Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4508/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı MTK-nın Cavabdeh qarşı “qanunauyğun olmayan konstruktiv dəyişikliklərin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qərardadından cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz əməllərin aradan qaldırılması, qanunvericiliyiin tələblərinə zidd olaraq həyata keçirdiyi tikinti-quraşdırma işlərinin layihəyə uyğun bərpa olunması öhdəliyinin onun üzərinə qoyulması, aparılacaq bərpa işlərinin layihəyə uyğun icrasına nəzarət səlahiyyətinin MTK-na həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə cavabdehin nümayəndəsinin (vəkilinin) ərizəsi təmin olunmamış, məhkəmə qənaətini belə əsaslandırmışdır ki, iddiaçı, ünvan 1 ünvanında yerləşən 294 və 295 saylı ünvandakı mənzillərin və binanın pilləkən qəfəsinin birləşdirilərək ələ keçirilməsi barədə cavabdehin hərəkətlərinə son qoyulmasını tələb edir və buna görə də mübahisəyə cavabdehin yaşayış yeri üzrə deyil, daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmədə baxılmalıdır. Həmin qərardaddan cavabdehin nümayəndəsinin (vəkilinin) verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı MTK mübahisəsi gedən tikililərin yerləşdiyi binanın nə mülkiyyətçisi, nə də qanuni sahibi olmadığından, onun irəli sürdüyü iddia tələbi MPM-nin 39.1-ci maddəsinin təsiri altına düşmür. Həmin binanın sahə mülkiyyətçiləri artıq "xxxx" MMMC-ni yaratmışlar və məhz onlar binanın bütövlükdə paylı mülkiyyətçiləridirlər. Kollegiya iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; bununla yanaşı qanunverici, ədalət mühakiməsinin səmərəliyinin təmin edilməsi məqsədilə mülki işlər üzrə ümumi aidiyyət qaydaları ilə yanaşı, iddiaçının seçməsinə görə aidiyyət, müqavilə aidiyyəti, müstəsna aidiyyət və s. aidiyyət qaydalarını müəyyən etmişdir. Həmin qaydalardan biri də müstəsna aidiyyət qaydasıdır. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddia tələbindən və onun əsaslandırıldığı hallardan görünür ki, iddiaçı özünə aid olduğunu iddia etdiyi binada həyata keçirilən müəyyən tikililərin sökülməsini, binanın əvvəlki vəziyyətinə qaytarılmasını tələb etməkdədir. Buna görə də kollegiya hesab edir ki, iddia tələbinə müstəsna aidiyyat qaydalarına uyğun olaraq məhz binanın yerləşdiyi yerin məhkəməsində baxılması qanunvericiliyin mənasına uyğundur. Həmin binanın iddiaçının mülkiyyətində, yaxud qanuni sahibliyində olmaması isə aidiyyat qaydalarının dəyişdirilməsi üçün deyil, iddia tələbinin əsassız hesab edilməsinə səbəb ola bilər. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2704/2023 saylı mülki iş üzrə 02 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-4508/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4508/2023
06.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver