/2025 nömrəli, 5 may 2025ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı nisbətdə avtonəqliyyat vasitəsinin icbari sığortası ilə bağlı tətbiq edilən güzəştlərin bərpa edilməsi qət edilmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı halda sığortalı – İddiaçı olmuş, o mülkiyyətində olan başqa bir avtomobili üçüncü şəxsin etibarnaməli idarəçiliyinə vermiş, avtomobilin sürücüsü olaraq üçüncü şəxsin təqsiri nəticəsində sığorta hadisələri qeydə alınmışdır.

11. Etirazın əsas dəlili “İcbari sığortalar haqqında” Qanunun 8.3-cü maddəsi ilə təkzib olunur. Sığorta müqaviləsinin predmeti olan əmlakın sahibi dəyişdikdə yeni sığorta müqaviləsinin bağlanması tələb olunmur və sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya ifadəçisinə şamil edilir. BM sisteminə əsasən sığorta haqlarını artıran və ya azaldan əmsallar da əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə tətbiq edilir. Əgər, sığorta müqaviləsinin predmeti olan avtomobilə sahiblik digər şəxsə keçirsə və Qanunun 8.3-cü maddəsinə əsasən sığortalıya aid edilən bütün hüquq və vəzifələr də yeni sahibə keçirsə, deməli sığortalıya tətbiq olunacaq malus əmsalı da iddiaçıya yox, yeni sahibə tətbiq olunmalı idi.

12. Digər tərəfdən, istər sığorta haqqının hesablanma qaydasını tənzimləyən “İcbari sığortalar haqqında” Qanunun 57.1-ci maddəsində, istərsə də Mərkəzi Bank tərəfindən təsdiq edilmiş sığorta haqlarının hesablanması qaydasında “avtonəqliyyat vasitəsinin sahibi” anlayışından istifadə olunur.

13. Anlayışlardan hasil olan nəticə ondan ibarətdir ki, mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması, həmçinin BM sisteminin tətbiqi avtonəqliyyat vasitəsi sahiblərinə münasibətdə, fərdi qaydada tətbiq olunur. Sahiblik isə əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Eyni zamanda qanunverici “avtonəqliyyat vasitəsi” anlayışından istifadə etməklə sahibin faktiki istifadəsində olan, müqavilə predmeti vahid avtomobili diqqət mərkəzinə çəkir. İstinad olunan Qaydada da sığortalının mülkiyyətində olan bir avtomobillə sığorta hadisəsi törədildikdə onun mülkiyyətində olan bütün avtomobillərə BM əmsallarının tətbiqi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Yəni, BM sisteminə verilən anlayışda nəzərdə tutulan “sığortalıya münasibətdə” sözləri BM əmsallarının onun mülkiyyətində olan bütün avtomobillərə tətbiqini nəzərdə tutmur. Bir avtomobillə sığorta hadisəsi törədildikdə sığortalının mülkiyyətində olan bütün avtomobillərə BM əmsallarının tətbiq olunması qənaətinə gəlmək üçün bu anlayışda “əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin” ifadəsinin əvəzinə “əvvəlki sığorta müqavilələri üzrə sığortalının mülkiyyətində olan nəqliyyat vasitələrinin” ifadəsi qeyd olunmalı idi. Bu anlayışda qeyd olunan “əvvəlki sığorta müqavilələri” ifadəsi də məhz sığorta hadisəsinin törədildiyi avtomobilə dair bağlanmış sığorta müqavilələrini nəzərdə tutur.

14. Hazırkı halda iddiaçıya malus hesablanmış sığorta müqaviləsinin predmeti olan avtomobillə yol-nəqliyyat hadisəsi törədilməmiş, həmin avtomobilin iştirakı ilə sığorta hadisəsi qeydə alınmamışdır. Nəqliyyat vasitəsinin mülkiyyətçisi, faktiki sahibi və sürücüsü, eyni zamanda sığortalı – hazırkı iş üzrə iddiaçı heç bir yol-nəqliyyat hadisəsində təqsirli olmamışdır. Belə olan halda onun mülkiyyətində olan və etibarnaməli idarəçiliyə verilmiş digər avtomobilin iştirakı ilə, üçüncü şəxsin təqsiri nəticəsində baş vermiş yolnəqliyyat hadisəsinin nəticəsi olaraq iddiaçıya malus tətbiq edilməsi, qanunun yuxarıda sadalanan normalarına və ümumi prinsiplərə ziddir.

15. İcbari sığortanın əsas prinsiplərindən biri sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılmasıdır. BM sisteminin tətbiqi də bu prinsipin realizəsinə xidmət edir. Bu prinsipdən irəli gələrək, nəzərə alınmalıdır ki, BM sisteminin tətbiqində də məqsəd etibarnaməli idarəçilik institunun tətbiqinin azalması yox, sürücülərin fərdi qaydada stimullaşdırılması olmalıdır. Yalnız bu halda, hər bir sürücüyə özünün səbəb olduğu sığorta hadisənə görə malus hesablanarsa sığorta hadisələrinə səbəb olan halların qarşısının alınması məqsədinə çatmaq olar. Yuxarıda da qeyd edildiyi kimi, əmlakın faktiki sahibinin dəyişməsi ilə sığortalıya aid hüquq və vəzifələrin əmlakın yeni sahibinə keçdiyini təsbit etməklə qanunverici də bu məqsədi güdmüşdür.

16. Cavabdehin etirazının digər dəlili isə ondan ibarətdir ki, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi barədə sığortaçıya məlumat verilməli idi ki, sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmək hüququnu bildirsin. Lakin hazırkı iş üzrə sığorta hadisəsinə səbəb olmuş sığorta müqaviləsinin predmeti avtomobil özgəninkiləşdirməmiş, sadəcə etibarnaməli idarəçiliyə verilmişdir ki, bu da qanununun açıq təsbit etdiyi hüquqdur. Odur ki, iddia tələbi əsaslıdır, iddiaçının mülkiyyətində olmuş və başqa şəxsin etibarnaməli idarəçiliyinə verilmiş avtomobilin iştirakı ilə qeydə alınmış sığorta hadisəsinə görə, iddiaçının öz mülkiyyətində və sahibliyində olan digər avtomobilə dair sığorta müqaviləsi üzrə malus tətbiq edilməsi qanunun sadalanan normalarına ziddir, bu səbəblə də iddia təmin olunmalıdır.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159, 163.1, 884.4 və 922.1-ci maddələrinə; “Sığorta fəaliyyəti haqqında” Qanunun 1.1.4, 5.2-ci maddələrinə; “İcbari sığortalar haqqında” Qanunun 8.3-cü maddəsinə istinad edərək əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1718/2025 nömrəli, 5 may 2025-ci il tarixli qətnaməsindən narazı qalan cavabdeh “İcbari Sığorta Bürosu” X14 apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 884.3, 884.4, 884.5, 884.6, 888.3, 897.1, 897.4 və Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” Qanunun 1.3, 1.4, 3.1, 5.2, 6.1, 6.2, 6.4, 8.3, 8.5, 13.4, 50.1, 50.2, 53.1, 53.3, 53.4, 57.1 və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.4 və 1.1.5-ci maddələrini, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli qərarının 1.1.4, 1.1.5, 1.2.1, 1.2.2, 2.1-ci maddələrini tətbiq etmişdir. Hesab edir ki, məhkəmə maddi hüququn tətbiqində və təsvirində səhvə yol vermiş və maddi hüququn tətbiqinə dair aşağıdakı dəlilləri təqdim edir: Mülki Məcəllənin 883, 884, 888-ci, həmçinin, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun müddəaları sığorta münasibətləri sahəsində ümumi məsələləri tənzimləyir. Birinci instansiya məhkəməsi qətnaməsində həmin müddəalara istinad etmiş, lakin iş üzrə mübahisənin həllində bu müddəaların iddianın təmin edilməsi baxımından tətbiqini əsaslandırmamışdır. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin sığortası münasibətlərində əsas olan icbari sığorta müqaviləsində sığorta haqqının müyyənləşdirilməsi zamanı tətbiq edilən “Bonus-Malus” sisteminin mahiyyəti və məqsədlərinin hazırki iş üzrə mübahisənin həllində qiymətləndirilməsi üçün yuxarıda sadalanan maddi hüquq normalarının tətbiqi əhəmiyyətli deyil. Nəzərə alınmalıdır ki, nəqliyyat vasitələrinin sahiblərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin icbari sığortası qaydaları və şərtləri, icbari sığorta müqaviləsi, sığorta haqqının hesablanması və sığorta ödənişi qaydaları “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Hazırki iş üzrə mübahisəyə hüquqi qiymət verilməsi üçün sığorta münasbətlərini tənzimləyən qanunvericilik aktlarına əlaqəli şəkildə nəzər salınmalı və müvafiq maddi hüquq normaları tətbiq edilməlidir. Məhz “İcbari sığortalar haqqında” Qanunun 57.1-ci maddəsinin tələbindən irəli gələrək, Azərbaycan Respublikası Mərkəzi Bankının 29 iyun 2022-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması” Qaydası qəbul edilmişdir. Hüquqi aktların Dövlət reystrində qeydə alınmış sözügedən Qayda – Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ xarakterli akt olmaqla icrası hüquqi və fiziki şəxslər üçün məcburidir. İstinad olunan prosessual normanın tələbinə görə, qanunçuluğun bərqərar edilməsi mülki məhkəmə icraatının əsas vəzifələrindən biridir. Qanunçuluğun bərqərar edilməsi dedikdə - baxılan iş üzrə maddi hüququn işin müəyyən edilmiş hallarına uyğun, düzgün təfsir və tətbiq edilməsi başa düşülür. Hesab edir ki, hazırki şikayətin 5-ci, 6-cı və 7-ci bəndində maddi və prosessual hüququn tətbiqinə dair dəlilləri – qanunçuluğun bərqərar edilməsi prinsipinə riayət edilməməklə MPM-in 2-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda, prosessual normaların tələblərinə əməl edilməməsi və bu tələblərin pozulması ilə çıxarılan məhkəmə aktı qanunililik meyarına uyğun gəlməyən, qanunsuz və ədalətsizdir. Hesab edir ki, birinci instansiya Məhkəməsi Kollegiyasının qətnaməsi qanuni və əsaslı olmadığından, həmçinin, maddi hüquq normalarının tələbinə uyğun olmadığından, eləcə də maddi hüququn təfsiri və tətbiqində səhvə yol verildiyindən; eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından – MPM-in 217.1-217.3-cü maddələrinin tələbləri pozulmuşdur. Hesab edir ki, hazırki şikayətin 5 və 6-cı bəndlərində göstərilən dəlillər, apellyasiya instansiyası məhkəməsinin iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normalarını düzgün tətbiq etməməsi; maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə cavabdehin hüquqlarının pozulması ilə qətnamə çıxarılması nəticəsində MPM-in 217-ci maddəsinin tələbləri pozulmuşdur. Maddi və prosessual hüquq normasının pozulması ilə qəbul edilən qətnamə isə, “təbii olaraq”, iş üzrə tərəfin mənafeyinin, qanuni maraqlarının, Konstitusiyanın 60-cımaddəsində təsbit olunmuş ədalətli məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “İcbari Sığorta Bürosu” X8 nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. 22.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X9 nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Apellyasiya baxışının hədləri

23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 24.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 26.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

27.883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 28.884.3-cü maddəsinə əsasən, sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. 29.884.4-cü maddəsinə əsasən, sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. 30.884.5-ci maddəsinə əsasən, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. 31.884.6-ci maddəsinə əsasən, faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 32.888.3-cü maddəsinə əsasən, mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır. 33.897.1-ci maddəsinə əsasən, icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 34.897.4-cü maddəsinə əsasən, icbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 35.903.1 və 903.2-ci maddələrinə əsasən, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun

36.1.3 və 1.4-cü maddələrinə əsasən, bu Qanunda başqa cür nəzərdə tutulmadığı halda, istifadə olunan anlayışların izahı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 37.5.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. 38.6.1, 6.2 və 6.4-cü maddələrinə əsasən, icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. 39.8.3 və 8.5-ci maddələrinə əsasən, müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. Bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta müqaviləsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919–921-ci maddələrində nəzərdə tutulmuş müvafiq hallarda və qaydada xitam verilir. İcbari sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığortalı müvafiq sığorta növü üzrə yeni icbari sığorta müqaviləsi bağlamalıdır. 40.13.4-cü maddəsinə əsasən, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. 41.50.1 və 50.2-ci maddələrinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İİ hissəsinə uyğun olaraq qeydiyyatdan keçmiş mexaniki avtonəqliyyat vasitələrinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. 42.53.1, 53.3 və 53.4-cü maddələrinə əsasən, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. 43.57.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun

44.1.1.4 və 1.1.5-ci maddələrinə əsasən, sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi; sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;

Azərbaycan Respublikası Mərkəzi X16 Qərarı 25/1 saylı 29 iyun 2022-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nın Azərbaycan Respublikası Mərkəzi X16 Qərarının

45.1.2.1-ci maddəsinə əsasən, bonus-Malus (bundan sonra - BM) sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemi; 46.1.2.2-ci maddəsinə əsasən, BM subyekti – barəsində BM sistemi ilə müəyyənləşdirilən güzəşt və ya əlavələrin tətbiq edildiyi şəxs; 47.1.2.3-cü maddəsinə əsasən, fərdi BM subyekti (bundan sonra - FBMS) – məsuliyyəti son bir il ərzində bütün avtonəqliyyat vasitələrinin BM qrupları (bundan sonra - BM qrupu) üzrə 428 gün və ya daha az müddətdə icbari sığortalanmış BM subyekti; 48.2.1.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi fiziki şəxs olduqda Bu Qaydanın 2.4-cü bəndi nəzərə alınmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləği baza sığorta haqqı məbləğinə bu Qayda ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla aşağıdakı qaydada hesablanır: SH = BSH x ANVƏ x TYƏ x RƏ x İMƏ x AVİƏ x BMƏ burada, SH – bir illik sığorta haqqı məbləği; BSH – baza sığorta haqqı məbləği; ANVƏ – avtonəqliyyat vasitəsinin növünə görə əmsal; TYƏ – sığortalının sürücülük təcrübəsi və yaşına görə əmsal; RƏ – avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə əmsal; İMƏ – avtonəqliyyat vasitəsinin istismar müddətinə görə əmsal; AVİƏ – avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsal; BMƏ – BM sinfinə görə əmsal. 49.7.1-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən sığorta haqqının hesablanmasında avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxslərin sayı nəzərə alınır. 50.7.2-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləğinin hesablanması üçün avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxslərin sayına görə aşağıdakı əmsallar tətbiq olunur: 7.2.1. avtonəqliyyat vasitəsini yalnız bir şəxsin idarə etmək hüququ olduqda - 1; 7.2.2. avtonəqliyyat vasitəsini iki və ya daha çox şəxsin idarə etmək hüququ olduqda - 1.15. 51.7.3-cü maddəsinə əsasən, avtonəqliyyat vasitəsini iki və ya daha çox şəxsin idarə etmək hüququnun mövcudluğu avtonəqliyyat vasitəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd, avtonəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilə, habelə nəqliyyat vasitələrinin istifadə edilməsi və ya ona sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamə əsasında müəyyən olunur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

52.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

53.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.

54. İş materiallarından göründüyü kimi hazırkı mübahisə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğinin hesablanması qaydasının sığorta şirkəti tərəfindən düzgün tətbiq edilib-edilməməsi ilə bağlıdır.

55. Belə ki, “Volkswagen Jetta minik” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan iddiaçı “Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsi” bağlanarkən, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nın ona münasibətdə səhv tətbiq edildiyini, nəticədə BM sistemi ilə ona münasibətdə tətbiq edilməsi müəyyən edilmiş güzəştlərin (bonusların) nəzərə alınmadığını, bu səbəbdən isə sığorta haqqının düzgün hesablanmadığını göstərərək, həmin güzəştlərin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 56.Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı mülkiyyətçisi olduğu avtomobili özgəninkiləşdirdiyi halda, sığortalı kimi öz seçimi əsasında icbari sığorta müqaviləsini əvvəlki şərtlərlə davam etdirmək və ya ümumi xitam əsaslarından istifadə etməklə müqaviləyə dərhal xitam vermək hüququna malik olmuşdur. Bu barədə sığorta şirkətini məlumatlandırmaq isə iddiaçının öhdəliyi olmuşdur. Həmin hüquqdan istifadə edilmədiyindən, icbari sığorta müqaviləsi üzrə cavabdehlə əvvəlki sığortalı arasında mövcud olmuş hüquq müsibətlərinin davam etdiyi hesab edilməlidir. 57.Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiqini nəzərdə tutan güzəştlər və əlavələr sistemi sığortalıya, yəni sığorta müqaviləsinin tərəfinə münasibətdə tətbiq edilir. Qüvvədə olan sığorta müqaviləsinin tərəfi İddiaçı olduğundan, baş vermiş sığorta hadisələrinə görə sığorta haqlarını artıran əmsalların məhz onun sığorta tarixçəsinə tətbiq edilməsi sığorta qanunvericiliyinə uyğundur. 58.Hazırkı mübahisə ilə əlaqədar ilk öncə qeyd edilməlidir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 59.Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı olaraq qəbul edilir. 60.Sığortalanmış nəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs, üçüncü şəxs qarşısında mülki məsuliyyətinə görə sığortalanmış hesab edilir. Bu hal, nəqliyyat vasitəsinin mülkiyyət hüququnu təsdiq edən sənəd, avtonəqliyyat vasitəsinin icarəsi və ya lizinqə verilməsi barədə müqavilə, habelə nəqliyyat vasitəsindən istifadə və (və ya) ona sərəncam hüququnu təsdiq edə etibarnamə əsasında həyata keçirilən istifadə hallarında tətbiq olunur. Müvafiq qanunvericiliyə uyğun olaraq əmlak mənafeləri icbari sığorta müqaviləsi əsasında sığortalanan belə şəxslər sığorta olunan şəxs hesab edilirlər. 61.Sığorta haqqı - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. 62.Belə ki, «İcbari sığortalar haqqında» Qanun ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasının müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətlərinə aid edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması ilə bağlı bütün məsələlər də məhz Mərkəzi Bankın 25/1 saylı 29 iyun 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası” əsasında tənzimlənir. 63.Həmin Qaydalara görə Bonus-Malus (bundan sonra - BM) sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləği baza sığorta haqqı məbləğinə müvafiq əmsallar tətbiq olunmaqla hesablanır. 64.Hazırda tərəflər arasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi”nin bağlanması faktını təsdiq edən PDS********** nömrəli xx.xx.2023-cü il tarixli icbari sığorta şəhadətnaməsindən görünür ki, iddiaçı “Volkswagen Jetta minik” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə sığorta haqqını ödəməklə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası münasibətlərində sığortalı statusunda çıxış etmişdir. Bu baxımdan, iddiaçı sözügedən nəqliyyat vasitəsinin sığortalanmasında sığorta marağına malik şəxs hesab olunur və sığorta müqaviləsinin tərəfi kimi həmin müqavilədən irəli gələn hüquq və öhdəlikləri daşıyır. 65.Mövcud vəziyyətdə də sığorta haqlarını artıran əmsalların tətbiqinə səbəb olmuş yol-nəqliyyat hadisələrinin törədilməsində təqsiri olan X4 həmin sığorta müqaviləsi üzrə üçüncü şəxslər qarşısında mülki məsuliyyəti (iddiaçı tərəfindən) sığortalanmış şəxs hesab edilir. 66.Mülki işin materiallarından həmçinin müəyyən edilir ki, iddiaçının tərəf olduğu “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına məhdudiyyət qoyulmadan bağlanmışdır. Belə ki, icbari sığorta şəhadətnaməsində sürücülərin qeyri-müəyyən (açıq) dairəsi nəzərdə tutulmuşdur. Yol-nəqliyyat hadisələri baş verən zaman nəqliyyat vasitəsini idarə etmiş şəxs - X4 qanunvericiliyə uyğun şəkildə (etiarnamə əsasında) idarəetməyə buraxılmışdır. Müqavilənin qüvvədə olduğu müddətdə baş vermiş yol-nəqliyyat hadisələri sığorta hadisəsi kimi tanınaraq əsasında sığorta ödənişi həyata keçirilmişdir. 67.Yuxarıda qeyd edildiyi kimi, Bonus-Malus sistemi sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiqini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləği baza sığorta haqqına müvafiq əmsallar tətbiq edilməklə hesablanır. Bonus-Malus əmsalı konkret sığortalının fərdi sığorta riskini əks etdirən göstəricidir və bu göstərici sığortalı qismində tanınan şəxsin sığorta tarixçəsini xarakterizə edir. 68.“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nın avtonəqliyyat vasitəsinin sahibi fiziki şəxs olduqda sığorta haqqı aşağıdakı əmsallar nəzərə alınmaqla hesablanır - bir illik sığorta haqqı məbləği; baza sığorta haqqı məbləği; avtonəqliyyat vasitəsinin növünə görə əmsal; sığortalının sürücülük təcrübəsi və yaşına görə əmsal; avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə əmsal; avtonəqliyyat vasitəsinin istismar müddətinə görə əmsal; avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsal; BM sinfinə görə əmsal. 69.Göründüyü kimi fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən sığorta haqqının hesablanmasında nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxslərin sayı sığortalıya münasibətdə sığorta haqqını artıran və ya azaldan əmsal olaraq nəzərə alınır. Qanunvericinin bu mövqeyi onunla izah olunur ki, fziki şəxslər tərəfindən nəqliyyat vasitəsini idarə etməyə buraxılan sürücülərin sayına məhdudiyyət qoyulmadan icbari sığorta müqaviləsi bağlandığı hallarda, nəqliyyat vasitəsini idarə edə bilən şəxslərin törətdikləri sığorta hadisələrinin tarixçəsi barədə məlumat sığortaçıda mövcud olmadığından, sığorta üzrə risk nəqliyyat vasitəsini qanuni əsaslarla idarə edən bütün şəxslərin yaratdığı risklərin məcmusu üzərindən qiymətləndirilir. 70.Nəzərə alınmalıdır ki, “İcbari sığortalar haqqında” Qanun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasının müəyyən edilməsini Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətlərinə aid etmişdir. Bu da həmin qurum tərəfindən sözügedən Qanuna uyğun olaraq iqtisadi cəhətdən əsaslandırılmış sığorta haqlarının minimum və maksimum məbləğlərinin, sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələrin, eləcə də icbari sığorta müqaviləsi üzrə sığorta haqqını təyin edərkən sığortaçılar tərəfindən istifadə olunan qaydaların müəyyən edilməsi yolu ilə həyata keçirilir. Qanunvericinin bu yanaşması obyektiv iqtisadi xarakter daşıyır. 71.Birinci instansiya məhkəməsinin “İcbari sığortalar haqqında” Qanunun 8.3-cü maddəsinə istinad etməsi ilə əlaqədar isə kollegiya qeyd edir ki, həmin maddənin tələbləri yalnız Qanunun Xüsusi bölməsində bu barədə ayrıca hüquqi tənzimləmə nəzərdə tutulmadığı hallarda tətbiq oluna bilər. Bu Qanunun 51.3-cü maddəsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinə xitam verilməsi ilə bağlı xüsusi hüquqi mexanizm müəyyən edilmişdir və bu norma hazırki münasibətlərə xüsusi olaraq tətbiq edilməlidir. Beləliklə də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi”nin aid olduğu əmlak özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ müəyyən edilmişdir. İcbari sığorta müqaviləsinə bu əsasla vaxtından əvvəl xitam verildikdə, yeni sığortalı müvafiq sığorta növü üzrə icbari sığorta müqaviləsi bağlamalıdır. 72.Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919–921-ci maddələrinə görə, sığorta müqaviləsi üzrə sığorta marağı artıq mövcud olmadığı təqdirdə sığortalı tərəfindən həmin müqaviləyə vaxtından əvvəl xitam verilir (919.1.8-ci maddə). Bu Məcəllənin 919-cu maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda bu Məcəllənin 920.2-ci maddəsi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir. 73.Göründüyü kimi, “İcbari sığortalar haqqında” Qanunun 51.3-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirilməsi halı sığortalı üçün həmin müqaviləyə xitam vermək hüququnun yaranmasına səbəb olur. Tərəf olduğu müqaviləyə xitam vermək hüququndan istifadə edən sığortalı bu barədə sığortaçını məlumatlandırmaq öhdəliyini daşıyır. 74.Sığortalının müqaviləyə vaxtından əvvəl xitam vermək hüququndan istifadə etməməsi, habelə nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi (onun yeni sığortalı ilə əvəz edilməsi) barədə sığortaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verməməsi sığorta şirkəti üçün mənfi hüquqi nəticələr doğura bilməz. 75.İcbarı sığorta müqaviləsinə xitam verilmədiyi halda da Bonus-Malus əmsallarının şəhadətnamədə sığortalı statusunda göstərilən şəxsə münasibətdə tətbiqi qanunvericiliyin mahiyyətinə və məqsədinə tam uyğundur. 76.Belə ki, BMS-nin subyekti bilavasitə sığortalıdır və bu sistem çərçivəsində müəyyən edilən əmsallar nəqliyyat vasitəsinə deyil, sığortalı şəxsə bağlıdır. Sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiqini nəzərdə tutan güzəştlər və əlavələr əşyaya bağlı göstərici olmadığından, avtomobilin özgəninkiləşdirilməsi və ya başqa şəxsin faktiki istifadəsinə verilməsi hallarında onların avtomatik olaraq (hüquq və ya vəzifə kimi) başqa şəxsə keçməsi üçün hüquqi əsas yaratmır. 77.Hazırki halda da iddiaçı qanunvericiliyə uyğun olmayan şəkildə (etibarnamə əsasında) avtomobili özgəninkiləşdirdiyinə istinad etsə də, onun sığortalı qismində tərəf olduğu “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi”nə qanunvericiliklə nəzərdə tutulmuş qaydada xitam verilməmişdir. Sığorta hadisələri baş verdiyi zaman, o, sığortalı statusunda qalmaqda davam etmiş, sığorta riski onun barəsində qüvvədə olmuşdur. 78.Həmin icbari sığorta müqaviləsi üzrə üçüncü şəxslər qarşısında mülki məsuliyyəti iddiaçı tərəfindən sığortalanmış X2 avtomobili qanuni əsaslarla idarə edərkən törətdiyi yolnəqliyyat hadisəsi sığortalının sığorta tarixçəsində, o cümlədən sığorta haqqı məbləğinin hesablanmasında nəzərə alınmışdır ki, bu da icbari sığorta qanunvericiliyinin mahiyyətinə zidd olmamışdır. 79.Qeyd edilənlərlə əlaqədar da məhkəmə kollegiyası bir daha vurğulayır ki, “Volkswagen Jetta minik” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada baş verməmiş, iddiaçının istinad etdiyi əsasla tərəf olduğu müqaviləyə xitam vermək hüququ yaranmamış, o, “sığortalı” statusunu digər şəxsə ötürmək niyyətində olduğu barədə sığortaçı olan sığorta şirkətini məlumatlandırmamışdır. Mövcud vəziyyətdə də iddiaçı “Volkswagen Jetta minik” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə sığorta haqqını ödəyən sığortalı olaraq İcbari Sığorta Bürosunun informasiya sistemində qeydiyyatda olan şəxs kimi çıxış edir. 80.Beləliklə də yuxarıda qeyd edilənlərin məcmusu nəzərə alınmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının tərəf olduğu icbari sığorta müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və vaxtında xitam verilməməsi onun sığortalı kimi öz risk dairəsinə daxil olan hallardandır. Bu səbəbdən, baş vermiş sığorta hadisələrinin Bonus-Malus əmsalının hesablanması zamanı nəzərə alınması və bunun artırıcı əmsal kimi tətbiq edilməsi qanunvericiliyə zidd deyildir. Sığorta şirkətinin hərəkətlərinin qanunsuz hesab edilməsi və ya əvvəlki Bonus-Malus əmsallarının bərpa olunması üçün hüquqi əsasların mövcudluğu müəyyən edilmir. Nəqliyyat vasitəsini idarə etməyə buraxılan şəxslərin dairəsini məhdudlaşdırmayın icbari sığorta müqaviləsi üzrə BM əmsallarının şəhadətnamədə sığortalı kimi göstərilən şəxsə tətbiq edilməsi onun hüquqlarının pozulması kimi qəbul edilə bilməz. 81.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.

82. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

83. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1718/2025 saylı, 5 may 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X7rşı icbari sığorta ilə bağlı tətbiq edilən güzəştlərin bərpa edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar