Məhkəmə qərarları › İş №2(103)-4531/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4531/2024

07.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4531/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 (X4, X6, Məmmədova (Tağıyeva) Rəhimə Məmmədəli qızı və Məmmədova (Aslanova) Rəhilə Dadaş qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: “vərəsəlik şəhadətnaməsinin etibarsızlığı; miras paylarının müəyyən edilməsi; məcburi pay tələbi; mirasın bölüşdürülməsi; maddi hüquq normasının zamana görə qüvvəsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhər Xəzər Məhkəməsinin 2(003)-966/2023 saylı, 23 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. X7 (bundan sonra - miras qoyan)18 yanvar 1976-cı ildə vəfat etmiş, ondan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsində yerləşən 12 “a” saylı fərdi yaşayış evi (bundan sonra - miras əmlak) miras qalmışdır.

2. Miras qoyan öldükdən sonra onun sağ vərəsələri arvadı - Məmmədova (Hadıyeva) X23 və övladları - İddiaçı, Məmmədova (Aslanova) Rəhilə Məmmədəli qızı, Məmmədova (Tağıyeva) Rəhimə Məmmədəli qızı, X4, X9, X8, X6 olmuşdur. Vərəsələrdən ardıcıl olaraq oğlu X8 23 aprel 2003, arvadı Məmmədova (Hadıyeva) X23 18 yanvar 2006, oğlu X9 isə 6 may 2018-ci il tarixdə ölmüşdür.

3. İddiaçı əvvəllər qardaşı X1 qarşı miras əmlaka köçürülmə barədə iddia qaldırmış, Xəzər Rayon Məhkəməsinin 7 avqust 2012-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, 7 saylı Dövlət Notariat Kontorunda tərtib edilmiş 5 mart 2003-cü il tarixli vəsiyyətnaməyə əsasən X10 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 12-də yerləşən, ölçüsü 20 kv.m olan bir otağı və qarşısındakı açıq eyvanı iddiaçıya vəsiyyət etmişdir.

4. Ölmüş vərəsələr Eldar Məmmədov və Xanlar Məmmədovun birinci dərəcəli vərəsələrinin müraciəti əsasında X2 qalan miras əmlaka dair vərəsəlik işi açılmış, bu əsasla miras əmlak 7 oktyabr 2021-ci il tarixdə əvvəlcə miras qoyanın adına xüsusi mülkiyyət kimi qeydə alınmış, xx.xx.2021-ci il tarixdə “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnamə verilmiş, həmin şəhadətnaməyə əsasən Məmmədəli Məmmədovun vərəsəsi (övladı) Xanlar Məmmmədovun 23.4.2003-cü il tarixdə ölməsi ilə əlaqədar birincinin gəlini, sonuncunun isə arvadı olan Cavabdeh2 miras əmlakdan 1/2 hissədə, Məmmədəli Məmmədovun vərəsəsi (övladı) Eldar Məmmədovun 6.5.2018-ci il tarixdə vəfat etməsi ilə əlaqədar birincinin gəlini, sonuncunun isə arvadı olan Cavabdeh3 miras əmlakdan 1/8 hissədə, Eldar Məmmədovun və Cavabdeh3 övladları Sevinc, Elvin və Cavabdeh6ların hər biri miras əmlakdan 1/8 hissədə payı müəyyən edilmişdir.

5. “Miras payın bağışlanması barədə” xx.xx.2021-ci il tarixli müqavilə əsasında Sevinc, Elvin və Cavabdeh6lar miras əmlakdan özlərinə düşən hissələri anaları Cavabdeh3 bağışlamışlar.

6. İddiaçı miras əmlakın qəbulu ilə bağlı notariat orqanına müraciət etmiş, Bakı şəhəri 7 saylı Notariat Ofisinin xüsusi notariusu X13 tərəfindən iddiaçıya 29.8.2022-ci il tarixli, D/109 saylı məktubla cavab verilərək bildirilmişdir ki, 18.1.1976-cı il tarixdə ölmüş Məmmədəli Məmmədovdan miras qalmış mübahisəli ünvana dair Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən (vərəsə vərəsəliyə çağırıldığı bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər) ona notarial qaydada qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməmişdir.

7. Hazırki mübahisəyə birinci instansiya məhkəməsində baxılan zaman – 19 may 2023-cü il tarixdə miras qoyanın digər vərəsəsi X4 ölmüşdür

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka dair cavabdehlərin adına xx.xx.2021-ci il tarixdə verilmiş və reyestrdə 2V- 520 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” və xx.xx.2021-ci il tarixli “Miras payın bağışlanması müqaviləsinin” etibarsız hesab edilməsi, miras əmlaka dair cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ********** və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli “Çıxarışların” ləğv edilməsi, iddiaçının miras əmlakda payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bir neçə ay əvvəl mərhum atasından miras qalmış qeyd olunan yaşayış evinə dair vərəsəlik işinin açılması üçün cavabdeh 7 saylı Notariat Ofisinə müraciət etmişdir. Müraciətinə cavab olaraq mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünə görə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş və məsələnin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bundan sonra, iddiaçı vəkillə müqavilə bağlamış və miras əmlaka dair vərəsəlik işinin açılıb açılmaması barədə Notariat Ofisinə vəkil sorğusu verilmişdir. Daha sonra həmin qurumdan vərəsəlik işinin surəti ona təqdim edilmişdir. Vərəsəlik işi ilə tanış olan zaman iddiaçıya məlum olmuşdur ki, miras əmlaka dair “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Elə həmin tarixdə Elvin, Sevinc və Emin “Miras payın bağışlanması müqaviləsinə” əsasən, miras paylarını anaları Cavabdeh3 bağışlamışlar. Bundan sonra miras əmlaka dair 1/2 hissədə Cavabdeh2, 1/2 hissədə isə Cavabdeh3 adına “reyestrdən çıxarış” verilmişdir. İddiaçı miras əmlak olan evdə yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşamış və mirası faktiki olaraq qəbul etmişdir. Lakin cavabdehlər iddiaçı ilə eyni ünvanda qeydiyyatda olmalarına və orada yaşamalarına baxmayaraq, vərəsəlik işi açılan zaman iddiaçının vərəsə olması barədə Notariat Ofisinə məlumat verməmiş, vərəsələrin dairəsini gizlətmiş, vərəsəlik işinin açılması barədə iddiaçıya heç bir məlumat verməmiş, eyni zamanda Notariat Ofisi də vərəsələrin axtarılması üçün heç bir tədbir görməmiş, yalnız cavabdehlərin ərizəsi əsasında sonunculara “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” vermişdir.

10. Birinci instansiya məhkəməsində X4, X6, Məmmədova (Tağıyeva) Rəhimə Məmmədəli qızı və Məmmədova (Aslanova) Rəhilə Dadaş qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb edilmişlər.

11. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, iddiaçı miras qoyanın vəfatından sonra miras əmlakı faktiki olaraq qəbul etməmişdir. Belə ki, İddiaçı 23.7.1987-ci il tarixdə X11 ilə rəsmi nikaha daxil olaraq başqa ünvana gəlin köçmüşdür. Onun miras evlə hər hansı bağlılığı olmamış, mirasın qəbulu üçün nə notariat orqanına, nə də məhkəməyə müraciət etmişdir. Mübahisəli evin mülkiyyətçisi olmuş X7 18.1.1976-cı il tarixdə vəfat etdiyinə görə qüvvədən düşmüş 1964-cü il redaksiyalı Mülki Məcəllənin 528-ci maddəsinə görə həmin vaxtdan vərəsəlik açılmışdır. Qeyd olunan maddəyə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 552-ci maddəsində təsbit edilmişdir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyini açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət 3 aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. İddiaçının mübahisəli evə münasibətdə vərəsəlik hüququnun tanınması onun tərəfindən miras əmlakın qəbul edilməsindən asılıdır. Qeyd edilən maddədən isə göründüyü kimi miras əmlak 2 üsulla qəbul edilə bilər: 1) bu barədə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə 2) yaxud miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla və ya mirasa yiyələnməklə. İşdən isə görünür ki, iddiaçı notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmişdir. O, iddia ərizəsində mirası faktiki surətdə idarə etməyə başlamaqla qəbul etdiyini bildirmişdir. Lakin iş materiallarında iddiaçının mirası faktiki surətdə qəbul etdiyini təsdiq edən hər hansı mötəbər sübutlar yoxdur, əksinə işdə olan digər sübutlar miras qoyanın vəfatından sonra iddiaçı tərəfindən miras əmlakını faktiki qəbul edilmədiyinə dəlalət edir. Bu hal ilk növbədə 23.7.1987-ci il tarixdə iddiaçının Hacıağa Abasovla rəsmi nikaha daxil olaraq başqa ünvana gəlin köçməsi ilə təsdiqlənir. İddiaçının evləndikdən sonra mübahisəli mülkə gəlib getməsi, miras əmlakın faktiki surətdə onun tərəfindən qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Çünki miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İddiaçının mübahisəli həyətə gəlib-getməsi faktını mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirmək mümkün deyil. İddiaçının mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyən, məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşımasından ibarət hərəkətləri, miras qoyanın əmlakını faktiki cəhətdən ələ keçirib ona sahiblik etməsini göstərən faktlar yoxdur.

12. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil həmçinin iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək orada qeyd etmişdir ki, iddiaçı İ.M.Abbasova tərəfindən pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə əlaqədar iddia müddəti ötürülmüşdür və cavabdehlər tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verildiyindən, iddia tələbinə iddia müddəti tətbiq edilməlidir. İddiaçının miras əmlaka faktiki sahiblik etməməsi, mirasın qəbulu ilə bağlı həm 3 aylıq, həm 6 aylıq müddətlərlə birlikdə Mülki Məcəllədə nəzərdə tutulmuş 10 illik iddia müddətini ötürməsi iş materialları ilə təsdiq olunur. İddiaçı atasının ölümündən sonra mirası nə faktiki, nə də notariat orqanına müraciət etməklə qəbul etmiş, hətta sonradan mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. İddiaçı mirası qanunla müəyyən edilmiş qaydada qəbul etmədiyindən o, həmin miras əmlaka dair mübahisə açmaq hüququnu itirmişdir. İddiaçı iddia müddətini ötürməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

13. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil bildirdiklərini təsdiq edərək əlavə olaraq qeyd etmişdir ki, 1981-ci ildə mərhum Eldar Məmmədova ərə gələrək mübahisəli evə gəlin köçmüşdür. Eldarla nikahlarından 2 övladları olmuşdur. Təxminən 1986-1987-ci illərdə İlhamə rəsmi nikaha daxil olmuş və həmin evdən köçüb getmişdir. Mübahisəli evi İlhamə heç vaxt faktiki qəbul etməmiş və sahiblik etməmişdir. Ərə gedən vaxtdan hal-hazıradək İlhamə öz ailəsi ilə birlikdə ərinin evində yaşayır.

14. Məhkəmə iclasında digər Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil bildirdiklərini təsdiq edərək əlavə olaraq göstərmişdir ki, 1992-ci ildə mərhum Xanlar Məmmədova ərə gələrək mübahisəli evə gəlin köçmüşdür. İlhamə ilə münasibətləri həmişə yaxşı olmuşdur. Ona məlum olmuşdur ki, təxminən 1986-1987-ci illərdə İlhamə rəsmi nikaha daxil olmuş və həmin evdən köçüb getmişdir. O vaxtdan hal-hazıradək İlhamə öz ailəsi ilə birlikdə ərinin evində yaşayır.

15. Bakı şəhər Xəzər Məhkəməsinin 2(003)-966/2023 saylı, 23 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Rüstəmov) iddia təmin edilməmişdir.

16. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, mübahisəli hüquq münasibəti 1976-cı ildə baş verməklə (yaranmaqla), hazırkı iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən həmin dövr üçün qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964-cü il tarixində qəbul edilmiş, 1965-ci ildə qüvvəyə minmiş, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş) normaları tətbiq edilməlidir. İşin hallarından görünür ki, mübahisəli evin mülkiyyətçisi Məmmədəli Məmmədov 18.1.1976-cı il tarixdə vəfat etmişdir. Onun vərəsəsi olan iddiaçı vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən nə 3 ay ərzində, nə də 6 ay ərzində miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə vermiş, nə də mirası faktiki qəbul edəcək hərəkətlər etmişdir. Mülki qanunvericiliyə (həm əvvəlki, həm də hazırda qüvvədə olan) əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Məhkəmə belə olan halda hesab etmişdir ki, iddiaçı 22.4.1970-ci il təvəllüdlü iddiaçı vərəsəliklə bağlı hüquqlarını yetkinlik yaşına çatdıqda, yəni tam mülki hüquq fəaliyyət qabiliyyətli olduqda həyata keçirə bilərdi. Lakin iş materiallarından görünür ki, iddiaçı, 1987-ci il tarixdə, yəni 17 yaşında rəsmi nikaha daxil olaraq başqa ünvana gəlin köçmüşdür. Bununla da öz subyektiv vərəsəlik hüququnu həyata keçirməmişdir. Məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi hissəsinə münasibətdə qeyd etmişdir ki, Məmmədəli Məmmədovun vərəsələri Eldar Məmmədov və Xanlar Məmmədov öldüyündən irsi transmissiya əsasında mirasdan payın bir hissəsi onların arvadlarına keçmişdir. Daha sonra mərhum Eldar Məmmədovun övladları tərəfindən özlərinə düşən paylar anaları Cavabdeh3 bağışlama müqaviləsi əsasında hədiyyə edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, iddiaçının mirası faktiki qəbulu sübuta yetirilmədiyindən, qeyd olunan halların mübahisələndirilməsinə subyektiv hüququ yoxdur. Bu səbəbdən də əsas iddia tələbi təmin edilmədiyinə görə həmin tələbdən törəmə olan tələblər də təmin edilməməlidir. Məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə vəkilinin (nümayəndənin) “iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizəsinə” münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Mülki Məcəllənin 1246cı maddəsində müəyyən edilmiş 6 aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Mülki Məcəllənin 1248.1-ci maddəsinə və həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Məhkəmə qeyd olunana əsasən hesab etmişdir ki, iddia müddətinin tətbiqi ilə bağlı müraciət əsassızdır.

17. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci hissəsinə, Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Mülki Məcəlləsinin 527, 528, 529, 532, 533, 552, 553-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1146, 1151.1, 1151.2, 1243.2, 1246, 1252, 1322-ci maddələrinə, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

18. Qətnamədən İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) apellyasiya şikayəti vermişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-358/2024 saylı, 06 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, 18 yanvar 1976-cı il tarixdə vəfat etmiş X5 məxsus olmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsində yerləşən 12a saylı fərdi yaşayış evindən ibarət miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilərək, həmin əmlaka dair cavabdehlərin adına 15 dekabr 2021-ci il tarixdə verilmiş və reyestrdə 2V-520 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında 15 dekabr 2021-ci il tarixdə bağlanmış və reyestrdə 3M-221 nömrə ilə qeyd edilmiş “Miras payın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin əmlaka dair cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ********** və ********** qeydiyyat nömrəli 16 dekabr 2021-ci il tarixli çıxarışların ləğv edilməsi, 18 yanvar 1976-cı il tarixdə vəfat etmiş X3 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsində yerləşən 12 “a” saylı fərdi yaşayış evi üzərində İddiaçı 1/3 hissədə, Cavabdeh2 1/3 hissədə, Cavabdeh3 1/12 hissədə, Cavabdeh4 1/12 hissədə, Cavabdeh5 1/12 hissədə və Cavabdeh6 1/12 hissədə payının müəyyən edilməsi qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qənaətində göstərmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarına uyğun olmadığı üçün əsassızdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş şərh məhkəmələr üçün məcburi olduğu üçün birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş 1964-cü il tarixində qəbul edilmiş, 1965-ci il tarixində qüvvəyə minmiş, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin hazırkı iş üzrə tətbiq edilməli olan maddələri də bu şərhə tabe tutulmalı və eyni yanaşmadan şərh edilməlidir. Belə olan halda, iddiaçının qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməməsi və ya mirası faktiki qəbul edəcək hərəkətlər etməməsinin onun öz subyektiv vərəsəlik hüququnu həyata keçirməməsi kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən miras əmlakın qəbul edilməsindən imtina edilməmişdir. Məhkəmə onu da nəzərə almışdır ki, birinci instansiya məhkəməsi belə nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarı hələ qəbul edilməmişdir və birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilə bilməzdi. Lakin Plenum qərarında mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyi təsbit edilmişdir. Məhkəmə tərəfindən iddiaçının miras əmlakı qəbul etməkdən imtina etməməsi nəzərə alınaraq müəyyən edilmişdir ki, miras əmlak iddiaçı tərəfindən qəbul edilmişdir. Belə olan halda, miras əmlakda olan paylar vərəsələr arasında bölüşdürülərkən iddiaçının payı nəzərə alınmadığından iddia qalan hissədə də əsaslı hesab edilməlidir. Məhkəmə iddiaçının vərəsəlik payının müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının mərhum atası Məmmədəli Məmmədov 18.1.1976-cı il tarixdə vəfat etdiyi məqamda onun birinci növbə vərəsələri arvadı Məmmədova (Hadıyeva) X23, övladları İddiaçı (hazırkı iş üzrə iddiaçı), Məmmədova (Aslanova) Rəhilə Məmmədəli qızı (hazırkı iş üzrə üçüncü şəxs), Məmmədova (Tağıyeva) Rəhimə Məmmədəli qızı (hazırki iş üzrə üçüncü şəxs), X4 (hazırkı iş üzrə üçüncü şəxs), X9, X8 və X6 (hazırkı iş üzrə üçüncü şəxs) olmuşdur. Miras qoyanın arvadı Səlmə Məmmədova (Hadıyeva) 18.1.2006-cı il tarixdə, onların övladları Eldar Məmmədov xx.xx.2018-ci il tarixdə, Xanlar Məmmədov isə xx.xx.2003-cü il tarixdə vəfat etmişlər. X17 və Eldar Məmmədov miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldükləri üçün mirasdan pay almaq hüququ irsi transmissiya qaydasında onların vərəsələrinə (hazırkı iş üzrə cavabdehlərə), yəni mərhum Xanlar Məmmədovun arvadı Cavabdeh2, mərhum Eldar Məmmədovun arvadı Cavabdeh3, övladları Cavabdeh4, Cavabdeh5, və Cavabdeh6 keçmişdir. Həmin şəxslər mirası qəbul etmişdir. İddiaçıdan başqa digər vərəsələr vərəsəliklə bağlı mübahisə açmamış və bölgüdə iştirak etmək niyyətini bəyan etməmişlər. Hazırkı iş üzrə üçüncü şəxs kimi cəlb edilmələrinə baxmayaraq, iddiaya hər hansı münasibət bildirməmiş, məhkəmə iclaslarında iştirak etməmiş və bununla da mirasın onların iştirakı olmadan bölgüsündə maraqlı olmamaları bir daha müəyyən olunmuşdur. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarı, bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyindən, digər vərəsələrin hazırkı iş üzrə iddiasının olmaması nəzərə alınaraq, miras əmlak üzərində paylar iddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında müəyyən edilməlidir. İddiaçının mərhum Xanlar Məmmədovun və mərhum Eldar Məmmədovun miras əmlak üzərində vərəsəlik payları bərabər olduğundan, iddiaçı və mərhum Xanlar Məmmədovun yeganə vərəsəsi olan arvadı Cavabdeh2 hər birinin vərəsəlik payları 1/3 hissədə, mərhum Eldar Məmmədovun isə 4 nəfər vərəsəsi olduğundan, onların da hər birinin payı (1/3 : 4 =) 1/12 hissədə müəyyən edilməlidir. Məhkəmə eyni zamanda, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş “iddia müddətinin tətbiqi barədə” ərizəni əsassız hesab etmiş və qeyd etmişdir ki, vərəsəlik hüququ mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması hesab edilir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023cü il tarixli Qərarındakı mövqeyə istinad edərək göstərmişdir ki, Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Belə olan halda, cavabdeh tərəfin qeyd etdiyi 10 illik ümumi iddia müddəti hazırkı tələbə tətbiq edilə bilməz. Çünki Mülki Məcəllənin 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir.

21. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarına və MPM-in 13.7-ci maddəsinə istinad etmişdir.

Kassasiya instansiyası məhkəməsində icraat

22. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (onların nümayəndəsi və vəkili Vəkil) birgə kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1733/2024 saylı, 23 may 2024-cü il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilib mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

24. Kassasiya instansiyası məhkəməsi qənaətində qeyd edib ki, işin hallarından göründüyü kimi, iddia tələbi miras əmlakla bağlıdır və həmin əmlakın miras qoyanı X7 18 yanvar 1976-cı ildə vəfat etmişdir. Həmçinin işin məhkəmələr tərəfindən müəyyən edilmiş digər hallarına əsasən, xx xxxxx 1970-ci il təvəllüdlü iddiaçı 17 yaşına çatdıqda (1987-ci il tarixdə) rəsmi nikah münasibətlərinə daxil olaraq, başqa ünvana gəlin köçmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq sferasında maddi və prosessual hüquq normalarının zamana görə qüvvəsini tənzimləyən Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmçinin, Mülki Məcəllənin tələblərinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir (maddə 7.1). Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər (maddə 7.2). Göründüyü kimi, hazırkı iş üzrə mübahisəli hüquq münasibəti X3 18 yanvar 1976-cı ildə vəfat etməsi ilə yaranmışdır, bu səbəbdən də həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin müvafiq normaları hazırkı mübahisəyə tətbiq edilməlidir. Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyada - 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş) 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 552-ci maddəsinə görə, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Beləliklə, 18 yanvar 1976-cı il tarixdə miras qoyanın vəfat etməsi ilə mübahisəli əmlak üzrə vərəsəlik açılmış, həmin vaxt iddiaçı fəaliyyət qabiliyyətli olmamış, 1987-ci ildə (17 yaşından) ailə quraraq mübahisəli mənzili tərk etmişdir. Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyada - 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş) 11-ci maddəsinə əsasən vətəndaşın öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və özü üçün mülki vəzifələr yaratmaq qabiliyyəti (mülki fəaliyyət qabiliyyəti) tam həcmdə onun həddi-buluğa çatması ilə, yəni, 18 yaşına çatması ilə əmələ gəlir. Göründüyü kimi, iddiaçı tam fəaliyyət qabiliyyəti əldə etdikdən sonra miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməmiş, həmçinin mirası faktiki qəbul edəcək hərəkətlər etməmişdir. Bununla da öz subyektiv vərəsəlik hüququnu həyata keçirməmişdir. Apellyasiya instansiyası məhkəməsi göstərilən maddi hüquq normalarını tətbiq etsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarına istinad edərək hesab etmişdir ki, qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyindən qüvvədən düşmüş Mülki Məcəllənin hazırkı iş üzrə tətbiq edilməli olan maddələri də sözügedən qərardakı şərhə tabe tutulmalı və eyni yanaşmadan şərh edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sözügedən mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yalnız qanunla birbaşa nəzərdə tutulduğu hallarda tətbiq edilə bilər ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilmiş maddi hüquq normalarına münasibətdə belə bir hal müəyyən olunmur. Həmçinin, o da qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən qərarında qüvvədən düşmüş Mülki Məcəllənin vərəsəlik hüququ ilə bağlı normalarına hər hansı şərh verilməmiş, habelə hər hansı münasibət bildirilməmişdir. Bu səbəbdən də sözügedən Qərarın bu mübahisəyə tətbiqi yolverilməzdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə 1 mart 1965-ci il tarixdə qüvvəyə minmiş, 1 sentyabr 2000-ci ilə qədər qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Nəzərə almaq lazımdır ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

25. İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmiş və şikayətində göstərmişdir ki, məhkəmə iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qətnamə qəbul etmişdir.

b) Hazırki icraatda apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

26. Məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq işdə iştirak etməli olan şəxslər səbəbini göstərmədən məhkəmə iclaslarında iştirak etməmişlərr. Məhkəmə tərkibi MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

27. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 149 (Vİİ hissə) Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.

29. Azərbaycan SSR Mülki Məcəlləsi: (01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş)

Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qanun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Maddə 529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə 533. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

31. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri:

33. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

34. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

36. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

37. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

38. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

39. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik 3-cü şəxsin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

40. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.

41. İşə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə, yəni iddianın təmin edilməsi ilə bağlı qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.

42. Məhkəmə tərkibi hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə mahiyyət etibarı ilə düzgün olmuş, şikayətin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Çünki miras qoyan X7 18 yanvar 1976-cı ildə ölmüş, xx xxxxx 1970-ci il təvəllüdlü iddiaçı isə 17 yaşına çatdıqda (1987-ci il tarixdə) rəsmi nikah münasibətlərinə daxil olaraq, başqa ünvana gəlin köçmüşdür.

43. Demək ki, iş üzrə mübahisəli hüquq münasibəti X3 18 yanvar 1976-cı ildə ölməsi ilə yaranmışdır. 18 yanvar 1976-cı il tarixdə miras qoyanın ölməsi ilə mübahisəli əmlak üzrə vərəsəlik açılmış, həmin vaxt iddiaçı fəaliyyət qabiliyyətli olmamış, 1987-ci ildə (17 yaşından) ailə quraraq mübahisəli mənzili tərk etmişdir.

44. 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 11-ci maddəsinə əsasən vətəndaşın öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və özü üçün mülki vəzifələr yaratmaq qabiliyyəti (mülki fəaliyyət qabiliyyəti) tam həcmdə onun həddi-buluğa çatması ilə, yəni, 18 yaşına çatması ilə əmələ gəlir. İddiaçı isə tam fəaliyyət qabiliyyəti əldə etdikdən sonra miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməmiş, həmçinin mirası faktiki qəbul edəcək hərəkətlər etməmişdir. Bununla da öz subyektiv vərəsəlik hüququnu həyata keçirməmişdir.

45. Beləliklə, 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin tələbinə əsasən iddiaçı mirası əldə etmək üçün onu qəbul etməli idi. Ancaq iddiaçının miras əmlakını faktiki surətdə idarə etməyə başlamasına və ya mirasa yiyələnməsinə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsinə dair işdə hər hansı bir mötəbər sübut yoxdur. Deməli iddiaçı mirası qəbul etmiş hesab olunmur.

46. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhər Xəzər Məhkəməsinin 2(003)-966/2023 saylı, 23 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhər Xəzər Məhkəməsinin 2(003)-966/2023 saylı, 23 may 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar