Məhkəmə qərarları › İş №2(103)-4520/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4520/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4520/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: sığorta ödənişi və dəbbə pulu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin və dəymiş zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 211/2023 nömrəli 04 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayətinə 26 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı, X3 mülkiyyətində olan və etibarnamə ilə idarə etdiyi «AUDİ A6» minik markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta məbləği 47.000 manat müəyyən edilməklə İMİC-2377/21 nömrəli, xx.xx.2021-ci il tarixli «fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə» sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC-də xx.xx.2021-ci il tarixli sığorta müqaviləsinə əsasən tam sığortalanmışdır.

2. xx.xx.2021-ci il tarixdə qeyd edilən avtonəqliyyat vasitəsi etibarnamə əsasında İddiaçı tərəfindən idarə olunarkən Qusar rayonu ərazisində, QusarLəzə yolunun 37-ci kilometrliyində qəzaya uğramışdır (qayaya çırpılmışdır). Hadisə yerinə DYPŞ-nin əməkdaşları gəlmiş, hadisəni qeydə almış, müvafiq sənədləşmə işləri aparılmış və nəticədə Qusar rayon Yol Patrul Xidmətinin baş inspektoru X5 inzibati tənbeh vermə haqqında TP4634387 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə) ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.

3. "xxxx" ASC-nin 23 oktyabr 2021-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən iddiaçının idarə etdiyi avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ehtiyat hissələrinin alınmasına və görüləcək işlərə ümumilikdə 16.951 manat pul vəsaiti tələb olunur.

4. "xxxx" ASC İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 5343/1 saylı məktubunda bildirmişdir ki, baş vermiş hadisə ilə əlaqədar müvafiq dövlət orqanına sorğu göndərilmişdir. Mülki Məcəllənin 934.1-ci maddəsinə uyğun olaraq göndərilmiş sorğuya cavab daxil olduğu tarixdən 7 iş günü ərzində hadisənin hansı formada tənzimlənməsi barədə rəsmi məlumat veriləcəkdir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən hadisə nəticəsində avtomobilə dəymiş zərər "xxxx" ASC tərəfindən 8.680 manat məbləğində qiymətləndirilmişdir.

5. "xxxx" ASC xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, İddiaçı idarə etdiyi “Audi A6” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2021-ci il tarixdə, saat 14:30-da Qusar-Ləzə yolunun 37-ci kilometrliyində baş vermiş yolnəqliyyat hadisəsi üzrə sığorta ödənişi verilməsindən imtina edilmişdir.

6. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli şikayəti əsasında İddiaçı idarə etdiyi “Audi A6” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2021-ci il tarixdə, saat 14:30-da Qusar-Ləzə yolunun 37-ci kilometrliyində baş vermiş yolnəqliyyat hadisəsinin sığorta dələduzluğu olması ilə bağlı araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Qusar Rayon Prokurorluğunun 01 noyabr 2022-ci il tarixli, 401xid-22 saylı məktubunda qeyd olunur ki, həmin qərar hal-hazırda ləğv edilməmişdir.

7. Qusar rayon Polis şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarına əsasən X4 barəsində cinayət işinin başlanması rədd edilmişdir.

8. 15 avqust 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, "xxxx" ASC-nin müraciəti əsasında toplanmış HK-1/59 saylı araşdırma materialı üzrə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir.

9. X2 həmin materiala əlavə olunmuş izahatından görünür ki, o, 22 ildir elektrik və diaqnostika ustası kimi işləyir. İddiaçı müştəri kimi tanıyır, bir neçə dəfə onun işlədiyi «Babək Avtoservis»ə gəlmişdir. xx.xx.2021-ci il tarixdə səhər radələrində Elmin idarə etdiyi «Audi A6» markalı avtomobili servisə gətirmiş, həmin vaxt iş çox olduğundan maşını servisdə saxlayıb çıxıb getmişdir. Saat 16 radələrində Elminin avtomobilini diaqnostika etmiş, zəruri işləri görmüşdür. Avtomobillə 1,5-2 saat ərzində işləmiş, su baçokunu dəyişmiş, injektorun işığı yandığından yağ axıtmasını müəyyən edərək, həmin yeri təmir etmiş, maşının sürücü tərəfdən oturacaq yerində səhv verdiyindən, həmin yeri yoxlamış, avtomobilin oturacaqlarına çexol taxılan zaman oturacağın altında olan kabellərin dartılaraq çıxdığını müəyyən edərək, həmin kabelləri yerinə taxmışdır. Həmin işləri qurtardıqdan sonra Elminə bu barədə xəbər vermiş, sonuncu 30 dəqiqə sonra servisə gələrək avtomobili təhvil alıb aparmışdır. Avtomobilin təhlükəsizlik yastıqları ilə bağlı heç vaxt heç bir iş görməmişdir.

10. “X10” Servis Mərkəzinin xx.xx.2022-ci il tarixli “Dəymiş zərərin hesablanmasına dair akt”a əsasən “Audi A6” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilə 29.565 manat zərər dəymişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Audi A6” minik markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta hadisəsi nəticəsində dəymiş ziyana görə 29.565 manat sığorta ödənişinin, cavabdeh sığorta ödənişini qanunsuz və əsassız olaraq gecikdirdiyi üçün hazırki iddia verilən vaxtadək 8.986 manat dəbbə pulunun, eyni zamanda iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsi icra olunan günədək eyni qaydada (hər gün üçün 29,56 manat) hesablanmaqla dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 206 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh dəfələrlə müxtəlif bəhanələr gətirərək sığorta ödənişini həyata keçirməkdən imtina etmişdir. Belə ki, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla ona müraciət edərək bildirmişdir ki, baş vermiş hadisə ilə əlaqədar müvafiq dövlət orqanına göndərilmiş sorğuya cavab daxil olduğu tarixdən 7 iş günü ərzində hadisənin hansı formada tənzimlənməsi barədə rəsmi məlumat veriləcəkdir. Əlavə olaraq bildirmişlər ki, sözügedən hadisə nəticəsində avtomobilə dəymiş zərər 8.680 manat məbləğində qiymətləndirilmişdir. Bundan sonra, yəni xx.xx.2021-ci il tarixdə cavabdeh onun istifadəsində olan telefon nömrəsinə SMS göndərərək bildirilmişdir ki, “əmlaka dəymiş zərər 8.680 manat müəyyən edilmişdir. Təmir və ya ödəniş seçimi ilə bağlı qərar 1 gün ərzində bildirilsin”. Qeyd olunan məbləğ düzgün hesablanmadığından, eləcə də avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının köhnəlmə əmsalı tətbiq edildiyindən (hansı ki razılaşmaya və 3 saylı Əlavəyə ziddir) o, buna razı olmamış və öz iradlarını bildirmiş və avtomobilin yeni detallarla təmir edilməsini xahiş etmişdir. Lakin cavabdeh bununla razılaşmamışdır. O, bu barədə müxtəlif orqanlara, eləcə də Mərkəzi Banka müraciət etmişdir. Bundan sonra cavabdeh təşkilatın bu məsələyə münasibəti tamamilə dəyişmiş, ona qarşı qərəz yaranmış və cavabdeh xx.xx.2021-ci il tarixli məktubla Mərkəzi Banka və ona müraciət edərək göstərmişdir ki, “cəlb edilmiş müstəqil ekspertin hadisə ilə bağlı verdiyi rəy ilə sığortalının izahatı üzrə təqdim etdiyi məlumatlar arasında bir çox ziddiyyətli məqamlar olduğu müəyyən edilmişdir. Hal-hazırda hadisənin təfərrüatlarının aydınlaşdırılması və baş vermiş qəzanın sığorta hadisəsi olubolmamasının müəyyən edilməsi məqsədilə əlavə araşdırma aparılmaqdadır. Sonradan isə cavabdeh xx.xx.2022-ci il tarixli məktubla ona müraciət edərək bildirmişdir ki, “tərəflərindən ekspertiza təyin edilmiş, ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixində baş vermiş qəza üzrə sığortalı tərəfindən təqdim edilən məlumatlar hadisənin faktiki halları ilə ziddiyyət yaratmaqdadır. Yol-nəqliyyat hadisələrinin ekspertizası təcrübəsi və sığortalı avtomobilin texniki xüsusiyyətləri təqdim edilən məlumatları təkzib etməkdədir”. Bu səbəbdən də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.6-cı maddəsinə və “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının” 23.1.5-ci bəndinə əsasən sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişindən imtina üçün əsasdır. Hesab edir ki, cavabdehin qeyd olunan mövqeyi və həmin mövqeyə əsasən də sığorta ödənişindən imtina etməsi tam qanunsuz və əsassızdır. Belə ki, yol-nəqliyyat hadisəsi baş verəndən dərhal sonra onun tərəfindən sığorta şirkətinə eləcə də polis orqanına məlumat verilmiş, X12 əməkdaşları, eləcə də cavabdeh təşkilatın əməkdaşları hadisə yerinə gəlmişlər və baş verənlərin canlı şahidi olmuşlar. Hətta yol nəqliyyat hadisəsi baş verməzdən bir neçə dəqiqə və hadisə baş verəndən dərhal sonra videogörüntülər mövcuddur. xx.xx.2021-ci il tarixli ekspert rəyi tam qanunsuz və əsassız olmaqla yanaşı qərəzlidir və mövcud sübutlarla tam təkzib olunur. Belə ki, ilk növbədə hadisədən bir neçə dəqiqə və hadisədən dərhal sonra çəkilmiş video görüntülərlə sübut olunur ki, avtomobilin qabaq təhlükəsizlik yastıqları hadisədən öncə açılmış vəziyyətdə olmamış, məhz hadisə nəticəsində açılmışdır, hətta bu zaman təhlükəsizlik yastıqlarından çıxan tüstü də video görüntülərdə əks olunur. Bundan başqa, cavabdeh öz imtinasında qeyd olunan halları əsas tutaraq, guya onun dələduzluq yolu ilə sığorta ödənişi tələb etməsi ilə bağlı barəsində Qusar RPŞ-yə müraciət etmiş, lakin cavabdehin müraciətində qeyd olunan hallar öz təsdiqini tapmadığından xx.xx.2022-ci il tarixli qərar ilə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra Qusar Rayon Məhkəməsinin 6(029)- 3/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin şikayət ərizəsi təmin edilmiş, həmin qərar ləğv edilmişdir. "xxxx" ASC ilkin araşdırma dövründə sığortalıya dəymiş ziyanın əvəzi kimi 8.680 manat təklif etmiş, lakin o həmin ziyanın 20.000 manatdan yuxarı olduğunu bildirərək təklifi rədd etmişdir. Bu səbəbdən də sığorta şirkəti müstəntiqin qərarından şikayət vermişdir. Sonradan yenidən araşdırma aparılmış və yenə də Qusar RPŞ-nin İstintaq Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində cinayət işinin başlanması rədd edilmişdir.

13. Cavabdehin təşəbbüsü ilə müstəqil ekspert Bahadur Salmanovun verdiyi xx.xx.2022ci il tarixli ekspert rəyində göstərilir ki, xx.xx.2021-ci il tarixdə “Audi A6” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin maneəyə dəyməsi zamanı hava yastıqlarının açılması baş verməmişdir. Həmin avtomobilin hava yastıqları toqquşma zamanı təsir edən zərbədən açılmamışdır. Həmin yastıqların açılması başqa tarixdə və fərqli şəraitdə baş vermiş və mövcud hadisədən əvvəl də həmin avtomobilin qabaq təhlükəsizlik yastıqları açılmış (nasaz) vəziyyətdə olmaqla istismar edilmişdir. Ona görə də “Audi A6” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin maneəyə dəyməsi ilə qabaq təhlükəsizlik yastıqlarının açılması arasında səbəbli əlaqə olmamışdır.

14. Cavadehin təqdim etdiyi Namiq Həsənovun (Audi.az) xx.xx.2021-ci il tarixdə, saat 12:47-də Həsən Şıxlıya (Paşa Sığorta) ünvanladığı elektron məktuba əsasən ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdə keçirilmiş elektron diaqnostikası zamanı müəyyən olunmuşdur ki, avtomobilin təhlükəsizlik yastıqları xx.xx.2021-ci il tarixdən nasaz olmuşdur. Bort kompüter göstəricilərinə görə, avtomobilin salonunda olan hava yastıqları ilə bağlı xx.xx.2021-ci il tarixdə, saat 12:31:44-də 90001B (9437211) kodlu hadisə qeyd etmişdir (sürücünün təhlükəsizlik yastığının piropatronu və s.).

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8872-8/3423 saylı ekspert rəyinə əsasən nəqliyyat vasitəsinin üzərində olan əziklərə əsasən həmin əziklərin nəqliyyat vasitəsinin hərəkət sürətinin hansı hədlərində maneəyə dəyməsi zamanı yaranmasının müəyyən edilməsinə dair hal-hazırda işlənib hazırlanmış və yol-nəqliyyat hadisələri ekspertizası praktikasında istifadə olunması üçün təsdiq olunmuş metodik vəsait olmadığından nəqliyyat vasitələrinin üzərində olan əziklərin hərəkət sürətnin hansı hədlərində yaranmasını yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir. Məhkəmənin ekspert qarşısında qoyduğu 2-7-ci suallar üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının həll etdiyi məsələlərə aid olmadığından yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyildir. Nəzəri hesablama yolu ilə “X10” Servis Mərkəzinin xx.xx.2022-ci il tarixli və “Paşa Sığorta! ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Audi A6” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə tətbiq edilməklə təxminən 25160 manat müəyyən edilir.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ceyhun Tağıyev) e-2(006)- 211/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir

17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə işin faktiki halları arasında kəskin ziddiyyət olmasına dair cavabdeh tərəfin istinad etdiyi etirazın dəlilləri əsaslıdır. Məhkəmənin qənaətinə görə, cavabdeh tərəf iddiaçı tərəfə sığorta ödənişinin verilməsindən imtina edərkən haqlı olmuşdur. Çünki, sığorta hadisəsinin məhz 02 oktyabr 2021-ci il tarixdə baş verməsində əsaslı şübhələr var, avtomobil ya bundan öncə hər-hansı qəzaya düşmüş və təhlükəsizlik yastıqları açılmış, yaxud avtomobildə texniki nasazlıqlar olması səbəbindən həmin yastıqlar buna zərurət olmadan işə düşmüşdür. Hər bir halda, təhlükəsizlik yastıqları ilə bağlı hal 02 oktyabr 2021-ci il tarixdə baş verməsi qeyd olunan yol-nəqliyyat hadisəsi ilə əlaqəli deyil, bundan öncəki dövrdə baş verən, məhkəməyə məlum olmayan hal ilə əlaqəlidir.

18. Məhkəmə xx.xx.2021-ci il tarixdə baş vermiş qəza nəticəsində “Audi A6” markalı, 2015-ci il buraxılışlı, qara rəngli ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin hava yastıqlarının açılmasından sonra avtomobilin mühərrikinin işə salaraq həmin avtomaşınla hadisə yerindən getməsinə dair işin müəyyən edilmiş halına da qiymət verərək hesab etmişdir ki, hava yastıqları açıldıqdan sonra kənar müdaxilə olmadan avtomobilin hərəkət etdirilməsinin mümkün olmamasına dair kifayət qədər sübutların mövcudluğu, iddiaçının avtonəqliyyat vasitəsi idarə olunarkən Qusar-Ləzə yolunun 37-ci kilometrliyində qəzaya uğramasından (qayaya çırpılması), sonra həmin avtomaşını hava yastıqları açılmış vəziyyətdə yenidən mühərriki işə salmaq yolu ilə idarə etməklə hadisə yerindən getməsi kimi iddiaçı tərəfin izahatının nə dərəcədə səmimi və həqiqətə uyğun olmasını şübhə altına almağa kifayət qədər əsas yaradır. Bir sözlə, iddiaçı tərəfin avtomobilin qabaq təhlükəsizlik yastıqlarının hadisədən öncə açılmış vəziyyətdə olmaması, məhz hadisə nəticəsində açılmasına irəli sürdüyü dəlillər və sübut əhəmiyyətli hesab etdiyi sənədlər kifayət qədər mötəbər və tutarlı sübut növləri kimi qiymətləndirilmir. Məhkəmə işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından təqdim edilmiş ekspert rəyini hazırki mübahisənin həll edilməsi üçün və işə baxılması üçün mötəbər sübut kimi qəbul etmişdir.

19. Məhkəmə hesab edib ki, Mülki Məcəllənin 935.1.6-cı maddəsinin və «Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə» sığorta Qaydalarının 23.1.5-ci bəndinin tələblərinə əsasən "xxxx" ASC-nin iddiaçının 02 oktyabr 2021-ci il tarixli müraciəti ilə əlaqədar məsuliyyəti yaranmamışdır və buna görə də iddia əsaslı sayıla bilməz.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2, 14.2, 21.1, 21.2, 390.1, 443.1, 883.1, 884.3, 888.1, 899.1.1, 922.1, 925.1, 925.2, 926, 933, 935.1.6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 9.1, 9.3, 14.2-ci, 77.1, 88, 107, 119.1, 217, 218.1, 218.3 və 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.

b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

21. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, işin faktiki hallarına istinad etmiş və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki işin bütün faktiki halları nəzərə alınmamışdır. İş materiallarında hadisə nəticəsində avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı bir neçə sübut mövcuddur. Belə ki, zərərin məbləği "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 2 hesabatında müvafiq olaraq 15.591 manat və 16.951 manat, həmçinin xx.xx.2021ci il tarixli hesabatında 8.680 manat, eləcə də “X10 Servis Mərkəzi”nin xx.xx.2022-ci il tariхli dəymiş zərərin hesablanmasına dair aktında 29.565 manat müəyyən еdilmişdir. O, avtomobilini məhz “X10 Servis Mərkəzi”nin xx.xx.2022-ci il tariхli zərərin hesablanmasına dair aktında göstərilən qiymətə təmir etdirmişdir. Mülki Məcəllənin müvafiq maddələrinin tələblərində və “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə” sığorta Qaydalarının tələblərində sığorta ödənişinin verilməsindən imtina edilən hallar imperativ olaraq müəyyən olunmuşdur. Lakin hazırkı iş üzrə cavabdeh qeyd olunan normalarda nəzərdə tutulmuş imtina üçün əsasların mövcud olmamasına baxmayaraq, qanunsuz və əsassız olaraq sığorta ödənişinin verilməsindən imtina etmiş, işə baxan məhkəmə də bütün bu halları araşdırmamış və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İşin mübahisəsiz hallarından və qanunvericiliyin tələblərindən göründüyü kimi, sığorta şirkəti sığorta ödənişindən imtina üçün “sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi”nə istinad etsə də, bunun nədə ifadə olunduğunu və tələblərə əsasən həmin mövcud olmayan halın nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması əsaslarından hansına aid olmasını qeyd etməmiş və sübut edə bilməmişdir. İddiaçının guya sığorta hadisəsi barəsində sığorta şirkətinə hansısa yanlış məlumat verməsi mövcud deyildir, bunun nədə ifadə olunduğu isə anlaşılan deyil. Ümumiyyətlə, baş vermiş hadisə nəticəsində avtomobilin hava yastıqlarının hansı səbəbdən və ya hansı formada açılıb-açılmaması qanunvericilikdə sığorta ödənişindən imtina üçün nəzərdə tutulmuş əsaslara aid deyildir və sığorta ödənişindən imtina üçün əsas ola bilməz. Məhkəmə göstərmişdir ki, “avtomobilə dair istehsalçının məlumatlarına görə avtomobilin təhlükəsizlik yastıqları açılandan sonra avtomobil kilidlənir və hərəkətsiz hala gəlir. Əlavə müdaxilə olmasa, avtomobilin hərəkətə gətirilməsi mümkün deyil.” Halbu ki, avtomobilə dair istehsalçının məlumatlarında belə bir fikir və ya qayda müəyyən edilməmişdir və məhkəmənin qeyd etdiyi həmin “məlumat” istehsalçının məlumatlarında mövcud deyildir. Əksinə avtomobilə dair istehsalçının məlumatlarında birmənalı və konkret olaraq qeyd olunmuşdur ki, “Hər bir konkret vəziyyətdə təhlükəsizlik yastıqlarının açılması üçün vahid meyar yoxdur! Bu, qəzaların son dərəcə fərqli xüsusiyyətləri ilə bağlıdır. Məsələn, avtomobillə toqquşma obyektinin xüsusiyyətləri (bərk, yumşaq), toqquşma bucağı, avtomobilin sürəti və sair kimi amillər mühüm rol oynayır”. İşin müəyyən olunan halları ilə təsdiq olunur ki, hadisə baş verən zaman avtomobil orta 13 km/saat və maksimal 46 km/saat sürətlə hərəkətdə olmuş, lakin həmin rəydə avtomobilin 10 km/saat sürətlə hərəkət etdiyi yazılmışdır. Bundan başqa, eyni suallar üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8872-8/3423 №-li ekspert rəyində hal-hazırda işlənib hazırlanmış və yol-nəqliyyat hadisələri ekspertizası praktikasında istifadə olunması üçün təsdiq olunmuş metodik vəsait olmadığı, qeyd olunan sualların məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının həll etdiyi məsələlərə aid olmadığından yolnəqliyyat hadisələri ekspertin səlahiyyətlərinə aid olmadığı qeyd olunsa da, cavabdehin təqdim etdiyi rəyi verən müstəqil ekspert bu suallara cavab vermək üçün səlahiyyəti olmadığı halda və öz mülahizəsinə uyğun şəkildə qanunsuz rəy vermişdir. Həmin ekspert rəyindən görünür ki qeyd olunan rəydə məlumatın mənbəyi: ekspertizanın təyin edilməsi haqqında cavabdeh "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli müraciəti qeyd olunmuşdur. Yəni ekspert reallığa və faktlara uyğun deyil, cavabdehin dediklərinə əsasən rəy vermişdir. Bundan əlavə, qeyd olunan rəyin və cavabdehin etirazının digər dəlillərinin əsassız olması ilə bağlı istintaq orqanının qanuni qüvvədə olan qərarı, yəni Qusar RPŞ-nin müstəntiqi, polis kapitanı Ümid Xankişiyevin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərarı mövcuddur. Həmin qərarla cavabdehin dəlillərinə qiymət verilmişdir. Cavabdehin dəlilləri əsaslı olsa idi, onun barəsində cinayət işi başlanılardı. Eyni zamanda onun tərəfindən məhkəməyə təqdim olunmuş video görüntülərlə də təsdiq olunur ki, avtomobilin xx.xx.2021-ci il tarixdə hadisədən bir neçə dəqiqə əvvəl sükanı və salonunda olan təhlükəsizlik şarları yerləşmiş hissələr saz vəziyyətindədir. Hadisədən sonra avtomobilin təhlükəsizlik şarlarının açılmış vəziyyətdə çəkilmiş şəkillərdə də təhlükəsizlik şarlarının hadisə zamanı açıldığı aşkar görünür. Bundan əlavə necə ola bilər ki, sığorta ödənişindən qanunsuz olaraq imtina edilməsi üçün bəhanə gətirilən ekspert rəyi xx.xx.2021-ci il tarixində verilməsinə baxmayaraq, cavabdeh sığorta şirkəti xx.xx.2021-ci il tarixində, yəni imtina üçün əsas tutduqları əsassız rəyin verilməsindən 24 gün sonra iddiaçının istifadəsində olan telefon nömrəsinə SMS göndərərək əmlaka dəymiş zərərə görə 8.680 manat təklif etsin? Qeyd olunanlardan da aydın olur ki, cavabdehin özünün əldə etdiyi və sığorta ödənişindən imtina üçün əsas tutduğu “ekspert rəyi” tam qanunsuz, əsassız və qərəzlidir. İşə baxan birinci instansiya məhkəməsi isə hazırkı iş üzrə sübutlara tətbiq edilməli olan hüquq normalarına qiymət verməmişdir. İşə baxan birinci instansiya məhkəməsi qeyd olunan prosessual hüquq normalarını kobud şəkildə pozmuş və hazırkı iş üzrə sübutlara tətbiq edilməli olan hüquq normalarına qiymət verməmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5122/2023 nömrəli, 6 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)-211/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı idarə etdiyi “Audi A6” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin hava yastıqlarının xx.xx.2021ci il tarixdə Qusar-Laza yolunun 37-ci km-liyində maneəyə dəyməsi nəticəsində açıldığını iddia edir və həmin hadisədən sonra avtomobilin mühərrikini işə salaraq hadisə yerindən uzaqlaşdığını bildirir. Lakin iddiaçının istinad etdiyi məqamlar iş materiallarında olan sübutlarla təkzib olunur. Belə ki, müstəqil ekspert Bahadur Salmanovun xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə qeyd edilən avtomobilin hava yastıqlarının toqquşma zamanı təsir edən zərbədən açılmadığı, həmin yastıqların açılmasının başqa tarixdə və fərqli şəraitdə baş verdiyi və mövcud hadisədən əvvəl də həmin avtomobilin qabaq təhlükəsizlik yastıqlarının açılmış (nasaz) vəziyyətdə olmaqla istismar edildiyi, bu səbəbdən avtomobilin maneəyə dəyməsi ilə qabaq təhlükəsizlik yastıqlarının açılması arasında səbəbli əlaqənin olmadığı qeyd edilmişdir. Digər tərəfdən, Audi.az tərəfindən cavabdehə ünvanlanmış elektron məktubda qeyd edilən avtomobilin təhlükəsizlik yastıqlarının xx.xx.2021-ci il tarixdən nasaz olduğu, bort kompüter göstəricilərinə görə, avtomobilin salonunda olan hava yastıqları ilə bağlı xx.xx.2021-ci il tarixdə, saat 12:31:44-də 90001B (9437211) kodlu hadisə qeyd edildiyi bildirilir. Bundan başqa, “Audi A6” markalı avtomobilin təlimat kitabçasına əsasən təhlükəsizliyə görə yüksək risk faktorlu qəza baş verdikdə, təhlükəsizlik yastıqları işə salındıqda, pirotexniki açar işə salınır, avtomobilin akkumulyatorunun alternatoru və starteri bort şəbəkəsindən ayrılır.

25. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində müstəqil ekspert Bahadur Salmanovun xx.xx.2022-ci il tarixli ekspert rəyinin mötəbərliyini sual altına alaraq birinci instansiya məhkəməsinin həmin ekspert rəyinə əsaslanmasını qanunsuz hesab etmişdir. İddiaçının apellyasiya şikayətində sərgilədiyi bu mövqeyi ilə bağlı məhkəmə kollegiyası bildirir ki, mülki prosessual qanunvericiliyə əsasən ekspert rəyi digər sübutlarla yanaşı qiymətləndirilir. Hazırki halda iş materiallarında olan digər sübutlarla uyğunluq təşkil etdiyindən məhkəmə kollegiyası həmin ekspert rəyini mötəbər sayır və apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Hər bir halda, həmin rəydə göstərilənləri təkzib edən hər hansı məlumat iddiaçı tərəfindən məhkəməyə təqdim edilmir. Halbuki, avtomobil məhz iddiaçı üçün əlçatımlı idi və əksini sübut etmək üçün iddiaçı avtomobilə digər mütəxəssislər tərəfindən baxışın keçirilməsini təşkil edə bilərdi. Lakin bunu etməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində istinad etdiyi hadisə anından əvvəlki və sonrakı avtomobilin videogörüntülərinin mövcudluğu ilə bağlı arqumentinə münasibətdə bildirmişdir ki, həmin görüntülərin varlığı avtomobilin hava yastıqlarının əvvəldən nasaz olma faktını və ya hadisənin real hadisə olmasını özlüyündə təsdiq edə bilməz. Bu səbəbdən, həmin videogörüntülər, o cümlədən hərəkət etdiyi məkan üzrə mənzərəni qeydə almaq əvəzinə naməlum səbəbdən və davamlı şəkildə avtomobilin məhz sükanının qeydə alındığı videoçəkiliş iş üzrə mötəbər sübut kimi qiymətləndirilmir.

27. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, apellyasiya şikayətində göstərilən digər bir dəlil sığorta ödənişindən imtina etməsinə baxmayaraq, sığortaçının avtomobilə dəymiş zərəri qiymətləndirməsi, sığortaçı tərəfindən tərtib olunmuş qüsur aktı ilə iddiaçı tərəfindən servis mərkəzindən əldə olunmuş qüsur aktı arasında avtomobilə dəymiş zərərin müəyyənləşdirilmiş qiymətində kəskin fərq olması, bunun iddiaçıda narazılıq yaratması və bundan sonra sığorta şirkəti tərəfindən qərəzli olaraq sığorta ödənişinin verilməsindən imtina edilməsidir. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sığorta qanunvericiliyinin istinad olunan müddəalarından da göründüyü kimi sığorta şirkətinə sığortalı (sığorta olunan) tərəfindən sığorta tələbi daxil olduqdan sonra yekunda veriləcək qərardan asılı olmayaraq dəymiş zərərlə bağlı qiymətləndirmənin aparılması təşkil olunmalı və dəymiş zərər hesablanmalıdır. Başqa sözlə, sığorta tələbi üzrə imtina veriləcəyi əsası ilə sığortalı əmlaka dəymiş zərərin müəyyənləşdirilməməsi sığorta qanunvericiliyinin müddəalarına ziddir.

28. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçının idarə etdiyi “Audi A6” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2021-ci il tarixdə Qusar-Ləzə yolunun 37-ci kilometrliyində baş vermiş yolnəqliyyat hadisəsini sığorta hadisəsi hesab etməməkdə haqlı olmuşdur. Belə ki, yuxarıda göstərilən səbəblərdən cavabdeh avtomobilə dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından məhrum olmuşdur. Bu baxımdan qeyd edilən hadisə sığorta hadisəsi hesab oluna bilməz və cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi qanunvericiliyin tələbləri çərçivəsindədir. Bu da öz növbəsində iddiaçının bu tələbinin, həmçinin bu tələbdən törəyən digər tələblərinin əsassız olduğunu təsdiq edir və iddianın rədd edilməsini şərtləndirir.

29. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 445.7, 462.1, 464.1, 560.2 və 560.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır

c)Kassasiya instansiya məhkəməsindəki icraat

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 21 may 2024-cü il tarixli 2(102)-1702/2024 nömrəli qərarı ilə (hakimlər İ.Şəfiyev (məruzəçi), Ə.Əhmədov və V.Həsənov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5122/2023 nömrəli, 6 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

31. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta hadisəsi - təhlükəsizlik yastıqlarının açılmasından ibarət deyil. Baxılan işdə bəhs olunan sığorta hadisəsi, konkret olaraq avtomobilin sıx duman səbəbindən avtomobilin yolun kənarında olan qayaya dəyməsindən ibarətdir. İddiaçı göstərir ki, qayaya dəymə səbəbindən avtomobilin müəyyən hissələri sıradan çıxmışdır. Təhlükəsizlik yastıqlarının açılması, hadisədən sonra yaranan, hadisənin nəticəsi olaraq meydana gələn faktdır. Bu halda, məhkəmənin yalnız hava yastıqlarının nə vaxt açılması ilə bağlı cavabdehin yaratdığı mübahisəni araşdırmaqla işə yekun vurması, MPM-nin 14-cü maddəsində təsbit olunmuş həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması prinsipinə uyğun olmamışdır. Çünki sığortaçının təqdim etdiyi 23 oktyabr 2021-ci il tarixli qiymətləndirmə hesabatından da görünür ki, avtomobildə 19 zədələnmiş ehtiyat hissəsindən cəmi 3 ehtiyat hissəsi təhlükəsizlik yastıqları ilə bağlı hissələrdir (şitin ayrabağı, rulun ayrabağı, ayrabaq modul kimi qeyd olunan). Bu üç ehtiyat hissəsinin qiyməti cəmi 2150 manat olduğu halda, qalan hissələrin qiyməti 13441 manat hesablanmışdı. Başqa sözlə, təhlükəsizlik yastıqlarının açılmasından əlavə avtomobildə başqa qüsurların yarandığı da açıq-aşkar idi, həmin qüsurların iddiaçının istinad etdiyi hadisə nəticəsində deyil, başqa yerdə və başqa vaxtda yaranması barədə sübutlar yoxdur, bu barədə gəlinən nəticə ehtimal olaraq qalır. Cavabdehin sığortalı tərəfindən sığorta dələduzluğuna yol verməsini iddia edərək Qusar rayon Prokurorluğuna müraciət etmiş, lakin bu fakt təsdiqini tapmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin kompensasiya ödəməkdən imtina etməsinin əsası ondan ibarətdir ki, sığortalı sığortaçıya qəsdən yanlış məlumat vermişdir. Bəhs olunan yanlış məlumat isə təhlükəsizlik yastıqlarının hadisə zamanı deyil, ondan əvvəl açılması ilə bağlıdır. Sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi özlüyündə sığorta ödənişi verməkdən imtina etmək üçün kifayətedici əsas deyildir. Yanlış məlumatın verilməsi o halda sığorta ödənişi verməkdən imtina etməyə əsas ola bilər ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-ü il tarixli qərarı ilə təsdiqlənmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 23.2-ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olsun (Qaydaların 23.1.5ci bəndi. Lakin sözügedən qaydaların 23.3-cü bəndinə görə, Bu Qaydaların 23.1.3-cü yarımbəndində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz. Göründüyü kimi məhkəmələr sığortaçının yanlış məlumat vermə əsası ilə sığorta ödənişindən imtina etmə barədə nəticəyə gələrkən, Qaydaların 23.3-cü bəndinin müddəaları baxımnından iddianın qismən təmin olunmasından imtina etməni də əsaslandırmamışdır. Bundan başqa, iddiaçı apelyasiya şikayətində cavabdehin təqdim etdiyi müstəqil ekspert rəyinin mötəbərliyini şübhə altına almış, bu suallara cavab vermək üçün səlahiyyəti olmadığı halda rəy verdiyini bildirmiş və dəlilini onunla əsaslandırmışdır ki, «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8872-8/3423 №-li ekspert rəyində hal-hazırda işlənib hazırlanmış və yol-nəqliyyat hadisələri ekspertizası praktikasında istifadə olunması üçün təsdiq olunmuş metodik vəsait olmadığı, qeyd olunan sualların məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının həll etdiyi məsələlərə aid olmadığından yol-nəqliyyat hadisələri ekspertin səlahiyyətlərinə aid olmadığı qeyd olunsa da, cavabdehin təqdim etdiyi rəyi verən müstəqil ekspert bu suallara cavab vermək üçün səlahiyyəti olmadığı halda və öz mülahizəsinə uyğun şəkildə qanunsuz rəy vermişdir». Apelyasiya instansiyası məhkəməsi iddiaçının həmin dəlilini rədd edərək bildirmişdir ki, hazırki halda iş materiallarında olan digər sübutlarla uyğunluq təşkil etdiyindən məhkəmə kollegiyası həmin ekspert rəyini mötəbər sayır və apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırmasını kifayət saymır. Çünki bu dəlilin yoxlanılması iki əsas üzrə aparılmalı idi: 1. Müstəqil ekspert bu fəaliyyətlə məşğul olmaq üçün səlahiyyətli idimi? 2. Müstəqil ekspertin verdiyi cavablar elmi metodikaya əsaslanırmı?

32. Apelyasiya instansiyası məhkəməsi, iddiaçının ekspertin səlahiyyəti ilə bağlı dəlilini rədd edərkən müstəqil ekspertin qeyd olunan tələblərə cavab verməsini müəyyən etməmişdir. İş materiallarına hadisə ilə bağlı rəy vermiş ekspertin reyestrdə qeydiyyata alınması, ekspert sertifikatına malik olması barədə sübut əlavə edilməmişdir. Eyni zamanda məhkəmə işə baxılarkən yol-nəqliyyat hadisələri üzrə ekspertiza təyin etmiş, avtomobilin hava yastıqlarının nə vaxt açılması, açılmasının səbəbləri və s. ilə bağlı suallar qoymuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti həmin sualları cavablandımamış, qeyd etmişdir ki, bu suallar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının həll etdiyi məsələlərə aid deyildir. Lakin müstəqil ekspertin verdiyi yol-nəqliyyat hadisələri ekspertizasının rəyində həmin suallar cavablandırılmış, məhkəmə də qeyd olunan ekspert rəyini mötəbər sübut kimi qəbul etmiş, buna baxmayaraq, müstəqil ekspertin yol-nəqliyyat hadisələri ekspertizasının hava yastıqları ilə bağlı rəyinin mümkünlüyünü əsaslandırmamışdır.

33. Məhkəmələrin iddia tələbini rədd edərkən əsaslandıqları digər dəlil ondan ibarətdir ki, iddiaçının avtomobilinə dair istehsalçının məlumatlarına görə avtomobilin təhlükəsizlik yastıqları açılandan sonra avtomobil kilidlənir və hərəkətsiz hala gəlir. Əlavə müdaxilə olmasa, avtomobilin hərəkətə gətirilməsi mümkün deyil. İddiaçı tərəf isə izahatında hadisədən sonra avtomobilə minərək uzun yol qət edildiyi və Bakı şəhərinə gəlməsi qeyd olunur. Lakin bu yuxarıda qeyd edilənlərə əsasən qeyrimümkündür. Məhkəmənin bu əsaslandırması da tam deyildir. Belə ki, işə əlavə olunmuş avtomobilə aid təlimat kitabından çıxarışda (bu təlimatın kim tərəfindən, nə vaxt tərtib olunması və s. kimi zəruri məlumatlar işə əlavə olunmayıb) qeyd olunur ki, «Pirotexniki elektrik açarı sistemində işlər yalnız mütəxəssis şirkət tərəfindən aparıla bilər – qəza təhlükəsi». Göründüyü kimi təlimatda əksini tapmış pirotexniki elektrik açarı sistemində işlərin mütəxəssis tərəfindən aparılmalı olduğu barədə göstəriş qəza təhlükəsinin qarşısını almaq məqsədi ilə tövsiyyə olunan bir qaydadır.

34. Bundan başqa, iddiaçının məhkəməyə təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubunda qeud olunur ki, avtomobilin hadusədən sonra hərəkətə gətirliməsi bəzi hallarda texniki baxımdan mümkün olmuş, bəzi hallarda isə mümkün olmamışdır. Apelyasiya instansiyası məhkəməsi həmin sübuta qiymət verməmişdir.

Proses iştirakçılarının izahatı

35. Kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işin həllinə köməklik göstərmək üçün "xxxx" MMC-nin mütəxəssisi cəlb edilmişdir.

36. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

37. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

38. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

39. Maddə 922.1. Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

40. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.

41. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir.

42. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

43. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.

44. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

45. Maddə 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

46. Maddə 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: ... 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması....

47. Maddə 935.2. Bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.

48. Maddə 935.3. Bu Məcəllənin 935.1.5-ci maddəsində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-ü il tarixli qərarı ilə təsdiqlənmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”

49. Bənd 1.1. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları” (bundan sonra “bu Qaydalar”) “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-ci il 22 aprel tarixli 398 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 16.5-ci maddəsinə uyğun olaraq, avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə fiziki şəxslərə təqdim edilən könüllü sığorta növünün aparılmasının əsaslandığı, bütün sığortaçılar üçün məcburi olan qayda və şərtləri müəyyən edir.

50. Bənd 1.2. Sığorta müqaviləsindən irəli gələn və bu Qaydalarda nəzərdə tutulmayan hallar Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

51. Bənd 2.0.9. sığorta hadisəsi – sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;

52. Bənd 2.0.10. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;

53. Bənd 2.0.20. avtomobilin istifadəsi – avtomobilin yollarda, həmçinin yollara bitişik olan və nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş həyətlərdə, yaşayış massivlərində, nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dayanacaqlarda, yanacaqdoldurma məntəqələrində, müəssisə və təşkilatların ərazilərində və digər ərazilərdə istismarı nəzərdə tutulur. Avtomobildə quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan cihazların istismarı nəqliyyat vasitəsinin istifadəsi hesab edilmir;

54. Bənd 23.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 23.1.5. bu Qaydaların 23.2-ci bəndi nəzərə alınmaqla, sığortalının avtomobil, sığorta olunan və (və ya) sığorta hadisəsi barəsində sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçı sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda; ...

55. Bənd 23.3. Bu Qaydaların 23.1.3-cü yarımbəndində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri

59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

61. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

62. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

64. İddiaçının etibarnamə əsasında idarə etdiyi «AUDİ A6» minik markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə «fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə» "xxxx" ASC-də tam sığortalanmış, sığorta məbləği 47.000 manat müəyyən edilmişdir.

65. xx.xx.2021-ci il tarixdə qeyd edilən avtonəqliyyat vasitəsi idarə olunarkən Qusar rayonu ərazisində, Qusar-Ləzə yolunun 37-ci kilometrliyində qəzaya uğramışdır (qayaya çırpılmışdır).

66. Tərəflər arasında mübahisə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə sığorta ödənişinin verilməsi ilə bağlıdır.

67. İddiaçı, sığorta şirkəti tərəfindən heç bir hüquqi əsas olmadan avtomobilə dəymiş zərərə görə sığorta ödənişi verilmədiyini əsas gətirərək, avtomobilə dəymiş zərərin və sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsini tələb edir, cavabdeh isə sığortalının sığorta tələbində göstərilən hallarla hadisənin faktiki əsaslarının ziddiyyət təşkil etdiyini, avtomobildə əvvəlcədən yaranmış nasazlıqların iddiaçının sığorta ödənişi almaq naminə sığorta hadisəsi kimi qələmə verdiyini bildirərək, sığorta ödənişinin verilməsindən imtina edir.

68. İddiaçı avtomobilinin qəza nəticəsində təhlükəsizlik yastıqlarının açılmasını bildirmiş və bu hal hadisə yerinə gələn DYPX-nin əməkdaşları və sığorta komissarı tərəfindən müşahidə olunmuşdur. Sonra o, həmin avtomaşınla hadisə yerindən getmişdir.

69. Cavabdehin təşəbbüsü ilə müstəqil ekspert Bahadur Salmanovun verdiyi xx.xx.2022ci il tarixli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə “Audi A6” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin maneəyə dəyməsi zamanı hava yastıqlarının açılması baş verməmişdir. Həmin avtomobilin hava yastıqları toqquşma zamanı təsir edən zərbədən açılmamışdır. Həmin yastıqların açılması başqa tarixdə və fərqli şəraitdə baş vermiş və mövcud hadisədən əvvəl də həmin avtomobilin qabaq təhlükəsizlik yastıqları açılmış (nasaz) vəziyyətdə olmaqla istismar edilmişdir. Ona görə də “Audi A6” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin maneəyə dəyməsi ilə qabaq təhlükəsizlik yastıqlarının açılması arasında səbəbli əlaqə olmamışdır.

70. Audi.az tərəfindən cavabdehə ünvanlanmış elektron məktubda qeyd edilən avtomobilin təhlükəsizlik yastıqlarının xx.xx.2021-ci il tarixdən nasaz olduğu, bort kompüter göstəricilərinə görə, avtomobilin salonunda olan hava yastıqları ilə bağlı xx.xx.2021-ci il tarixdə, saat 12:31:44-də 90001B (9437211) kodlu hadisə qeyd edildiyi bildirilir.

71. Məhkəmə iddianı rədd edərkən ona əsaslanmışdır ki, sığorta hadisəsinin məhz 02 oktyabr 2021-ci il tarixdə baş verməsində əsaslı şübhələr var, avtomobil ya bundan öncə hər-hansı qəzaya düşmüş və təhlükəsizlik yastıqları açılmış, yaxud avtomobildə texniki nasazlıqlar olması səbəbindən həmin yastıqlar buna zərurət olmadan işə düşmüşdür. Hər bir halda, təhlükəsizlik yastıqları ilə bağlı hal 02 oktyabr 2021-ci il tarixdə baş verməsi qeyd olunan yol-nəqliyyat hadisəsi ilə əlaqəli deyil, bundan öncəki dövrdə baş verən, məhkəməyə məlum olmayan hal ilə əlaqəlidir. Hava yastıqları açıldıqdan sonra kənar müdaxilə olmadan avtomobilin hərəkət etdirilməsinin mümkün olmamasına dair kifayət qədər sübutların mövcudluğu, iddiaçının avtonəqliyyat vasitəsi idarə olunarkən Qusar rayonu ərazisində, Qusar-Ləzə yolunun 37-ci kilometrliyində qəzaya uğramasından (qayaya çırpılması), sonra həmin avtomaşını hava yastıqları açılmış vəziyyətdə yenidən mühərriki işə salmaq yolu ilə idarə etməklə hadisə yerindən getməsi kimi iddiaçı tərəfin izahatının nə dərəcədə səmimi və həqiqətə uyğun olmasını şübhə altına almağa kifayət qədər əsas yaradır.

72. Kollegiya məhkəmənin bu qənaəti ilə razılaşmır.

73. Əvvəla qeyd olunmalıdır ki, avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta hadisəsi - təhlükəsizlik yastıqlarının açılmasından ibarət deyil. Baxılan işdə bəhs olunan sığorta hadisəsi, konkret olaraq avtomobilin sıx duman səbəbindən avtomobilin yolun kənarında olan qayaya dəyməsindən ibarətdir. İddiaçı göstərir ki, qayaya dəymə səbəbindən avtomobilin müəyyən hissələri sıradan çıxmışdır. Təhlükəsizlik yastıqlarının açılması, hadisədən sonra yaranan, hadisənin nəticəsi olaraq meydana gələn faktdır.

74. Təhlükəsizlik yastıqlarının açılmasından əlavə avtomobildə başqa qüsurların yarandığı da aşkardır.

75. Hadisə baş vermiş və nəticədə avtomobilin müəyyən hissələri zədələnmişdir.

76. Mülki işin həllinə köməklik göstərmək üçün Kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC-nin mütəxəssisi cəlb edilmişdir.

77. İşin həllində texniki köməklik göstərmək məqsədilə mütəxəssis qismində cəlb olunmuş ölkədə “Audi” markalı avtomobillərin rəsmi idxalçısı olan "xxxx" MMC-nin nümayəndəsi bildirmişdir ki, təhlükəsizlik bloku (əsas blok) sürəti və bütün halları qeyd edir, maşın hərəkət vəziyyətində və sönülü vəziyyətdə olsa belə məlumatlar qeyd olunur. Qəza zamanı, sürət həddindən asılı olmayaraq, təhlükəsizlik yastıqlarının açılıbaçılmamasını blok özü təyin edir. Qəza nəticəsində akkumlyatorun üstündə olan sensor (datçik) cərayanı (akkumlyatordan qidalanmanı) ayırır, təhlükəsizlik yastıqları açılmayıbsa sensor (datçik) aktiv dayanır, yastıq açılandan sonra bütün elektronikanı ayırır. Yastıqları blok idarə edir, zərbədən asılı olaraq hansı yastıq açılmasını təyin edə bilər. Ancaq yastıqların açılması bütün hallarda akkumlyatorun atmasını (qidalanmanın kəsilməsini) şərtləndirmir. Oturacaqlara üzlük taxıldıqda onlar çıxarılır, ona görə məcburi naqillər ayrılır, yenidən yerinə taxıldıqda o nöqsan kimi qeyd edilir, amma bu o demək deyil ki, hava yastıqları işləmir. Hazırki işdə avtomobilin ön faraları “matrix” olub və bu funksiya yolu özü tənzimləyir. Avtomobildə balans detallar var, maşının nə vəziyyətdə olduğunu hiss edir və ona uyğun faraların necə vurmalı olduğunu tənzimləyir. Təhlükəsizlik yastıqlarını idarə edən blok onları da idarə edir. Hazırki işdə avtomobil qəza nəticəsində düz dayanmadığı üçün, yəni qayaya dəyərək ön hissəsi yuxarı qalxdığı üçün blok yastıqların açılmasını təyin etmişdir. Ön sağ faranın şüşəsinin sınması da buna səbəb ola bilər.

78. Göründüyü kimi təhlükəsizlik yastıqlarının açılıb-açılmaması sürət həddindən asılı deyildir, zərbədən sonra qısa müddətdə yastığın açılıb-açılmamasını idarəetmə bloku təyin edir. Həmçinin təhlükəsizlik yastıqlarının açılması da heç də bütün hallarda “akkumlyatorun atması” (ümumi elektrik qidalanmasının kəsilməsi) ilə nəticələnmir.

79. Həmçinin mütəxəssis qeyd etmişdir ki, faralar “matrix” olduğu üçün “Audi” brendində belə funksiya var ki, yolu özü tənzimləyir, yəni faraların yolu işıqlandırma funksiyasını özü tənzimləyir, maşında balans detallar var, maşının nə vəziyyətdə olduğunu hiss edir və ona uyğun faraların necə vurmalı olduğunu tənzimləyir. Maşın qəza nəticəsində düz yolda dayanmadığı üçün, yəni qayaya dəyərək yuxarı qalxdığı üçün blok yastıqların açılmasını təyin etmişdir.

80. Aydın olur ki, baş verən hadisə nəticəsində təhlükəsizlik yastıqları açılmışdır. Təhlükəsizlik yastıqlarının açılması o demək deyildir ki, iddiaçı mühərriki işə salaraq idarə edə bilməzdi, mütəxəssis qeyd etmişdir ki, akkumlyatorun üstündə olan sensor (datçik) atmalı idi, atdıqdan sonra maşın hərəkətsiz vəziyyətdə olur. Ancaq, heç də bütün hallarda yastıq açıldıqda akkumlyatorun atması şərt deyil.

81. Həmçinin avtomobil daha əvvəl təhlükəsizlik yastıqlarının açılması ilə nəticələnən qəza törəmiş olsaydı, avtomobilin yaddaş blokunda bu barədə məlumat qalmalı idi.

82. Təhlükəsizlik yastıqlarının hadisədən əvvəl açılıb sonradan yenidən yerləşdirilməsi mümkün deyildir.

83. “Audi A6” markalı avtomobilin təlimat kitabçasına əsasən təhlükəsizliyə görə yüksək risk faktorlu qəza baş verdikdə, təhlükəsizlik yastıqları işə salındıqda, pirotexniki açar işə salınır, avtomobilin akkumulyatorunun alternatoru və starteri bort şəbəkəsindən ayrılır.

84. Kollegiya qeyd edir ki, təlimatda istinad edilən bu halın baş verməsi qəzanın risk dərəcəsindən asılı edilmişdir və yüksək risk faktorlu qəza zamanı olduğunu göstərmişdir. Yəni hazırki iş üzrə akkumlyatorun şəbəkədən ayrılmaması qüsur və ya nasazlıq kimi qiymətləndirilə bilməz.

85. Beləliklə hadisə baş vermiş, təhlükəsizlik yastıqları da hadisə zamanı açılmışdır, baş verən hadisə zamanı təhlükəsizlik yastıqlarının açılması “Audi” markalı avtomobilin istismarına dair qaydalara, onun elektronik idarə edilməsi qaydalarına uyğun olmuşdur, buna görə də baş vermiş hadisə sığorta hadisəsi hesab edildiyindən iddiaçı sığorta ödənişini tələb etməkdə haqlı olmuşdur.

86. Göstərilən hallar iddiaçının hadisədən bilavasitə əvvəl və sonra apardığı videoçəkilişlərdən də aydın şəkildə müəyyən olunur.

87. Təhlükəsizlik yastıqlarının məhz həmin hadisə nəticəsində açılması Kollegiyada heç bir şübhə yaratmır.

88. Əksinə, cavabdehin tapşırığı ilə aparılmış müstəqil araşdırmanın özü və nəticəsi, habelə həmin nəticəni məqbul sayaraq hazırki işə tətbiq edən birinci instansiya məhkəməsinin mövqeyi qətiyyət anlaşılan deyildir. Müstəqil ekspertin və məhkəmənin gəldiyi qənaətdən belə aydın olur ki, avtomobil daha əvvəl qəzaya uğramış və təhlükəsizlik yastıqları da həmin qəza zamanı açılmış, lakin iddiaçı birinci qəzanı gizlədərək, hazırki hadisəni qəza kimi imitasiya etməklə (sığorta dələduzluğu) sığorta ödənişi almağa cəhd etmişdir.

89. Kollegiya qeyd edir ki, təhlükəsizlik yastıqlarının hadisədən əvvəl açılması heç bir ağlabatan mühakiməyə uyğun gəlmir və belə olsaydı avtomobilin yaddaş blokunda bu barədə qeydlər qalardı. Digər tərəfdən, iddiaçı elə birinci qəza nəticəsində sığorta ödənişi alardı. Odur ki, Kollegiya həmin dəlilləri rədd edir.

90. Lakin sığorta məbləğinə aid hissədə məhkəmə iddiaçının tələbini qismən əsaslı hesab edir.

91. “X10” Servis Mərkəzinin xx.xx.2022-ci il tarixli “Dəymiş zərərin hesablanmasına dair akt”ına əsasən “Audi A6” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilə 29.565 manat zərər dəymişdir. Ümumi xidmət haqqı 1580 manat, ehtiyat hissələrin dəyəri 27985 manat müəyyən edilmişdir.

92. İddiaçı bu akta əsasən dəymiş ziyana görə 29.565 manat sığorta ödənişi tələb etmişdir.

93. Ekspert rəyinə görə avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 25161 manat (22611 manat dəyişilməli hissələrin dəyəri, 2550 manat isə təmir bərpa işlərinin qiyməti) müəyyən edilmişdir.

94. Kollegiya qeyd edir ki, həm “X10” Servis Mərkəzi tərəfindən verilmiş aktda, həm də ekspert rəyində dəyişilməli hissələr sırasında həm sağ, həm də sol ön fara göstərilmiş və ikisinin qiyməti ümumlikdə 11000 manat müəyyən edilmişdir.

95. Lakin nəzərə alınmamışdır ki, sol fara zədələnməmişdir və onun dəyişilməsinə zərurət olmamışdır.

96. Ona görə də dəyişilməli hissələrin qiymətini təşkil edən 27985 manat pul vəsaitindən (köhnəlmə faizi tətbiq edilməmişdən əvvəl) sol faranın dəyəri olan 5500 manat çıxılmalıdır. Belə olan halda köhnəlmə faizi tətbiq edilmədən dəyişilməli hissələrin dəyəri 22485 manat təşkil edir.

97. Ekspert rəyinə uyğun olaraq hesablama apardıqda illik 3 faiz aşınma nəzərə alınmaqla 7 il (2015-2022) istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri təxminən 18167,49 manat (22485-3% (7 dəfə)) müəyyən edilir.

98. Ekspert rəyinə görə təmir bərpa işlərinin qiyməti 2550 manat müəyyən edilmişdir.

99. Belə olan halda avtomobilə dəymiş zərərə görə cavabdeh tərəfindən ödənilməli olan sığorta ödənişinin məbləği 20717,49 manat (18167,49+2550) müəyyən edilir.

100. Bundan başqa iddiaçı cavabdeh sığorta ödənişini qanunsuz və əsassız olaraq gecikdirdiyi üçün hazırki iddia verilən vaxtadək 8.986 manat dəbbə pulunun, eyni zamanda iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsi icra olunan günədək eyni qaydada (hər gün üçün 29,56 manat) hesablanmaqla dəbbə pulunun tutulmasını tələb etmişdir.

101. Kollegiya bu hissədə də iddianın qismən təmin edilməsi qənaətinə gəlir.

102. Qanunvericiliyin tələbinə görə sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

103. Kollegiya hesab edir ki, sığorta ödənişinin gecikdirilməsinə görə qətnamə icra olunan günədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu iddiaçının xeyrinə ödənilməlidir.

104. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(006)-211/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən sığorta ödənişi olaraq 20717,49 manat məbləğində pul vəsaiti, həmçinin sığorta ödənişinin gecikdirilməsinə görə qətnamə icra olunan günədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 206 manat dövlət rüsumunun 144 manat hissəsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 103 manat dövlət rüsumunun 72 manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin, dövlət rüsumlarının qalan hissələri (müvafiq olaraq 62 manat və 31 manat) iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar