Məhkəmə qərarları › İş №2(103)-4522/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4522/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4522/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəbbə pulunun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı, cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvetmə Komissiyasının sədri qanuni təmsilçi X1 və vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, baş vermiş sığorta hadisəsi nəticəsində sığorta ödənişinin gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixindən başlayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi cavabdeh ASC tərəfindən icra olunan günədək, yəni xx.xx.2025-ci il tarixinədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 29,94 manat olmaqla, ümumilikdə hesablanmış 14.640,66 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh ASC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən ASC, iddiaçıya məxsus olan “Mercedes Benz EQB 300 4Matic” markalı, **-LT-*** dövlət nömrə avtomobili 1 il müddətinə tam sığortalamışdır. Bununla bağlı olaraq ASC tərəfindən iddiaçıya **********3 nömrəli “Sığorta şəhadətnaməsi” verilmişdir. xx.xx.2023-cü il tarixdə sığorta hadisəsi baş vermiş, iddiaçı özünə məxsus həmin avtomobil ilə yol-nəqliyyat hadisəsini törətmiş, avtomobil qəzaya uğrayaraq istismara yarasız vəziyyətə düşmüşdür. İddiaçı hadisə barədə hadisədən dərhal sonra ASC-yə telefon vasitəsi ilə məlumat vermişdir. ASC-nin əməkdaşları iddiaçını ASC-yə dəvət etmiş və ilk olaraq sığorta ödənişini həyata keçirəcəklərini bildirərək dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə “X6” Mersedes-Benzin Azərbaycandakı rəsmi dillerinə müraciət etməsini tövsiyə etmişlər. Buna görə də iddiaçı həmin Şirkətə müraciət edərək, avtomobilinə dəymiş ziyanın müəyyən edilməsini xahiş etmişdir. Şirkət avtomobilə baxış keçirmiş və müəyyən etmişdir ki, avtomobilin istismara yaralı vəziyyətə salınması üçün 28.373,43 manat məbləğində vəsait tələb olunur. Şirkət bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli "xxxx" vermiş və iddiaçı həmin aktı cavabdeh ASC-yə təqdim etmişdir. Cavabdeh ASC-nin əməkdaşları ilkin olaraq dəymiş ziyanı ödəmələrini qeyd etsələr də, sonradan, yəni xx.xx.2023-cü il tarixdə günorta iddiaçıya ilə əlaqə yaradaraq sığorta ödənişindən imtina edəcəklərini bildirmişlər. Onlar bunu onunla izah etmişlər ki, hadisə baş verdiyi zaman aylıq sığorta haqqı ödənilməmişdir. Bundan sonra iddiaçının ünvanına cavabdeh tərəfindən sürətli poçt vasitəsilə xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixli sığorta müqaviləsinə xitam verilməsinə dair bildiriş göndərilmiş və həmin bildirişdə qeyd olunmuşdur ki, iddiaçı sığorta haqqının üçüncü hissəsini müqavilə üzrə müəyyən edilmiş müddətdə tam ödəmək vəzifəsini icra etməmiş və gecikdirmişdir. Bundan sonra iddiaçı, cavabdeh ASC-yə qarşı iddia ərizəsi Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, yuxarıda qeyd edilən “Nəqliyyat vasitəsinin tam sığortası haqqında” müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin müqavilədə nəzərdə tutulmuş sığorta hadisəsi nəticəsində ona verilməli olan 30.145,02 manat məbləğində sığorta ödənişinin ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsi həmin iddiaya dair 2(009)-305/2024 saylı mülki işə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, sığorta ödənişi olaraq 29.945,02 manat məbləğində pul vəsaitinin, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 179,84 manat məbləğində pulun ASC-dən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini, iş üzrə aparılmış ekspertizanın xərcinin – 200 manatın 190 manat hissəsinin cavabdeh ASC-dən, 10 manat hissəsinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsini qət etmişdir. Həmin mülki iş, cavabdeh ASC-nin verdiyi apellyasiya və kassasiya şikayətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının baxışı predmeti olmuş, lakin Səbail Rayon Məhkəməsinin yuxarıda qeyd edilən xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası həmin iş üzrə xx.xx.2024-cü il tarixdə qərar qəbul etmişdir (iş № 2(102)-3694/2024). Bununla da Səbail Rayon Məhkəməsinin yuxarıda qeyd edilən xx.xx.2024-cü il tarixli qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, buna baxmayaraq ASC həmin qətnaməni xx.xx.2025-ci il tarixdə icra edilərək, qətnamə ilə müəyyən edilmiş vəsaiti iddiaçının hesabına köçürülmüşdür. Göründüyü kimi, sığorta hadisəsi xx.xx.2023-cü il tarixində baş verdikdən sonra, xx.xx.2023-cü il tarixindən sığorta şirkəti sığorta ödənişini ödəməkdən imtina etmişdir və nəticədə iddiaçının hüquqlarını pozmuşdur. xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2025-ci il tarixinədək sığorta ödənişinin gecikdirilməsi müddəti 489 gün təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə görə, sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Belə olan halda, ASC, sığorta ödənişinin gecikdirilmiş hər 1 günü üçün sığorta ödənişi olan 29.945,02 manat məbləğinin 0,1 faizi həcmində, yəni hər gün üçün 29,94 manat, ümumilikdə isə (489 x 29,94=) 14.640,66 manat məbləğində dəbbə pulunu iddiaçıya ödənilməlidir. İddiaçı, bu pulun ödənilməsi ilə bağlı cavabdeh ASC-yə xx.xx.2025-ci il tarixində pretenziya məktubunu təqdim edərək, 14.640,66 manat məbləğində dəbbə pulunun 5 gün ərzində ödənilməsini xahiş etsə də, onun müraciətinə rəsmi qaydada heç bir cavab verilməmişdir. b) cavabdehin iddiaya etirazı barədə məlumat

3. cavabdehin vəkili Vəkil iddiaya dair yazılı etirazda göstərilənləri əsaslı hesab etmiş və bildirmişdir ki, sığorta təşkilatı olan cavabdeh ASC sığorta ödənişinin verilməsini gecikdirməmişdir. 7 gün müddətində əsaslı imtina edilmiş, məhkəmə qətnamə qanuni qüvvəsini aldıqdan sonra isə həm Ali Məhkəmənin, həm də Konstitusiya Məhkəməsinin Plenumuna müraciət olunmuş, həmin ərəfədə icra məmuruna icraatın dayandırılması barədə qərar qəbul edilməsi xahiş olunsa da, hər hansı bir hərəkət edilməmiş, icra məmurunun hərəkətləri ilə bağlı şikayət olunmuş, şikayətləri əsasında məhkəmə qərardadı ilə icra sənədi üzrə icraat dayandırılmış, iddiaçı icraatın dayandırılması barədə qərardaddan şikayət verildiyi təqdirdə Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumları tərəfindən müraciətləri qəbul edilmədiyi və bununla da hüquqi imkan tükəndiyi üçün könüllü surətdə qətnamə ilə tutulması müəyyən edilən pul tələbkara ödənilmişdir.

4. Cavabdeh ASC-nin qanuni təmsilçisi X3 tərəfindən Rayon Məhkəməsinə iddiaya qarşı yazılı etiraz göndərilmiş və etirazında göstərmişdir ki, iddiaçının tələbi cavabdeh ASC-dən baş vermiş sığorta hadisəsi nəticəsində sığorta ödənişinin gecikdirilməsinə görə qətnamə icra olunan günədək, yəni xx.xx.2023-cü il tarixindən başlayaraq, xx.xx.2025-ci il tarixinədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi (29.945,02 manat) məbləğinin 0,1% həcmində (489 gün x 29,94=14.640,06 manat) dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Qeyd olunan maddi hüquq normasından göründüyü kimi hazırkı mübahisə üzrə tərəflər arasında müqavilə olmalı və həmin müqavilə üzrə cavabdehdən dəbbə pulunun tələb edilməsi ilə bağlı yazılı formada şərt nəzərdə tutulmalıdır. Halbuki işin hallarında sadalan halların olması faktı öz təsdiqini tapmır. Bu cür yanaşma həm də məhkəmələrin sığorta mübahisəsi üzrə bu qəbildən işlər üzrə o cümlədən cavabdeh ASCnin iştirak etdiyi mülki işlər üzrə qəbul edilmiş qərarlarında da öz əksini tapmışdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, sığorta hadisəsi xx.xx.2023-cü il tarixdə baş verib və həmin gün sığortalı zəng vuraraq məlumat verib. Sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən əsaslandırılmış imtina bildirişini xx.xx.2023-cü il tarixdə göndərilib və xx.xx.2023-cü il tarixdə sığortalı alıb. Sığorta ödənişinin məlumat verilməsindən 7 iş günü müddətində verilməsi və ya verilməsindən imtina nəzərdə tutulduğundan, bu işdə sığorta müqaviləsi üzrə sığorta ödənişinin verilmə və ya verilməsindən imtina bildirişinin müddətinin son günü xx.xx.2023-cü il tarixdə bitirdi. Sığortaçı – ASC sığorta ödənişinin verilməsindən əsaslandırılmış imtina bildirişi ilə bağlı 7 iş günü müddəti tələblərini pozmamışdır. İddiaçının istinad etdiyi Mülki Məcəlləsinin 934.2-ci maddəsi isə sığortaçıdan sığorta ödənişini sığorta müqaviləsi ilə müəyyən olunmuş, yəni məlumat daxil olduğu gündən 7 iş günü müddətində ödəmədikdə, dəbbə pulu ödəməsini tələb edir. Mülki Məcəlləsinin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Öz növbəsində sığortaçı da Mülki Məcəlləsinin 934.1-cü maddəsinin tələblərinə tam riayət edərək, sığorta hadisəsi ilə bağlı məlumat aldığı tarixdən 7 iş günü müddətində sığortalıya sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etmişdir. Belə olan halda sığortaçı – ASC sığorta ödənişinin verilməsindən vaxtında imtina etməklə qanunvericiliklə müəyyən edilmiş 7 iş günü müddətini ötürməmiş və hər hansı gecikməyə yol verməmişdir. Bununla belə iddiaçı xx.xx.2023-cü il tarixindən başlayaraq, xx.xx.2025-ci il tarixinədək olan 489 günlük dövrü gecikdirilmə dövrü kimi götürməsi və həmin dövr üçün (489 gün x 29,94), 14.640,06 manat dəbbə pulunu cavabdehdən tələb etməsi, iddianın həm əsassız olmasını həm də iddiaçının hüquqdan sui-istifadə etməsini deməyə əsas verir. Belə ki, iddiaçının xx.xx.2023-cü il tarixindən başlayaraq, xx.xx.2025-ci il tarixinədək olan 489 günlük dövrü gecikdirilmə dövrü kimi götürməsinin və 14.640,06 manat dəbbə pulunu cavabdehdən tələb etməsinin əsassızlığı onunla sübut olunur ki, yuxarıda da qeyd edildiyi kimi, işin hallarından sığorta ödənişinin cavabdeh ASC tərəfindən gecikdirilməsi müəyyən edilmir. Hüquqdan sui-istifadə isə onunla təsdiq edilir ki, əvvəla qeyd edildiyi kimi, işin hallarından dəbbə pulu ilə bağlı tərəflər arasında hər hansı müqavilə olmamış və sığorta müqaviləsi üzrə iddiaçının cavabdehdən dəbbə pulunun tələb edilməsi ilə bağlı yazılı formada şərt nəzərdə tutulmamışdır. Bu o deməkdir ki, iddiaçı müqavilənin ziddinə əldə edilmiş hüquqları həyata keçirir, yəni sığortaçıdan əsassız dəbbə pulu tələb edir. İkincisi, əlavə tələb olan dəbbə pulu tələbi, məhkəməyə ilk dəfə müraciət edildiyi vaxtda və əsas tələblə yanaşı, iddia verilən günədək gecikmiş öhdəliyə görə tələb edilməlidir. İddiaçı isə cavabdeh ASC-yə qarşı xx.xx.2023-cü il tarixdə yalnız əsas tələb olan sığorta ödənişi tələbi barədə iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda isə iddiaçı əlavə tələb olan 14.640,06 manat dəbbə pulu tələbini, sığorta hadisəsi barədə məlumat verdiyi gündən sonrakı, xx.xx.2023-cü il tarixdən, sığorta ödənişinin verildiyi günədək, yəni xx.xx.2025-ci ilədək olan dövr üçün tələb edir. Halbuki, hətta hesab etsələr ki, sığortaçı tərəfindən sığorta ödənişi gecikdirilmişdir, onda sığortalı ən yaxşı halda sığortaçının imtinasını aldığı xx.xx.2023-cü il tarixdən, əsas tələb olan sığorta ödənişi tələbi barədə məhkəməyə iddia ərizəsi ilə ilk dəfə müraciət etdiyi xx.xx.2023-cü il tarixədək olan dövrü, yəni 12 günü gecikmə kimi götürməli və hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,1 faiz həcmində (12 x 29,94 = 359.28) dəbbə pulunu tələb edə bilərdi. Lakin, iddiaçının hazırki iddia tələbini bilərəkdən uzatmaqla bugünki gün tələb etməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, dəbbə pulu tələb edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Mülki Məcəllənin 467-ci maddəsindəki normalar tələb edir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltsın. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu Mülki Məcəllənin 467-ci maddəsində göstərilən prinsiplərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə dəbbə pulu tələbi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Ona görə də belə iddialara baxarkən məhkəmələr həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqlan arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. O cümlədən nəzərə alınmalıdır ki, cavabdeh ASC ləğv prosesində olan kommersiya subyektidir və o ləğvedilmə prosesində digər şəxslərlə (o cümlədən kreditorları və debitorlarına münasibətdə) qarşılıqlı (xüsusilə də kreditor tələblərini ödəyərkən) hesablaşmalar həyata keçirir. Hazırda tələb olunan mütənasibsiz dəbbə pulu təmin edilərsə ASC-nin ləğvedilmə prosesinin həyata keçirilməsini məhdudlaşdırır. Digər tərəfdən ləğvedilmə prosesindən irəli gələn (debitor borcların alınması baxımdan) məqsədlərə çatmaqda ASC-nin hüquqlarını lüzumsuz məhdudlaşdırır. Belə olan halda ləğvedilmə prosesinin həyata keçirilməsinin ləngiməsinə və bu halın ASC-nin ləğvetmə prosesinin qanunvericiliklə müəyyən olunmuş müddətinin uzadılmasına (yubadılmasına) gətirib çıxarda bilər. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh sığorta təşkilatı tərəfindən sığorta hadisəsi ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Belə olan halda sığorta ödənişinin verilməsi ilə bağlı mübahisə olduğu üçün, bu hal sığorta ödənişinin verilməsinin gecikdirilməsi hesab edilmir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sığorta təşkilatı tərəfindən sığorta ödənişinin verilməsindən imtina hadisə barədə məlumat verildiyindən 7 gün ərzində edilmişdir. Yəni qanunda nəzərdə tutulmuş müddəti cavabdeh pozmamışdır. Qanuni qüvvəyə minmiş məhkəməyə qətnaməsi icraya yönəldikdən sonra isə sığorta təşkilatı tərəfindən ödəniş tam həyata keçirilmişdir. d) apellyasiya şikayəti barədə məlumat

7. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

8. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

9. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və iddia ərizəsinin, habelə şikayətin məzmununa uyğun izahat verdi.

10. Cavabdeh ASC-nin Ləğvetmə Komissiyasının sədri - qanuni təmsilçisi Oqtay Şeydabəyov və vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin, habelə iddiaya qarşı verilmiş etirazın əsaslarına uyğun izahat verdilər. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.

12. Belə ki, iddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə istinad etmişdir. Həmin maddənin tələbinə görə, sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

13. İddiaçının sığorta olunan, cavabdehin sığortaçı olması işin mübahisəsiz hallarıdır. İddiaçı sığorta ödənişinin gecikdirilməsinə görə cavabdehdən Mülki Məcəllənin 934.2-ci maddəsinə istinad etməklə dəbbə pulu tələb etmək üçün subyektiv hüquqa malikdir.

14. İşin mübahisəsiz halına görə xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus və ASC-də sığortalanmış avtomaşına maddi ziyan dəymişdir.

15. Baş vermiş hadisə ilə əlaqədar ASC müqavilə şərtinin iddiaçı tərəfindən pozulması, yəni sığorta haqqının xx.xx.2023-cü il tarixdə ödənilməli olan 3-cü hissəsinin ödənilməməsi səbəbi ilə birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verildiyini bildirərək sığorta ödənişinin verilməsindən imtina etmiş, iddiaçı bununla razılaşmamış, ASC-yə qarşı “müqavilənin ləğv edilməsinin qanunsuz hesab edilməsi və sığorta ödənişinin tutulması tələbi barədə” iddia irəli sürmüşdür.

16. Həmin iddiaya əsasən aparılmış məhkəmə araşdırması nəticəsində cavabdeh ASC-nin imtinasının qanunsuz olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3694/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-4261/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan həmçinin görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-305/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, sığorta ödənişi olaraq 29.945,02 manat məbləğində pul vəsaitinin, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 179,84 manat məbləğində pulun ASC-dən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, sığorta ödənişi olaraq 29.945,02 manat məbləğində pul vəsaitinin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 179,84 manat məbləğində pulun ASC-dən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza xərcinin – 200 manatın 190 manat hissəsinin cavabdeh ASC-dən, 10 manat hissəsinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh ASC apellyasiya şikayəti verərək birinci instansiya qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4261/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir.

17. Göründüyü kimi sığorta ödənişinin məbləği 29.945,02 manat təşkil edir. "xxxx" ASC-nin ödəniş tapşırığından müəyyən edilir ki, sığorta ödənişi xx.xx.2025-ci il tarixdə ödənilmişdir.

18. Tərəflər arasında razılaşmaya əsasən sığorta ödənişi üçün müəyyən edilmiş müddət 7 iş günü təşkil edir. Sığorta ödənişini sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödənilməmişdir. Cavabdeh sığorta ödənişinin gecikdirilmədiyini bildirir, Rayon Məhkəməsi isə cavabdehin bu mövqeyi ilə razılaşaraq sığorta ödənişinin gecikdirilmədiyi qənaətinə gələrək iddianı rədd etmişdir.

19. Cavabdehin bu dəlili onunla əsaslandırılmışdır ki, sığorta ödənişinin həyata keçirilməsi üçün müəyyən edilmiş 7 iş günü ərzində sığorta ödənişinin həyata keçirilməsindən əsaslandırılmış imtina edilmiş və iddiaçı bu barədə məlumatlandırılmışdır. Yəni gecikmə o halda baş vermiş olardı ki, belə imtina olmadan ödənişin icrası gecikdirilmiş olsun.

20. Məhkəmə cavabdehin bu dəlilini əsaslı saymır. Belə ki, cavabdeh bu etirazının hüquqi əsasını göstərə bilməmişdir. Qanunvericilik də borclunu öhdəliyin icrasından imtina etdiyi üçün onun icrasının gecikdirilməyə görə məsuliyyətdən azad etmir.

21. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (maddə 445.2.1.); icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (maddə 445.2.2.).

22. Mülki Məcəllədə borclunun icranı gecikdirmiş sayılmamasının üç əsası müəyyən edilmişdir: borclunun təqsiri olmadan baş verən hal nəticəsində gecikmə (maddə 445.5.), kreditor tərəfindən verilən əlavə vaxt ərzində icra (maddə 445.9.), kreditorun gecikdirməsi nəticəsində icra edilə bilməmə (maddə 446.1.).

23. Hazırki iş üzrə cavabdehin icranı gecikdirmiş sayılmaması üçün əsaslar müəyyən edilmir. Öhdəliyin icrasından qanuni hesab edilməmiş imtina isə öhdəliyin icrasının gecikdirilməmiş sayılması üçün əsas deyil. Beləliklə Məhkəmə tərəfindən müəyyən edilir ki, sığorta ödənişi öhdəliyinin icrası cavabdeh ASC tərəfindən gecikdirilmişdir.

24. Cavabdeh ASC-nin iddiaçı tərəfindən sığorta ödənişinin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etdikdən (xx.xx.2023-cü il tarix) sonra hüquqi imkanları (yəni qəbul edilmiş məhkəmə aktlarının yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanları) tükənənədək olan müddətin gecikmə müddəti sayılmaması ilə bağlı dəlili də əsassızdır. Çünki öhdəliyin icrasının gecikdirilməsinə görə yaranan məsuliyyətin riskləri borclunun üzərinə düşür. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Borclu özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Cavabdeh sığorta haqqını müqavilə bağlanarkən tam tələb edə bilərdi. Sığorta hadisəsi baş verdikdən sonra sığorta ödənişinin icrasından sığorta haqqının 1/3 hissəsinin ödənilməməsi əsası ilə xəbərdarlıq müddəti müəyyən etmədən imtina edərkən, bu imtinanın qanuniliyini, şərtlərini müəyyən edərkən üzərinə götürdüyü riskləri də nəzərə almalı, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğunu bilməli idi. Əks yanaşma mülki dövriyyənin sabitliyinin pozulmasına, hüquqlardan sui-istifadəyə yol aça bilər. Üstəlik hüquq sahibi bu sahədə ixtisaslaşmış təkilat olduqda bu cür sui-istifadə digər mülki dövriyyə iştirakçılarının hüquqlarının pozulmasına gətirib çıxara bilər ki, qanunverici bu halı risklərin bölüşdürülməsi zamanı nəzərə almış, normalarını münasibətlərin xarakterini nəzərə almaqla ədalət prinsipinə əsaslanaraq müəyyən etmişdir.

26. İddiaçı tərəfindən cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, sığorta ödənişinin gecikdirilməsinə görə qətnamə icra olunan günədək, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2025-ci il tarixinədək (489 gün) hər gecikdirilmiş gün üçün sığorta ödənişi olan 29.945,02 manat məbləğinin 0,1 faizi həcmində, yəni hər gün üçün 29,94 manat, ümumilikdə isə 14.640,66 (489 x 29,94=14.640,66) manat məbləğində dəbbə pulunun 5 gün ərzində ona ödənilməsini tələb etmişdir.

27. Məhkəmə bildirir ki, Mülki Məcəllənin 934.2-ci maddəsi ilə müəyyən edilmiş dəbbə pulunun sığorta ödənişi tələbi ilə bağlı məhkəmədə iddia irəli sürülməsi ilə eyni vaxtda tələb edilməsi barədə qanunvericilikdə imperativ norma nəzərdə tutulmamışdır. Öhdəliyin icrası bunun üçün müəyyən edilmiş vaxtdan öhdəlik icra edilən vaxtadək gecikdirilmiş sayılır. Odur ki, öhdəliyin gecikmə günlərinin sayının 12 gün olması ilə bağlı cavabdehin dəlili də əsassız hesab edilir. Öhdəliyin icrası tələbini qəbul etməyən cavabdeh tərəfindən icranın gecikdirilməsinə görə dəbbə pulunun icrası tələbini də qəbul etməyəcəyi aşkardır. Bundan əlavə, cavabdeh tərəfindən də öhdəlik icra edilən günədək öhdəliyin icrası ilə bağlı kreditor sayılan iddiaçıya hər hansı təklif irəli sürmədiyi işin mübahisəsiz halı olduğundan iddiaçı tərəfindən hər hansı sui-istifadəyə yol verildiyi müəyyən edilmir. Nəzərə alınmalıdır ki, iddiaçı cavabdeh ASC-dən sığorta ödənişinin icrasından imtina cavabını aldıqdan ağlabatan müddətdə, yəni 12 gün sonra (xx.xx.2023-cü il tarixdə) sığorta ödənişi tələbi ilə məhkəməyə müraciət etmişdir.

28. Öhdəliyin gecikdirilməsi müddətinin xx.xx.2023-cü il tarixdən, yəni imtina cavabının iddiaçıya çatdırıldığı tarixdən başlanması ilə bağlı cavabdehin dəlili ilə də razılaşmayan Məhkəmə bildirir ki, cavab məktubunda xx.xx.2023-cü il tarixdən sığorta müqaviləsindən imtina edilməklə ona xitam verilməsi ilə bağlı iradə ifadəsi bildirilmişdir.

29. Məhkəmə dəbbə pulu barədə yazılı razılaşma olmaması ilə bağlı cavabdehin dəlilini də əsassız hesab edərək bildirir ki, qanunvericilikdə qanun üzrə dəbbə pulunun ödənilməsi imkanı da nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.

30. İddiaçının hazırkı tələbi qanun üzrə dəbbə pulunun ödənilməsi barədədir. Mülki Məcəllənin 934.2-ci maddəsində nəzərdə tutulmuş dəbbə pulu tələbi qanundan irəli gələn tələbdir. Tərəflər arasında dəbbə pulu razılaşmasının nəzərdə tutulmaması iddiaçını qanun üzrə dəbbə pulu ödənilməsi tələbini irəli sürmək hüququndan məhrum edə bilməz.

31. Beləliklə Məhkəmə tərəfindən müəyyən edilir ki, sığorta ödənişinin ödənilməsinin gecikdirildiyi günlərin sayının 489 gün olması nəzərə alınaraq hər gecikdirilmiş gün üçün dəbbə pulunun (29.945,02 x 0,1% =) 29,94 manat təşkil etməsi, 489 gün üçün dəbbə pulunun miqdarının isə (29,94 x 489 =) 14.640,66 manat təşkil etməsi müəyyən edilir.

32. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçının tələbi Mülki Məcəllənin 934.2-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşmaqla əsaslıdır. Cavabdehin etirazının dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

33. Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslıdır.

34. Məhkəmə həmçinin dəbbə pulunun azaldılmalı olması ilə bağlı cavabdehin dəlilinə münasibətdə bildirir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

35. Cavabdeh ASC-nin nümayəndələri bildirirlər ki, ASC ləğv prosesində olan kommersiya subyektidir və o ləğvedilmə prosesində digər şəxslərlə (o cümlədən kreditorları və debitorlarına münasibətdə) qarşılıqlı (xüsusilə də kreditor tələblərini ödəyərkən) hesablaşmalar həyata keçirir. Hazırda tələb olunan mütənasibsiz dəbbə pulu təmin edilərsə ASC-nin ləğvedilmə prosesinin həyata keçirilməsini məhdudlaşdırır. Digər tərəfdən ləğvedilmə prosesindən irəli gələn (debitor borcların alınması baxımdan) məqsədlərə çatmaqda ASC-nin hüquqlarını lüzumsuz məhdudlaşdırır. Belə olan halda ləğvedilmə prosesinin həyata keçirilməsinin ləngiməsinə və bu halın ASC-nin ləğvetmə prosesinin qanunvericiliklə müəyyən olunmuş müddətinin uzadılmasına (yubadılmasına) gətirib çıxarda bilər. Belə olan halda, təmin edilmiş əsas öhdəliyə münasibətdə hazırda aşkar yüksək məbləğdə tələb olunan dəbbə pulu mütənasib hesab edilmir.

36. Cavabdeh iddianın tam təmin ediləcəyi halda ASC-nin ləğvedilmə prosesinin həyata keçirilməsini məhdudlaşdıra biləcəyini təsdiq edən sübutlar təqdim etməmişdir. Sübuta söykənməyən fakt real, bu barədə dəlil isə əsaslı sayıla bilməz.

37. Digər tərəfdən iş materialları ilə müəyyən edilir ki, öhdəliyin icrası kifayət qədər uzun bir müddət ərzində, 489 gün gecikdirilmişdir. Bu gecikmənin bütün təqsiri cavabdehdə olmuşdur. Ötən müddət ərzində iddiaçının da müəyyən məhrumiyyətlərə məruz qalması qaçılmazdır. Dəbbə pulunun məbləği müəyyən edilərkən kreditorun mənafeyi işin bütün halları ilə müqayisəli şəkildə nəzərə alınmalıdır. Qeyd edilənlər Məhkəmədə belə qənaət formalaşdırır ki, dəbbə pulunun miqdarının azaldılması üçün yetərli əsas müəyyən edilməmişdir. g) apellyasiya baxışının nəticəsi

38. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır.

39. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında baxışın predmeti olan hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

40. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

41. İddia tələbi tam təmin edildiyindən məhkəmə məsrəfləri MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən cavabdehə aid edilməli, bu məqsədlə iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 134 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 67 manat, cəmi 201 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

42. Məhkəmə həmçinin bildirir ki, iddia tələbi tam təmin edildiyindən iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

43. İddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə cavabdehə qarşı təmin edildiyindən cavabdeh ASC hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

44. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli qətnamə ləğv edilsin və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. 14.640,66 (on dörd min altı yüz qırx manat altmış altı qəpik) manat məbləğində pul cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cəmi 201 (iki yüz bir) manat məbləğində pul cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar