Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4520/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayrmova Fidan Rafiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclər” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ellada Ağayev, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1873/2018 saylı, 01 mart 2019-cu il tarixli qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq birgə nikahdan anadan olan övladları 18.07.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun, 18.01.2012-ci il təvəllüdlü X5 və 10.02.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 175 manat olmaqla ümümilikdə 525 manat sabit pul məbləğində alimentin, X4 müalicəsi ilə bağlı xərclədiyi 965,60 manat pulun ½ hissəsinin, yəni 482,80 manatın, X5 müalicəsi ilə bağlı xərclədiyi 350,60 manat pulun ½ hissəsinin, yəni 175,30 manat pulun və Ağayev Ramid Rövşən oğlunun müalicəsi ilə bağlı xərclədiyi 541,80 manat pulun ½ hissəsinin, yəni 270,90 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia qismən təmin edilərək, alimentin məbləği artırılaraq 18.07.2006-cı il təvəllüdlü Ramid Ağayev, 18.01.2012-ci il təvəllüdlü Aydan Ağayeva və 10.02.2015-ci il təvəllüdlü Mikayıl Ağayevin yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması qət edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, aliment ödəməkdən boyun qaçırmır və övladlarına baxmaqdan çəkinmir. Uşaqları saxlamaq həm ananın, həm də atanın vəzifəsidir. Lakin iş rejiminə, aldığı əmək haqqına uyğun olaraq, onun əlavə qazanc yeri olmadığından və digər bir aliment üzrə öhdəliyi olduğundan bu ödənişin ödənilməsi mümkün deyil. Ailə Məcəlləsinin 112-ci maddəsinin tələbinə əsasən tərəflərdən hər hansı birinin maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən ailmentin miqdarı dəyişdirilə bilər. Lakin onun maddi vəziyyətində heç bir dəyişiklik olmamış, əksinə maddi tərəfdən qayğıları artmışdır. Digər evliliyindən olan 30.07.2019-cu il təvəllüdlü Fidan Ağayevanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində pul tutulması barədə Masallı Rayon Məkəməsinin 05.05.2020-ci il tarixli qətnaməsi vardır. 28.02.2021 ci il tarixdən Masallı rayonunda mağazada saat 08:00-dan 20:00-dək satıcı işləyir. Aylıq 450 manat əmək haqqı alır. Aldığı əmək haqqı və valideyinlərinin köməyi ilə əvvəlki qətnaməni icra edərək, hər ay iddiaçıya üç uşağa görə 480 manat aliment və əlavə xərclərə görə 50 manat pul ödəyir. Həmçinin digər evlilikdən olan övladına da 2020-ci ilin mart ayından hər ay 120 manat aliment ödəyir. İddiaçı, apelyasiya şikayətinə etiraz təqdim edərək, bildirmişlər ki, cavabdeh halhazırda nikahdadır və ikinci nikahdan olan arvadı və övladı ilə birlikdə yaşayır. Məhkəməyə n ikinci nikahdan olan övladının saxlanması üçün alimentin tutulması barədə qətnamə təqdim etsə də, həqiqətən alimentin ödəməsi ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Cavabdehin ikinci nikahdan olan arvadının Masallı Rayon Məhkəməsində “aliment tələbi” ilə qaldırdığı iddia iddiaçı ilə birgə nikahdan olan övladlarının saxlanması üçün məhkəmə tərəfindən müəyyən olunmuş alimentin ödənilməsindən boyun qaçırmağa xidmət edir. Masallı rayonu, Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən Xan Çinar Ticarət Mərkəzində (Təzə Bazarda) ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət ticarət obyekti faktiki olaraq cavabdehin rəhbərliyi altında fəaliyyət göstərir. Cavabdeh alimenti ödəməkdən boyun qaçırmaq məqsədi ilə özünün adında fəaliyyətdə olmuş həmin sahibkarlıq obyekti ilə bağlı vergi orqanından qeydiyyatdan keçmiş VÖEN-nin fəaliyyətini dayandırmış, atası Ramin Ağayev adına həmin ticarət obyekti ilə bağlı yeni VÖEN açılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, iddiaçı isə, şikayətə etiraz edərək, rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, qətnaməni, cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən, tərəflərin birgə nikahından 18.07.2006-ci il təvəllüdlü Ramid Ağayev, 18.01.2012-ci il təvəllüdlü Aydan Ağayeva və 10.02.2015-ci il təvəllüdlü Mikayıl Ağayev övladları doğulmuşdur. Sonradan tərəflərin nikahları pozulmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.05.2018-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından anadan olmuş 18.07.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun, 18.01.2012-ci il təvəllüdlü X5 və 10.02.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində alimentin və 18.07.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun saxlanması ilə bağlı əlavə xərclərə görə hər ay 50 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01.03.2019-ci il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin alınması” tələbinə dair iddiasının qismən təmin edilməsi, alimentin məbləğinin artırılaraq 18.07.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun, 18.01.2012-ci il təvəllüdlü X5 və 10.02.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.01.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatın verilməsi barədə 02.09.2019-cu il tarixli elektron çıxarışın surətindən görünür ki, 18.07.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlu sağlamlıq imkanları məhdud uşaqdır. Kollegiya aşağıdakılara əsasən, hesab edir ki, birinci instansiya məhkəməsinin alimentin məbləğini artıraraq hər ay hər uşaq üçün 175 manat müəyyən etməsi əsaslıdır. Belə ki, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMTnin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin maddi vəziyyətinin aşağı olması və ikinci nikahdan övladının olmasın onun əvvəlki nikahından olan övladları - Mikayıl Ağayevin, Ramid Ağayevin, Fidan Ağayevin yaşayış minimumuna uyğun qaydada saxlanılması öhdəliyini aradan qaldırmır. Ali Məhkəmə, yuxarıda qeyd edilən qərarında vurğulamışdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-276/2021 saylı iş üzrə 08 fevral 2021-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4520/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4520/2021
26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver