Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4545/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X5 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, X4, Cavabdeh4 qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və avtomobilin iddiaçıya təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı X5 və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı X5 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, X4, Cavabdeh4 qarşı “alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və avtomobilin iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(006)-3241/2020 saylı qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı X8 tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 06 saylı notariat ofisində Cavabdeh2 yalnız Mercedes Benz E350 markalı **-SL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə nəqliyyat vasitələrindən idarə edilməsi üçün etibarnamə verilmişdir.
2. Verilmiş etibarnamə Cavabdeh2 tərəfindən saxtalaşdırılaraq xx.xx.2019-cu il tarixdə Baş Dövlət Yol Polis İdarəsində həmin saxtalaşdırılmış etibarnamə əsasında avtomobil X3 adına rəsmiləşdirilmişdir.
3. X6 avtomobili xx.xx.2019-cu il tarixli 789211 saylı arayış hesab əsasında əldə etmiş, xx.xx.2020-ci il tarixli, 814444 saylı alqı-satqı müqaviləsi əsasında isə Cavabdeh4 satmışdır.
4. Cavabdeh4 ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, sözügedən avtomobil 25.500 manata Cavabdeh1 MMC-yə satılmışdır.
5. Cavabdeh1 MMC ilə lizinq alan X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 07/0306/DLİZ saylı daxili lizinqi müqaviləsinə əsasən, avtomobil 36 ay müddətinə lizinq istifadəsinə verilmişdir.
6. Binəqədi rayon Pİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Məhəmməd Tağıyevin 18 dekabr 2019-cu il tarixli qərarı ilə Cavabdeh2 barəsində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.
7. Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Cavabdeh2 istintaqdan yayındığından o, tapılaraq istintaqa təqdim olunanadək cinayət işinin icraatı dayandırılmışdır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı X8 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və X4 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 2009-cu il buraxılışlı “Mercedes Benz E350” markalı BAN nömrəsi WDD210571A034389 olan nəqliyyat vasitəsinə dair əvvəl iddiaçı X5 adından çıxış edən Cavabdeh2 tərəfindən X6 ilə 789211 saylı xx.xx.2019-cu il tarixli, X6 ilə Cavabdeh4 arasında 814444 saylı xx.xx.2020-ci il tarixli, X6 ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməklə avtomobilin qanuni sahibi kimi ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində mülkiyyətində olan 2009-cu il buraxılışlı MERCEDES BENZ E350 minik markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomibilini satmaq qərarına gəlmişdir və bu məqsədlə maşın bazarında işləyən alverçi Cavabdeh2 ilə tanış olmuşdur. O, maşını bir neçə gündən sonra Rusiyadan gələn dayısına baha satacağını bildirmiş və maşını restaylinq etmək üçün ona sürmək üçün etibarnamə verməyi xahiş etmişdir ki, avtomobili servisə, ora-bura rahat apara bilsin. O da ona inanmış xx.xx.2019-cu il tarixində nəqliyyat vasitəsini istifadəsi üçün səlahiyyətlərin başqa şəxsə verilə bilməz şərti ilə etibarnamə vermiş və sonuncu avtomobili götürüb getmişdir. Bundan 15 dəqiqə sonra onda ciddi şübhə yarandığından dərhal həmin etibarnaməni ləğv edib Cavabdeh2 zəng etmişdir ki, avtomobili geri qaytarsın. Lakin Daşqın müxtəlif bəhanələr gətirməklə yayınmağa başlamışdır və avtomobili gətirməmişdir. Bunu nəzərə alaraq, polisə şikayət etmişdir. Onun şikayəti əsasında Binəqədi RPİ İŞ-də Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və baş müstəntiqi polis mayoru Məhəmmməd Tağıyevin xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh2 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri 6 saylı notariat kontorunda xx.xx.2019-cu il tarixdə X8 tərəfindən onun mülkiyyətində olan 2009-cu il buraxılışlı MERCEDES BENZ E350 markalı 90-SL- 999 dövlət qeydiyyat nişanlı, BAN nömrəsi WDD2120571A034389 olan nəqliyyat vasitəsinə «nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında» Cavabdeh2 etibarnamə verilmiş, bundan sonra Cavabdeh2 tərəfindən tərtib edilmiş saxta etibarnamə, yəni həmin avtomaşının özgəninkiləşdiriməsi üzərində sərəcam vermək hüququ verən etibarnamə əsasında MERCEDES BENZ E350 markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi, 4 ünvanında yerləşən Baş Dövlət Yol Polis İdarəsində X3 adına rəsmiləşdirilmiş və hazırda həmin avtomaşın üzərində **-TT-*** dövlət qeydiyyat nişanı verilmişdir. Binəqədi RPİ İŞ-in baş müstəntiqi M.Tağıyevin xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar çıxarılmış, lakin Cavabdeh2 istintaqdan gizləndiyinə görə eyni tarixli qərarla barəsində tutulması üçün axtarış elan edilmişdir. Cinayət işi üzrə X8 zərərçəkmiş şəxs qismində tanınmışdır. Beləliklə, məlum olmuşdur ki, Cavabdeh2 etibarnamənin üzərində dəyişikliklər edərək saxtalaşdırmış və saxta etibarnamə əsasında ona məxsus sözügedən nəqliyyat vasitəsini X4 789211 saylı xx.xx.2019-cu ilə tarixli alqı-satqı Müqaviləsi əsasında 24.000 manata satmışdır. Sonuncu da öz növbəsində avtomobili xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-yə satmış və hazırda avtomobilə **-PX-*** qeydiyyat nömrəsi verilmişdir. Məsələ ilə bağlı cavabdeh "xxxx" MMC-yə və polisə müraciətlər etsələr də, heç bir nəticəsi olmamışdır.
10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3241/2020 saylı qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia təmin edilmişdir.
11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, X7 məxsus avtomobil saxta etibarnamə əsasında cinayət yolu ilə ələ keçirildiyindən avtomobilə dair bağlanmış yuxarıda qeyd olunan bütün müqavilələr etibarsız hesab edilməklə avtomobilin qanuni sahibi kimi ona təhvil verilməlidir.
12. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 157.1, 157.2, 157.4, 337.1, 337.2, 337.4, 359.1, 359.3, 365.1.7-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh X6 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3241/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə cavabdeh X3 iştirakı olmadan qəbul edilmiş və qətnamədə mübahisə predmeti olan avtomobilin X6 tərəfindən qətnamədə göstərildiyi kimi iddiaçının təmsilçisi Cavabdeh2 deyil, Sumqayıt şəhərində yerləşən “777 Cars” adlanan avtosalon - satış mağazasından alınması və sonradan həmin avtosalona geri qaytarılması qeyd olunmamışdır. Bundan başqa, qətnamə qəbul edilən zaman Şükür Mehdiyevin mübahisə predmeti olan avtomaşının alqı-satqısında vicdanlı əldə edən olması və bunun həmin avtomaşının alınıb-satılmasından əldə edilənlərin geri tələb olunması ilə bağlı baş verə biləcək mübahisələrin həllində, yəni əqd üzrə alınanların geri qaytarılması tələblərində əhəmiyyət kəsb etməsinə hüquqi qiymət verilməmişdir. Avtomobil daşınar əmlak kimi qeydiyyatı AR DİN-in BDYPİ-nin Qeydiyyat və İmtahan Mərkəzi tərəfindən aparılan əmlak növüdür ki, burada alqı-satqı predmeti olan avtomobilin yüklü vəziyyətdə, yaxud qüvvədə olmayan etibarnamə əsasında satıla bilməsi qeyrimümkündür.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X8 və onun nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır, qətnamədə texniki səhvə yol verilib, Cavabdeh3lə Cavabdeh4 arasında olan müqavilə və Cavabdeh3lə Cavabdeh1 MMC arasında olan müqavilə etibarsız hesab olunub, əslində isə Cavabdeh4lə Cavabdeh1 MMC arasında bağlanan müqavilə etibarsız hesab olunmalı idi.
17. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Şükür Mehdiyev tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddianın rədd edilməsinə yönəldiyindən, həmçinin iddia tələbi bölünməz olduğundan apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
22. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Maddə 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur.
29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
30. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır.
31. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
32. Maddə 337.5. Əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
33. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir.
34. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
38 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisənin həllinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuşdur.
39. İşdən mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçı X8 mübahisəli avtomobilin idarə edilməsi məqsədilə Cavabdeh2 etibarnamə vermiş, Cavabdeh2 həmin etibarnaməni saxtalaşdırmaqla və bu saxta etibarnamədən istifadə edib iddiaçının adından çıxış etməklə mübahisəli avtomobili digər cavabdeh X1. X2 həmin avtomobili xx.xx.2020-ci il tarixdə digər cavabdeh olan Cavabdeh4, o isə öz növbəsində xx.xx.2020-ci il tarixdə digər Cavabdeh1 MMC-yə satmışdır.
40. Cavabdeh2 barəsində həmin fakta görə Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, cinayət işinin icraatı istintaqa təqdim olunanadək dayandırılmışdır. Avtomobilin hal-hazırda harada olması iddiaçıya məlum deyildir.
41. Hazırda iddiaçı ona məxsus olmuş avtomobillə bağlı cavabdehlərin iştirakı ilə bağlanmış alqı-satqı müqavilələrinin etibarsızlığını mübahisələndirmiş, habelə avtomobilin onun sahibliyinə qaytarılmasını xahiş etmişdir.
42. Kollegiya bununla bağlı hesab edir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Əksinə qanunun imperativ xarakter daşıyan tələbindən göründüyü kimi təmsilçinin etibarnaməyə əsaslanan səlahiyyətə görə təmsil edilən adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Qanunla müəyyən edilmiş qaydada təmsilçiyə etibarnamə vermiş şəxs bağlanmış müqavilənin onun iradə ifadəsini əks etdirmədiyini o halda mübahisələndirə bilər ki, etibarnamə qanunsuz olsun və ya təmsilçi etibarnamə ilə ona həvalə edilmiş səlahiyyətlərdən kənara çıxsın.
43. Hazırkı işin hallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 etibarnamə yalnız avtomobilin idarə edilməsi üçün verilmiş, lakin sonuncu iddiaçının etibarnamə ilə ona verdiyi səlahiyyətlərdən kənara çıxmış və buna səlahiyyəti olmadığı halda, avtomobili mülkiyyətçinin iradəsinə zidd olaraq özgəninkiləşdirmişdir. Nəticədə iddiaçı öz əmlakından qanunsuz olaraq məhrum olmuşdur.
44. Mülki qanunvericiliyin əqdlərə dair müddəalarının mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
45. Hazırkı işin hallarını qanunvericiliyin qeyd edilən tələbləri baxımından təhlil etdikdə aydın olur ki, iddiaçıya məxsus avtomobilin özgəninkiləşdirilməsinə dair müqavilə bu tələblərə cavab verməmiş, müqavilə buna səlahiyyəti olmayan şəxs tərəfindən və iddiaçının iradə ifadəsinin zədələnməsi ilə bağlanmışdır. Nəticədə əqdin subyekt tərkibinə, habelə əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə dair şərtlər pozulmuşdur. Bu səbəbdən həmin müqavilə etibarsız olmuşdur.
46. Mübahisəli avtomobilin iddiaçının mülkiyyətindən hüquqa zidd şəkildə çıxması ilə nəticələnmiş müqavilənin etibarsız olması həmin müqavilə əsasında yaranmış hüquqdan istifadə etməklə avtomobilin özgəninkiləşdirilməsinə dair sonradan bağlanmış müqavilələrin də etibarsız olmasına səbəb olur.
47. Belə ki, avtomobil rəsmi reyestrdə qeydə alınmalı olsa da, daşınar əşyadır.
48. Mülki Məcəllənin 182.2-ci maddəsinə müvafiq olaraq, daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz.
49. Göründüyü kimi, daşınar əşyanın mülkiyyətçinin iradəsinə zidd olaraq hər hansı şəkildə onun sahibliyindən çıxması, yaxud da onun əvəzsiz əldə edilməsi bu əmlakı əldə etmiş şəxsin vicdanlılığını istisna edir.
50. Bu mənada kollegiya qeyd edir ki, hazırkı iş üzrə mübahisəli avtomobilin iddiaçının sahibliyindən onun iradəsinə zidd olaraq çıxması iş materialları ilə öz təsdiqini tapdığından, həmin avtomobilə dair bağlanmış və iddiaçı tərəfindən mübahisələndirilən müqavilələrin hüquqi dəyərləndirilməsi zamanı bu əqdlərin iştirakçılarının vicdanlılığı nəzər alınmır.
51. Kollegiya həmçinin hesab edir ki, iddiaçının mübahisəli avtomobilin mülkiyyətçisi olması və həmin avtomobilin onun sahibliyindən hüquqa zidd şəkildə çıxması müəyyən edildiyindən, habelə həmin avtomobilin özgəninkiləşdirilməsinə dair müqavilələr etibarsız olduğundan, etibarsız müqavilələr üzrə isə tərəflər almış olduqlarının bir-birinə qaytarmaq öhdəliyini daşıdıqlarından, avtomobilin onun sahibliyinə qaytarılmalı olmasına dair iddia tələbi də əsaslı olmuşdur.
52. İş üzrə cavabdehlər arasında bağlanmış və məhkəmə tərəfindən etibarsız hesab edilmiş müqavilələr üzrə aldıqlarını bir-birlərinə qaytarmalı olmaları ilə bağlı kollegiya hesab edir ki, həmin şəxslər məhkəmə iclaslarında iştirak etmədiklərindən və bununla bağlı onların arasında mövcud olmuş münasibətlərin həqiqi xarakterini müəyyən etmək mümkün olmadığından həmin məsələ açıq saxlanılmalı və tərəflərə bu məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir.
53. Göstərilənlərdən bu qənaətə gəlmək olur ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi və avtomobilin iddiaçının sahibliyinə qaytarılmasına dair gəldiyi nəticə düzgün olmuşdur.
54. Kollegiya həmçinin nəzərə alır ki, birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə düzgün nəticəyə gəlsə də, qətnamənin nəticə hissəsində texniki yanlışlığa yol verərək X6 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını qeyd etmişdir. Belə ki, həmin tarixli müqavilə Cavabdeh4 ilə Cavabdeh1 MMC arasında bağlanmışdır.
55. Kollegiya bunu qətnamənin tərtib edilməsi zamanı yol verilmiş yanlışlıq kimi qəbul edərək hesab edir ki, qeyd edilən yanlışlığın hazırkı mərhələdə aradan qaldırılması birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğv edilməsinə səbəb olacağından, habelə bu yanlışlığın mülki prosessual qanunvericiliyə uyğun olaraq həmin qətnaməni qəbul etmiş məhkəmə tərəfindən aradan qalıdırılması mümkün olduğundan, tərəflərə yanlışlığın aradan qaldırılması məqsədilə həmin qətnaməni qəbul etmiş Nəsimi rayon məhkəməsinə ərizə ilə müraciət etmək hüququ izah edilməlidir.
56. Kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
57. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
58. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
59. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3241/2020 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.