Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4527/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı Şirkətinin cavabdeh X1 qarşı “inşa edilmiş özbaşına tikilidən çıxarılma və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 2(001)-142/2023 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Şirkəti cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2 və 111.3-cü maddələrinin, Yerin təki haqqında Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin tələblərinə əsasən cavabdehin 3 saylı mədənin 6-cı sahəsində və şirkətin ərazi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmasına, özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılmasına, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 2(001)- 142/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyası izahatları dinləyib apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, prosessual hüquq normalarının tələbləri pozulduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qüvvədə olan qanunvericiliyin tələbinə görə mülki işlərə baxılması zamanı ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi baxılmaq üçün başqa məhkəməyə verməlidir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi bildirmişdir ki, mübahisəli ev ünvan 1 ünvanında yerləşir. Təqdim edilmiş Abşeron rayon İcra Hakmiyyət Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin arayışlarından müəyyən edilir ki, Cavabdeh Xırdalan şəhəri, M.Ə.Sabir küçəsi ev 31 ünvanında qeydiyyatsız yaşayır. Beləliklə, müəyyən edilir ki, iddiaçının hazırki tələbində sökülməsini tələb etdiyi ev Abşeron rayonu Xırdalan şəhərində yerləşir. Belə olan halda hazırki mübahisəyə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində deyil, aidiyyət qaydalarına uyğun olaraq Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Kollegiya hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi qanuni sayıla bilməz. Ona görə qətnamə ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılmaq üçün ərazi aidiyyətinə görə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 387 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 2(001)- 142/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Şirkətinin cavabdeh X1 qarşı “inşa edilmiş özbaşına tikilidən çıxarılma və s. tələbinə dair” mülki iş aidiyyəti üzrə baxılmaq üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4527/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4527/2023
11.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver