Məhkəmə qərarları › İş №2(103)-4537/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4537/2023

11.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4537/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimova (Mustafayeva) Ruslana Şahinovnanın nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-73/2022 saylı, 29 iyul 2022-ci il tarixli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimova (Mustafayeva) Ruslana Şahinovna tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzil üzrə bağışlama müqaviləsinin etibarsız hesab edilməsini və X5 adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-73/2022 saylı, 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin edilmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6944/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1007/2023 saylı, 08 may 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6944/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Mülki iş hazırki apellyasiya icraatında olarkən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimova (Mustafayeva) Ruslana Şahinovnanın nümayəndəsi və vəkili Vəkil2 11 sentyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ərizədə göstərib ki, 28 avqust 2023-cü il tarixdə tərəflər arasında barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən iddiaçı Bakı Apellyasiya Məhkəməsnin icraatında olan 2(103)-4537/2023 nömrəli mülki iş üzrə üçüncü şəxs tərəfmdən verilmiş apellyasiya şikayətindən və eləcə də Bakı şəhəri, Xətai rayonu General Mehmandarov küçəsi b. 16, 82 saylı mənzilə (daşınmaz əmlaka) dair miras payından imtina etməsi müqabilində üçüncü şəxsə 50.000 (əlli min) manat pulun ödənilməsini öhdəsinə götürür. Hazırki sazişin 2.1-ci bəndində iddiaçı tərəfındən ödənilən vəsait X2 etibarnamə üzrə nümayəndəsi Vəkil2 tərəfındən təhvil alınır və ya İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsi tərəfındən Bank köçürməsi yolu ilə X3 köçürülür. Pul köçürülməsi zamanı yaranan bank komissiyaları İddiaçı tərəfindən ödənilir. Hazırki sazişin 2.1-ci bəndi iddiaçı tərəfındən icra olunduqdan sonra və 10 sentyabr 2023-cü il tarixdən gec olmayaraq üçüncü şəxs Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)- 4537/2023 nömrəli mülki iş verilmiş apellyasiya şikayətindən imtina edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməyi öhdəsinə götürür. Eləcə də üçüncü şəxs Bakı şəhəri, Xətai rayonu General Mehmandarov küçəsi b. 16, 82 saylı mənzil daşınmaz əmlaka dair miras payından imtina etməsi barədə notarial qaydada təsdiq edilmiş ərizəni 10 sentyabr 2023cü il tarixdən gec olmayaraq iddiaçıya təqdim etməyi öhdəsinə götürür. Barışıq sazişinin İddiaçı aid hissədə sonuncu tərəfindən icra olunmuş və 50.000 (əlli min) manat vəsait X3 ödənilmişdir. Barışıq sazişinin X3 aid hissəsinin icrası ilə əlaqədar hazırki apellyasiya şikayətindən imtina olunur. Apellyasiya şikayətindən imtina edilməsinin hüquqi nəticələri aydındır. Apellyasiya şikayətindən imtinanın qəbul edilməsi və apellyasiya icraatına xitam verilməsini xahiş edir. İddiaçı və İbrahimova (Mustafayeva) Ruslana Şahinovna arasında bağlanmış barışıq sazişi də həmin ərizəyə əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətindən imtina barədə 3-cü şəxs tərəfindən verilmiş ərizənin təmin olunmasına və mülki iş üzrə apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 apellyasiya şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-73/2022 saylı, 29 iyul 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar