Məhkəmə qərarları › İş №2(103)-4506/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4506/2022

19.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4506/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1080/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən hesablanmış 777.35 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Akt HDM 027378 saylı xx.xx.2022-ci il tarixli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 777.35 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Azərişıq” ASC tərəfindən ünvan 1 ünvanı üzrə **********10063 saylı abonent hesabına qanunsuz və əsassız olaraq 777,35 manat məbləğində borc hesablanmışdır. Həmin ünvanda işıq ödənişləri tam vaxtında ödənilmiş və hər hansı kənar müdaxilə olmamışdır. Lakin 25 yanvar 2022-ci il tarixdə guya elektrik xətti səhv qoşulduğuna görə akt tərtib edilmiş və əsassız olaraq borc hesablanmışdır. Sayğacda pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut yoxdur. Ona görə də, göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Mənzildən kənarda quraşdırılmış sayğacın qüsurlarına görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərindədir Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1080/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş NDM 027378 nömrəli aktın etibarsız hesab edilməsi, "xxxx" ASC tərəfindən həmin akt əsasında iddiaçının abunə hesabına (abonent kodu **********10063) hesablanmış 777.35 manat məbləğində borcun silinməsi, "xxxx" ASC-dən 30 manat dövlət rüsumunun tutularaq Bakı şəhəri Xəzər Rayon məhkəməsinin hesabına ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh "xxxx" İB apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 25 yanvar 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin elektrik sayğacına baxış keçirilən zaman elektrik sayğacının şəbəkəyə qoşulma sxeminin səhv olması, sayğacın giriş “faza” yuvasına sıfır xətti, ”sıfır” yuvasına isə faza xətti daxil edildiyi, kənar mənbədən verilmiş “sıfır” xətti vasitəsilə sayğacın dövrədən kənarlaşdırlması, kənar xəttin qonşuya məxsus ******* nömrəli sayğacın “sıfır” xəttindən götürüldüyü aşkar olunmuşdur. Aşkar olunmuş faktla bağlı tərəflərindən NDM 027378 saylı saylı xx.xx.2022ci il tarixli akt tərtib edilmiş və sonradan "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 7119 kvts. itirilmiş elektrik enerjisinin dəyəri 777.4 manat məbləğində müəyyən edilməklə abonentin **********10063 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində iddiaçının sayğacına baxış zamanı aşkar olunmuş pozuntunun məhz iddiaçı tərəfindən edildiyini təsdiq edən hər hansı bir sübutun tərəflərindən məhkəməyə təqdim edilmədiyini bildirmişdir. Hesab edilir ki, məhkəmənin bu mövqeyi tam əsassızdır. Belə ki, 25 yanvar 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış zamanı aşkar olunmuş pozuntu faktının "xxxx" ASC-nin əməkdaşları tərəfindən videoçəkilişi aparılmış və həmin videögörüntülərin əks olunduğu disk tərtib olunmuş aktla birgə sübut qismində məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə qeyd edilən sübutun tədqiqini aparmamış, yəni həmin videogörüntülərə tərəflərin iştirakı ilə baxış keçirməmiş, videogörüntülərdə qeyd olunan və iş üçün əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədilə məhkəmə-texniki ekspertizasının təyin edilməsi barədə məhkəməyə verilmiş yazılı vəsatəti təmin etməmiş, həmçinin bu sahədə xüsusi bilik tələb edən mütəxəssisin işə cəlb olunmasını təmin etməmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış zamanı aşkar olunmuş kənar xəttin çəkilməsi faktının videoçəkilişi aparılmış və həmin videögörüntülərin əks olunduğu disk tərtib olunmuş aktla birgə sübut qismində məhkəməyə təqdim edilmişdir. Həmçinin qeyd edilən videogörüntülərdə sayğaca müdaxilə və kənar xəttin olub-olmaması faktına aydınlıq gətirmək məqsədilə məhkəmə-texniki ekspertizasının təyin edilməsi barədə tərəflərindən məhkəməyə yazılı vəsatət verilməsinə baxmayaraq məhkəmə vəsatətləri qəbul etməmişdir. Lakin məhkəmə prosessual hüquq normasının pozuntusuna yol verərək verdikləri yazılı vəsatətin rədd edilməsi barədə müavafiq əsaslandırılmış qərardad qəbul etməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, apellyasiya şikayəti qətnamənin ləğvinə və iddia tələbinin rədd edilməsinə yönəldilmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli AKT NDM 027378 saylı aktda əsasən, Binə, Sovxoz sahəsi 1481, mənzil 0063 ünvanında olan elektrik sayğacın şəbəkəyə qoşulma sxemi səhvdir. Belə ki, sayğacın giriş “faza” yuvasına sıfır xətti, “sıfır” yuvasına isə “faza” xətti daxil edilmişdir. Kənar mənbədən verilmiş “sıfır” xətti vasitəsilə sayğac dövrədən kənarlaşdınlmışdır. Kənar mənbə qonşuya məxsus ******* nömrəli sayğacın “sıfır” xəttindən götürülmüşdür. Abunə haqqında çıxarışdan və xx.xx.2022-ci il tarixli AKT NDM 027378 saylı akt əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iddiaçının **********10063 saylı abunə hesabına borc hesablanmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, mülki mübahisənin yaranmasına səbəb cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş "xxxx" ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 027378 saylı, xx.xx.2022-ci il tarixli aktın olmasını və həmin aktın tərtib edilməsinə əsaslar istehlakçı (iddiaçı) tərəfindən ünvanına quraşdırılmış elektrik sayğacına müdaxilə faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı (istehlakçı) tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Həmin aktdan və işin araşdırılmış hallarından görünür ki, iddiaçının ünvanına quraşdırılmış sayğaca baxış keçirilən zaman onun iştirakı təmin edilməmiş, həmin akt onun və 2 hal şahidinin iştirakı ilə tərtib edilməmiş, abonentin aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququnun həyata keçirilməsinə şərait yaradılmamış, eləcə də aktın nüsxəsi abonentə təqdim olunmamış, formal olaraq “imzadan imtina edildi” kimi aktda qeyd edilmişdir. Həmin aktdan başqa “Azərişıq» ASC tərəfindən məhkəməyə aşkar edilmiş pozuntu və həmin pozuntunun məhz istehlakçı tərəfindən edilməsinə dair başqa hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin edərkən birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəf iddiaçıya məxsus evdə quraşdırılmış “sayğaca müdaxilə edilməsi” iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edə bilməmiş və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi halı müəyyən olunmamışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. “Qaydaların” 5.3.2-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi kabellə daxil olduqda- binanın, yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilir. “Qaydalar”ın 7.10-cu bəndinə əsasən yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. “Qaydalar”ın 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, elektrik sayğacı evin çöl divarında quraşdırılmışdır. Belə olan halda mənzil sahibi sayğacın texniki vəziyyətinə görə məsuliyyət daşıya bilməz. Kollegiya qeyd edir ki, iddiaçıya borcun hesablanmasına əsas olmuş akt xx.xx.2022ci il tarixdə tərtib edilmişdir. Belə olan halda, aktın tərtib edilməsi zamanı qüvvədə olan “Elektrik enerjisindən istifadə Qaydaları” nəzərə alınmaqla iddianın əsasını təşkil edən aktın qanuniliyi yoxlanılmalıdır. Həmin Qaydaların 8.32-ci “a” bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin “Qaydalar”ın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın tərtibatından göründüyü kimi, mübahisələndirilən akt tərtib edilərkən qüvvədə olan “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinə görə iki nəfər hal şahidinin iştirakı təmin edilməli olduğu halda, bu şərt tətbiq edilməmiş, videoçəkiliş aparılmış, lakin ev sahibinin iştirakı təmin edilməmiş, sayğac sahibinin izahatı və mülahizələri akta əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən 777.35 manat hesablanmış pulun iddiaçı tərəfindən ödənilməli olması qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1080/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar