Məhkəmə qərarları › İş №2(103)-4523/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4523/2025

06.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4523/2025 06.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı qarşı mülki iş (Açar sözlər: «neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması ») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-23/2025 saylı, 05 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhəri X1 İcrayyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə SOCAR-in "Azneft" İstehsalat Birliyinin (İB) "Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin, Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində, 2481 nömrəli neft quyusunun mühafizə zonasında, 39 T 399950; ******* coğrafi koordinatlarda yerləşən bir hissəsi Cavabdeh tərəfindən zəbt edilərək üzərində qanunsuz tikinti işləri aparılmışdır. Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində, 2481 nömrəli neft quyusunun mühafizə zonasında, 39T 399950; ******* coğrafi koordinatlarda yerləşən SOCAR-ın İddiaçı “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması, zəbt edilmiş torpaq sahəsinin İddiaçı istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Tələbdə göstərilib ki, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhəri X1 İcrayyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə SOCAR-in "Azneft" İstehsalat Birliyinin (İB) "Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin, Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində, 2481 nömrəli neft quyusunun mühafizə zonasında, 39 T 399950; ******* coğrafi koordinatlarda yerləşən bir hissəsi Cavabdeh tərəfindən zəbt edilərək üzərində qanunsuz tikinti işləri aparılmışdır. Cavabdehin belə hüquqazidd hərəkətləri SOCAR-ın "Azneft" İstehsalat Birliyinin "Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin neft və qaz hasilatı üzrə fəaliyyətinə mane olmaqla yanaşı, göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası İsə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələblərini kobud surətdə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-23/2025 saylı, 05 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbinin təmin edilərək Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində, 2481 nömrəli neft quyusunun mühafizə zonasında, 39 T 399930; ******* coğrafi koordinatlarda yerləşən SOCAR-ın İddiaçı “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin Cavabdeh vəsaiti hesabına sökülməsi, cavabdeh tərəfindən həmin ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin İddiaçı istifadəsinə qaytarılması; qətnamənin həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməsi; Cavabdeh inşa etdiyi tikilinin sökülməsi zamanı onun yaşayış sahəsinə ehtiyacının qarşılanması məqsədilə müvafiq icra qurumuna sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququnun olmasının izah edilməsi; Cavabdeh İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat və keçirilmiş və iddiaçı tərəfindən ödənilmiş ekspertiza xərcinin əvəzi kimi 95 (doxsan beş) manat məbləğində pulun tutulması; Cavabdeh dövlət nəfinə keçirilmiş ekspertiza xərci – 50 (əlli) manat məbləğində pulun tutulması qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, SOCAR “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhəri X1 İcraiyyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə torpaq sahələri ayrılmışdır. Neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi (399930;4466661 coğrafi koordinatlarda) Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində 2481 nömrəli neft quyusunun mühafizə zonasında cavabdeh tərəfindən zəbt edilərək orada tikinti işləri aparılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən özbaşına olaraq iddiaçıya ayrılmış torpaq sahəsində tikinti aparılmışdır və həmin tikintinin aparılması üçün qanunda nəzərdə tutulmuş hər hansı icazə alınmamışdır. Bu səbəbdən iddiaçı həmin tikintinin sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təyin edilmiş ekspertiza ilə müəyyən edilmişdir ki, Cavabdeh istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində yerləşdiyi torpaq sahəsinin giriş (darvaza) qapısı bağlı olduğundan ölçü işlərinin aparılması mümkün olmamışdır. Sahə üzərində yaşayış evi və sahənin yaxın ətrafında neft quyuları, boru xətləri vardır. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatları verilmiş sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Bibiheybət NQÇİ). Sahə yaxınlığında çoxlu sayda ləğv edilmiş neft quyusu məlumatları mövcuddur. Məhkəmə qeyd edib ki, cavabdeh tərəfindən tikinti iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində aparıldığı üçün və həmin tikili statusuna görə özbaşına olduğu üçün, iddiaçı torpaq sahəsi üzərində pozulmuş hüquqlarının bərpası ilə bağlı hazırki tələblə məhkəmədə çıxış etməkdə tam haqlıdır. Beləliklə məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən inşa edilən mübahisəli tikili İddiaçınə məxsus torpaq sahəsində inşa olunduğundan və həmin tikili qanunla nəzərdə tutulmuş icazələr alınmadan inşa edilərək statusuna görə özbaşına hesab olunduğundan, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Lakin məhkəmə hesab edir ki, mübahisəli tikilinin yerləşdiyi sahə yaxınlığında çoxlu sayda neft quyusu mövcud olduğundan, həmçinin həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyata başlanılması barədə iddiaçı tərəfindən məhkəməyə sübutlar təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, qətnamənin icrasına qeyd edilən əməliyyatların başlanılması zamanınadək möhlət verilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməməsini xahiş edib şikayətində göstərir ki, ona 149 saylı MKİS tərəfindən kommunal xidmətlərdən istifadə haqqında 16452 saylı müqavilə təqdim edilmiş və bu hal onun tərəfindən inşa edilmiş fərdi yaşayış evinin özbaşına tikili olmasını istisna edir. Belə ki, rəsmi dövlət qurumu tərəfindən verilmiş müqavilə onda belə bir rəy yaratmışdır ki, qeyd olunan tikili qanunsuz deyil. Birinci instansiya məhkəməsi tərəfindən qətnamədə müəyyən edilmiş hallar üzrə sübutlar təkzib edildiyindən (şübhələrdən kənar sübutlarla təsdiq edilmədiyindən) və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, həmçinin mübahisələndirilən torpaq sahəsində olan tikiliyə dair hüquqmüəyyənedici rəsmi sənəd təqdim edildiyindən, habelə iddiaçı tərəfindən məhz qeyd edilən tikilinin mübahisələdirilməsi bildirildiyindən, birinci instansiya məhkəməsində tərtib edilən mütəxəssis və ekspert rəylərinə sübut qismində ümumiyyətlə hüquqi qiymət verilməsinə zərurət qalmır. Belə ki, torpaq üzərində iddiaçının istifadəsində olan torpaq sahəsinə dair hər hansı bir sənədin mövdudluğu birinci instansiya məhkəməsində icraat zamanı müzakirə edilməyib və iddiaçı bu istiqamətdə araşdırma aparmadan məhkəməyə müraciət etmişdir. Cavabdeh uzun illərdir qeyd edilən fərdi yaşayış evində yaşayır və onun evinin ətrafında çoxsaylı fərdi yaşayış evləri vardır və uzun illərdir ki heç bir qonşusunda belə bir problemin olmasını eşitməmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, mübahisəli tikilinin yerləşdiyi sahə yaxınlığında çoxlu sayda neft quyusu mövcud olduğundan, həmçinin həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyata başlanılması barədə iddiaçı tərəfindən məhkəməyə sübutlar təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, qətnamənin icrasına qeyd edilən əməliyyatların başlanılması zamanınadək möhlət verilməlidir. Bununla bağlı bildirir ki, uzun illərdir ki, qeyd olunan sahə istifadəsiz qalmış və vətəndaşlar tərəfindən abadlaşdırılaraq fərdi yaşayış evləri tikilmişdir, iddiaçının həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyata başlanılması ümumiyyətlə nəzərdə tutulmamışdır, belə ki, qeyd edilən əraziyə müəyyən qədər yaxınlıqda olan neft quyuları atılmış və istifadə edilməyən quyulardır, bu ərazidə əməliyyata başlanması ümumiyyətlə nəzərdə tutulmamışdır. Hesab edir ki, qətnamə ümumiyyətlə ləğv olunmalı və cavabdehin fərdi yaşayış evindən normal istifadə etməsinə şərait yaradılmalıdır. Təyin edilmiş ekspertiza ilə müəyyən edilmişdir ki, Cavabdeh istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində yerləşdiyi torpaq sahəsinin giriş (darvaza) qapısı bağlı olduğundan ölçü işlərinin aparılması mümkün olmamışdır. Sahə üzərində yaşayış evi və sahənin yaxın ətrafında neft quyuları, boru xətləri vardır. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatları verilmiş sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Bibiheybət NQÇİ). Sahə yaxınlığında çoxlu sayda ləğv edilmiş neft quyusu məlumatları mövcuddur. Hesab edir ki, keçirilmiş ekspertiza qanunsuz və əsassızdır. Belə ki, rəydə qeyd olunmuşdur ki, Cavabdeh istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində yerləşdiyi torpaq sahəsinin giriş (darvaza) qapısı bağlı olduğundan ölçü işlərinin aparılması mümkün olmamışdır. Halbuki ekspert tərəfindən iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş sahə üzrə araşdırma aparılmış,belə olduğu halda isə ekspertin verdiyi rəyin əsaslı olmasına şübhələr yaranmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

7. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.

8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

9. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İV hissə.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 43.İ Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

11. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

Maddə 22.1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Lakin nəzərə alınmalıdır ki, bu akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

21. Əvvəla, cavabdehə 149 saylı MKİS tərəfindən kommunal xidmətlərdən istifadə haqqında 16452 saylı müqavilə təqdim edilməsi və bu halın onun tərəfindən inşa edilmiş fərdi yaşayış evinin özbaşına tikili olmasını istisna etməsi, həqiqi olsa belə iddianın əsassızlığına dəlalət etmir. Əvvəla, qeyd olunan müqavilə hüquq müəyyənedici sənəd sayılmır. Bununla yanaşı, həmin sənəd tikilinin özbaşına olması statusunu da dəyişdirə bilməz. Ona görə də həmin müqavilənin iddianın əsaslılığına təsiri baxımından da heç bir təsiri olmadığından müzakirəsinə də heç bir hüquqi zərurət yoxdur. Çünki hansısa şəxsin yüksək təhlükə mənbəyi olan neft quyularının mühafizə zonasında yaxud sənaye təyinatlı torpaqda özbaşına tikili inşa etməsi və həmin ərazidə başqa evlərin olması da iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki mübahisəli özbaşına tikili neft quyusunun mühafizə zonasında, yəni təhlükəli zonada, fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmayan torpaq sahəsində tikilmişdir. Bu fakt iş üzrə keçirilmiş ekspertiza və mütəxəssis rəyləri ilə də öz təsdiqini tapır. Bu cür vəziyyətdə istənilən vaxt həmin ərazidə arzuolunmaz hadisənin baş vermə ehtimalı yüksək sayılır.

22. Birinci instansiya məhkəməsi tərəfindən alınmış mütəxəssis və ekspert rəyinə əsasən mübahisəli torpaq sahəsinin yaxın ətrafında neft quyuları, boru xətləri vardır. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatları verilmiş sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Bibiheybət NQÇİ). Sahə yaxınlığında neft quyusu məlumatları mövcuddur. Göründüyü kimi, cavabdehə məxsus tikilinin darvazasının açıq yaxud bağlı olmasının da apellyasiya şikayətinin əsaslı olmasına heç bir təsiri yoxdur. Çünki mühəndis və ekspert rəyi yalnız özbaşına tikiliyə münasibətdə tərtib edilməyib. Həmin ərazinin bütövlükdə iddiaçıya məxsus sənaye təyinatlı torpaq sahəsi olması açıq-aşkar təsdiq olunub. Ona görə də ekspert rəyi qanunsuz və əsassız hesab edilə bilməz.

23. Bundan əlavə, cavabdehin kommunal xidmətlərlə təmin olunması və buna görə ödənişlər etməsi, həmin ərazidə xeyli sayda başqa vətəndaşlara məxsus evlər və tikililər olması da heç nəyi dəyişmir. Belə ki, iddiaçı tərəfin analoji işlərdəki mövqeyinə görə də qeyd olunan ərazidə çoxsaylı evlər olsa da, hansı ki, hazırkı işdə cavabdeh də bunu təsdiq edir, hər bir özbaşına tikili ilə bağlı sənədlərin hazırlanaraq eyni anda iddia qaldırılması fiziki cəhətdən mümkünsüz sayılır. Üstəlik digər şəxslərə qarşı iddianın qaldırılmaması da hazırkı iddianın rədd edilməsi üçün əsas ola bilməz. Cavabdeh qeyd etdiyi tikilini həqiqətən də iddiaçı İdarənn razılığı ilə tikibsə hazırki işin nəticəsindən asılı olaraq məhkəmə müdafiəsindən istifadə etmək hüququ mövcuddur.

24. Apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarla birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi qənaət ziddiyyət təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə düz nəticəyə gəlmişdir. Çünki, mübahisəli tikilinin neft quyusunun mühafizə zonasında inşa edilməsi və torpaq sahəsinin neft sənayesinə aid torpaqlar kateqoriyasına aid olması, özü-özlüyündə iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan belə bir iddia qaldırmaq üçün subyektiv hüququ olmuşdur. Göründüyü kimi, bu məsələlər, birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaqla düzgün olan yekun nəticəyə gəlinmişdir.

25. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-23/2025 saylı, 05 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-23/2025 saylı, 05 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəmə sinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar