Məhkəmə qərarları › İş №2(103)-4543/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4543/2022

22.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4543/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X1 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021ci il ərzində əmək haqqından tibbi sığortaya görə ümumilikdə tutulmuş 432,05 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona geri qaytarılması, mənəvi zərərə görə 6.066 manat pul və dövlət rüsumuna görə ödənilmiş pul məbləğinin əvəzinin cavabdeh şəxslərdən müştərək qaydada alınaraq ona ödənilməsi, dövlət tərəfindən ona verilməsi nəzərdə tutulmuş dərman preparatlarının (Vitamin C - 900 mq; Maqnezium (sitrat, orotat və qlükonat şəklində)) - 400 və ya 500 mq; Sink - 25 mq; L-selenometionin - 110 mq; Vitamin D 3 - 15000 vahid; Parasetamol - 500 mq) pul əvəzinin müəyyən edilərək ona verilməsinin müştərək qaydada cavabdeh şəxslərə həvalə edilməsi, dövlət tərəfindən iddiaçı şəxsə verilməsi nəzərdə tutulmuş dərman preparatlarını mənimsəyən məsul vəzifəli şəxslər və ya tibb işçilərinin əməlində cinayət tərkibinin əlamətləri müəyyən edildiyindən barələrində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-1296/22) iddia rədd edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İB-nın Hüquq Departamentində böyük hüquq məsləhətçisi vəzifəsində çalışır. 2021-ci ilin yanvar ayından etibarən də çalışdığı iş yeri üzrə aldığı aylıq əmək haqqından icbari tibbi sığortaya son 12 təqvim ayı üçün ümumilikdə 432,05 manat məbləğində pul ödənilmişdir. Lakin, xx.xx.2021-ci il tarixində COVİD-19 ilə bağlı verdiyi analiz nəticəsinin pozitiv çıxması səbəbilə xx.xx.2021ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi karantin altına alınmış, ev şəraitində tibbi müayinələr və müalicələr almışdır. Həmin müddətdə nə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, nə də Səhiyyə nazirliyi və yaxud da yaşadığı yer üzrə qeydiyyatda olduğu tibb müəssisəsi (TƏBİB tabeliyindəki 7 nömrəli şəhər poliknikası) ona tibbi xidmət göstərməmiş, səhhətilə bağlı tibbi müşahidələr aparmamış, sağlamlığının bərpası üçün dərman preparatları ilə iddiaçını təmin etməmişdir. Buna görə də, cavabdeh 2021-ci il ərzində iddiaçının əmək haqqından tibbi sığortaya görə ümumilikdə tutulmuş 432,05 manat məbləğində pul vəsaitinin qarşılıqlı haqqını vermədiyi üçün həmin məbləğ cavabdehdən tutularaq ona geri qaytarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmun təşkil edir. İddiaçı ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və mülki iş üzrə icraatın baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə iddia ərizəsinin apellyasiya icraatı mərhələsində baxılmamış saxlanması üçün əsaslar müəyyən etmədiyindən vəsatəti təmin etmədi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Lakin həmin Məcəllənin 384.0.5-ci maddəsinin tələbinə görə 259.0.11-ci maddədə göstərilən əsaslar üzrə apellyasiya instansiyası məhkəməsində iddia ərizəsinin baxılmamış saxlanması həmin əsasların işə birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda mümkündür. Məhkəmə kollegiyası hazırkı işdə iddia ərizəsinin baxılmamış saxlanması üçün əsasların birinci instansiya məhkəməsi işə baxılarkən yaranması hallarını müəyyən etmədi. Cavabdehlər isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, nümayəndələri heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının hazırkı iş üzrə tələbi əmək haqqından tibbi sığortaya görə ümumilikdə tutulmuş 432,05 manat məbləğində pulun qaytarılması, 6.066 manat mənəvi zərər, dərman preparatlarının pul əvəzinin ona verilməsi, dərman preparatlarını mənimsəyən məsul vəzifəli şəxslər və ya tibb işçilərinin əməlində cinayət tərkibinin əlamətləri müəyyən edildiyindən barələrində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədədir. Məhkəmə iddianı əsassız sayaraq rədd etmiş və gəldiyi nəticəni “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-1.0.4-cü, MPM-nin 14.2, 77.1, 89, 217-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə müəyyən etmişdir ki, icbari sığorta üzrə sığorta haqlaqının ödənilməsi qanunla nəzərdə tutulmuşdur və məcburidir. Sığorta haqları icbari tibbi sığortanın maliyyə sabitliyinin qorunması məqsədi daşıyır və sığorta haqlarının geri qaytarılması qanunda nəzərdə tutulmamışdır. İddiaçı ona cavabdehlər tərəfindən mənəvi zərərin vurulduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, cavabdehlərin vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarılması üçün əsas olan hallar işin məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları göstərir: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olduğundan və birinci instansiya məhkəməsi iddia tələbinin əsası kimi istinad olunan hallara ətraflı qiymət verdiyindən məhkəmə kollegiyası həmin dəlillər üzrə təkrar araşdırma aparılmasına və qiymət verilməsinə lüzum görmür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı (apellyator) öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar