Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4510/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2641/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, İddiaçı iddianın təmin tədbiri barədə məhkəməyə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, iddianın təmin tədbiri qismində, “Mercedes Benz S600” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2641/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, qəbul edilmiş qərardadda formal bəhanə olaraq guya ərizənin kifayət qədər əsaslandırılmadığı bildirilmişdir. Halbuki ərizədə də göstərilmişdir ki, hazırki avtomobil cavabdehlər tərəfindən mütəmadi olaraq satılmağa çalışılmaqdadır. Belə ki, bunu etmələrindəki məqsəd isə avtomobili icradan yayındırmaqdır. İddia tələbinin də mahiyyətindən görünür ki, avtomobil icra və Probasiya şöbəsi tərəfindən üzərinə həbs qoyulduqdan sonra satılmışdır. Bu isə birbaşa olaraq avtomobilin qətnamə qəbul edilənədək ardıcıl olaraq bir neçə şəxs vasitəsi ilə satılacağını göstərir. Bütün bunların qarşısını almaq üçün isə avtomobilin üzərinə həbs qoyulması olduqca zəruridir. Birinci instansiya məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin məzmununa uyğun izahat verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər isə səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddianı təmin etmə tədbiri barədə ərizə qismən təmin edilərək, “Mercedes Benz S600” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Bu mənada nəzərə almaq lazımdır ki, hazırki iddianın predmeti sözügedən avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsindən ibarətdir. Buna görə də kollegiya hesab edir ki, mübahisələndirilən qərardad qətnamənin icrasının təmin edilməsinə yönəlmişdir, bu isə iddianı təmin etmə tədbirlərinin məqsədi ilə həmin tədbirlərin tətbiqinin zəruriliyi meyarlarına uyğun hesab edilməlidir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, iddiaya mahiyyəti üzrə baxılana qədər əmlakın üçüncü şəxsə özgəninkiləşdirməsi, iddiaçının iddia tələblərinin təmin edilməsi halında qəbul olunacaq məhkəmə aktının icrasında problemlər yarada, habelə tərəflər, həmçinin digər şəxslər arasında əlavə məhkəmə mübahisələrin ortaya çıxmasına səbəb ola bilər; belə bir nəticə isə ədalət mühakiməsinin məqsədləri baxımından arzuolunan deyildir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 157-159, 365, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ərizə qismən təmin edilsin. Hazırki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Mercedes Benz S600” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardadın icrası Nəsimi rayon İcra və Probasiya şöbəsinə və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4510/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4510/2021
28.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver