Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-453/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı hüquqi varisi X1 və onun vəkili X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı hüquqi varisi X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüquqlarına 7000 manat kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3990/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı (hazırki hüquqi varisi X2) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzilinə istifadə hüquqlarına mülkiyyətçi tərəfindən 7000 manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzili 1933-cü il təvəllüdlü mərhum iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş, bu barədə ona xx.xx.1997-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. O, Cavabdeh1 ilə xx.xx.1999-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından cavabdehlər Cavabdeh2 və Cavabdeh3 anadan olmuşdur. Onun nikahı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, bundan sonra da cavabdehlər onun atası olan iddiaçının mülkiyyətində olan mənzildə yaşamaqda davam edirlər. Oğlu Cavabdeh3 bu il hərbi xidmətə çağırılacaqdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8311/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçının cavabdehlərə qarşı yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsinə və mənzildən çıxarılmalarına dair iddia tələbi rədd edilərək cavabdehlərin istifadə hüququna xitam verilməsinin, yalnız iddiaçı tərəfindən adekvat məbləğdə kompensasiya təklif olunduqda mümkün ola bilməsi qətnamədə qeyd olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3990/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, onun təklif etdiyi 7000 manat məbləğində kompensasiya cavabdehlərin kifayət qədər uzun müddət ərzində mübahisəli mənzilin yerləşdiyi ərazidə oxşar şəraitli yaşayı sahəsini kirayələyərək orada yaşamalarına imkan verir. Belə ki, həmin ərazidə iki otaqlı kirayəyə verilən mənzillərin və ya fərdi yaşayış evlərinin aylıq kirayə haqqı 150-200 manat arasında dəyişir. Birinci instansiya məhkəməsi təklif edilən məbləğin yetərli olmaması qənaətinə gəlməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının hüquqi varisi və onun vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, habelə Kamal Qasımov əlavə olaraq bildirmişdir ki, cavabdehlərə cəmi 9000 manat məbləğində kompensasiya verilməsini təklif edirlər. Məhkəmə iclasında iştirak edən cavabdehlər isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, həmçinin iddiaçının təklif etdiyi yeni kompensasiya məbləği ilə razılaşmadıqlarını bildirmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş MH seriyalı ******* saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzili İddiaçı adına 887 saylı reyestr kitabında 133241 nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli 2(001)-8311/2018 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası, yəni cavabdehlər Cavabdeh1, Cavabdeh2 və xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3 ünvan 1 mənzil 19 ünvanda yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi və mənzildən çıxarılması barədə tələbinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri 3 saylı Asan xidmət mərkəzinin xx.xx.2019-cu il tarixli ******* saylı arayışından müəyyən olunur ki, xx.xx.1972-ci il təvəllüdlü X2, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1974cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1933-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzilində daimi qeydiyyatdadırlar. Kollegiya qeyd edir ki, hazırkı iddia tələbi üzrə aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən iddiaçı, cavabdehlərə qarşı kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlı olmuşdur. Beləliklə, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin təklif olunan 7000 manat kompensasiya məbləğinin cavabdehlərə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə istifadə hüququ olan mənzilə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyinə dair gəldiyi nəticə əsaslıdır. Belə ki, hazırkı iş üzrə müəyyən olunan hallar təklif edilən kompensasiya məbləğinin yetərli olmadığı qənaətinə gəlməyə əsas verir. Xüsusilə nəzərə alınmalıdır ki, apellyasiya baxışı zamanı iddiaçının mənzilinin yerləşdiyi ərazidə, hazırki vaxtda həmin mənzilə oxşar şəraitli 1, 2 və 3 otaqlı mənzilin orta aylıq kirayə haqınının müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatı keçirilmiş, “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilən xx.xx.2019-cu il tarixli rəydə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzilin yerləşdiyi ərazidə, hazırki vaxtda həmin mənzilə oxşar şəraitli 1 otaqlı mənzilin kirayə haqqı 220 manat, 2 otaqlı 300 manat və 3 otaqlı 350 manat məbləğində müəyyən edildiyi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kollegiyanın qənaətinə görə, iddiaçının prosessual hüquq varisinin apellyasiya baxışı zamanı təklif etdiyi kompensasiya məbləği də yuxarıda göstərilən meyarlar nəzərə alındığında iddianı təmin etməyə imkan verən məbləğ kimi qiymətləndirilə bilməz. Çünkü həmin məbləğin cavabdehlərə, davamlı surətdə və müəyyən müddət ərzində mübahisəsi gedən mənzilə xas olan şəraitlə müqayisədə oxşar şəraitli evdə yaşamaq imkanı verəcəyi ağlabatan deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3990/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-453/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-453/2020
05.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver