Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4521/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı Tanrıverdi qızının iştirakı ilə, İddiaçı Tanrıverdi qızının cavabdeh “xxxx” ASC-yə qarşı "aktın etibarsız hesab edilməsi, borcun silinməsi və pul tələbinə dair” 2(006)-1798/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.10.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tanrıverdi qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən tərtib olunmuş 05 oktyabr 2019-cu il tarixli, ******* saylı aktın etibarsız hesab olunması, həmçinin qanunsuz olaraq işıq sərfinə görə hesablanmış 515,72 manat borcun silinməsi, habelə tərəfindən cavabdeh təşkilata 2019-cu ilin dekabr ayında ödənilmiş 50 manat və 07 yanvar 2020-ci il tarixdə ödənilmiş 80 manat məbləğində pulun alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayır. Qeyd olunan mənzilin kommunal xərcləri, xüsusilə də elektrik xərcləri tərəfindən hər zaman vaxtıvaxtında ödənilir. 05 oktyabr 2019-cu il tarixdə cavabdeh “xxxx” ASC-nin əməkdaşları tərəfindən ******* saylı akt tərtib edilmiş və ona 515,72 manat əsassız borc hesablanmışdır. Həmçinin, 09 oktyabr 2019-cu il tarixli akta əsasən guya yuxarıda qeyd etdiyi mənzilə aid sayğac arxa tərəfdən açılaraq müdaxilə olunmuşdur. Hesab edir ki, 05 oktyabr 2019-cu il tarixli akt tamamilə əsassızdır və qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Belə ki, birincisi ona məxsus mənzilin sayğacına tərəfindən hər hansı müdaxilə edilməmişdir. Əgər edilibsə də, o, buna cavabdehlik daşımamalıdır. Çünki sayğac mənzildə deyil, mənzildən çöldə, hər kəs üçün nəzərdə tutulan ümumi istifadədə olan yerdə quraşdırılmışdır. Ona pislik etmək niyyəti olan və ya istənilən şəxs sayğacına rahat şəkildə müdaxilə edə bilər. Bundan əlavə, cavabdeh təşkilatın işçiləri tərəfindən hər ay onun yaşadığı ünvandakı elektrik sayğacı yoxlanılmış və orada heç bir qüsur aşkar edilməmişdir. Beləliklə, bütün bunlara görə, yəni etmədiyi əmələ görə onun məsuliyyət daşımağı absurd və gülüncdür. Digər tərəfdən cavabdeh tərəfindən 05 oktyabr 2019-cu il tarixdə ******* saylı akt qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, həmin aktda göstərildiyi kimi aktı “xxxx” ASC-nin əməkdaşları tərtib edərək imzalamışlar. Halbuki, qanunvericiliyin tələblərinə görə akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və 2 nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Aktdan göründüyü kimi onu nəinki 2 nəfər, hətta 1 nəfər belə hal şahidi imzalamamışdır. Bundan başqa həmin akt ümumiyyətlə ondan xəbərsiz, iştirakı təmin edilmədən tərtib olunmuşdur ki, o, bir məişət abonenti kimi izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququndan da məhrum olunmuşdur. Bu hallar isə cavabdehin əməkdaşlarının ona qarşı qərəzli olmalarını bir daha sübut etmiş olur. Eyni zamanda o, cavabdeh təşkilata aktın etibarsızlığı və borcun əsassız hesablanması ilə bağlı müraciətlər etsə də, müraciətləri cavabsız qalmış, cavabdehin nümayəndələri isə dəfələrlə gəlib onun işığını kəsəcəkləri ilə hədələmişlər. Buna görə də o, məcbur olub 2019-cu il ilin dekabr ayında ödənilmiş 50 manat və 07 yanvar 2020-ci il tarixdə isə 80 manat məbləğ ödəmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.10.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş US ******* saylı akt etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 509,53 manat məbləğində borcun İddiaçı Tanrıverdi qızına məxsus **********T005K saylı abunə kodundan silinməsi, 130 manat məbləğində pulun cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı Tanrıverdi qızına ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamə iddianın təmin olunmuş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, 09.10.2019-cu il tarixli sayğacların və cərəyan transformatorlarının yoxlanması protokolundan görünür ki, sayğacın “o” xəttinin hər iki yuvası ərimiş, xəta fazilərini yoxlamaq mümkün deyil. Yoxlama zamanı məlum olmuşdur ki, sayğacın arxası germetik hissədən açılaraq sayğaca müdaxilə olunmuşdur. Sayğac istismara yararsızdır. “xxxx” ASC tərəfindən İddiaçı Tanrıverdi qızına ünvanlanmış 06.10.2019-cu il tarixli bildirişdən görünür ki, İddiaçı Tanrıverdi qızına 515,72 manat borc hesablanmışdır. “xxxx” ASC-nin Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 05.10.2019-cu il tarixli ******* saylı protokoldan görünür ki, yoxlama zamanı məlum olmuşdur ki, elektrik sayğacının giriş və çıxış faza yuvası ərimişdir. Axan yük tərəflərindən apermaşa vasitəsi ilə ölçülmüşdür (3,2 A). Abunə kodu **********T005K olan abunə haqqında sənəddən görünür ki, İddiaçı Tanrıverdi qızına 16.10.2019-cu il tarixli, US ******* saylı akta əsasən 509,53 manat əlavə ödəniş hesablanmışdır. İddiaçı Tanrıverdi qızı tərəfindən 27 noyabr 2019-cu il tarixdə 50 manat və 07 yanvar 2020-ci il tarixdə 80 manat məbləğində pul ödənilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki , Mülki Məcəllənin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-cibəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. HəminQaydaların8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, 05.10.2019-cu il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu**********T0005K) quraşdırılmış sayğac laboratoriya yoxlamasından keçmiş, sayğacın “o” xəttinin hər iki yuvasının əridiyi, sayğacın arxası germetik hissədən açılaraq sayğaca müdaxilə edildiyi aşkar olunmuş, bununla əlaqədar həmin tarixdə US ******* saylı akt tərtib edilmiş və akta əsasən iddiaçıya 509,53 manat əlavə ödəniş hesablanmışdır. Sayğac istismara yararsız olduğundan yenisi ilə əvəz olunmuşdur. İddiaçı Tanrıverdi qızı tərəfindən 2019-cu il ilin dekabr ayında 50 manat və 07 yanvar 2020-ci il tarixdə isə 80 manat məbləğ ödəmişdir. Hazırda nə iddiaçı, nə də cavabdeh tərəfindən borcun yaranmasına əsas olmuş aktın əslinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Təqdim edilmiş aktın surətinə əsasən isə görünür ki, sayğac dəyişdirilərkən iddiaçının iştirakı təmin edilməmişdir. Eyni zamanda iddiaçının aktı imza etməkdən imtina etməsi barədə qeydin aparılması, hal-şahidlərinin iştirakı da aktdan müəyyən edilmir. Ümumiyyətlə, sayğacın yoxlanılması, yenisi ilə əvəz edilməsi, başqa yerə daşınması və quraşdırılması zamanı iddiaçının iştirakını sübut edə biləcək hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Qaydaların tələblərinə riayət edilmədən tərtib edilmiş akt etibarlı deyil və beləliklə də onun əsasında hesablanmış borc silinməlidir. Eyni zamanda iş materialları ilə sayğacın iddiaçıya məxsus həyət evinin çöl divarında quraşdırılması müəyyən edilmişdir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Bundan başqa, iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçıdan borc kimi yazılmış 509,53 manat məbləğində əlavə ödənişin tələb edilməsi sayğacdakı qüsurlara görə cavabdehlik daşımadığından və qanunvericiliyə zidd olduğundan həmin borcun silinməsi hissəsində qətnamə qanuni və əsaslıdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, İddiaçı Tanrıverdi qızı tərəfindən qüsurlu hesab edilmiş akta əsasən **********T0005K saylı abunə koduna hesablanmış borcu ödəmək məqsədilə 27 noyabr 2019-cu il tarixdə 50 manat və 07 yanvar 2020-ci il tarixdə 80 manat məbləğində pul ödənilmişdir. Beləliklə, 05 oktyabr 2019-cu il tarixli, US ******* saylı akt qüsurlu olduğundan, həmin akta əsasən yaranmış borcu ödəmək məqsədilə iddiaçı tərəfindən “xxxx” ASC-nin hesabına köçürülmüş 130 manat məbləğində pulun ona geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.10.2021-ci il tarixli, 2(006)-1798/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4521/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4521/2021
08.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver