Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4505/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili X1, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Мəhkəməsinin 2(006)-1207/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi və cavabdehin nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 500.000 (beş yüz min) manat məbləğində əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh ASC-dən onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC (Lənkəran Filialı) ilə aralarında AB-/124 nömrəli xx xxxxxx 2010-cu il tarixli, AB-/124A nömrəli xx xxxxxx 2010cu il tarixli, AB-/18 nömrəli xx xxxxxx 2010-cu il tarixli, AB-/18 nömrəli xx xxxxxx 2010-cu il tarixli, AB-/37a nömrəli xx xxxxxx 2011-ci il tarixli və AB-/01 nömrəli xx xxxxxxxx 2011-ci il tarixli «X16»ləri bağlanmışdır. Cavabdeh ASC ilə aralarında bağlanmış AB-/124 nömrəli xx xxxxxx 2010-cu il tarixli, AB-/124A nömrəli xx xxxxxx 2010-cu il tarixli, AB-/18 nömrəli xx xxxxxx 2010-cu il tarixli, AB-/18 nömrəli xx xxxxxx 2010-cu il tarixli, AB-/37a nömrəli xx xxxxxx 2011-ci il tarixli və AB-/01 nömrəli xx xxxxxxxx 2011-ci il tarixli hər bir «X11»nə əsasən onlar tərəfindən Cavabdeh ASC-yə illik 12,6 % dərəcəsi ilə 100.000 manat, ümumilikdə 600.000 manat məbləğində pul vəsaiti qoyulmuşdur (mədaxil edilmişdir). Cavabdeh ASC ilə aralarında bağlanmış müqavilələr əsasında onlara bank tərəfindən Əmanət Kitabçası da verilmişdir. Onlar tərəfindən banka ümumilikdə 600.000 manat məbləğində pul vəsaiti mədaxil edilsə də, xx xxxx 2011-ci il tarixdə həmin məbləğin 100.000 manatı onlar tərəfindən məxaric edilmişdir. Beləliklə, Cavabdeh ASC-də mülkiyyətləri hesab olunan 500.000 manat pulları qalsa da, bu günə kimi cavabdeh tərəfindən qaytarılmamışdır. X10 Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 1(089)-11/2017 saylı hökmü ilə X3 əməlində Azərbaycan Respublikası CM-in 179.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibi olduğundan, sonuncu həmin maddələrlə məhkum edilmişdir. İşə X10 Məhkəməsində baxılarkən onlar tərəfindən Cavabdeh ASC-yə qarşı iddia qaldırılsa da, məhkəmə hökmü ilə iddia ərizələri baxılmamış saxlanılmaqla, onlara mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilmişdir. Cavabdehdən pullarının qaytarılmasını tələb etsələr də, Cavabdeh ASC-dən bildirilmişdir ki, əmanətlərin bir hissəsini onlardan qəbul edən Lənkəran filialının müdiri X8 cinayət törətdiyindən, pulu da onlara F.T.Xəlifəli qaytarmalıdır. Hesab edirlər ki, qarşılarında öhdəlik götürən Cavabdeh ASC-nin əmanət kimi qoyulmuş 500.000 manat pullarını qaytarmaması (qaytarılmaması ilə bağlı dəlili) qanunvericiliyə zidd olduğundan əsassız və qanunsuzdur. Qeyd edildiyi kimi, «X16»ləri onlarla Cavabdeh ASC (Lənkəran filialı) ilə bağlanmış, cavabdehin möhürü ilə təsdiqlənmişdir. AB-/124 nömrəli xx xxxxxx 2010-cu il tarixli, AB-/124A nömrəli xx xxxxxx 2010-cu il tarixli müqavilələr bank filialının müdiri olmuş X4, digər müqavilələr isə filialı müdiri X8 tərəfindən imzalanmışdır. Göründüyü kimi, bağlanmış müqavilələrlə müəyyən olunur ki, öhdəlik münasibətləri onlarla bank nümayəndələri arasında deyil, onlarla Cavabdeh ASC arasında yaranmışdır. Odur ki, istərsə müqavilələrə görə, istərsə qanunvericiliyə görə cavabdehlik (öhdəlik) bankın üzərindədir. Cavabdeh ASC-nin deyil, işçisinin hüquq pozuntusu törətməsi qəbul edilsə belə, mülki məsuliyyət bu halda da cavabdeh bankın üzərində qalır. Beləliklə, Cavabdeh ASC-yə əmanət olaraq qoyulmuş pula görə bütün məsuliyyət yükü cavabdeh bankın üzərindədir və bank, üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməli, bunun üçün tam şəkildə zərəri ödəməlidir. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1207/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 500000 (beş yüz min) manat pul vəsaitininvə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh ASC-dən alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək onun dəyişdirilməsini və cavabdehdən iddiaçıların xeyrinə 500000 manat əsas borcun, 559650 manat faiz borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin həcminin azaldılması barədə ərizə İddiaçı1 tərəfindən verilmiş, buna görə də faiz borcunun tutulması İddiaçı2 münasibətdə təmin edilməliydi. Qətnamədən həmçinin cavabdeh bankın da nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin borclu kimi iddiaçılar qarşısında iddia ərizəsində qeyd edilən müqavilələr üzrə heç bir öhdəliyi yarana bilməz. Belə ki, iddia ərizəsində qeyd olunan AB-/124A nömrəli xx xxxxxx 2010-cu il tarixli, AB-/18 nömrəli xx xxxxxx 2010-cu il tarixli, AB- /18 nömrəli xx xxxxxx 2010-cu il tarixli, AB- /37a nömrəli xx xxxxxx 2011-ci il tarixli və AB- /01 nömrəli xx xxxxxxxx 2011-ci il tarixli «X16»ləri ümumiyyətlə bankın avtomatlaşdırılmış əməliyyat sistemində aşkar edilməmiş, həmin tarixdə və nömrədə bankda əmanət müqavilələri olmamışdır. AB-/124 nömrəli xx xxxxxx 2010-cu il tarixli əmanət müqaviləsi üzrə isə Cavabdeh ASC-nin Lənkəran filialına 100.000 manat məbləğində depozit yerləşdirilmiş, həmin vəsait 63 saylı mədaxil elanı ilə filialın xəzinəsinə nağd olaraq daxil edilmiş və bankın avtomatlaşdırılmış əməliyyat sistemində əks olunmuşdur. Lakin, müştəri tərəfindən həmin depozit müqaviləsinə xitam verilərək qeyd olunan məbləğ bankdan məxaric edilmişdir. Yuxarıda qeyd olunanlar, X10 Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 1(089)-11/2017 saylı preyudisial əhəmiyyət kəsb edən hökmündə də öz əksini tapmışdır. Göründüyü kimi, əmanət müqavilələri bankın avtomatlaşdırılmış əməliyyat sistemində əks olunmamış, həmin tarixdə və nömrədə bankda əmanət müqavilələri olmamışdır. Belə olan halda, necə ola bilər ki, Cavabdeh ASC iddiaçılar qarşısında hər hansı öhdəlik daşısın? Digər tərəfdən, X10 Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 1(089)- 11/2017 saylı preyudisial əhəmiyyət kəsb edən hökmündə qeyd edilmişdir ki, şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, arvadının və oğlunun filiala gəlib-getməmələri üçün müqavilələri sonuncuların əvəzinə özü imzalamışdır. Göründüyü kimi, iddia ərizəsində qeyd edilmiş əmanət müqavilələri heç iddiaçılar tərəfindən də imzalanmamışdır. Belə olan halda, necə ola bilər ki, Cavabdeh ASC iddiaçılar qarşısında hər hansı öhdəlik daşısın? Yuxarıda qeyd olunanların hamısı X10 Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 1(089)-11/2017 saylı preyudisial əhəmiyyət kəsb edən hökmündə öz əksini tapmışdır. Hökmdən görünür ki, iddiaçı Reyhan Rəcəbova cinayət mühakimə icraatı zamanı mülki iddia ilə məhkəməyə müraciət etmiş, onun iddia ərizəsi vaxtında verilmədiyindən baxılmamış saxlanılmış, ona dəymiş maddi zərərin təqsirləndirilən şəxslər tərəfindən ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah olunmuşdur. Göründüyü kimi, iddiaçılar təqsirləndirilən şəxslərə deyil, Cavabdeh ASC-yə qarşı iddia tələbi ilə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Zaur Niftəliyev özləri tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, cavabdeh bank tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bank tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarındakı sübutların məcmusuna qiymət verərək kollegiya hеsаb еdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş X10 Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 1(089)-11/2017 saylı hökmündən görünür ki, Cavabdeh ASC-nin xx.xx.2002-ci il tarixli 21 nömrəli əmrinə əsasən X8 həmin bankın Lənkəran filialının müdiri vəzifəsinə təyin edilmiş, onunla əmək müqaviləsi bağlanmış, xx.xx.2012-ci il tarixli 20 nömrəli əmrinə əsasən həmin tarixdə işdən azad edilmişdir. Eləcə də, X5 bankın müvafiq əmrlərinə əsasən xx.xx.2003-cü il tarixdə Lənkəran filialının xəzinədarı, xx.xx.2009-cu il tarixdə baş xəzinədarı vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh» ASC arasında iddiaçılar ilə bağlanmış (AB-/124 nömrəli xx xxxxxx 2010-cu il tarixli, AB-/124A nömrəli xx xxxxxx 2010-cu il tarixli, AB-/18 nömrəli xx xxxxxx 2010-cu il tarixli, AB-/18 nömrəli xx xxxxxx 2010-cu il tarixli, AB- /37a nömrəli xx xxxxxx 2011-ci il tarixli və AB-/01 nömrəli xx xxxxxxxx 2011-ci il tarixli), «X11» adlanan müqavilələrə əsasən iddiaçılar tərəfindən bankın Lənkəran filialına ümumilikdə 600000 (altı yüz min) manat əmanət qoyulmuşdur. İş materiallarına əlavə olunmuş İddiaçı1 adına olan 3861-AZN-00-01-00-46 hesab nömrəsi ilə bağlı əmanət kitabçasından görünür ki, 26.08.10 tarixində 100.000, 30.08.10 tarixində 100.000, 12.11.10 tarixində 100.000, 30.12.10 tarixində 100.000, 14.01.11 tarixində 100.000, 30.09.11 tarixində 100.000 mədaxil olunmuş, 20.07.11 tarixində isə 100.000 məxaric olunmuşdur. İş materiallarında olan hökmdən, müqavilələrdən və əmanət kitabçasından göründüyü kimi, iddiaçılarla Cavabdeh ASC arasında ümumilikdə 6 «X11» bağlanmış (AB- /124 nömrəli xx xxxxxx 2010-cu il tarixli, AB-/124A nömrəli xx xxxxxx 2010-cu il tarixli, AB- /18 nömrəli xx xxxxxx 2010-cu il tarixli, AB-/18 nömrəli xx xxxxxx 2010-cu il tarixli, AB-/37a nömrəli xx xxxxxx 2011-ci il tarixli və AB-/01 nömrəli xx xxxxxxxx 2011-ci il tarixli), həmin müqavilələrə əsasən iddiaçılar tərəfindən bankın Lənkəran filialına ümumilikdə 600000 (altı yüz min) manat əmanət qoyulmuş, bir «X11» üzrə qoyulmuş 100000 (bir yüz min) manat əmanət bankdan götürülmüş, qalan 500000 (beş yüz min) manat əmanət isə bu günədək ödənilməmişdir. X10 Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 1(089)-11/2017 saylı hökmündən daha sonra göründüyü kimi, bankın Lənkəran filialının işçiləri olmuş X8 törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-in 179.3.2 və 308.2-ci maddələri, X5 isə həmin Məcəllənin 308.2-ci maddəsi ilə təqsirli bilinərək, məhkum edilmişlər. AB-/124 nömrəli xx xxxxxx 2010-cu il tarixli, AB-/124A nömrəli xx xxxxxx 2010-cu il tarixli müqavilələri imzalamış X6 isə həmin iş üzrə şahid qismində keçmişdir. Hökmdə təqsirləndirilən şəxslərə verilmiş ittihamın mahiyyəti hökmün giriş hissəsində müfəssəl şəkildə göstərilmiş, əsaslandırıcı hissəsində İddiaçı1 500000 manat maddi ziyanın vurulması təsbit olunmuş, nəticə hissəsində isə zərər çəkmiş şəxs kimi onun tərəfindən verilmiş iddia ərizəsi baxılmamış saxlanılmış, ona dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aşağıda göstərilənlərə əsasən əsaslı hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 944.1-ci maddəsinə görə, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür; 949.1-ci maddəsinə görə isə, bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Həmin Məcəllənin 946.1-ci maddəsinə əsasən Bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin. Həmin Məcəllənin 948.1-ci maddəsinə əsasən bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Həmin Məcəllənin 948.3-cü maddəsinə əsasən fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi şəxslə bağladığı bu cür bank əmanəti müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə bilməz. Kollegiya hesab edir ki, tərəflər arasında Bank əmanəti (depozit) müqaviləsinə görə münasibətlərinin yaranmasını təsdiq edən yazılı sənədlərin (müqavilələr, bank kitabçası) mövcudluğu işin mübahisəsiz hallarındandır və iddiaçı tərəf həmin müqavilələr üzrə qoyduqları əmanəti dəfələrlə cavabdeh olan Bankdan tələb etmələrinə baxmayaraq geri qaytarmamaqda haqlı olmamışdır. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə hesab edir ki, qeyd olunan maddi hüquq norması imperativ şəkildə təsbit edir ki, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə cavabdehin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara işin faktiki araşdırılmış və sadalanan qanunvericilik normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, Cavabdeh ASC-nin əmanət kimi qoyulmuş iddiaçılara məxsus 500.000 manat əmanət pullarını məhz hüquqi şəxs olaraq onun tərəfindən qaytarılmamalı olması ilə bağlı dəlilləri qanunvericiliyə zidd olduğundan əsassız və qanunsuzdur. İddiaçıların əmanət məbləğləri bilavasitə bankın məsuliyyət daşıdığı səbəbdən hazırkı dövrədək ona qaytarılmadığından, kollegiya hesab edir ki, həmin məbləğlərin cavabdeh bankdan tutulması qənaəti qanuni hesab edilməlidir. Belə ki, bağlanmış müqavilələrə bank filialının müdirləri olmuş X4 və X8 tərəfindən imza edilsə də, Cavabdeh ASC (Lənkəran filialının) möhürü ilə təsdiqlənsə də, müqavilələrin məzmunundan aydın olur ki, iddiaçıların öhdəlik münasibətləri onlarla bank nümayəndələri arasında deyil, Cavabdeh ASC arasında yaranmışdır. Çünki «Lənkəran» filialının müqavilələr bağlamaq səlahiyyəti olsa da, müstəqil hüquqi şəxs olmadığı üçün müqavilələr üzrə yarana biləcək mübahisələr zamanı cavabdeh qismində çıxış edə bilmir, bu halda cavabdeh qismində filialın tabe olduğu Cavabdeh ASC çıxış edir.. Kollegiya apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək onu qeyd edir ki, müqavilələrin heç iddiaçılar tərəfindən də imzalanmaması faktının mövcudluğu belə iddiaçıların hazırki iddialarının əsassız olmasının təsdiqi kimi qiymətləndirilə bilməz. Belə ki, işin materiallarından görünür ki, İddiaçı1 zərərçəkmiş şəxs qismində tanınmış, digər İddiaçı2 zərərçəkmiş qismində tanınması da, İddiaçı1 və həyat yoldaşına məxsus pulların əmanət qoyulması ilə bağlı müqavilələr bağlanarkən müqavilələrin 3-ü övladlarının adına rəsmiləşdirmişlər. Azərbaycan Respublikasının CPM-nin 87.1-ci maddəsinin məzmununa əsasən zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulan fiziki şəxsdir. Müqavilələrin iddiaçılar tərəfindən deyil, iddiaçıların ailə üzvü olan X9 tərəfindən imzalanmasına baxmayaraq o müqavilə tərəfi olmadığı və hökmdə zərərçəkmiş kimi İddiaçı1 mülki mühakimə qaydasında iddia qaldırmaq hüququ izah olunduğu üçün o və İddiaçı2 müqavilə tərəfləri kimi hazırki iddianı qaldırmaqda haqlı olmuşlar. Kollegiya iddiaçıların apellyasiya şikayətinə münasibətdə isə qeyd edir ki, iddia tələbinin azaldılması barədə ərizə iddiaçıların nümayəndəsi tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş, məhkəmədə müvafiq olaraq həmin iddia tələbləri üzrə qətnamə qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Мəhkəməsinin 2(006)-1207/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorlaraaid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4505/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4505/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver