Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4541/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Vüsalə Baxışova və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “lizinq obyektinin lizinq alanın mülkiyyətinə verilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21.10.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə 28.08.2015-ci il tarixli, 364/15 nömrəli lizinq müqaviləsindən əmələ gəlib. İddiaçı lizinq verən, cavabdeh isə lizinq alandır. Lizinq obyekti 2014-cü il buraxılışlı, boz rəngli, KPTA0A18SEP182915 ban nöməli, universal tipli, **-AC-*** dövlət qeydiyyat nişanlı“Ssang yong korando” markalı nəqliyyat vasitəsidir. Lizinq müqaviləsində lizinq ödənişləri şərti vahidlə müəyyən olunub. Müqavilədə qeyd olunub ki, 1 şərti vahid öhdəliyin yaranma tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi, 1 ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləğini təşkil edir, bütün ödənişlər ödəmə gününə 1 ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləğdə manatla ödənilməlidir. Müqaviləyə görə lizinq müddəti 3 ildir, yəni 28.08.2018-ci il tarixədək, lizinq ödənişlərinin cəmi isə 27.208 şərti vahiddir. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, lizinq obyektinin iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamə qəbul olunsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 1-ci, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə görə Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Lizinq müqaviləsində “şərti vahid” ifadəsindən istifadə olunsa da əslində ödənişlərin məbləği dollar ilə müəyyən olunub. Hər iki tərəfin lizinq müqaviləsini imzalaması onlara əsas vermir ki, başqa ölkənin pul vahidindən ödəniş vasitəsi kimi istifadə etsinlər. Belə ki, Mülki Məcəllənin 390.5-ci maddəsinə görə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Ödənişin manatla edilməli olduğuna dair şərt qanunda müəyyən edilib. Tərəflər müqaviləyə qanuna zidd şərtlər daxil edə bilməzlər, dollara aid olan şərt əhəmiyyətsizdir, dollar ilə ödənilən pul ödəniş tarixindəki valyuta məzənnəsinə uyğun olaraq manatla olan ödənişə bərabər hesab olunur. 2-ci, iş üzrə keçirilmiş mühasibat ekspertizasının rəyinə görə lizinq müqaviləsi üzrə öhdəliklər manatla olduqda iddiaçının cavabdehə 28.08.2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 503 manat əsas borcu qalır, 01.08.2019-cu il tarixə borc qalığının tam ödənilməsi, 1.247 manat məbləğində artıq ödəniş həyata keçirildiyi müəyyən olunur. Ekspert rəyindən görünür ki, 28.08.2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 503 manat əsas borc olsa da 12 gün sonra – 10.09.2018-ci il tarixdə iddiaçı daha 600 manat ödəyib. Apellyasiya icraatı zamanı həmin 600 manatın borcu tam bağlayıb-bağlamadığı barədə sual cavabdehə verilsə də cavabdeh tərəf suala cavab verməmiş, bunun əksini, yəni 600 manatın borcu bağlamadığını təsdiq edən sübut təqdim etməmişdir. Ona görə də belə hesab olunur ki, lizinq ödənişləri iddiaçı tərəfindən tam ödənilib. Lizinq müqaviləsinin 2.3-cü bəndində qeyd olunub ki, lizinqin müddəti bitdikdən və lizinq ödənişləri lizinq alan tərəfindən tam ödənildikdən sonra lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu lizinq alana verməyi, lizinq alan isə mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürür. O cümlədən Mülki Məcəllənin 748-2.5-ci maddəsinə görə maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. İddiaçı lizinq ödənişlərini tam ödədiyində görə cavabdeh lizinq obyektini iddiaçının mülkiyyətinə verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olsunun. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 21.10.2019-cu il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. 2014-cü il buraxılışlı, boz rəngli, KPTA0A18SEP182915 ban nöməli, universal tipli, **-AC-*** dövlət qeydiyyat nişanlı “Ssang yong korando” markalı nəqliyyat vasitəsini İddiaçı mülkiyyətinə vermək öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4541/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4541/2021
04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver