Məhkəmə qərarları › İş №2(103)-4555/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4555/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4555/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlk İddiaçı prosessual hüquqi varisi X5, onun vəkili Vəkil2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.12.2019-cu il tarixli, 2(005)-2728/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Cavabdeh2 qarşı, Əmlak Məsələləri Dövlət Komitəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin hərracın nəticələri haqqında 09.04.2019-cu il tarixli yekun protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 İddiaçı qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən "Aydınlıq” şadlıq evindən cavabdehin çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.12.2019-cu il tarixli, 2(005)-2728/2019 nömrəli qətnaməsiilə ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən “Aydınlıq” şadlıq evindən çıxarılması və həmin qeyri-yaşayış sahəsi boşaldılaraq Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnaməni ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsini, qarşlıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərraca çıxarılıb satılan Aydınlıq Şadlıq sarayının real qiyməti təxminən 300.000 manat olduğu halda, qanunvericilik pozularaq həmin qiymətdən çox aşağı bir qiymətə 89.500 manata satılmışıdır. Bu durum qanunvericiliyin pozulması olduğu kimi, həm də dövlət əmlakının qanuna zidd olaraq mənimsənilməsidir. Buna baxmayaraq məhkəmə qeyd edilən pozuntuya əhəmiyyət vermədən qətnamə qəbul etdi. Məlum olduğu kimi hərrac vaxtı özəlləşdirilən əmlakın ilkin start qiyməti aşağı göstərilib. Məhz hərraca çıxarılıb satılan Aydınlıq Şadlıq sarayının real qiyməti təxminən 300.000 manat olduğu halda, qanunvericilik pozularaq həmin qiymətdən çox aşağı bir ilkin start qiyməti 179.000 manat olaraq təsbit edildi və 89.500 manata satılmışıdır. Bu durum qanunvericiliyin pozulması olduğu kimi, həm də dövlət əmlakının qanuna zidd olaraq mənimsənilməsidir. Buna baxmayaraq məhkəmə qeyd edilən pozuntulara əhəmiyyət vermədən qətnamə qəbul etdi. İddiaçı Qulamov 1992-ci ildən Aydınlıq Şadlıq sarayının işçisi və icarədarı olduğu halda, həmin obyektə külli miqdarda şəxsi vəsait qoyduğu halda Hərracların Təşkili üzrə Auksion Mərkəzi 09.04.2019-cu ildə keçirilən hərrac barəsində ona heç bir rəsmi məlumat vermədi. Bununla da iddiaçının qanuni hüquqlarını pozdu. Belə ki, Aydınlıq Şadlıq sarayı 01.06.1992-ci ildə icarə müqaviləsi əsasında Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsi tərəfindən Qulamovun icarəsinə və istifadəsinə verilmişdir. Həmin tarixdən qeyd edilən şadlıq evi ilə bağlı icarə haqqı, vergi və komunal ödənişlər Qulamov tərəfindən həyata keçirilir. 1992-ci ildən bu günə kimi həmin şadlıq evi faktiki və hüquqi olaraq Qulamovun sahibliyində və istifadəsindədir. Hərracların Təşkili üzrə Auksion Mərkəzi 09.04.2019-cu ildə keçirilən hərrac barəsində Qulamova heç bir rəsmi məlumat vermədi. Bununla da, iddiaçının qanuni hüquqlarını pozdu. “Aydınlıq” şadlıq evinin avadanlıqları da Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən 07.04.1997-ci il tarixdə Qulamova satılmış və buna dair şəhadətnamələri mövcuddur. Hərrac keçirilirkən Hərracların Təşkili üzrə X8 məxsus olub “Aydınlıq” Şadlıq sarayında yerləşmiş şəxsi əmlakın (mülkiyyətin) qorunması ilə bağlı heç bir tədbir alınmadı. Bununla Mərkəz, Dövlət əmlakının özəlləşdirilməsi haqqında Qanunun 31-ci maddəsi pozuldu. 09.04.2019-cu ildə kdçirilən hərrac vaxtı Hərracların Təşkili üzrə X10 əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli 894 saylı Fərmanın 3.2-ci bəndi pozdu. Həmin bəndə görə, Bu Fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin, barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini başa çatdırsın və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Lakin özəlləşdirilən “Aydınlıq” Şadlıq Sarayı haqqında heç bir məlumatı ƏMDK-i, Azərbaycan Respublikası Prezidentə təqdim etməmişdir. Bütün bunlara baxmayaraq məhkəmə qeyd edilən pozuntuya əhəmiyyət vermədən qətnamə qəbul etdi. 09.04.2019-cu ildə keçirilən hərrac vaxtı Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il № 383 Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın 4.2.2-ci bəndi, 4.6.2-ciu bəndi, 4.6.5-cı bəndi, 4.4.2-ci bəndi, 6.1-ci bəndi, 17.1-ci bəndi və digər bəndlər pozuldu. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyun 2020-ci il i tarixli, 2(103)- 3043/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(005)-2728/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(103)-3043/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-433/2021 saylı 22 fevral 2021-ci il tarixli qərarı ilə, İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyun 2020-ci il i tarixli, 2(103)-3043/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq olunmalı maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, habelə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmuşdur. Belə ki, ilk iddianı rədd edən birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı iddiaçı ilə bağlanmış icarə müqaviləsinin müddəti bitmiş və əmlak hərraca çıxarılarkən o, icarədar olmamış, həmçinin iddiaçı hərrac barədə məlumatlandırılmış, lakin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda təsbit olunmuş hüququndan istifadə etməmişdir. Apelyasiya instansiyası məhkəməsi isə ümumi cümlə ilə birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşmış və hərracın qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilməsinə, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilməsinə, eyni zamanda qəzetlərdə elanlar verilməsinə istinad etməklə, apelyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verməyərək, onu təmin etməmişdir. Halbuki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsi və İddiaçı arasında bağlanmış 01 iyun 1992- ci il tarixli icarə müqaviləsinin müddəti 31 dekabr 1992-ci il tarixdə onun müddəti başa çatsa da, sonrakı dövrlərdə, hazıradək mübahisələndirilən qeyri-yaşayış sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsində olmuş, o cümlədən 1997-ci ildə şadlıq evinin avadanlıqları iddiaçının mülkiyyətinə verilmişdir. Digər tərəfdən iddiaçının qeyri-yaşayış sahəsinin özəlləşdirilməsində iştirak etmək hüququ yalnız icarəçi olmaqla deyil, müəssisənin əmək kollektivinin üzvü kimi yaranmışdır. Belə ki, üçüncü şəxsin təqdim etdiyi sənədlərdən də müəyyən olunur ki, “Aydınlıq” şadlıq evi kimi müəssisənin 1 nəfər işçisi kimi İddiaçı qeydə alınmışdır. Belə olan halda “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının tələblərinə uyğun olaraq iddiaçının mübahisələndirilən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsində güzəştli şərtlərlə iştirak etmək hüququnun olmasına apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir. İddiaçının qeyd olunan hüququnun təmin edilməsi ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərdən fərqli olaraq, mübahisələndirilən hərracın keçirilməsi ilə bağlı məlumatın rəsmi kütləvi informasiya vasitələrində “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 25.1-ci maddəsinə uyğun olaraq dərc edilməsinə dair sənədlər iş materiallarında mövcud deyildir. İşdən görünür ki, iddiaçıya 01 oktyabr 2016-cı il - 25 oktyabr 2016-cı il tarixlərdə müəssisənin güzəştli satışının keçirilməsi və müəssisənin start satış qiymətinin 179000 manat olması barədə, sonradan isə 11 noyabr 2016-cı il tarixində keçirilən hərracda iştirak etmək hüququndan istifadə etmədiyi və göstərilən obyektin hərracının alıcı olmaması səbəbindən baş tutmaması, obyektin 06 dekabr 2016-cı il tarixdə təkrar hərraca çıxarılması barədə məlumatlar verilmişdir. Lakin işdə 06 dekabr 2016-cı il tarixdə təyin edilmiş hərracın nəticələri barədə heç bir məlumat mövcud deyildir. Həmçinin məhkəmələr nəzərə almamışlar ki, mübahisələndirilən hərrac iddiaçının məlumatlandırıldığı təkrar hərracdan təxminən 2 il 5 aydan sonra, 09 aprel 2019-cu il tarixdə keçirilmiş və əmlakın satış qiyməti (dəyəri 100 % olmaqla) iddiaçıya güzəştli şərtlərlə təklif olunduğu satış qiymətindən əhəmiyyətli dərəcədə aşağı olmaqla müəyyən edilmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apelyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisələndirilən qeyri-yaşayış sahəsinin 09 aprel 2019-cu il tarixdə hərracdan satılması ilə qanunvericiliyin tələblərinə riayət olunması, iddiaçının həmin hərrac barədə məlumatlandırılması, əmlakın satış qiymətinin hansı meyarlarla müəyyən edilməsinə dair sübutların təqdim edilməsi cavabdehlərə və üçüncü şəxsə təklif edilməli, həmçinin mübahisələndirilən alqı-satqı müqaviləsinin Cavabdeh2 ilə üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlandığı halda, həmin Komitənin cavabdeh qismində cəlb olunmaması məsələsinə hüquqi qiymət verilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Məhkəmə iclasında iddiaçının hüquqi varisinin vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi. Məhkəmə iclasında iddiaçının hüquqi varisi X9 vəkilin dedikləri ilə razı olduğunu bildirdi. Məhkəmə iclasında cavabdeh X2 apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 bildirdi ki, hazırki mübahisə inzibati xarakterli olduğu üçün analoji işlər üzrə qətnamələr demək olar ki, hamısı aidiyyət məsələsinə görə ləğv olunub, icraata xitam verilib, qarşılıqlı iddia isə baxılmamış saxlanılıb. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasında başqa iştirak edən olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4555/21 saylı 12 iyul 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.12.2019-cu il tarixli, 2(005)-2728/2019 nömrəli qətnaməsi ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair ilk iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilməsi hissəsində də ləğv edilməklə, qarşılıqlı iddia üzrə iddia tələbi baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair 27 avqust 2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 372.5-ci maddəsində nəzərdə tutulmuş yeni tələb apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, ərizəçi həmin tələbin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə - iddiaçıya qarşı irəli sürülə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malik olduğundan, qarşılıqlı iddia isə yalnız ilkin iddianı irəli sürmüş şəxsə - iddiaçıya qarşı irəli sürülə bildiyindən Cavabdeh2 isə bu iş üzrə artıq ilk iddia olmadığından cavabdeh statusunda da olmadığına görə, eyni zamanda ilkin iddiaçı olmadığından qarşılıqlı iddia üzrə cavabdeh də olmadığına görə Cavabdeh2 cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmaqla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.12.2019-cu il tarixli, 2(005)-2728/2019 nömrəli qətnaməsi həmin hissədə də ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.12.2019-cu il tarixli, 2(005)-2728/2019 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilməli, Cavabdeh2 cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 391, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.12.2019-cu il tarixli, 2(005)-2728/2019 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, kasssasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar