Məhkəmə qərarları › İş №2(103)-4535/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4535/2021

18.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4535/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, nümayəndəsi Emin Mirzəyevin, Cavabdeh2 vəkili Xəlil Məmmədovun iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin qaytarılması tələbi barədə” iddia ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11.03.2020-ci il tarixli, 2(007)-819/2020 saylı qətnaməsindən cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh3 ("xxxx" MMC) arasında bağlanmış 25 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, "GROVE XÜSUSİ" markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "xxxx" MMC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə Cavabdeh1 MMC bir neçə il birlikdə fəaliyyət göstərmiş, yükdaşıma və bu kimi digər xidmətlər göstərilmişdir. Daha sonra şirkətlər müstəqil şəkildə qərar alaraq, fəaliyyətlərini ayırmışlar. Bu zaman onlara məxsus nəqliyyat vasitəsinin Cavabdeh1 MMC tərəfindən qanunsuz şəkildə ələ keçirildiyi məlum olmuşdur. Belə ki, 26 sentyabr 2012-ci il tarixində “xxxx” MMC ilə "xxxx" MMC arasında saxta nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetini GROVE Xüsusi markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təşkil edir. Belə ki, 26 sentyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsi "xxxx" MMC adından səlahiyyətli şəxs tərəfindən imzalanmamış, həmçinin "xxxx" MMC heç bir şəxsə öz əmlakının özkəninkiləşdirilməsi üçün səlahiyyət verməmişdir. Odur ki, bu müqavilə onlar tərəfindən bağlanmadığı üçün etibarsız hesab olunmalıdır. Belə ki, müqavilədə satıcı qismində Cavabdeh2 göstərilmişdir. Lakin həmin şəxsin "xxxx” MMC ilə heç bir əlaqəsi yoxdur və iddiaçı tərəfindən ona belə bir müqavilənin imzalanması üçün səlahiyyət verilməmişdir. Müqavilədə öz əksini tapan möhür zahirən "xxxx" MMCyə məxsus olsa da, imza “xxxx” MMC-nin səlahiyyətli şəxsi tərəfindən edilməmişdir. Həmçinin sözügedən müqavilənin əldə olunması üçün Azərbaycan Respublikası Dövlət Yol Pol İdarəsinə məhkəmə tərəfindən sorğu ilə müraciət edilməsi zərurəti vardır. Qeyd olunanları nəzərə alıb iddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(007)-819/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Eyni zamanda iş üzrə xüsusi qərardad çıxarılaraq, mülki iş üzrə Cavabdeh2 ilə Cavabdeh3 ("xxxx" MMC-yə) arasında bağlanmış 25 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinin iştirakçılarının, eləcə də Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinin əməkdaşlarının əməlində cinayət tərkibinin olub-olmamasının araşdırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi, qərardad icra edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(007)-819/2020 saylı qətnaməsindən ayrıayrılıqda eyni məzmunlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20.08.2020-ci il tarixli, 2(103)-5764/2020 saylı qətnaməsi ilə cavabdehlərin apelyasiya şikayətləri təmin olunmamış, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hazırkı iş üzrə 11 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.02.2021-ci il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5764/2020 nömrəli iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin həmin qərarında qeyd edilmişdir ki, iş materiallarından görünür ki, alqı-satqı müqaviləsinin predmeti olan nəqliyyat vasitəsi “xxxx” MMC-nin mülkiyyətində olmuş və həmin nəqliyyat vasitəsi 26 sentyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında “xxxx” MMC-yə satılmışdır. Hazırkı mübahisə, işdən göründüyü kimi, həmin Cəmiyyətlər arasında yaranmışdır. Hər iki Cəmiyyət isə, işdən göründüyü kimi, hüquqi şəxslərdir. Azərbaycan Respublikası MPM-nin 26-cı maddəsinə əsasən hüquqi şəxslər arasında mübahisə, eləcə də müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələrə kommersiya məhkəmələri baxdıqlarından, işə baxan apellyasiya instansiyası məhkəməsi isə işin həmin halına əhəmiyyət və qiymət vermədən nəticəyə gəldiyindən, kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yeni apellyasiya baxışı zamanı Cavabdeh2 vəkili apellyasiya şikayətlərini müdafiə etdi. İddiaçının təmsilçiləri cavabdehlərin apellyasiya şikayətlərinə etiraz edərək, təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(007)-819/2020 saylı qətnaməsi həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan ləğv edilməli və mülki iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, alqı-satqı müqaviləsinin predmeti olan nəqliyyat vasitəsi “xxxx” MMC-nin mülkiyyətində olmuş və həmin nəqliyyat vasitəsi 26 sentyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında “xxxx” MMC-yə satılmışdır. Hazırkı mübahisə, işdən göründüyü kimi, həmin Cəmiyyətlər arasında yaranmışdır. Hər iki Cəmiyyət isə, işdən göründüyü kimi, hüquqi şəxslərdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə kollegiyası qeyd edir ki, iki hüquqi şəxs arasında olan həmin mübahisə bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərdən yarandığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 8-ci bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apellyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apellyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli qərarları). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işə məhkəmə aidiyyəti qaydalarını pozmaqla baxmışdır. Ona görə də qətnamə ləğv edilməli, mülki iş aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalı olduğundan iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi üçün əsasdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 32.4, 263-264, 365, 384, 387, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11.03.2020-ci il tarixli, 2(007)-819/2020 saylı qətnaməsi ləğv olunsun və iş materialları baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar